Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Comments: (1)

Milli Məclisin ən aktiv komitəsi olan Sosial siyasət daimi komitəsi pensiya yaşının artırılması məsələsini müzakirəyə çıxarmağa hazırlaşır. Əgər yeni təkliflər qəbul olunsa qadınlar daha 57 yox, 60, kişilər isə, 62 yox, 63 yaşından pensiyaya çıxacaqlar.

Təklif hələ komissiyada müzakirə olunanda bir qrup müəllim sevindiyindən məktub yollayıb ki, bunu tez qəbul edin, yoxsa bizi işdən çıxarırlar, göndərirlər pensiyaya, insan haqqlarımız pozulur.

Çox adam hələ ünvanı tapa bilmir, yoxsa məktub yollayanların sayı daha çox ola bilərdi. Amma əksəriyyət belə fikirləşir ki, pensiyalar ümumiyyətlə ləğv edilsə daha yaxşı olar. Çünki onsuz da uşaqlar, gənclər qocalıq yaşına çatmamış intihar edirlər. Insanlarda o dünyaya sevgi artmaqda davam edir.

Bu yandan da tərs kimi Azərbaycanda orta yaş həddi çoxalıb. Sosial Müdafiə Fondu da qalıb pis vəziyyətdə. Fondun açıqlamasına görə, “son dörd ildə pensiyada olma dövrü qadınlar üçün 18, kişilər üçünsə 12 il olub. Pensiyanın məbləği hesablanan zaman isə fərdi uçotda yığılan vəsaitlər qanuna müvafiq 12 ilə, yəni 144 aya bölünür. Ona görə də DSMF hesab eləyir ki, ölkədə insanların ömrü uzandıqca, onların pensiya alma dövrü 12 il civarından çıxır.

12 il həddini saxlamaq üçün də pensiya yaşı artırılmalıdır.” Bu isə əlavə problemlər yaradır. Məsələn, sən gözləyirsən ki, adam 12 ildən sonra öləcək, amma adam ölmək istəmir, elə hey yaşayır. Bunu təsəvvür edəndə adamı üşütmə tutur. Ona görə də həyat səviyyəsi yüksəldikcə, neftin qiyməti qalxdıqca yavaş-yavaş pensiya yaşını artırmaq lazımdır.

Onsuz da xalqımız zəhmətsevər xalqdır, pensiya alsa da işləyir, almasa da. Müəllim işdən sonra repetitorluq edir, həkim iynə vurur, sistem keçirir, qalanları da hələlik taksidən zaddan sürüb başını qatır, ya da evlərdə qulluqçuluq etməklə ailəsini dolandırır. Bir də baxırsan ki, 70 yaşında kişi həyətləri gəzə-gəzə xlor satır, 65 yaşında qadın “təzə qatıq” qışqırır. İndi boş yerə bu insanlara pensiya vermək nəyə lazımdır. İşləyən onsuz da işləyir, işləməyən də axırda gedib “görüm-baxımla” özünə saxta əlillik dərəcəsi və pensiya düzəldir, necə ki, bir müddət ünvanlı sosial yardımı məhz bu cür saxta yollarla bir çox insanlar dövlətdən qoparda bildilər.

İndi ölkədə saxta əlillərin sayı da itib. Dövlətin pulları isə boş yerə göyə sovrulur. Ona görə də elə qocaların öz istədikləıri kimi pensiyanı birdəfəlik və əbədi olaraq ləğv etmək lazımdır. Kimsə ayda 75 manat almasa heç nə olmaz. Əksinə xeyri olar. 75 manat üçün özüm dəfələrlə görmüşəm ki, insanlar necə əziyyət çəkirlər bankomatların qabağında növbəyə durmaqdan. Hamısının da bir diləyi olur ki, “vallah bunu verməsələr bundan yaxşıdır”.

Bu yerdə yadıma Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbovun açıqlaması düşür. H.Rəcəbov Lent.az-ın müxbirinə deyib ki, Milli Məclisə təhsil, elm və mədəniyyət sahəsində çalışan insanlardan müraciətlər daxil olub və pensiya yaşının artırılması təklifi məhz həmin insanların istəyi nəzərə alınaraq meydana çıxıb: “Biz o müraciətləri araşdıranda gördük ki, həqiqətən də pensiyaya çıxmaq üçün müəyyən edilmiş mövcud yaş həddi ədalətli deyil. Çünki bu insanlar hələ əmək qabiliyyətlidirlər və onlar öz sahələrində səmərəli işləməkdə davam edə bilər.

Belə olan halda biz onları niyə məcburi qaydada pensiyaya göndərməliyik? Ona görə də biz pensiyaya çıxmaq üçün yaş həddinin qaldırılmasını daha məqbul hesab edirik. bununla həm də sosial ədaləti bərpa etmiş oluruq”. Əhsən, sosial ədalət bax buna deyərlər, adama 75 manat pensiya ver, onu da 60 yaşında. Deputatın 1300 manat maaş aldığı ölkədə pensiyaçının ay başa çatandan sonra növbəti ayın əvvəlində 75 manat pensiya alması əsl sosial ədalətdir. Digər tərəfdən maraqlıdır, əgər vətəndaşların Milli Məclisə müraciəti əsasında belə bir təklifin ortaya çıxdığı deyilirsə, onda anlamaq olmur ki, niyə bəziləri Prezidentin qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini iddia edirlər.

Əgər vətəndaşın istəyi ilə pensiya yaşı artırılırsa, onda elə vətəndaşın istəyi ilə onu ləğv etmək də olar. Xalq belə istəyir, xalqı eşitmək lazımdır. Xalq istəyir ki, onun deputatı, naziri yaxşı yaşasın, bahalı kostyum geyinsin, qızıl telefonu olsun, lüks avtomobildə gəzsin, həyatın dadını çıxarsın, o da baxıb fəxr eləsin ki, “mənim məmurum, deputatım məndən fərqlənir”. Yoxsa daha deputat da, məmur da pensiyaçı ilə eyni markalı telefon işlədib, ictimai nəqliyyatdan istifadə eləsə apar qaytar, ondan deputat, məmur olmaz. İnşallah birlikdə arzu və ümid edək ki, səsimiz eşidilər və tezliklə pensiyalar birdəfəlik ləğv ediləcək, dövlət büdcəsində xeyli vəsaitə qənaət edilməklə deputatların və məmurların maaşının artırılmasına əsaslı zəmin yaranacaq. Axı onların maaşdan başqa dolanışıq yeri yoxdur...

Xanlar Xoca http://news.qaynar.info/32192.html

Comments: (0)

Son günlər qəribə bir hal müşahidə olunur. İctimai yerlərdə, virtual aləmdə gedən müzakirələrdə bir qrup insan “Şəhidlər xiyabanından Türkiyə bayraqları yığışdırılmamalıdır, türklər bizi xilas edib, Bakını azad edib, ona görə də Türkiyə Ermənistanla sərhəddi açsa belə biz Türkiyəni sevməliyik” kimi mövqelər ortaya qoyurlar. Əlbəttə ki, söz azadlığı şəraitində hər kəsin mövqe bildirməsi təbiidir. Türkiyəni sevmək də hər kəsin öz işidir. Amma söz azadlığından öz xalqının qürurunu qurban vermək naminə istifadə etmək düzgün deyil.

Bəli, Bakının daşnaklardan və bolşeviklərdən təmizlənməsində Qafqaz İslam Ordusunun və Nuru paşanın böyük rolu olub. Bunu heç kim danmır və tarixi heç kim təhrif edə bilməz. Amma həmin dövrdəki hadisələri də diqqətlə nəzərdən keçirmək lazımdır. Nuru paşanın ordusu Azərbaycan hökumətinin xahişi ilə köməyə gəlsə də, Azərbaycan hökumətinin xahişi ilə Bakıda qalmadı və Mudros sazişi bağlandıqdan sonra ölkəni tərk etdi. O zaman türk ordusunun Azərbaycanda qalması üçün yalnız bir yol var idi ki, bu da türk zabitlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi idi. Lakin Məmməd Əmin Rəsulzadə bu təkliflə müraciət edərək hətta vətəndaşlığı qəbul edib ordu quruculuğunda iştirak edəcək türk zabitlərinə ikiqat maaş veriləcəyini bildirsə də ona müsbət cavab verən olmadı. Azərbaycan yeni yaradılmış 1500 nəfərlik ordusu ilə taleyin ümidinə qaldı.

Azərbaycanın o dövr tarixində bir “İyun böhranı” deyilən dönəm də var. Azərbaycan Milli Hökuməti Gəncədə məskunlaşdıqdan sonra Nuru paşanın Milli Şuraya etimadsızlıq göstərməsi siyasi böhrana səbəb oldu. Burada Azərbaycanın Türkiyəyə ilhaq edilməsini arzu edənlərin də rolu böyük olmuşdu və Nuru paşa da buna razı idi. Bundan bir il sonra M.Ə.Rəsulzadə parlamentdə çıxış edərkən demişdi: “Burada deyirdilər ki, türkləri tənqid etmək olmaz, çünki onlar bura bizi idarə etməyə yox, bir əsgər kimi xalqı müdafiə etməyə gəlmişdilər. Bu doğrudur. Lakin bu da doğrudur ki, bizim öz içərimizdə elə bəylər və ağalar var idi ki, onlar burada İstanbulun ağalıq etməsini tələb edirdilər.”

Etimadsızlığın kökündə də bu ilhaqçılıq niyyəti dururmuş. Azərbaycanın düşməndən azad edilməsində əhəmiyyətli rol oynayan Türkiyə sonradan istiqlalımızın itirilməsinə, 28 Aprel işğalına soyuqqanlılıqla yanaşdı. Hətta Atatürk 1920-ci ilin aprelin 26-da Leninə yazdığı məxfi məktubunda Türkiyənin maraqları baxımından Azərbaycan və Gürcüstanı Sovet Rusiyasına güzəştə getdi. Həmin məktubdan iki gün sonra Bakıya soxulan XI Rus Ordusunun qabağında isə Azərbaycanın istiqlalının qazanılmasında xidmətləri olan türklər gəlirdi. Guya bu ordu Anadoluya istiqlal müharibəsi aparan türklərə yardıma gedəcəkdi. Amma Bakını işğal edən ordu heç kimə köməyə getmədi və ondan “niyə köməyə gəlmirsən” soruşan da olmadı. Çünki bu bir oyun idi. Oyun bitməmişdi.

1931-ci ildə Türkiyə ilə Sovet Rusiyası arasında dostluq müqaviləsi imzalandıqdan sonra Atatürk M.Ə.Rəsulzadə və digər Azərbaycan mühacirlərindən təcili Türkiyəni tərk etmələrini tələb etdi.

“Aman qoymayın, Türkiyə bayraqlarını yığdılar” deyib narahat olanlar tarixin bu səhifələrini bir daha oxumalıdırlar. 1995-ci ildə Türkiyənin o zaman Azərbaycandakı səfiri olmuş Altan Karamanoğlunun diplomatik fəaliyyəti ilə bir araya sığmayan “işgüzarlığı” də xatirimizdədir.

Unutmayaq ki, hər bir dövlət öz maraqları baxımından çıxış edir. Bunu bu günlərdə bir daha gördük. Həm Türkiyə-Ermənistan arasında protokolların imzalanması prosesində, həm də Bursada futbol matçı zamanı. Hələ Türkiyə tarixində belə hal olmamışdı ki, Prezident özü üçün hazırlanmış otağı qonağa versin, xanımının hazırladığı təamlara hansısa dövlət başçısını qonaq eləsin. Bu hala qardaş dedikləri Azərbaycana münasibətdə də rast gəlinməmişdi. Amma bir terrorçu dövlətin rəhbərinə, Xocalıda tökülən körpə qanlarında birbaşa əli olan Serj Sərkisyana münasibətdə rast gəlindi. Bunu o hökumət etdi ki, “one minute” deyib İsraili Qəzzada humanitar fəlakət törətməkdə, soyqırımda, “insanlıq dramı”nda, qoca, uşaq və qadınlara aman verməməkdə ittiham edir. Əcəba, Türkiyə Prezidenti xanımının hazırladığı təamlara Serj Sərkisyanı qonaq edərkən onun əllərinə fikir vermədimi, Azərbaycan körpələrinin qanını görmədimi onun əllərində? Fələstində ölənlərin haqqları Serj Sərkisyanın işğalçı ordusunun məhv etdiyi, öldürəndən sonra hətta təhqir etdiyi körpə mələklərin haqqından çoxdurmu? Qardaşlıq dediyiniz budurmu?

Türkiyənin bayraqları uzun illər idi Azərbaycanda hər yerdə dalğalanırdı, amma Türkiyədə Azərbaycan bayrağını səfirlikdən başqa hansısa bir yerdə dalğalanan vəziyyətdə görən oldumu? Məgər Azərbaycan mütəqil olmadımı, nə vaxta qədər xarici dövlət rəmzlərini öpüb bağrımıza basacağıq? Biz nə vaxta qədər öz qürurumuzu qurban verməliyik? Hətta küçədə bir türklə danışanda da azərbaycanlılar türk dilində danışmağa çalışırlar, amma heç bir türk Azərbaycan dilində danışmaq, yazmaq istəmir. Necə olur ki, biz Türkiyəyə gedəndə də türkcə danışırıq, türklər Azərbaycana gələndə də? Axı niyə hətta televiziyalarımızda da hansısa türkiyəli qonaq olanda aparıcılar gül kimi “torpaq” sözünü “toprak” kimi deyirlər? Biz ki, Türkiyəni bu qədər sevirik, bir dənə Hrant Dinkin ölümünə görə “Hepimiz ermeniyiz” deyənlər bəs niyə Azərbaycanın müqəddəs bayrağı zənbilə doldurulanda, ayaqlar altına atılanda “Hepimiz Azeriyiz” deyib küçələrə çıxmadı?

“Qalatasaray” qol vuranda Ermənistan deyil, Azərbaycan idi sevinən, gecə saat 3-ə qədər küçələrdə “Cim-bom” qışqıran azərbaycanlılar idi.

Türkiyə bayraqlarının yığışdırılmasına görə ağlamaqdansa qanunları oxumaq lazımdır. "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanuna görə “yalnız Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, konsulluqların və diplomatik nümayəndəliklərin binaları, diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin iş otağı, Azərbaycana səfərə gələn xarici dövlətlərin rəhbərlərinin və dövlət nümayəndə heyəti rəhbərlərinin, diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələrinin üzərində xarici ölkələrin bayraqları asıla bilər”.

Burda qəribə nə var ki? Qanunda istisna nəzərdə tutulmayıb, yazılmayıb ki, Türkiyə bayrağı istisnadır. Azərbaycan qanunları məgər bir qeyri-hökumət təşkilatı olan FİFA-nın qərarlarından gücsüzdürmü? Türkiyədə azərbaycanlılar bütün qanunlara tabe olduğu kimi Azərbaycanda da bütün xarici vətəndaşlar qanunlara hörmətlə yanaşmağı bacarmalı, qanuna əməl etmək tələb ediləndə bunu siyasi məsələlərlə əlaqələndirməməlidirlər.

Sabah kiminsə viza müddəti bitdiyi üçün ölkədən çıxarılacaqsa, yaxud xarici vətəndaşa məxsus şirkətdə hansısa qanunsuzluq, məsələn Əmək Məcəlləsinin, Vergi Məcəlləsinin tələblərinin pozulması halları aşkar edilərsə bunun siyasətə nə dəxli var ki?

Türkiyə Azərbaycana qardaş dövlətdir və bu qardaşlığı pozmaq mümkün deyil. Ancaq qardaşlığın öz yeri var, dövlətçiliyin də öz yeri. Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərinin bütövlüyünü də bir gün mütləq bərpa edəcək. Bundan kimsənin şübhəsi olmasın. Azərbaycan qan tökmək hesabına olsa belə Qarabağı azad edəcək. Çox güman ki, o vaxt artıq Türkiyə-Ermənistan sərhədləri açıq olacaq və bir “Ayrılıq” serialı da ermənilərin xətri xoş olsun deyə çəkiləcək...

Xanlar Xoca http://news.qaynar.info/31912.html


.. ailənin huququ da bu qədər olur

Azərbaycanda ailə hüqüqları pozulduğu zaman məhkəməyə müraciət etmək yağışdan çıxıb yağmura düşməyə bənzəyir.
Sisseron deyirdi ki, ailə - insan cəmiyyətinin ilk pilləsidir. Azərbaycanda ailə hüququnun qorunması sahəsində dövlətin real sosial siyasətinin olmaması insan cəmiyyətinə münasibətin təzahürüdür. Çeşidli beynəlxalq təşkilatların hesabatlarında insan haqları, insan inkişafı, yaşam rifahı baxımından heç də xoş olmayan yerləri tuturuq. Hökumət bu kimi hesabatları heç vaxt ciddiyə almır və elə bununla da insan cəmiyyətinə olan məsuliyyətsiz münasibətini bir daha təsdiqləmiş olur.

Kağız üzərində hər şey mükəmməl olmasa reallıqdan daha yaxşıdır

Hər zaman olduğu kimi bəzi çatışmamazlıqlar nəzərə alınmazsa, kağız üzərində - yəni qanunda ölkəmizdə ailə hüquqlarının təmin olunması məsələsi fəna sayılmaya bilər. Təəssüf ki, təcrübəyə gəlincə, vəziyyət heç də yaxşı deyil. Əslində hökumət bütün çatışmazlıqlara rəğmən artıq kağız üzərində qəbul edilmişlərin tətbiqini tam mənada həyata keçirsəydi, mövcud durum olmazd?.

Azərbaycanda boşanma - əlavə baş ağrısı

Bərabər yaşamadıqlarından artıq o ailədə hüquqlar pozulmuş sayılır. Ancaq təəssüf ki, pozulmuş hüqüqlarının peşindən gedib məhkəməyə müraciət edənlər bir növ yağışdan çıxıb yağmura düşür. Məhkəmədə ailənin, ayrıca tərəflərin hüququ, əmlak, aliment kimi hüquqlarını bərpa etmək istəyən tərəf bu dəfə az qala özü məhkəmənin işini görmək, xərclərini ikiqat ödəmək, hələ üstəlik rüşvət vermək məcburiyyətində qalır. Bunun necə baş verdiyini içində olduqum bir təcrübə ilə anlatmaq yetər. Bir neçə il əvvəl tanışım T.İbrahimova boşanma ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etdi. Zatən 7-8 ilə yaxın üzünü görmədiyi və birgə oğlu üçün heç bir maddi mənəvi dəstək almadığı həyat yoldaşı ilə məhkəmədə qarşılaşmaq istəmədiyindən məndən məhkəmədə onu təmsil etməyimi istədi. Gərəkən qanuni proseduru həyata keçirdik. Məhkəməyə gərəkən dövlət rüsumunu ödədik. Qeyd edim ki, bu rüsum prosesə sərf olunacaq dəftərxana ləvazimatı, poçt xidmətlərini ödəmək üçün xərcləri əhatə edir. Bundan sonra məhkəmə üçün gərəkli olan xeyli arayışın əldə olunması üçün işə başladıq. İbrahimovanın illərdir görmədiyi, yaşayış yerini konkret bilmədiyi (qeydiyyat yerindən çıxmış və yeni yerdə qeydiyyata alınmamışdı - Ş.Ə.) həyat yoldaşının yaşayış yerindən, işləyib-işləmədyinə dair arayışları almaq bizə həvalə olundu. Uzun zaman alan bu çətin işin də öhdəsindən gəldik. Sənədləri məhkəməyə təqdim etdiyim zaman, hakimin katibi mənə qarşı tərəfin məhkəməyə çağırış vərəqəsini poçtdan göndərməyi həvalə etdi. Yəni sənədi hazırladı və mən öz vəsaitim hesabına məhkəməyə çağırış vərəqəsini poçtdan göndərdim. Proses təyin olunan gün tərəf gəlmədiyindən məhkəmə təxirə salındı və yeni çağırış vərəqəsini göndərmək yenə mənə həvalə olundu. Növbəti dəfə gəlməyən tərəfin məhkəməyə gətirilməsini təmin etmək üçün ərazi polis bölməsinə məktub hazırlandı və o məktubu da məhkəməyə müraciət etmiş tərəfin nümayəndəsi olaraq mən bölmə rəisinə apardım. Burada jurnalist olmam işimə gəlbi. Polislər jurnalistlərlə çox da qarşılaşmağı arzulamır və belə hallarda həmən işi həll edirlər ki, dilə-dişə düşməsinlər. Uzun bir zaman sürən bu get-gəllərdən sonra qarşı tərəf məhkəməyə gəldi və nəhayət ilk proses baş tutdu.

Hakimlərin sənədlərin əldə olunması işini ərizəçiyə yükləməsi qanundakı boşluqlardan qanaqlanır

Hüqüqşünas İntiqam Əliyevin sözlərinə görə, qanunverijilik boşanma üçün müraciət edən şəxsin cavabdehlə bağlı arayışları toplamasını müəyyən etməyib: «Bu məsələlərin qanunvericiliklə tənzimlənməməsi sui-istifadə hallarına gətirib çıxarar». İ.Əliyevin sözlərinə görə, əslində vətəndaş bu məsələlərdə məhkəməyə yardımçı ola bilər. Ancaq dövlətin funksiyaları vətəndaşın üzərinə məcburi qoyula bilməz. Hüqüqşünasa görə, hər bir halda vətəndaşın ərizə verməsi və əgər yuxarıda qeyd etdiyimiz məsələlərdə məhkəməyə yardımçı ola bilmədiyi halda ərizə geri qaytarılarsa, ondan şikayət verməsi və bu məsələləri də orda qaldırması məsləhətdir. Belə anlaşılır ki, məhkəmələrin özündən özünə şikayət etməklə vətəndaş yenə nəyəsə nail ola bilər. Qeyd edək ki, bu halları həm də qarşı tərəfin məhkəməyə gətirilməsinə də şamil etmək olar. Hər bir halda məhkəmə hüquqlarının pozulması ilə bağlı müraciət edən şəxsin haqlarının təmin olunmasına yardımçı olmağa borcludur.

«İşimiz düşdü qaza, qaz da özün qoydu naza»

Məhkəmələrə müraciət edən şəxsilərin hakimlərdən asılı vəziyyətə düşməsinə yol açan səbəblərdən biri də bu və ya digər məsələ ilə bağlı qərarın alınmasını birbaşa hakimə həvalə olunmasıdır. Ailə Məcəlləsində də bu kimi boşluqlar mövcuddur. Məcəlləyə görə, ər arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü məhkəmə (bizim hallarda hakim - Ş.Ə.) müəyyən etdikdə nigah pozulur. Həmçinin tərəflərdən birinin nigahın pozulması haqqında razılığ olmadıqda məhkəmə öncə tərf?lərin barışması üçün 3 ay müddət müəyyən edir. Təəssüf ki, Azərbaycan reallığında bu hallarda hakimlər çox vaxt qeyd-şərtsiz barışığa görə müddət təklif edirlər. Anjaq rüşvət verildiyi halda çox süründürməçilik olmur. T.İbrahimovanın boşanma işində də analoji halla qarşılaşdıq. Məntiqlə yanaşılsa, 7-8 il bir yerdə yaşamayan, işləməyən, əvvəllər məsuliyyətə cəlb edilmiş və bu müddət ərzində azyaşlı uşağına belə maddi-mənəvi dəstəkdə bulunmadığı cavabdeh tərəflə barış müddətini tətbiq etmək absurddur. Belə hallarda özünü naza qoyan hakimlər iddiaçı tərəfin səbrini zorlamaqla rüşvət qoparmaq, bazarlıq etməkdən çəkinmir. T.İbrahimovanın boşanma işində bu gərəksiz 3 ay müddətini biz də gözləmək məcburiyyətində qalacaqdıq. Əgər yenə də mənim jurnalist olaraq bir qəzetdə çalışdığım bəlli olmasaydı. Ancaq hər boşanmaya müraciət edənin özü və ya nümayəndəsi jurnalist olmur və belə çıxır ki, bu hallarda hakimlər vətəndaşla istədikləri kimi rəftar edirlər. Çünki bu «imtiyazı» onlara ailə qanunvericiliyi «verir».

Azərbaycandakı aliment məbləgləri gülünc həddədir

Boşanma deyərkən, uşaq varsa həmən ağıla gələn ilk şey alimentdir. Azərbaycanda gülünc olan təkcə alimentlərin məbləği deyil. Bu sahədə çox ciddi problemlər mövcuddur. T.İbrahimova alimentdən imtina etdi. Bununla itirdiyi bir şey də yox idi. Keçmiş həyat yoldaşı işləmirdi və məhkəmə aliment müəyyən etsəydi belə, qanunvericilikdə ödənilməsi üçün cavabdehin işlə təmin olunmasını izləyəcək hər hansı bir mexanizm yoxdur. Məhkəmə boşayıb alimenti təyin edir və sonra get başının çarəsinə özün bax. Aliment məbləğləri isə başqa bir aləm…
Məcəlləyə görə, aliment ödənilməsi bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, iki uşaga görə, üçdə biri, 3 və daha çox uşağa görə isə yarısı aliment olaraq tutulur. Azərbaycan realllığında «qazanc» mücərrəd anlayışdır. Ona görə ki, bu məfhum olduğundan qat-qat aşağı və ən pis halda orta və ya minimum əmək haqqı olaraq da göstərilə bilər ki, bu da ölkədə kölgə iqtisadiyyatının tüğyan etməsi ilə bağlıdır. Huquqşunasların təcrübəsinə istinadən söyləmək olar ki, bu gün Azərbayjanda adətən sabit olaraq 40-50-70, ən yaxşı halda nadirən 100-150 manat aliment təyin edilir. Bu gün ölkəmizdə orta aylıq əmək haqqının 298 manat olduğunu nəzərə alsaq, bir uşaqa görə alimentin məbləğin də ortalama 74, iki uşağa görə 99, üç və daha artıq uşağa görə isə 149 manat olması gərəkir. Məhkəmələr isə adətən bu rəqəmlərdən daha aşağı məbləglər təyin edirlər ki, bu da qeyd etdiyimiz kimi gəlirlərin rəsmi sənədlərlə azaldılmasının mümkünlüyundən qaynaqlanır. Bu sadalananlar ən yaxşı halda baş verənlərdir. Boşanan valideyn işləmədiyi və ya işləsə də, işinin rəsmən sənədləşdirilmədiyi hallarda ki, bu hallar da çoxluq təşkil edir, dövlət onun alimenti ödəmək imkanlarına malik olub-olmadığı ilə bağlı araşdırma aparmır. Dövlətin boşanmış valideynin aliment ödəməsini təmin etmək imkanını yaratmaq üçün də heç bir strategiyası yoxdur. Bu da dolayısı ilə ölkədə ailə huquqlarının qorunmasına şaraitin olmadığını təsdiqləyir. İ. Əliyevin fikrincə, dövlətin bu sahədə düşünülmüş siyasəti olmalı, bu hallara göz yummamalı və məsuliyyəti əsassız olaraq ərin və ya arvadın üstünə atmamalıdır. Bu yerdə Ailə Məcəlləsindəki müvafiq maddəni xatırlatmaq yerinə düşərdi:

«Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir» (mi?)

Kağız üzərində çox gözəl ifadə olunub və insafən əla səslənir. Təəssüf ki, reallıqı əks etdirmir. Azərbaycanda uşaqlar üçün doğru-dürüst aliment təcrübəsi tətbiq olunmadığı halda boşanılan ər və ya arvada qarşı tərəfin təzminat ödəməsi təcrübəsinin olmadığı təəccüb doğurmur. Türkiyə qanunvericiliyində boşanmaya müraciət edildiyində qarşı tərəfin (istər, qadın, istər kişi-Ş.Ə.) sosyal durumu, məşğulluq problemi, evi olmadığından kirayə qalmaq məcburiyyətində olub-olmadığı məhkəmə tərəfindən müəyyənləşdirilir. Bundan sonra şəxsə yoxsulluq sərhədləri altında yaşaması ilə bağlı status müəyyənləşdirilir və proses başlar-başlamaz boşanma davası açmış tərəfdən təzminat kəsilir.

Boşanan azadlığını satın alır…

Proses sürdüyü müddətcə dava açan qarşı tərəfə minimal məbləğdə də olsa təzminat ödəyir. Dava bitdikdən sonra isə qarşı tərəf bu minimal məbləğin artıralması üçün əsaslandırılmış dava aça bilir. Bəzən bu təzminat qarşılıqlı anlaşma yolu ilə birdəfəlik şəkildə ödənilir. Bəzən isə boşanan tərəf qarşı tərəfə bütün həyatı boyu, hətta təqaüdündən də təzminat ödəmək məcburiyyətində qalır. Bir sözlə, boşanmaq və azadlıq əldə etmək isəyirsənsə, Türkiyədə bunu satın ala bilirsən, necə deyərlər, puluna minnət. Qanunvericilik hər iki tərəf üçün eyni haqları nəzərdə tutsa da, təcrübədə daha çox qadınlar təzminat ala bilir ki, bu da sözügedən cəmiyyətdə qadının daha çox asılı durumda olduğundan qaynaqlanır. Türkiyə t?crübəsində bu təzminatı ödəmək imkanları olmadığını sübut edən tərəf təzminatdan azad edilə bilir, ancaq bu, çox nadir hallarda mümkündür. Qısası, Türkiyədə hökumət qarşı tərəfin haqlarını qorumaq üçün boşanmaya qalxmış tərəfdən alınması mümkün olan nə varsa alır. Anjaq bir dövlət olaraq özü əlavə müavinət və ya başqa imtiyazlar vermir. Avropada durum daha fərqlidir. Boşanan və ya boşanılan qadının haqları ən yüksək səviyyədə qorunur. Qarşı tərəfin təzminat və aliment öd?məsiylə yanaşı, Avropa dövlətlərinin bir çoxunda qadın dövlətdən kompensasiya alır, işlə təmin olunmada imtiyazları olur, tibbi sığorta, yaşayış yeri və s. ilə təmin edilir. Bir sözlə, bu ölkələrdə tərəflərin, xüsusilə qad?nların boşandığı halda küçədə qalacağı kimi bir dərdi yoxdur. Azərbaycanda isə ailə qanunvericiliyində bu tərəflərin müvafiq hallarda bir-birinə təzminat ödəməli olması nəzərdə tutulsa da, təcrübədə bu hal yoxdur.

Qanunvericilikdə bu sahədə müsbət mənada öhdəliklər nəzərdə tutulsa da, qanunların təmin olunması həm hökumət, həm də cəmiyyətin tələb və istəyinə bağlıd?r. Doğrusu, bir azərbaycanlı qadının keçmiş həyat yoldaşına qarşı belə bir məhkəmə davası açması təcrubəsi yoxsa, bir azərbaycanlı kişinin belə bir iddia ilə çıxış edə biləcəyi heç inandırısı deyil. Mənəvi, mental səbəblərlə yanaşı bunun əsas səbəblərindən biri də vətəndaşların yetərincə hüquqi bilgilərə malik olmamasıdır. Bu gün, boşandıqları halda bir-birinə əmlak davası açanların bir çoxu hansı hallarda əmlakı tələb edə bilib-bilməyəcəyindən xəbərsizdir. Məsələn, Bakının Əzəzbəyov rayonunda N.Yaqubova boşandığı həyat yoldaşından ev almaq üçün iki ilə yaxın məhkəmələrdə oldu. Təəssüf ki, nigaha daxil olduqları gündən sonra adına əmlak almayan S.Yaqubovun keçmiş həyat yoldaşına ev vermək kimi bir məcburiyyətinin olmadığını bilməyən xanıma, məhkəmə də gərəkən bilgini həmən vermədi. Səbəbsə çox bəsit idi, rüşvət. Məhkəmələr təcrübədə qanundan xəbəri olmayan belə vətəndaşlardan pul alıb onların lehinə qərar çıxarar və “mən işimi gördüm”, deyə vətəndaşı başından edir. Müsbət qərar almış vətəndaş isə bir müddət sonra qarşı tərəfin əsaslandırılmış şikayəti sayəsində təkrar əmlaka haqqı olmadığını öyrənir. Bütün bunlar da dövlətin himayəsində olduğu bildirilən ailənin əslində, məhkəmələrin əlində bir gəlir mənbəyinə çevrildiyini bir daha təsdiqləyir.

400 dollara atalıqdan məhrum edilir

Yenə məhkəmə təjrübəmizə qayıdaq. T.İbrahimova boşandıqdan sonra oğlunun onunla heç maraqlanmayan atasının soyismini daşımaması və ümumiyyətlə bağların tamamən qoparılması üçün keçmiş ərinin atalıqdan məhrum edilməsi ilə bağlı bu dəfə Əzizbəyov rayon məhkəməsinə mürajiət etdi. Yenə məlum səbəblərdən mən onu məhkəmədə təmsil etməli oldum. Önjə ərizənin qeydə alınması və işə baxılması üçün rüsümla rüşvət bir arada 400 dollar vermək məjburiyyətində qaldı. Təsəvvür edin, atalıq etməyən birini məhkəməyə gətirirsiniz, bütün sənədləri siz təqdim edirsiniz, atalıqdan məhrum edilməni haqq edən ata da «oğlumdan imtina edirəm» deyir və hakim birjə imza atmaq üçün dövlətdən alğığı maaş yetmirmiş kimi, 400 dollar da rüşvət alır. Təbii ki, bu halda rüşvət verən tərəfi də ittiham etməyə haqqımız var. Ancaq azyaşlı uşağının psixoloji sarsıntıları davamlı yaşamaması üçün (hakimlər təəssüf ki, işin bu tərəfindən çox maliyyətini düşünür -Ş.Ə.) və hər şeyin tez bir zamanda bitməsi üçün, hakimin get-gəllərindən yaxa qurtarmaq üçün ana bu duruma gətirilir. Məcəlləyə görə, valideynlik hüququndan məhrumetmə prosesi zamanı məhkəmə həmçinin huququndan məhrum edilən valideynlərdən və ya onlardan birindən aliment tutulması məsələsini də həll etməlidir. Ancaq İbrahimovanın ərizəsinə baxılan zaman bu önəmli detal hakimin yadına da düşmədi. İddiaçı tərəf hüqüqşünas olmaya və ya məcəlləni yetərinjə bilməyə bilər. Belə hallar məhkəmələrə işə səthi yanaşmaq hüququ verməsə də, təəssüf ki, təcrubədə qanunlarda olan çatışmazlıqların sayı iki dəfə artıq olur. Atalıq hüququndan məhrumetmə prosesi bitdikdən sonra bu məhkəmə işi ilə bağlı detallı yazı ilə çıxış etdiyimdən indi təfərrüatlara qayıtmıram. Sadəcə mənəviyyatsızlığın göstəricisi olan və ailəyə dövlətin qayğısının mənfi təzahuru olan faktı vurğulamaq istərdim:

Bu gün Azərbaycanda məhkəmələr dağılan ailələrə, valideynlik hüquqlarından məhrumedilmələrə gəlir mənbəyi olaraq baxır. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Azərbaycanda hazırda ailə qanunvericilində əksini tapmış bir çox müddəalar işləmir. Belə olan halda, hesab edirəm ki, öncə onların işlək hala gətirilməsi gərəkdir. Bu mexanizm hərəkətə keçərsə, boşluqlar öz-özlüyündə su üzünə çıxmış olar və onları doldurmaq üçün də müvafiq addımlar atılar. Hüqo deyirdi ki, “ailə cəmiyyətin kristalıdır”. Dövlətimiz bu kristallın bulanıq görunməməsi üçün nə edir? Məncə, yuxarıda anlatılanları nəzərə alaraq yetkililərin bu sualın ətrafında ciddi düşünməsi gərəkdir.

Şəhla Əbusəttar http://news.qaynar.info/index.php?mod=view&id=31746

Yazı «Ailə hüququ: Azərbaycan qanunvericiliyi və təcrübə» müsabiqəsi üçün hazırlanıb



Başımıza gəlməyən iş qalmadı daha, torpaqlarımızı işğal etdikləri azmış kimi üstəlik qardaşımızı özlərinə dost elədilər, bir azdan yəqin ki, təzminat da alacaqlar Türkiyədən. Ərdoğan hökumətinin siyasəti bu istiqamətdə köklənib və türk xalqı Azərbaycanı düşünmürsə, heç olmasa öz gələcəyini indidən düşünməlidir. Çünki köylərində savadsızlıq tüğyan edən, işçisi yarıac-yarıtox yaşayan Türkiyənin diz çökdürülməsi prosesi gedir. Ərdoğan gələn il Nobeli qazanmaq və Türkiyəni yaxın gələcəkdə Avropa Birliyinə soxmaq üçün bütün güzəştlərə hazır kimi görünür, bunun əzabını isə təbii ki, xalqı çəkəcək. Bir gün də yəqin görəcəyik ki, Türkiyə Böyük Millət Məclisi artıq ermənilərə təzminat ödəmək haqqında məsələni müzakirə edir. Bunu da güman ki, edəcəklər. Az qalıb, əgər türk xalqı özü “dur” deməsə, gedilən yol buna doğru aparır.

Amma kimin dost, kimin düşmən olmasından asılı olmayaraq, Azərbaycan yenə çıxış yolu tapacaq və öz torpaqlarını mütləq azad edəcək. Sadəcə səbrli olmaq, hadisələrə təmkinlə yanaşmaq lazımdır. Lakin təəssüf ki, bəzən cəmiyyətdə öz xüsusi nüfuzu, sözünün çəkisi olan ziyalılar da təmkinli olmaqdansa, tələsik bəyanatlar verir, “cihad” deyib, hər şeyə həssas olan ictimai fikri dolaşığa salırlar. Bir başqası, təsadüfü bir şəxs “cihad edək” desəydi, bəlkə də reaksiya verməmək olardı. Amma vaxtilə dövlətdə kifayət qədər sanballı möqedə olmuş, dünyəvi dövlətlə şəriət dövlətinin fərqini şərqşünas alim kimi əla bilən, uzun müddət ərəb ölkələrində işləmiş təcrübəli siyasətçi, politoloq Vəfa Quluzadənin bu tip bəyanat verməsi artıq ağlımıza gəlməyənlərin başımıza gəlməsi deməkdir. Bu cür bəyanatı hansısa İran mollasının təsir altında olan birindən gözlədiyin halda həmişə Qərbyönümlü və bir çox hallarda obyektiv açıqlamaları, proqnozları ilə tanınan dünyəvi düşüncəli bir ziyalıdan eşıdəndə şoka düşməmək olmur.

Düşünürəm, əcəba, görəsən V.Quluzadə “bizim gözəl destruktiv imkanlarımız var. Birinci imkan Bakı-Ceyhan kəmərini partlatmaqdır. İkincisi, qazı Qərbə göndərməyi dayandırmaq, İranla əlaqələrə girmək. Qoyun bir az pis yaşayaq. Ancaq xalq bunu dəstəkləyər. Bizimlə belə rəftar etməyə onlara imkan verməməliyik. Onları hədələməliyik. Deməliyik ki, bizim torpaqlar Amerikanın, Rusiyanın, Fransanın sayəsində işğal altındadır. BMT-nin qərarlarını yerinə yetirməyən, təcavüzkarı, cinayətkarı şirnikləşdirən, üzündən öpən onlardır. Biz azərbaycanlılar oturmuşuq bahalı xarici maşınlarda, maqnitofona səs verib keflə məşğuluq. Görsəniz ki, torpaqlarınız azad olunmur, cihadla məşğul olun. Əlcəzair istiqlalını əldə edənə qədər bir milyona qədər qurban verdi. İndi bizə bu qədər zülm, haqsızlıq, ədalətsizlik edirlərsə, nəyə görə əcnəbilərə ölkəmizdə hər gün şou düzəldirik? Gəlib kef çəkirlər. Bəs bizə qarşı ədalətsizlik edənlər kimdir? Havyer Solananın, Kuşnerin, amerikalıların, ingilislərin nəslidir. Biz onları qucaqlayıb öpürük, özümüz də onlarla kef çəkirik. Üstəlik, torpaqların danışıq yolu ilə qayıtmasını istəyirik. Onlara yumruq da göstərmək lazımdır. Bir gün ölkəmizi onlar üçün cəhənnəmə döndərək, qovaq burdan” məzmunlu açıqlama verərkən bunun xoş bir şey olmadığını fikirləşdimi?!

Nə baş verdi ki, həmişə torpaqların işğaldan azad edilməsində əsas maneə kimi Rusiyanı görən, 2008-ci il, noyabrın 14-də “Media Forum” saytına verdiyi müsahibədə “Rusiya nüvə dövlətidir, fövqəldövlətdir, Qərbə tabe deyil. Ona görə də Azərbaycan Rusiyanın bir fövqəldövlət kimi çökməsini gözləməlidir. Rusiya özü də Avropa Birliyinin, NATO-nun üzvü olacaq. Onda bütün hakimiyyət keçəcək Amerikanın əlinə” deyən politoloq birdən-birə fikrini bu qədər dəyişdi? Dünyəvi dövlət də cihad edərmi? Cihad fayda versəydi ərəb ölkələrinə verərdi, Azərbaycan öz torpaqlarını azad etmək üçün Azadlıq müharibəsi apara bilər və bu hüququndan da vaxtı çatanda istifadə edəcək. İqtidardan narazı olduğunu əsas gətirib erməniyə SMS göndərənlər kimi indi biz də Qərbdən narazı olduğumuz üçün müstəqilliyimizi heç cür həzm edə bilməyən, erməniyə tarix boyu əl tutub dəstək vermiş, soydaşlarımızı əzib, erməniləri isə dövlət strukturlarında yerləşdirmiş İranın qucağınamı atılmalıyıq? Niyə? Nə vaxta qədər biz özümüzə “böyük qardaş” axtarmalıyıq? Özümüzə nə gəlib ki. Nə qədər bir-birimizi sevməsək də, sözümüz bir-birimizin boğazından keçməsə də bu xalq düşmənə qarşı birləşməyi bacarır və ehtiyac olarsa öz torpağını kiminsə köməyi olmadan azad edəcək. Bir də ki, əgər təzyiqə qalsa heç kimə sirr deyil ki, Azərbaycana da o təzyiqlərdən edilir, amma Azərbaycan Prezidenti xalqın mənafelərini kiməsə güzəştə getmir. Deməli təzyiqlərə davam gətirmək olardı və bunun üçün istək lazım idi, Ərdoğan hökuməti isə bunu istəmədi. İndi kimsə bizi dar ayaqda qoyub qaçırsa biz də molla rejimi qurmağa borclu deyilik ki?! İranın qucağına atılmaq molla dövləti qurmaq deməkdir, bu isə hüquqi, dünyəvi dövlət quruculuğu prinsiplərimizə heç cür uyğun deyil. Cihad dini anlayış olduğu üçün cihadçının əlbisəsi də mübarizəsinə uyğun olmalıdır. Ziyalılarımızı Vəfa Quluzadə də daxil olmaqla bu cür təsəvvür edə bilmirəm, mənə ağır gəlir. Bizə torpaqlarımız uğrunda Azadlıq müharibəsi yaraşır, cihad yox. Çünki indi 1979-cu il deyil və Azərbaycan da İran deyil ki, kimisə burdan qovaq. Belə populist bəyanatlar Azərbaycana investisiya qoymaq istəyən şirkətləri hürkütməkdən başqa heç bir işə yaramır. Azərbaycan balanslaşdırılmış xarici siyasətini davam etdirməlidir, Bakı Ceyhanı əbədi olaraq qorumalıdır, çünki V.Quluzadə də yaxşı bilir ki, bu kəmərin ideyası kimə məxsusdur, kimin adını daşıyır və ölkəmiz üçün strateji əhəmiyyəti nədir. Mən hələ də ümid edirəm ki, V.Quluzadə növbəti açıqlamasında fikirlərinin düzgün anlaşılmadığını bildirəcək...

Xanlar Xoca http://news.qaynar.info/31793.html


Lent.az portalında bir zaman Pişik Günelin müsahibəsi yerləşdirilimiş guşədə dünən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun maraqlı bir müsahibəsini oxudum. Müsahibəni maraqlı edən həm də orada tərbiyə mövzusunda işlədilən bəzi fikirlər idi. Məsələn, R.Arifoğlu bildirib ki, “Telman İsmayılov özü Azərbaycan əsilli və yəhudi kökənli olsa da, daha çox rus milyarderi kimi davranır. Onlarda bir az görməmişlik və tərbiyəsizlik var. Gözə girmək, şöhrətpərəstlik var... Özü də tək Telman İsmayılov deyil, Rusiyada tərbiyə almış və bu ölkədə zəngin olmuş çeçen də, azərbaycanlı da, rus da, yəhudi də, başqa millətin nümayəndəsi də təxminən eyni cür davranır, eyni yaşam tərzi sürür...”

İndi hərə bu tərbiyə söhbətini bir cür başa düşə bilər, amma əslində ata-baba qaydasına görə tərbiyə odur ki, gərək böyüyə hörmət edəsən, yalan danışmayasan, böhtan atmayasan, qeybət etməyəsən, başqasının pulunu saymayasan, ailə işinə qarışmayasan, xəstəyə ölüm yox, şəfa diləyəsən, elinin, xalqının mənafeyini öz şəxsi mənafeyindən üstün tutasan və s.

Azərbaycanın Rusiyada zəngin olmuş və tanınmış bir neçə övladı var ki, bunlardan Telman İsmayılovu, Araz Ağalarovu və Vahid Ələkbərovu hətta dünyada tanımayan yoxdur. Azərbaycanın ən ucqar dağ kəndində də hansısa müxalifətçi baş redaktorun adını bilməyən çox adam tapılar, amma Telman İsmayılov, Araz Ağalarov və Vahid Ələkbərovun adını heç olmasa həyatında bir dəfə də olsun eşitməyən tapılmaz. Bu şəxslərin mədəniyyəti və tərbiyəsi də göz önündədir, müzakirə mövzusu ola bilməz. İndi əgər bu şəxslər Azərbaycanda deyil, Rusiyada zəngin olduqları üçün kimlərinsə nəzərində rus milyarderi kimi tanınırsa, bu nə Telman İsmayılovun, nə də digərlərinin problemi deyil. Amma gəlin baxaq görək əslində tərbiyəsizlik nədir bu günki Azərbaycanda? Əgər kimsə ingilis bayrağı kimi küləyin istiqamətində əsirsə, hökuməti korrupsiyada günahlandırıb, ayrı-ayrı şirkətlər haqqında sifarişli yazılar yazırsa, hakimiyyəti tamamilə əsassız olaraq tayfabazlıqda, qohumbazlıqda, klançılıqda ittiham edib əslində özü qohumbazlıq və yerlibazlıq edirsə, bu gün böhtan atıb sabah üzr istəyirsə, bu artıq bir tərbiyə məsələsidir. Tərbiyəsizlik odur ki, Azərbaycan Prezidenti mərhum Heydər Əliyev müalicə olunanda onun haqqında ən murdar böhtanlar, iftiralar yazılırdı və bu tərbiyəsizliyin, öz ağsaqqalına hörmətsizliyin ən bariz nümunəsi olaraq kimin necə və hansı şəraitdə “tərbiyə olunduğunu” sübut edirdi. Tərbiyəsizlik əsassız olaraq Naxçıvanın PKK simpatizanlarının oylağına çevrildiyini yazmaqdır, Gəncəbasarın kürdlərin nəzarətində olduğunu iddia etmək, hər gün Azərbaycanın üzdə olan simalarına böhtanlar yağdırmaqdır. Tərbiyəsilik öz dövlətinə və onun başında duran şəxsə böhtan atmaqda erməni mətbuatından geri qalmamaqdır.

Tərbiyəsizlik bilirsiz nədir? Tərbiyəsizlik odur ki, gülə-gülə yalan və böhtan danışırsan və sonra özün də uydurduğun yalana inanırsan. Telman İsmayılova gəldikdə isə...Telman İsmayılov yəhudi əsilli olsa da özünü Azərbaycanda yaşayan bütün yəhudilər kimi azərbaycanlı hesab edir və təşkil etdiyi məclislərdə bəzi insanların ömrünün sonuna qədər də görə bilməyəcəyi Şakira kimi dünya ulduzlarını ivrit dilində deyil, Azərbaycan dilində danışdırır. Telman İsmayılovun tərbiyəsinə bələd olmaq üçün Türkiyənin “Vatan” qəzetinin köşə yazarı Zülfü Livanelinin “Telman İsmayılovun tərbiyəsi” yazısını oxumaq kifayətdir. Sonda isə bəzi insanları şübhədən, yuxusuz gecələrdən qurtarmaq üçün qeyd edim ki, kimlərdənsə fərqli olaraq nə sifarişlə yazıram, nə də deputat olmaq niyyətindəyəm.

Sadəcə bəzən mətbuatı izləyəndə “Yaxşı ki, Allah dəvəyə qanad verməyib” deyimini xatırlamaya bilmirəm...

Xanlar Xoca http://news.qaynar.info/31573.html

Comments: (1)

Amerikada heç kim özünü ingilis, fransız, türk hesab etmir, “mən amerikalıyam” deyir. Azərbaycanda da azsaylı, çoxsaylı xalqlar, etnik qruplar yaşayır və tam əksəriyyət “mən azərbaycanlıyam” deyir. Amma nə yazıq ki, sanki qəsdən ortaya müxtəlif fikirlər atılır, guya ölkədə hansısa “kürd problemi”nin olduğu barədə fikirlərin formalaşdırılmasına çalışılır. Konstitusiyada da bu ölkədə yaşayan bütün insanların bərabər hüquqlu olmasının təsdiq olunmasına baxmayaraq, nə üçünsə hətta bəzən hansısa ziyalı da də durub deyir ki, kürdləşmə gedir, filan postu kürdləşdirmək istəyirlər.

Belə bəyanatları eşidəndə təəssüflənməmək mümkün deyil. Axı biz hamımız azərbaycanlıyıq, bu cür söhbətlərin ortaya atılmasının nə faydası var bu xalqa, bu dövlətə? Guya bu ölkədə kasıb kürd yoxdurmu? Kim vəzifəyə təyin edilir, ona dərhal “kürd” deyilir, elə ki, vəzifədən çıxarıldı, dərhal bəh-bəhlə müxalifət sıralarına qəbul edilir. İndi bunu necə başa düşək? Hansına inanaq? Kürdlərin, ləzgilərin, talışların, tatların, avarların, saxurların, bir sözlə etnik mənsubiyyətindən, dinindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəsin başqaları kimi bu ölkədə yaşamaq, işləmək, seçmək, seçilmək haqqı var və onların hüququ heç kimin hüququndan artıq deyil. Sadəcə bəziləri qaşınmayan yerdən qan çıxarmaqda maraqlı olduqlarını gizlədə bilmədiklərindən nəticədə süni problemlər yaratmaq istəyir və ya bunun görüntüsünü çizməyə çalışırlar.

Enerji ehtiyatlarına və strateji mövqeyinə görə Azərbaycan tarixən xarici dövlətlərin maraq dairəsində olub və bu gün də belədir, ona görə də təbii olaraq xarici xüsusi xidmət orqanları ölkəmizə qarşı həmişə ya dini, ya da etnik kartdan istifadə etməkdə maraqlıdırlar. Bəli, bu gün bəzi dövlətlər məhz bu vasitələrlə Azərbaycanı qarışdırmaq və mənfur niyyətlərinə çatmaq istəyirlər. Süni kürd, talış, ləzgi probleminin yaradılması da məhz bu məqsədə xidmət edir.

Əslində isə belə bir problem yoxdur, hakimiyyətdə heç kim etnik mənsubiyyətinə görə təmsil olunmur, bu ölkədə heç kimə etnik mənsubiyyətinə görə təzyiq edilmir. Amma buna baxmayaraq yalan dəyirmanı öz işindədir, hansısa qrup maraqlarına xidmət edən qəzetlər mövzu tapmayanda çıxış yolunu tanınmış simaların bostanına daş atmaqda tapırlar, hətta Azərbaycandan kimlərinsə PKK-ya simpatiya göstərdiyini iddia edir, ortaya isə konkret fakt qoya bilmirlər. Halbuki bu cür fantastik iddialarla çıxış edən qəzetlərin də kimlərəsə bağlı olduğu barədə tez-tez xəbərlər yayılır.

Qarabağ konfliktinin həlli yolunda ciddi danışıqlar getdiyi bir vaxtda ortalığı qarışdırmaq niyyəti güdən iddialarla çıxış etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil və bu heç kimə baş ucalığı gətirmir. Azərbaycanlı olmaq və Azərbaycanın maraqlarını düşünmək lazımdır.

Xanlar Xoca http://news.qaynar.info/31484.html

Comments: (1)

Başlandı...
İndiyə kimi hamı susurdu. Biz danışanda, deyəndə ki, televiziya əxlaqsızlığı, Allahsızlığı təbliğ edir, milli-mənəvi dəyərlərə zidd fəaliyyət göstərir, inzanları zombiləşdirir, uşaq verilişləri ya yoxdur, ya da çox zəifdir, bir çox şou proqramlar ətimizi yox e, zəhləmizi tökür, oğurluq filmlər nümayiş etdirilir və s. inanan yox idi, çoxları ağız büzürdü, qınayırdı, “balıq başdan iylənər” deyirdi. Halbuki hamı balığın aşağıdan iyləndiyini və bunda özünün də məsuliyyət daşıdığını yaxşı bilirdi. Heç kim istəmirdi hansısa televiziya rəhbəri ilə münasibəti korlasın, “bəlkə bir gün mənim də sifətimi çəkib xalqa nümayiş etdirər” düşüncəsi ilə yaşayanlar açıq danışmaqdan çəkinirdilər, heç kim demirdi, “ay camaat, ay televizya rəhbəri, matəm gününün səhəri şou verilişi vermə, erotik filmləri insanlar işə gedəndə, dəhşət filmlərini isə yatmağa hazırlaşanda göstərmə, alt paltarı geyinməyən aparıcını gecəyarısı guya viktorina aparmaq üçün efirə buraxma, müğənni televiziyada yıxılıb ayaqları havaya necə qalxıbsa, onu bir də təkrar tamaşaçının gözünə gözəl bir şey kimi dürtmə, 11 Sentyabr terrorunun qurbanlarının cəsədləri indiyədək heç bir yerdə göstərilməyib, sən də tamaşaçıya qan göstərmə, meyid göstərmə, hələ cinayəti tam sübuta yetirilməmiş şübhəli şəxsin ağzına mikrofonu zorla salıb ifadə verməyə məcbur etmə, çünki onun ifadə verməmək, danışmamaq hüququ var...

İndi isə basabas salıblar. Hamı mövqe bildirir. Hamı akademik Ramiz Mehdiyevin məqaləsini tərifləyib göylərə qaldırır, onun böyük dəyərindən söz açır. Guya oxuyanlar bu yazının doğrudan da dəyərli bir məqalə olduğunu anlamır, bilmir ki, burda nə yazılıb.

Bu basabası görəndə yadıma Heydər Əliyev sarayında keçirilən bəzi tədbirlərdə nahar fasiləsi zamanı, ya da portfel-falan veriləndə sanballı kişilərin itələşməsi düşür. İndi mətbuatda da basabasdır, hamı sübut etmək istəyir ki, o, Ramiz Mehdiyevin məqaləsini daha yaxşı başa düşüb və bu problemləri də əvvəldən görürmüş, deyirmiş. Əslində isə sadəcə müəllifin ictimai və siyasi mövqeyinə görə bəziləri özünü münasibət bildirməyə vadar edir.

Bəziləri məddahlığı da səmimi edə bilmir. Səmimi olsalar hansısa televizya kanalına bağlı olduqlarına görə kimisə istisna etməzdilər, çünki Ramiz Mehdiyev məqaləsində heç kimi istisna etməyib, səmimi olsalar əvvəldən bildirərdilər ki, “biz bu cür verilişlərdən iyrənirik”, boykot edərdilər televiziyaları, çıxmazdılar efirə dəvət ediləndə. Etdilərmi? Xeyr, əksinə, hansısa qəzetə müsahibə vermək üçün “bu gün vaxtım yoxdur, sabah zəng elə” deyənlər özləri telekanallara zəng edirdilər ki, “bizi bir dəvət edin də verilişlərdən birinə”. İndi itələşirlər münasibət bildirmək üçün. Axı nə ehtiyac var ki, özünüzə güldürürsüz camaatı? Ramiz Mehdiyevin nə mənim, nə də sizlərin dəstəyinə ehtiyacı olmadığını ki, bilirsiniz, daha nəyə lazımdır bu canfəşanlıq.

Əgər səmimi olsaydınız, Milli Teleradio Şurası telekanallara irad tutanda da bir mövqe qoyardınız ortaya. O zaman ortaya mövqe qoymaq lazım idi. Məhz kifayət qədər ictimai dəstək olmadığından Nuşirəvan Məhərrəmli az qala senzor kimi təqdim olunurdu, halbuki həqiqəti deyirdi. MTRŞ nə deyirdi ki?! Deyirdi ki, pornoqrafiya anlayışını bilməyənlərin də yadına salmayın da. Amma bu gün basabas salanlar o zaman susmağa üstünlük verdilər. Sabah yenə elə olacaq. Yenə N. Məhərrəmli kiminsə lisenziyasının vaxtının uzadılmaya biləcəyini, kiminsə cərimələnəcəyini, tezliyinin müsabiqəyə çıxarılacağını və s. qanuni tədbirlər görüləcəyini bildirsə, bir qrup başlayacaq “söz azadlığı” zurnasını çalmağa, indi münasibət bildirənlər isə problemə “gözləyək görək axırı kimin xeyrinə olsa, onu da müdafiə edərik” prizmasından yanaşmaqla ustalıq nümayiş etdirəcəklər.

Kimsə hansısa verilişi öz kefindən bağlayanda yalandan ictimai fikrə belə bir mesaj ötürəcək ki, bunu yuxarıdan elədilər, heç kim də soruşmayacaq ki, “məgər sən gic-gic şou proqramlara dəvət etdiyin xaric oxuyan “palatka müğənni”lərindən, bar rəqqaslarından aldığın pulları, reklamdan əldə etdiyin gəliri kiminləsə bölüşürdünmü, indi kiminsə diqtəsi ilə veriliş də bağlayasan?!

Tam məsuliyyətimlə deyirəm ki, hamısı boş-boş sözlərdir, sadəcə kiminsə hansı sahədə marağı varsa, çalışır ora toxunmasın, çünki bumeranq kimi öz başına dəyə bilər. Məsələn vergiyə ilişsə, birdən adamın makaron fabrikini, firma dükanlarını yoxlayarlar, ya əmək müfəttişini tənqid eləsə, gəlib işçilərinin əmək müqaviləsini yoxlayarlar ki, ay adam, bu qədər danışırsan, özündə hər iş qaydasındadırmı? Amma danışmamaq da o demək deyil ki, sən əgər nəyəsə göz yumursansa, sənə də göz yumacaqlar. Onsuz da yoxlanacaqlar lazım gələndə və əmin ola bilərsiniz ki, biz bir gün yenidən o “söz azadlığı” zurnasının havasını eşitmək zorunda qalacağıq, çünki dövlət qurumları da telekanal deyil ki, “palatka müğənnisi” əlini maşının üstünə qoyub ağzı açıq gözünü zilləsin ki, görüm indi kimin şəkli çıxacaq. Hər şeyin vaxtı var. Amma unutmaq lazım deyil ki, “Gecə kanalı”na öz efirində yer verməyənlərin, ümidi kanalizasiya və ağacların kəsilməsi probleminə qalanların zurnası heç vaxt səmimi ola bilməz. Bax buna görə də basabas salıb tərif edənlər, mövqe bildirənlər vaxtında öz sözlərini deməlidirlər ki, sonra dövlət tədbir görəndə zurna səsi gəlməsin. İndi münasibət bildirənlər öz narahatlıqlarını daha əvvəl bildirsəydilər, MTRŞ sədrinin haqlı iradlarına dəstək versəydilər problem də bu səviyyəyə gəlib çıxmazdı.

Kaş ki, bu gün basabas salıb itələşənlər bundan sonra problemlərə vaxtında münasibət bildirib ictimai fəallıq nümayiş etdirməyi bacarardılar. Bir maraqlanardılar ki, hanı indi efirdə görünməyən istedadlı aparıcılar, niyə peşəkar, sevilən aparıcılar enerjili vaxtında televiziyadan uzaqlaşmalı, onların yerini dili topuq vuran, yöndəmsiz, televiziyaya uyğun olmayan, tamaşaçı zövqünü korlayanlar tutmalıdır, niyə düşündürücü, maarifləndirici verilişlər azdır, yaxud zəifdir, niyə loru dildə danışanlar efiri zəbt edib və s. ?

Ümid sonda ölür, biz də ümid edək ki, televiziyanın strateji bir sahə olduğunu nəzərə alan hər kəs bundan sonra bu sahənin problemlərini diqqətdə saxlayacaq və həmin problemlərin həllinə çalışan qurumlara dəstək verəcək, daha gözləməyəcək ki, dövlət rəsmiləri münasibət bildirsin biz sonra növbəyə durarıq...

Xanlar Xoca http://news.qaynar.info/31371.html



XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.

Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev söz və məlumat azadlığını, KİV-lərin müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi. 2001-ci ildə Heydər Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində o, çıxışı zamanı demişdir: "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır". Beləliklə, 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi, sonrakı illərdə KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, onların müstəqilliyinin inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər azad, demokratik medianın formalaşması üçün mühüm addımlar oldu.
Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ölkəmizdə söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onların mövcud problemlərinin aradan qaldırılması üçün silsilə tədbirlər müəyyənləşdirmişdir. Konsepsiyanın tələblərinə uyğun olaraq 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış və KİV layihələrinin maliyyələşdirilməsinə başlanmışdır.
Hal-hazırda Azərbaycan Respublikası KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş və ya uçota götürülmüşdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışlar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar.
Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçmiş, nəzərəçarpacaq uğurlar əldə etmişdir. Cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. Ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir. 2002-ci ildə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2003-cü ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır. 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" Qanun qəbul edilmiş və bir il sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlamışdır. Özəl televiziya kanalları ölkənin teleradio məkanını daha da zənginləşdirmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli verilişlər hazırlanmasına kömək göstərmişdir. Televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə genişlənmiş, qarşılıqlı əlaqə və kommunikasiyanın yeni formaları yaranmış, onların operativliyi yüksəlmiş, təsir dairəsi genişlənmişdir. Artıq ümumrespublika kanalları peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanmağa başlamışlar.
Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Teleradio ana dilinin inkişafına, milli adət-ənənələrin qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında təsəvvürün formalaşmasına böyük təsir göstərir.
Bununla yanaşı, etiraf etməliyik ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir. Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayımının təşkili) ölkə ərazisində teleradio yayımının həyata keçirilməsi şərtlərini, proqrama verilən tələbləri, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklam və digər məsələləri tənzimləyir. 32-ci maddədə proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə milli-mənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilmişdir. Qanunun 6-cı fəslində (Yayımçıların hüquq və vəzifələri) yayımçının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Həmçinin Milli Televiziya və Radio Şurası (MTRŞ) qanunlara və Əsasnaməsinə müvafiq olaraq televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirmək və bu fəaliyyətin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir. Xüsusi qeyd edilməlidir ki, bu günə kimi MTRŞ televiziya və radio kanallarının monitorinqi, qanunun tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirmiş, habelə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmişdir. Lakin MTRŞ teleradio qurumlarının yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür.
Bu gün Azərbaycanın efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadırlar. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələri zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə mühüm töhfə olmuşdur. Azərbaycan muğam sənəti ölkə hüdudlarından kənara çıxaraq bir çox Şərq ölkələrinin auditoriyasının rəğbətini qazandı. AzTV kanalında "Günün nəbzi", "Azərbaycan - yurdum mənim", "Ailə həkimi", "Məclisi-üns", İctimai televiziyada "Çarpaz baxış", "Gerçəyin özü", "Ortaq məxrəc", "İşgüzar zaman", "Körpü", "Din və cəmiyyət", "Ovqat" və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır. Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır. Göründüyü kimi, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu nümunələr heç də teleradio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz. Beləliklə, televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar hansılardır və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirmişlər. Lakin, görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi, həmçinin onların aradan qaldırılması, yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac yaranmışdır.
İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.
Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri), "Lider" telekanalı 16,4%-ni ("Maşın şou", "Qızıl pillə", "Kim, harada, necə", "Cavaba sual var", "Solo", "Dostum", "Ən" verilişləri), "Xəzər" telekanalı 12%-ni ("Nar star", "Ulduzlu xəzər", "Mix şou", "Ay Zaur" verilişləri), "ANS" telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə axşamları Tural ilə", "El bilir ki", "Toylar kraliçası" verilişləri), "Space" telekanalı isə 8%-ni ("Bazar", "Bazar+", "Komedi-şou", "Azəri star" verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur.
Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, "Azəristar" müsabiqəsini "Yeni ulduz", "Xalq ulduzu", "Nar star", "De gəlsin", "Sözüm var" və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır.
Qeyd edilməlidir ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Heç də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir.
Maraqlı məsələlərdən biri də televiziyaların, daha doğrusu, konkret verilişlərin reytinqinin müəyyənləşdirilməsi metodologiyası ilə bağlıdır. Məlum olduğu kimi, əksər ölkələrdə sosioloji təhqiqat şirkətləri xüsusi avadanlıqlar vasitəsilə televiziya verilişlərinin reytinqini ölçürlər. Əldə olunmuş nəticələr verilişin nüfuzunu, əhatə dairəsini və deməli, rentabelliyini, teleradio qurumunun reytinqinin yüksəlməsinə təsirini müəyyənləşdirmək üçün əsas vasitədir. Azərbaycanda bu məqsədlə teleyayımçılara xidmət göstərən bir neçə özəl qurum ("AGB", "Siar" və s.) mövcuddur. Həmin qurumların metodologiyasına, nəticələrinin obyektiv və əsaslı olmasına inam yoxdur. Hər halda, efir məkanında keyfiyyətsiz və zərərli şou-biznes verilişlərinin çəkisinin artmasını bu etimadsızlığa səbəb kimi göstərmək olar.
Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır.
Belə problemlərin mənfi təsirinin azaldılması məqsədilə beynəlxalq praktikada ictimai və dövlət yayımçılarının xidmətlərindən istifadə olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir.
Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Məsələn, AzTV "Əsgər anı", İTV "Salam əsgər", ANS "Marş", "Lider" "Lider əsgər" kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırırlar. Halbuki, vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.
Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Bu sahədə digər ölkələrin aparıcı kanallarının təcrübəsindən bəhrələnmək olar. Məsələn, Rusiyanın birinci kanalının "Umniki i umnitsı", STS kanalının "Samıy umnıy" verilişləri kifayət qədər populyar və geniş tamaşaçı auditoriyası qazanmış proqramlardır. Həmçinin, uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün, televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər.
İctimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir. Bəzi televiziya kanallarında analitik verilişlər, cəmiyyət üçün maraq kəsb edən məsələlərin ekspertlər səviyyəsində müzakirəsi müşahidə olunmur.
Televiziya kanallarında aparıcı problemi kəskindir. Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra "aparıcıların" telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.
Xarici ölkələrin istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır. Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət göstərir. İstisna deyil ki, bu və ya digər səbəblərdən dublyaja peşəkarların cəlb edilməsi problemə çevrilir. Buna görə də, bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac yaranmışdır.
Cəmiyyətin məlumatlandırılması, xəbər proqramlarının keyfiyyəti artırılmalıdır. Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində baş vermiş hadisələr barədə əsasən xarici televiziya kanallarının və informasiya agentliklərinin xəbərlərini yayırlar. Bəzi televiziya kanallarının nəinki müxtəlif ölkələrdə, hətta Azərbaycanın bölgələrində belə müxbir məntəqələri yoxdur. Üstəlik, müasir texnikanın potensialından təyinatı üzrə istifadə məsələlərində də nöqsanlar müşahidə olunur. Məsələn, Səyyar Televiziya Stansiyaları təkcə konsertlərin canlı nümayiş etdirilməsi üçün istifadə edilməli deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə yerlərindən birbaşa xəbər verilməsi üçün daha çox istifadə oluna bilər.
Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır.
Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir.
Müasir dövrdə internetin sürətli inkişafı müəyyən sahələr üzrə ixtisaslaşmış bir çox televiziya kanallarını balanslaşma istiqamətində səy göstərməyə məcbur edir. Məsələn, Fransanın BFMTV, ABŞ-ın Bloomberg, CNBC kimi biznes və maliyyə kanalları ənənəvi statuslarından imtina etməyə, siyasət və digər sahələr üzrə proqramlar hazırlamağa məcbur olurlar. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər.
Televiziya kanallarında müşahidə olunan neqativ hallar özünəməxsus formada radio kanallarında da təkrarlanır. Radio aparıcıları münasib hesab etdikləri, lakin cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, bir sıra hallarda isə etik normalardan kənar mövzularla bağlı saatlarla müzakirələr təşkil edirlər.
Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir.
Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və CNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır.
İdarəetmə, menecment, marketinq fəaliyyətinin təkmilləşdirilməsi, dünyada mövcud təcrübənin öyrənilməsi və yeniliklərin tətbiqi məsələləri diqqət mərkəzində olmalıdır.
İxtisaslı kadr seçimi, yaradıcılığın səviyyəsinin yüksəldilməsi, xarici dilləri bilən professional jurnalistlərin hazırlanması, kadrların peşəkarlığının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycanda televiziya məktəbinin inkişaf etdirilməsinə, müasir tendensiyaların öyrənilməsi və yeniliklərin tətbiqinə ehtiyac yaranmışdır. Ali məktəblərin jurnalistika fakültələri jurnalistika sahəsində təhsil verir, nəzəri cəhətdən jurnalistikanın əsaslarını öyrədir. Lakin praktikada, jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır. Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır.
Dünyanın aparıcı televiziya kanallarının təcrübəsi göstərir ki, təqdim olunan proqramların böyük əksəriyyəti müxtəlif şirkətlər (prodakşnlar) tərəfindən hazırlanır. Həmin şirkətlər həm televiziya kanallarının sifarişlərini yerinə yetirir, həm də hazır məhsulları onlara satır. Azərbaycan televiziya kanallarının nümayiş etdirdiyi əksər verilişlər teleradio qurumlarının özləri tərəfindən hazırlanır. Hər halda, Azərbaycanın teleradio məkanında prodakşnların fəaliyyəti hiss olunmayacaq dərəcədə aşağıdır. Azərbaycanda bu sahənin güclənməsi, telekanalların sifarişlərini yerinə yetirə biləcək şirkətlərin inkişaf etdirilməsi və ya yaradılması, onların səmərəli fəaliyyət mexanizminin formalaşdırılması vacibdir.
Teleradio yayımının inkişaf etdirilməsi, onların dünyada mövcud yeniliklərə meyilləndirilməsi üçün televiziya kanalları arasında sağlam rəqabət mühitinin gücləndirilməsi vacib amillərdəndir.
Verilişlərin təqdimatında müasir standartlardan istifadə edilməsi aşağı səviyyədədir. Məsələn, dünyanın aparıcı televiziya kanalları "No comment" ("Şərhsiz" - video süjetlərin şərhsiz təqdim olunması) kimi yenilikdən geniş istifadə etdiyi halda, Azərbaycanda heç bir televiziya kanalı bu praktikadan yararlanmır.
Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır.
İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə onun imkanlarından maksimum istifadə edilməsi zəruridir. Məlumatların operativ ötürülməsində internetin imkanları genişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən region dövlətlərində müasir 3G texnologiyasından (üçüncü nəsil mobil rabitə - mobil telefon vasitəsilə video əlaqənin yaradılması və sürətli internet) istifadə olunur. Bu texnologiyanın yaxın zamanlarda Azərbaycanda tətbiq olunması istiqamətində səylər artırılmalıdır.
Milli Televiziya və Radio Şurası, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər.
Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.
Xüsusi qeyd edilməlidir ki, bir çox ölkələrin, məsələn, Estoniyanın müvafiq qanunvericiliyində qanunların pozulmasına görə cərimə, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Həmin cərimələrin məbləği çox yüksəkdir və artan xətt üzrə tətbiq olunur. Düzdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də qanunun pozulmasına görə cərimələr müəyyən edilmişdir. Lakin həmin cərimələrin məbləği çox aşağıdır və qanunla müəyyən edilmiş bəzi hallara (milli-mənəvi dəyərlərin qorunması) görə konkret məbləğ nəzərdə tutulmur. Görünür, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı proqramlara verilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin baxılmasına ehtiyac var.
Milli Televiziya və Radio Şurası qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməli, televiziya verilişləri arasında balansın qorunması, etik normalara riayət olunması və digər məsələlərlə bağlı zəruri tədbirləri daha ciddi səylə davam etdirməlidir.

Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır. Ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar.

Ramiz Mehdiyev, akademik "Azərbaycan", 02 oktyabr, 2009