Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Yeni dərs ili başlayır. Yenə də təhsilimiz problemlərdən xali deyil. Bu barədə il uzunu yazılıb və son günlərdə də yazılmaqdadır. Bəli sirr deyil ki, bütün cəmiyyətmizdə olduğu kimi təhsilimizdə də mənfi hallar tüğyan edir, rüşvətxorluqdan tutmuş sonu -bazlıq şəkilçisi ilə bitən qohumbazlıq, dostbazlıq və s. baş alıb gedir. Bunu valideynlər də görür, müəllimlər də, amma hamı lal olub dinmir.

Heç kim ağrımayan başını ağrıtmaq istəmir, “bəla təki məndən uzaq olsun” düşüncəsi ilə yaşayır. Amma bəla bir gün bu cür düşünənləri də tapır. Çünki özbaşınalığın mahiyyəti də elə budur. Ona görə də bəlaya rast gəlməmiş gərək mübarizəyə qalxasan. Bizim camaatın isə vəziyyəti jurnalistlərin vəziyyətindən fərqlənmir.

Məsələn, palaz-palaz yazılar yazıb iqtidarı tənqid atəşinə tutan bəzi müxbirlər hər gün onların haqqını zorlayan, göz önündə korrupsiya ilə məşğul olan baş redaktorlarını ifşa etməyə cəsarət etmirlər. Hətta baş redaktorlardan biri jurnalistlərin hüquqlarının müdafiəsinə, sosial problemlərinə həsr olunmuş tərəfsiz yazılar yerləşdirdiyinə görə, redaksiyanın kompüterlərindən www.qaynar.info-ya daxil olanları işdən qovacağı ilə hədələyəndə də kimsə cınqırını çıxarıb “ə, bəs sən söz azadlığından danışırsan axı, indi nə oldu” deməyib.

Təhsildə, səhiyyədə də, bir sözlə bütün sahələrdə “üz üzdən utanar” prinsipi dəbdədir və ona görə də bu ölkədə demokratiya tilsimə düşüb. Valideynlər var ki, heç kim ondan heç nə istəmir, amma sabah övladı ilk dəfə məktəbə qədəm qoyduğu üçün müəllimə qızıl zinət əşyaları alıb onu düz 11 il ələbaxımlı olmağa öyrədir.

Belə harınlamış, ya da yaltaqlıqdan borca girmiş birisinin oduna 5 nəfər də boşuna yanır, amma səsini çıxarmır, borc xərc o da qonşudan geri qalmamağa çalışır. “Müəllimlər günü” hədiyyə, 8 Martda hədiyyə, müəllimin, direktorun, dərs hissə müdirinin ad günündə hədiyyə... Ali məktəbə rüşvət, işə girməyə rüşvət. Hamı istəyir övladı prokuror olsun, və bu məqsədlə qarşısına çıxan ilk fırıldaqçıya istənilən məbləği evini satmaq hesabına olsa belə tapıb ödəməyə hazırdır. Və sonda ya böyrəyini qoyur hərraca, ya da gözünü.

Bu cür eybəcərliklərin zərbəsi nəticədə hamıya dəyir. Amma niyə bu cəmiyyət bu qədər laldır, kardır anlamaq olmur. Qorxur? Yox. Əgər qorxsa yerindən qalxan avtobusda, metroda, elə bankomatların qarşısında başı çıxmayan mövzulara, kimlərinsə şəxsi həyatına burnunu soxmaz. Əgər qorxsa Allahdan qorxar, Allahdan qorxmayanın bəndədən qorxması inandırıcı deyil. Bəs nədir bu susqunluğun səbəbi? Təbii ki, yaltaqlıq. Futbolda silsilə məğlubiyyətlərimizə fikir verməyin, əgər yaltaqlıq üzrə dünya çempionatı keçirilsə, kuboku qazanacağımıza əmin ola bilərsiz.

“Pulun yoxdur, şirin dilin olsun” deyən atalar da deyəsən elə yaltaqlığı nəzərdə tuturmuşlar. Elə isə arzularına çatıblar atalar. Artıq pulu olan da şirin dilini işə salır. Tək-tük hallarda hansısa müəllim, hansısa həkim su boğaza çıxanda haqqını tələb edib ədalət tələb edəndə elə öz həmkarları onun üzünə durur ki, müəssisə rəhbərinin yanında yerini bir az da şirin eləsin. İstənilən sahədə bir də baxırsan ki, adamın heç nəyi yoxdur, amma elə yaltaqlanır ki, baxan deyər yəqin zavodu, fabriki var, əldən çıxacağından qorxur.

Bu, cəmiyyətimizin ümumi mərəzidir və donuz qripindən də, xərçəngdən də, hətta dioksinlə zəhərlənməkdən də təhlükəlidir. Hansı sahədə problemimiz varsa kökündə yaltaqlıq, satılmağa və satmağa hazır olan əqidəsizlər durur. Onlar islah olunmasa rüşvətxorluq da olacaq, -bazlıqlar da. Nə yüksək səviyyəli təhsil olacaq, nə səhiyyə, nə də digərləri. Nazirlər dəyişsə də, durum dəyişməyəcək. Çünki istənilən nazirin ayaqqabısını silməyi özünə şərəf bilən “Fatı”lar həmişə olub və açıq danışmasaq, eyiblərimizi sərt tənqid etməsək, hər kəsi öz adı ilə çağırmasaq həmişə olacaq. Unutmayın ki, bir yaltaq on korrupsionerdən daha təhlükəlidir.

Xanlar Xoca http://news.qaynar.info/30852.html

0 коммент.:

Отправить комментарий