
Xalq artisti Faiq Ağayev: "Gələcəkdə siyasətlə məşğul olmağım istisna deyil"
- Bu qədər uğura nəyin sayəsində nail olmusuz?
- Təbii ki, hər şeyə Allahın sayəsində nail olmuşam. Allaha mənə istedad verdiyinə görə, valideynlərimə isə polad kimi bərkiməyimə kömək etdiklərinə görə borcluyam. Valideynlərim vaxtı ilə bu sahəni ciddi qəbul etmirdilər və elə bilirdilər ki, səhnə mənim üçün ötəri bir həvəsdir. Hətta evdə 1 il yarım mənimlə danışmadılar. İnadkarlıq, zəhmətsevərlik və mübarizlik mənə kömək etdi. Daha sonra ailəm inanıb mənə dəstək oldu. 1988-ci ildə “Bakı Payızı”nda Tofiq Quliyev birinci dərəcəli diplomçu mükafatını mənə təqdim etdi. Ondan sonra “Qızıl payız” və digər müsabiqələrdə iştirak edib uğur qazandım və artıq 21 ildir ki, səhnədəyəm.
- Sizə qarşı həmişə bir qısqanclıq hiss olunur...
- İstənilən uğur qazanan adama qısqanclıq edən, onun uğurunu həzm etməyənlər olur. Gərək qorxub geri çəkilməyəsən, mübarizə aparasan. Mən də belə elədim. Məsləkimi dəyişən adam deyiləm. Kiminsə uğurunu həzm etməməksə məncə daxili zəiflikdən, acizlikdən irəli gəlir. İnsan var ki, kiminsə uğurunu görəndə deyir ki, “nə edim ki, mən də bu uğuru qazanım ?” Bu, inkişaf yoludur. Elə insanlar var ki, öz gücü ilə yüksək nailiyyətlər qazanmağa can atır. İnsan da var ki, deyir “onda var, məndə niyə yoxdur ?”. Bax onda paxıllıq, qısqanclıq, gözügötürməzlik yaranır. Güclü insan başqasının uğurunu görəndə bütün varlığı ilə çalışır ki, o da nəsə əldə etsin. Zəiflər isə başlayırlar baltalamağa.
- Bəs necə oldu ki, birdən məhkəməyə müraciət etdiniz?
- Bu, sadəcə özünümüdafiədir. 2006-cı ildən başlayaraq Flora Ələkbərovna haqqımda dezinformasiya yaymağa başlamışdı. KİV-də olmazın həqarətlər dərc edirdi. Mən də buna son qoymaq məqsədi ilə 2008-in dekabrında mətbuatda Kərimovaya açıq məktub ünvanladım. Həmin məktuba görə o məni məhkəməyə verdi, mən də məcbur oldum ki, cavab olaraq qarşılıqlı iddia qaldırım.
Şəxsən mən məhkəmə sistemimizdə ciddi qüsurlar görmürəm. Azərbaycanda haqqını qorumaq istəyən adam məhkəmənin ədalətinə əmin ola bilər. Hansısa məhkəmənin ədalətsiz qərar çıxarması bütövlükdə məhkəmə sisteminə aid edilə bilməz. Məsələn, Flora Ələkbərovnanın mənə qarşı başqa bir iddiasına dair Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərarı qanuna uyğun saymadığımdan vəkilimlə Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət etdim və oktyabrda bu işə baxılacaq. Amma Kərimova onu qane edəcək qərarı əldə etməyəndə bəyan edir ki, ümumilikdə Azərbaycan məhkəməsi qərəzli, tərəfkeşlik edən və ədalətsizdir! Və buna görə o, Azərbaycan vətəndaşlığından imtina edib Avropa məhkəməsinə müraciət edəcək. Bilirsiz, F. Kərimova - F. Ağayev çəkişməsi zənnimcə son nəticədə adi bir məişət qarşıdurmasıdır. Mənə elə gəlir ki, “mətbəx razborkası”na görə Vətəndən belə asanlıqla imtina etmək özü-özlüyündə səni bəsləyən torpağa qarşı ən azından haqsızlıq və ədalətsizlikdir!
- Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsinə necə baxırsız?
- 51-ci hökuməti Türkiyənin ən uğursuz hökuməti hesab edirəm. Ərdoğan yəqin tarixə “Sülhsevər Ərdoğan” kimi düşmək istəyir və bu məqsədinə çatmaqdan ötrü olduqca şübhəli hərəkətlər edir. Elə təəssürat yaranır ki, bu insan iki qardaş xalqın mənafelərini şəxsi siyasi ambisiyalarına, tarixi düşmənimiz olan Ermənistana qurban verir. Azərbaycanda olanda başqa vədlər vermişdi, amma indi ortaya başqa söhbətlər çıxır. Futbol matçından siyasi məqsədlər naminə istifadə edir. Bu, birmənalı şəkildə xəyanətə aparan yoldur!
“Ewrovision” müsabiqəsində Azərbaycandan 12 xal alan Hadisənin erməni müğənnilərlə barış konserti vermək istəyi də xəyanətdir. O bəlkə də məktəbdə tarixi yaxşı öyrənməyib və bilmir ki “Daşnaktsütün” türklərə qarşı yüzlərcə terror aktı həyata keçirib. Amma bu, Hadisəyə əsas vermir ki, ümumi düşmənimizə qarşı belə, türklərin özlərinin dediyi kimi, “aptal” bir jest etsin.
- Bəs Hadisə kimilərin gəlib Bakıda pul qazanıb getməsi Sizcə, yaxşı haldır?
- Bu, sadəcə biznesdir və ola bilsin ki, təşkilatçılar Hadisənin Bakı konsertinin uğurlu bir proyekt olacağını düşünmüşdülər. Buna görə heç kim onları qınaya bilməz. Bir də ki, o vaxt Hadisə belə “tərsəməzhəb” bəyanatlarla çıxış etmirdi axı.
Ümumilikdə isə mənfi haldır ki, bizim təşkilatçılar çox nadir hallarda öz müğənnilərimizin konsertlərini təşkil edirlər. Bəziləri yalnız gəlir götürməyi üstün tutur, fikirləşir ki, “gedim Rafet el Romanı gətirim, 5-10 manat ona qalsın, 5-10 manat da mənə”.
Düzdür, şəxsən mənim yerli konsert təşkilatçılarından gileylənməyə haqqım yoxdur. Çünki hər dəfə solo konsert keçirəcəyim haqda xəbər verəndə hərəsi çalışır ki, məhz onun şirkəti ilə işbirliyi qurum. Amma bizim bir çox müğənnilər var ki, mən özüm bir tamaşaçı kimi onların konsertlərini görmək istəyərdim.
- Azərbaycan şou-biznesində nə çatışmır?
- Bizim şou biznesi tənzimləmək üçün hətta yazılmamış qanunlar belə, mövcud deyil. Kim nə istəyir onu da edir. Qərbdə nə vaxtsa mövcud olmuş “vəhşi kapitalizm” bizdə “vəhşi şou biznes” formasında təzahür edib. Piratçılıq baş alıb gedir, hələ də klipləri kinolentə çəkə bilmirik, dünya standartlarına cavab verən səsyazma studiyamız yoxdur, bəzi müğənnilər gileylənir ki, televiziyada çıxış pulludur, peşəkarlar diletantların əlindən ah-nalə çəkir.
Amma müəyyən birlik yaradılsaydı, bütün bu məsələləri müzakirə edib, müştərək bir qərara gəlib, mübarizə üsullarını təyin etmək olardı ki, şou biznesimizin ümumi vəziyyəti daha qənaətbəxş olsun. Bunun üçünsə ilk növbədə şəxsi mənafeləri qırağa qoyub, sənət və həmkar mənafelərini üstün tutmaq lazımdır. Çünki bütün müğənnilərin problemi təqribən eynidir: efir, klip, səsyazma, müəllif hüquqları. Bu baxımdan birləşmək lazımdır.
- Bəlkə elə Siz qabağa düşəsiz?
- Mən bu işdə fəal iştirak etməyə hazıram, yetər ki, ümumi bir istək olsun.
- Bir çox müğənnilərdən fərqli olaraq internetdən çox istifadə edirsiz...
- Müasir zəmanənin tələblərinə uyğun olmaq lazımdır. Biz informasiya texnologiyaları əsrində yaşayırıq. Ən son xəbərləri internetdən öyrənirəm, məni maraqlandıran bilgiləri oradan alıram. Bundan başqa “Facebook” sosial şəbəkəsində şəxsi səhifəm var, “Wikipedia”da barəmdə ətraflı məlumat yerləşdirilib. Yeni dizaynı tam hazır olandan sonra rəsmi saytım fəaliyyətini davam etdirəcək. Dünyəvi standartlara cavab verəcək şəkildə bir sayt olacaq. Odur ki, demək olar ki, mən fəal internet istifadəçisiyəm.
- Son vaxtlar elə aparıcılar tərəfindən televiziya verilişlərinə ciddi iradlar səslənir.
- Mən özüm də televiziyalarda bəzi şou verilişlərini bəyənmirəm, çünki orda əsas mövzu sənət yox, qalmaqaldır. Elə verilişlər də var ki, əksinə, baxanda zövq alıram. Ötən il “Lider TV”-də “Ulduzlu Axşam” adlı müəllif verilişim 3 ay yayımlandı. Bir aparıcı olaraq qarşıma məqsəd qoymuşdum ki, “qalmaqalsız əyləncə” prinsipi ilə fəaliyyət göstərib, tamaşaçının 1 saatlıq istirahətini təmin edim. Fəxarətlə söyləyə bilərəm ki, proqramın yaradıcı heyəti və “Lider TV”-nin səyləri nəticəsində məqsədimə 100 % çatdım. İndi marağıma səbəb olacaq yeni təkliflər gəlsə, yenə də veriliş aparmağa hazıram.
- Maaşınızdan razı idiz ?
- Azərbaycan müğənniləri arasında veriliş aparıcılığına görə ən çox maaşı mən alırdım.
- Amma yenə də istədiyiniz qədər pulunuz yoxdur.
- Mən 10 nəfərdən çox qazansam da, orta səviyyəli biznesmendən qat-qat az qazanıram. İldə bir dəfə buraxılan albomdan, keçirilən konsertdən əldə edilən gəlir o qədər çox deyil ki, onunla 1-2 illik yaşayışını təmin edə biləsən. Ona görə də müğənnilər toya, şou proqramlara getməyə məcbur olurlar. Əgər müğənni konsertdən, diskdən yaxşı gəlir götürsəydi, toy müğənnilərinin sayı kəskin azalardı.
Azərbaycan müğənnilərinin əldə etdiyi gəlir xarici ifaçıların qazancından müqayisə olunmayan dərəcədə fərqli və kiçikdir. Türkiyənin ortabab müğənnisi Sinan Özen bir “Ellərə şənlik” sinqlı ilə o qədər pul qazandı ki, lahmacun şəbəkəsi açıb, mehmanxana sahibi oldu. Mənim isə, tam səmimi deyirəm ki, bir qəzet köşküm belə yoxdur.
Ona görə də kimsə Azərbaycan müğənnilərini toya getdikləri üçün qınayanda məni qəzəb hissi bürüyür. Bəs bu müğənni nə ilə dolansın?
Bir də ki, əgər toya gedən müğənniyə pis baxılırsa, onda deməli həmin insanlar əzizlərinin toy məclisini də utandırıcı bir şey hesab edirlər. Məntiqsizlik və rəzalətdir, vallah!
- Toyların səviyyəsi Sizi qane edir?
- Əfsus, amma keyfiyyətli, kübar toyların sayı bir o qədər də çox deyil. Əksər hallarda toylarda israfçılıq hökm sürür - 10 çeşid salat, 8 növ isti yemək verilir və yeməklərin çoxu yeyilmir. Şadlıq saraylarının akustikası qənaətbəxş deyil, bir çox hallarda toy zamanı ağız deyəni qulaq eşitmir. Mənə elə gəlir ki, pərdələrə 200 min manat xərcləyən kəs akustikaya da fikir verməlidir.
Amma bütün bunlara baxmayaraq, Azərbaycan toyunun ləzzəti tam ayrıdır! Mən optimistəm və inanıram ki, zamanla bu problemlər yəqin ki, aradan götürüləcək.
- Haqqınızda yazılanlara münasibətiniz necədir?.
- Yaxşıya yaxşı, pisə - pis. Digər peşələrdə olduğu kimi jurnalistlər arasında da professionallarla yanaşı peşəkar olmayanlar, təsadüfi şəxslər var. Bu yaxınlarda qəzetlərdən biri yazmışdı ki, “hakim xalq artistləri ilə məzələndi”. Bu, həmin yazını yazan jurnalistin və onu dərc edən qəzetin səviyyəsini göstərir. Hakim heç kimlə məzələnə bilməz. Hakim qərar çıxarır və kimsə bunu məzələnmək kimi qiymətləndirirsə, qoy onda yazsın ki, “bizim qəzet bu qərarı məzələnmək kimi qəbul edir”. Yaxşı haldır ki, Mətbuat Şurası son zamanlar “reket” qəzetlərin siyahısını hazırlayıb cəmiyyətə təqdim edir.
İndi keyfiyyətsiz müğənnilərin siyahısını hazırlayan bir qurum da tapılsaydı, yaxşı olardı (gülür).
- Bəs Sizcə televiziyanın müğənnidən pul alıb efirə buraxması reketlik deyil?
- Bu, televiziyanın özünü maliyyələşdirmə üsullarından biridir. Bunun ən ziyanlı tərəfi isə tamaşaçı zövqünə olan mənfi təsirdir. Təsadüfi adamların efirə buraxılması mədəniyyətimizə, zövqümüzə və mənəviyyatımıza ağır zərbə vurur. Bəzən pul verib efirə çıxanlar sənət nümayiş etmək yerinə maşınını, evini, var-dövlətini reklam edir. Tamaşaçı da əxlaq və tərbiyəyə qarşı yönələn bu təcavüzə dözmək məcburiyyəti qarşısında qalır. Böyüklər safı çürükdən ayırd edə bilir. Bəs uşaqlar?
- Müğənnilər arasında ən çox kitab oxuyan deyəsən Sizsiz. Ən çox hansı mövzuda kitabları sevirsiz?
- Müxtəlif janrlarda kitablar oxuyuram. Hal-hazırda oxuduğum əfqan yazıçısı Haled Hoseyninin və Bernard Verberin əsərləridir. Təəssüf ki, Azərbaycan dilində yeni kitablar azdır. Kitab tərcüməsi və çapında biz Türkiyə və Rusiya kimi ölkələrdən hələ ki, geri qalırıq. Ümumiyyətlə, mütaliəyə məktəb illərindən başlamışam, o vaxt özüm də hekayələr, esselər, kiçik həcmli yazılar qələmə alırdım. Kim bilir, bəlkə nə vaxtsa memuar yazmağa da başladım... .(gülür)
- Bəzi məscidlərin sökülməsinə fikriniz necədir?
- Məscidlərin sökülməsi bir müsəlman kimi məni də həyəcanlandırır. Ürəyim ağrıyır belə xəbərlər eşidəndə. Amma bir həqiqət var ki, əgər biz hüquqi cəmiyyətdə yaşamaq istəyiriksə, hər bir ictimai qurum fəaliyyətə başlamazdan öncə dövlət qeydiyyatından keçməlidir. Qeyri qanuni fəaliyyət göstərən məscidlərin kimlərə məxsusluğu araşdırılmalıdır. Çünki indi çoxlu təhlükəli dini sektalar, dini təriqətlər var ki, xalqımızı başqa yola yönləndirmək məqsədini güdür. Bu baxımdan dövlətin son tədbirlərini zəruri sayıram. Sadəcə olaraq bu məsələdə qətiyyətli olmaqla yanaşı olduqca həssas olmaq vacibdir.
- Son vaxtlar daha da inkişaf edən İsrail-Azərbaycan münasibətləri nəyə görə bəzilərini narahat edir?
- Bilirsiz, bu çox incə, xüsusi etina tələb edən bir məsələdir. İlk əvvəl Azərbaycanda tarixən yəhudilərə yaxşı münasibət olub. Azərbaycandakı yəhudilər azərbaycanlılarla o qədər doğmalaşıb ki, hətta adları belə fərqlənməyib. Buna nümunələrdən biri elə azərbaycanlı yəhudi kimi tanıdığımız məşhur biznesmen Telman Mərdan oğlu İsmayılovdur.
Bundan əlavə daha bir vacib amil var ki, beynəlxalq səviyyədə İsrail Azərbaycanın mənafe və mövqelərini, haqq işini həmişə dəstəkləyib. Azərbaycanın İsraillə münasibətlərinin inkişafını istəməyənlər və bu əlaqələrin qarşısına çıxanlar isə ya xaricdən idarə olunanlar, ya da ki, İsrail-Fələstin münaqişəsinin köklərini, incəliklərini və bu qarşıdurmanın həll etmə yollarının tarixi perspektiv, əhəmiyyət və zərurətini düzgün qiymətləndirə bilməyənlərdir ki, qeyri obyektiv mövqedədirlər.
- Qarşıdan parlament seçkiləri ili gəlir. Siyasətlə məşğul olmaq fikriniz varmı?
- Bu dəfə yox, amma gələcəkdə istisna olunmur. Mən ağlıma, bacarığıma inanan, məsuliyyətli bir insanam. Ona görə də tam inamlıyam ki, siyasətlə də məşğul olsam, yenə də xalqıma fayda verə biləcək birisi olacağam.
Xanlar Xoca http://news.qaynar.info/30828.html

0 коммент.:
Отправить комментарий