Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Səhər yuxudan ayılanda evdən bozbaş iyi gəldiyini hiss elədim. Səhər tezdən bozbaş? Ola bilməz. Yuxulu-yuxulu aydınlaşdırmağa çalışdım ki, bu bozbaş iyi hardan gələ bilər axı, “Evdə bişməyib,qonşudan gəlməyib”. Aha, yadıma düşdü. Dünən gecə yerli telekanallara baxırdım, yüz faiz ondandır. Televiziyada daha nə qədər bozbaş müğənnilər bozbaş bişirər axı, ay camaat?
Əvvəl müğənnilər bozbaş oldular, sonra bozbaş kliplər çəkdirib telekanallarda yayımladırlar, indi də gecə-gündüz efiri zəbt edib bozbaş bişirə-bişirə telekanalları da bozbaşa çeviriblər. Hansı tərəfə çevirirsən eyni bozbaş simalar, eyni bozbaş mahnılar,eyni məzmunlu bozbaş verilişlər və onların bozbaş aparıcıları. Hələ 2008-ci il ilin sentyabrında Mədəniyyət naziri Əbülfəz Qarayev Lent.az-a açıqlamasında demişdi ki, “Hər bir kanalın musiqi redaksiyası səviyyəsiz, bayağı musiqilərin efirə buraxılmaması üçün təşəbbüs göstərməlidir.Ölkənin efir məkanı bozbaş müğənnilərlə, musiqilərlə dolub və bunların qarşısı vaxtında alınmalıdır”. Nazir həmçinin hələ o zaman bildirmişdi ki, Mədəniyyət və Turizm Nazirliyi milli adət-ənənələrimizə xələl gətirən verilişlərin yayımlanmasının qarşısını almaq üçün televiziya kanallarının rəhbərləri ilə xüsusi saziş imzalayıb. Amma vəziyyətin günü-gündən daha da pisləşməsi göstərdi ki, bəzi telekanal rəhbərləri yazılı sənədlərə də əməl etmirlər. Həmin sazişə əməl edilməməsi Milli Televiziya və Radio Şurasının bu il aprelin 28-də keçirilmiş iclasının yekun qərarına əsasən 18 aprel 2010-cu il tarixdə yayımlanan "Ağlasığmaz həqiqətlər" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan etməsindən də bir daha aydın oldu.

Azərbaycan telekanalları bir qrup tərbiyəsiz və yüngül əxlaqlı aparıcının mənasız dedi-qodu yerinə çevrilib və tamaşaçı bu telekanallardan yaxşı bir şey əxz edə bilmir. Bütün efir məkanımızda rəsmi xəbərləri, İTV-nin “Virtual rinq”, ANS-in “Ağıl dəryası”, “Xəzər” Tv-nin “İqtisadi baxış” verilişini və bir neçə digər analitik, ədəbi-bədii, mədəniyyətə dair proqramı çıxmaq şərtilə yaxşı nəsə yoxdur. Şou proqramlar və onların aparıcıları bozbaşdır. İnsan gün ərzində nə qədər hırıldaya, saxta təbəssüm nümayiş etdirə, nə qədər özündən razı ola bilər, ilahi?! Bu qədər səviyyəsiz insan hardan peyda oldu görəsən efirdə? Telekanalların nə veilişləri ürəkaçandır, nə aparıcıları, nə də reklamları. Bütün günü ancaq manıslar danışır,çalır, oynayır, sonra da uşaq və qadın bezlərinin reklamı gedir. Xaricdəki dostlarım hərdən zarafatla məndən soruşurlar ki, orda doğrudanmı əksər insanlar enurezdən əziyyət çəkirlər? Cavab verməkdə çətinlik çəkirəm. Çünki dünyanın heç bir yerində günün istənilən vaxtı, hətta uşaq verilişlərindəki fasilə zamanı qadın bezlərinin reklamı verilmir, bu təcrübə yalnız Azərbaycan telekanallarına xasdır. Yaxud “Dadlılar” nə vaxtdan Azərbaycanın fəxri oldu ki? Bu xalqın, bu torpağın fəxr edəcəyi igidləri, sənətkarları, dövlət xadimləri ola-ola “Dadlılar Məşuqə” niyə fəxrimiz olur ki?!

Azərbaycan teleməkanında bozbaş verilişlər və aparıcılar o qədərdir ki, saymaqla bitən deyil. Hamısı da özü ağılda bir müğənnini, ya da falçını gətirib oturdur yanında, bir-iki saat qeybət edib, xalqın əsəblərini yerindən oynadıb dağılışıb gedirlər.

Kimdən soruşuram ki, “Ay Zaur”, “Yağ kimi”, “ATV Maqazin”,“106 House”, “Çal-çağır şou”, “Niyə də yox”, “Oxu Dostum”, “Solo”, “Hər səhər”, “Qonaqlıq”,”Toylar kralı”, “Günə baxan”, “Elgizin cümə axşamları”, “De gəlsin”, “Sən bir nəğmə”, “Etiraf”, “Bazar+” verilişi, Rəhim Rəhimli, Murad Arif, Aygün Kazımova, İlkin Həsəni, Yusif Ağayev, Zaur Baxşəliyev, Gülnarə Məmmədova, Turan İbrahimov, Səxavət Nur, Zaur Kamal, Xədicə Mövlazadə, Aynur Məmmədova, Dilarə Əliyeva, Elçin Əlibəyli və digər bu kimi aparıcılar sənə mənəvi olaraq nə verir, deyirlər ki, sadəcə təzyiqimiz aşağı olanda onlara baxırıq ki, qalxsın. Bəs təzyiqi yuxarı olanlar neyləsin indi? Nə vaxta qədər falçıların daimi müştəriləri olan aparıcılar barter qaydasında onları öz verilişlərinə dəvət edib reklam edəcəklər görəsən? Axı televiziyanın bir maarifçilik, normal əyləndirici funksiyası olmalıdır. Şou proqramlar qonşu Türkiyə və Rusiyada da var da. Onsuz da bir çox verilişlər elə həmin ölkələrin telekanallarından “copy-paste” edilib,amma pinti formada. Halbuki hansısa veriliş hazırlananda milli xüsusiyyətlər, tamaşaçının adət-ənənəsi də nəzərə alınmalıdır, təbii ki, əgər tamaşaçının rəyi telekanal rəgbərliyi üçün bir əhəmiyyət daşıyırsa. Daşımırsa indiki vəziyyət tamaşaçının özünə başqa dildə, başqa tezliklərdə efir məkanı axtarmasına kifayət edir. Məsələn, ingilis dilini bilməsə də, adət-ənənəyə bağlı istənilən azərbaycanlı tamaşaçı heyvanlar aləmindən bəhs edən verilişlərə həvəslə baxar, amma “Ay Zaur”a baxmaz. Çünki mən özüm bu verilişə bir dəfə təsadüfən baxdım, onda da gördüm ki, Natəvan Həbibova adlı müğənni Türkmənistandan Azərbaycana hansı səbəbdən gəlməsindən danışarkən atası ilə küsülü olmasını necə həvəslə danışır və s. Bu verilişə baxan, müğənninin öz atasına münasibətini eşidən gənc qızlarımız yaxşı nə öyrənə bilərlər? Azərbaycan əxlaqına görə, nəinki qız, ümumiyyətlə övlad atanın, ananın üzünə qayıda bilməz, amma bozbaş verilişlər gənclərə bunun əksini aşılayır. Yaxud Turan İbrahimovun təqdimatında “Günə baxan” verilişində aparıcı əlləri cibində əvvəlcə DJ Çina ilə “məhlə uşağı” kimi hal-əhval tutur, sonra mətbəxə qaçır, ondan sonra da dərdli bir insan, məsələn oğlunu itirən ata-ana studiyaya dəvət olunur, amma DJ Çinanın “dups-dups” musiqisinin müşayiəti ilə. Bu heç bir normal məntiqə sığmır ki, dərdli bir insanı bu cür musiqi ilə studiyaya dəvət edəsən. Sonra da deyirlər ki, Turan jurnalistdir, bəli biz də bilirik ki, Turan jurnalistika fakültəsini bitirib, amma əgər ANS-də doğrudan da onu jurnalist hesab edirlərsə niyə bir dəfə “Milli metr” layihəsini Turanın təqdimatında, “Günə baxan”ı isə məsələn elə Mirşahinin təqdimatında efirə vermirlər? “Milli metr” demişkən yadıma Mirşahinin verilişin anonsunda dediyi “Xüsusilə ağıllı olanlar üçün” fikri düşdü. Bu fikirdən həm də belə nəticə çıxarmaq olar ki, həmin verilişə baxanlar ağıllı, baxmayanlar isə ağılsızdırlar. Burdan sual yaranır ki, Siz əminsinizmi ki, ölkənin bütün ağıllı insanları veriliş efirə gedən vaxtda bütün işini-gücünü atıb onu izləyir? Həmin vaxtda mühüm dövlət əhəmiyyətli işlər həyata keçirən və ya bu verilişi deyil, hansısa xarici telekanalda maraqlı bir proqramı seyr edən insanlar da ola bilər, indi ağıllı olduğunu sübut etmək üçün hamı “Milli metr”imi izləməlidir? Verilişi baxımlı etmək üçün başqa üsullar fikirləşmək olmazdımı?

Mənim imkanım olsaydı ümümiyyətlə bozbaş müğənni və aparıcıları nəinki efirə, heç teleşirkətin darvazasından içəri buraxmazdım. Bu gün gənclərə Alim Qasımov, Zeynəb Xanlarova kimi insanların sənəti təbliğ olunmalıdır. Qoy sənətə gəlmək istəyən gənclər onlardan, Brilyant Dadaşovadan,Sevda və Elmira Ələkbərzadələrdən, Zülfiyyə Xanbabayevadan,Gülyaz və Gülyanaq Məmmədovalardan, Lalə Məmmədovadan, Azərindən nümunə götürsünlər, özünü “ulduz” sayan bozbaş müğənnilərdən yox. Televiziyaya aparıcı kimi işləməyə gələnlər bozbaş aparıcılara deyil, Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Natavan Hacıyeva, Gülşən Əkbərova,Nərgiz Cəlilova,Ülkər Quliyeva, Aygül Qaradağlı,Telli Pənahqızı,Dilarə Səlimova, Rafiq Həşimov, Nailə İslamzadə, İlhamiyyə Rzayeva kimi tamaşaçı sevgisi qazanmış insanlara örnək kimi baxmalı, onlardan öyrənməyə çalışmalıdırlar. Bu cür insanlar milyonların sevgisini qazandığı halda özünü heç vaxt “ulduz” hesab etməyib, halbuki xalq həmişə geyinməyi, danışmağı onlardan öyrənməyə çalışıb. Amma indiki aparıcıların bir çoxu “ulduz xəstəliyi” adı altında əslində şizofreniyadan əziyyət çəkir, özlərini ən tanınmış, ən sevimli aparıcı hesab edirlər. “Böyüklük maniyası” xəstəliyinə yoluxmuş aparıcılar bu gün ya soyunmağı təbliğ edir, ya da tərbiyəsizliyi. Xalq belələrindən nə götürə bilər axı? Bu günlərdə tarix elmləri doktoru Əli Həsənov da bir dövlət xadimi və ziyalı kimi haqlı olaraq bildirdi ki, “Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək. Tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür. Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil.” Eyni məzmunlu fikri bu gün MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bildirib:“Televiziya kanallarında keyfiyyətli verilişlərin azlığı, şou-biznes verilişlərinin çoxluğu, verilişlərdəki sünilik, bəsitlik, cəmiyyətdə o qədər də nüfuzu olmayan insanların tez-tez ekranlarda görünməsi və örnək kimi təqdim olunması bizi çox narahat edir”.Bu fikirlər Azərbaycanın müasir teleməkanının necə acınacaqlı vəziyyətdə olduğunu təsəvvür etmək üçün kifayətdir. Amma hələ də tənqiddən nəticə çıxaran, nöqsanları aradan qaldıran yoxdur. Çünki nəticə çıxarmalı olanların başla düşünməsi lazımdır, mədə ilə yox.
Çıxış yolu həmişə olub və bu gün də var. Əvvəla “Mədəniyyət” telekanalı mütləq nə vaxtsa açılmalıdır ki, zəngin Azərbaycan mədəniyyəti düzgün istiqamətdə təbliğ olunsun və bozbaş müğənnilər, aparıcılar ora buraxılmasınlar.Ümumiyyətlə isə bizim milli teleməkanı bu vəziyyətdən yalnız inzibati metodlar xilas edə bilər. Türkiyənin özündə də Radyo Televizyon Üst Kurulunun səlahiyyətləri Azərbaycan Televiziya və Radio Şurasının səlahiyyətlərindən dəfələrlə çoxdur. Ona görə də, həmin qurum efirə nəzarəti həyata keçirərkən hansısa telekanalın yayımını dayandıra da bilir. Bizdə isə MTRŞ əvvəlcə gərək hələ bir məhkəməyə müraciət edə. Hansısa aparıcı bir gün efirdə hamının gözü qarşısında soyunacaqsa, yaxud insanları itaətsiliyə çağıracaqsa uzun uzadı məhkəmə çəkişməsinə nə ehtiyac var ki? Həmin verilişin və telekanalın yayımını anındaca dayandırmaq lazımdır ki, başqalarına da dərs olsun, aparıcılara qarşı daha tələbkar olsunlar, hər yoldan keçəni efirə, xalqın qarşısına çıxarmasınlar. Başqa yol isə budur ki, müəyyən müddətə özəl telekanallarda canlı verilişlər ləğv olunmalıdır. Əks halda bizim efirimiz hələ uzun müddət belə bərbad vəziyyətdə olacaq.

Xanlar Xoca

Comments: (0)
Xəbər oğruları

Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!

Mikayıl Müşfiq

Yəqin ki, bir çox xarici telekanallarda səhər tezdən qəzet manşetlərinin təqdimatını görmüsünüz. Azərbaycanda da belə bir ənənə var, amma eybəcər formada. Ya ancaq rəsmi qəzetlərin xəbərlərini oxuyurlar, ya da kim pul verirsə onun. Başqa variant yoxdur. Amma bu o demək deyil ki, pul verməyənin qəzetini oxumur, onun xəbərlərindən istifadə etmirlər. Hər gün hamının gözü önündə hansısa qəzetlərdən maraqlı məlumatlar kəsilərək götürülür və tamaşaçılara oxunur. Bu həmin mənasız verilişin qlobal düşünmək imkanından məhrum olan daimi tamaşaçısının maarifləndirilməsi, qəzetin nə olduğunu öyrənməsi baxımından əslində yaxşı haldır. Amma nəzərə alanda ki, həmin maraqlı məlumatları kimsə əziyyət çəkib axtarıb tapıb, tərcümə edib, bir başqası redaktə edib, o biri onu səhifəyə qoyub və s. onda bu yaxşılıq puç olub gedir. Deyən lazımdir ki, ay “jurnalist”, istəmirsən qəzetin adını çəkəsən, o zaman özün zəhmət çək, xarici internet saytlarında maraqlı məlumat axtar tap da, başqasının əməyinin məhsulunu niyə istinad etmədən oxuyub oğurluqla məşğul olursan? Məsələn, mən qəzetin dizaynından təxmini bilirəm ki, bu “Yeni Müsavat”a daha çox oxşayır, amma başqası bəlkə də bilmir . Əgər oxuduğun qəzetin adını deməyə çətinlik çəkirsənsə xəbər oğrususan. Elə isə onda obyektiv və tərəfsiz olmaqdan danışmaq, hansısa icra başçısının adını çəkib özünü cəsarətli biri kimi zorla xalqa sırımaq lazım deyil. Yaxşı bilirik ki, hansı telekanal rəhbəri bahalı ərazilərdə torpaq almaq istəyəndə və maneə ilə üzləşəndə icra başçıları tənqid hədəfinə çevrilir, qalan hallarda onlar yüzilliyin adamı da elan oluna bilər, problem deyil.

Bəli,xəbəri istifadə edib,sahibinin, müəllifinin adını çəkməməyin adı oğurluqdur, həm də hamının qarşısında göz görə-görə oğurluq. Deyilənə görə, o veriliş son aylarını yaşayır, gələn mövsümdən efirə buraxılmayacaq, amma bu o demək deyil ki, belə oğurluq hallarına son qoyulacaq. Xeyr. Estafeti davam etdirənlər çoxdur. Az qala hər gün bir informasiya agentliyi, xəbər saytı yaranır, çoxu da xəbərləri, müsahibələri başqasından köçürüb, utanıb qızarmadan altına öz imzasını qoyur. Sonra da özünə haqq qazandırır, “filankəs həmin açıqlamanı verəndə mən də onun yaxınlığından keçirdim eşitdim” deyir. Bundan böyük həyasızlıq olmaz. Belə halları görəndə heyrətdən adamın damarda qanı donur. Nə qədər insanlıqdan uzaq olmaq lazımdır ki, başqa saytın, yaxud agentliyin yazısını öz imzanla verib hələ özünə haqq da qazandırsan, “məni ifşa etməyin”, “axı biz həmkarıq” deyəsən. Əcəba jurnalist ancaq jurnalist olmayanlardanmı yazmalıdır görəsən? Bəs jurnalistikadakı çirkabları kim üzə çıxarmalıdır, kosmonavtlar?

Ən pisi odur ki, bəzi jurnalistlər səviyyəsiz müğənnilərlə o qədər yoldaşlıq edib, müxtəlif pozalarda şəkillərini çəkiblər ki, nə səviyyəsizlik, nə də əxlaqsılıq baxımından onlardan geri qalmırlar. Məsələn, bir də görürsən ki, biri xəbəri ustalıqla oğurlayıb və yazıb ki, “yerli saytlardan birinin verdiyi xəbərə görə”. Bu elə əsl oğru variantıdır. Heç bir oğru axtarılan əşya əlində, ya da evində tutulanda hardan oğurladığını demir, deyir ki, yoldan tapdım, ya da tanımadığım birindən aldım. Eyni varıantdr. O yerli saytın xəbərini oğurlamaq olar, amma istinad etmək olmaz? Niyə sənin oğurluğunu mən üzə çıxarmalıyam və ondan sonra haqq öz yerini tapmalıdır, elə əvvəldən oğurluq etmə də. Sən əgər o yerli saytın xəbərinə ehtiyac duyursansa onda onun adını çəkməkdə sənə imkan verməyən ya qısqanclıqdır, ya da paxıllıq. Bəlkə isti otaqda oturub onun-bunun xəbərinin altına imza qoymaq, piratlıq eləmək daha asandır? Belə müxbirləri redaksiyada heç bir dəqiqə də saxlamaq olmaz, amma görünür bəzi sayt və agentliklərin belələrinə ehtiyacı var ki, ondan-bundan xəbər oğurlasın, yaxud da bu ola bilsin ki, bəzi baş redaktorların savadsızlığından irəli gəlir. Ona görə də, bir material müəyyən müddətdən sonra başqa saytda başqa imza ilə peyda olur.

Cəmiyyəti düzəltmək üçün ilk növbədə onun mətbuatını və televiziyasını təsadüfi adamlardan, bəzi əxlaqsız müğənniləri xalqa namus mücəssəməsi kimi təqdim edən tolikləşmiş şamtutan müxbirlərdən təmizləmək lazımdır. Ondan sonra efirdə də, səhnədə də əxlaqsızlar deyil, əsl sənətkarlar daha çox yer alacaq.

Xanlar Xoca

Comments: (0)

Ötən gün paytaxtda yerləşən «Monte-Karlo» restoranında aktyor Fərda Xudaverdiyevin toyu olub. Onun seçimi ilə məclisi «Qala» qrupu idarə edib. Qrup həm aparıcılıq edib, həm də mahnılarını səsləndirib. Məclisi maraqlı edən məqamlardan biri Fərda ilə eyni telekanalda çalışan tele-aparıcılar İlkin Həsəni və Samirin çıxışları olub.

Müğənnilərdən Mətanət İsgəndərli, Röya, Elton, Kəmalə Qaramollayeva, "Şipşirin" Elçin və başqaları mahnı tövhələrini təqdim ediblər. Qonaq sənətçilər arasında canlı və geniş ifa təqdim edən Xumar Qədimova olub. Toy sadəliyi ilə yadda qalıb. Yəni, adət etdiyimiz qeyri-adi hazırlıqlara bu toyda rast gəlinməyib.

Xatırladaq ki, Fərda Xudaverdiyevin ailə həyatı qurduğu xanım sənət adamlarından deyil. O, sevib-seçdiyi bir insanla nigaha daxil olub.

Show-biznes.az

Comments: (0)
Anadolu türkcəsində çox bəyəndiyim bir məqam var. Türklər “kişi” sözünü adam mənasında işlədirlər. Azərbaycan dilində isə “kişi” sözü cinsi mənsubiyyəti ifadə edir. Ona görə də bu gün bu sözün hər iki mənasından istifadə etmək istəyirəm.
Bazar iqtisadiyyatı, biznes deyəndə bəziləri çox irəli gedərək son illərdə az qala mənəviyyatını da satışa qoydu, kimi evini satdı, kimi də namusunu. Biri cinsini dəyişdi, digəri sifətini. Sonra da saç yoldular və xoruz savaşları başladı. Hər kəs özünün haqlı, qarşı tərəfin günahkar olduğunu sübut etməyə çalışa-çalışa olan qalan hörməti də ayaq altına atdılar. Bu proses hələ də davam edir və bu işdə əxlaqsız müğənnilərə bəzi televiziyalar şərait yaradırlar. Halbuki elə əxlaqsızların yeri ekran yox küçədir. Əgər bir müğənni efirə qoşulub münasibət bildirmək istəyəndə ağzı söyüş və təhqirlə açılırsa, sonra da bu “münasibət bildirmə” məhkəmə predmetinə çevrilirsə o müğənninin yeri ən yaxşı halda küçədir, eləsini efirə buraxan da elə onun tayıdır. Bax elələrinə adam demək istəyir ki, “adam kişi olar”.
Qadın da, kişi də gərək birinci adam ola. Adam olmağın da şərtləri var. Deyirlər ”Çağırıldığın yerə ar eləmə, çağırılmadığın yeri dar eləmə”. Əgər səni sayıb, adam bilib harasa dəvət ediblərsə, gələcəyini deyib də, bir saat qalmış mesaj yazıb gələ bilməyəcəyini, qarnının ağradığını bəhanə edəcəksənsə səndən nə adam olar, nə də ki kişi. Kişi verdiyi sözü tutar, söz verib dalından qaçana nə deyilirsə hamı bilir. Amma bir tərəfdən belələrini qınamaq da olmur. Bütün günü xoruz kimi döyüşənlərdən başqa nə gözləmək olar ki?! Kişi əzilib büzülməz, üzünə pudra, dodağına pomada sürtməz,qaşını dartıb alnına qoymaz, sinəsinə silikon qoydurub, dodağına gel vurdurub özünü Bagiraya oxşatmaz. Kişi kşi kimi olar. Əgər özünə kişi deyən biri qadın kimi gözəllik salonuna, estetik mərkəzə gedəcəksə ondan adamlıq gözləmək özü də axmaqlıqdır. Keçmiş Sovet dövründə belələrini psixi xəstə kimi dəlixanaya salır, ya da məcburi müalicəyə cəlb edirdilər, indi isə efirə çıxarıb əlinə mikrofon verirlər. Belə yerdə Kamran Həsənlinin "Qoluboy"lar efirdən düşmür” sözlərini xatırlamamaq olmur. Telekanalların bəzi aparıcıları ya maviləşib,ya da artıq maviləşmək üzrədir. Avropaya inteqrasiya deyəndə yəqin bəziləri hələ də elə düşünürlər ki, azlıqların faizi artırılmalıdır, ona görə də bəzi özəl telekanallar bu siyasəti asta-asta həyata keçirirlər. Qaşını götürən, burnunu rəndələyən müğənnicik “kişi”lər həmin televiziyaların artıq simasına çevrilməkdədir, külək əsir, onlar münasibət bildirir, yağış yağır yenə onlar, kiminsə ailəsi dağılıb onlar, kimisə evləndirirlər yenə də onlar. Hanı bəz bu millətin əsl sənət nümayiş etdirən sənətkarları? Dünyada Azərbaycan musiqisini bu gün Alim Qasımov və Sevda Ələkbərzadə tanıdır, Türkiyədə Azərbaycanın müasir estrada musiqisini Brilyant Dadaşovaya görə tanıyırlar, Qarabağ, Azərbaycan-Türkiyə dostluğu deyəndə Türkiyədə hər kəs Azərinin populyar etdiyi “Çırpınırdı Qara dəniz” mahnısını zümzümə edir, bəs niyə efirdə onlar deyil, küçə musiqiçiləri at oynadır görəsən? Niyə efirdə Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov, Gülağa Məmmədov, Məmmədbağır Bağırzadə kimi sənətkarların, canlı əfsanəmiz olan Zeynəb Xanlarovanın deyil, hansısa tin uşağının mahnıları səsləndirilir? Biri deyir “başım ağrıyor”, o biri deyir “ay qız oyan” və s. Gənclərin musiqi zövqü korlanır, yaşlıların isə əsəbləri. Ağcaqum çöllərində min oyundan çıxan, atasını qapısından qovanın biri də bu gün Azərbaycan səhnəsində ulduzluq iddiasındadırsa, fəxri adı olmadığından gileylidirsə, vay bizim halmıza, vay musiqimizin halına. Üzeyir Hacıbəyov əgər bilsəydi ki, onun az qala əlifbasını yaratdığı Azərbaycan musiqi sənəti bu kökə düşəcək, səhnəmizdə bagiralar, natavanlar, röyalar, rəqsanələr,xuramanlar, xatirələr, ildə ən azı bir dəfə plastik əməliyyat keçirən xoruzlar meydan sulayacaqlar yəqin ki, başqa peşə seçərdi. Kişi də qaşını alar, özünü braziliya qızlarına oxşadar? Kimin gəlinisən, axı sən qaşını alırsan? Adam kişi olar! Amma təbii ki, bu sözüm xoruzlara aid deyil, çünki xoruzlar bioloji cəhətdən quşlar fəsiləsinin toyuqkimilər dəstəsinə aiddirlər.

Xanlar Xoca
Comments: (0)

Bəzən yaşlı adamlardan soruşanda ki, filan hadisə nə vaxt oldu, deyirlər ağaclar çiçək açanda, yaxud kəndi sel basanda. Yəni bu milli xronoloji metodlardan biridir. İndi bu üsuldan istifadə edərək deyim ki, diaspora naziri Nazim İbrahimov hələ Ukraynada səfir olan illərdə qəzetlərdən birində hansısa telekanal rəhbərinin xanım əməkdaşlara romantik təkliflərindən o qədər yazıldı ki, axırda səhv etmirəmsə qəzetlə telekanal məhkəmədə üz-üzə gələsi oldular. Nəsə axırı xeyir oldu. Ümumi dil tapa bildilər və o mövzuya bir daha qayıdan olmadı, qəzet də yönünü dəyişdi. İndi bu günlərdə qəzetdə maraqlı bir yazı oxudum. Sən demə, ANS-in “Günə baxan” verilişinin aparıcısı Turan İbrahimov artıq şoumen deyil, jurnalist imiş. Bəli, bəli. Düz oxudunuz. Məlum yazıda bizdən sitat gətirilməsə də biz həmin yazıdan sitat gətirəcəyik, çünki çox maraqlıdır. Deməli belə: “Bu günlərdə qəzetlərdən birində televiziya verilişləri haqqında məqalə oxudum. Sitat gətirmək fikrim yoxdur. Amma yazı yalnız bir ovqat üzərində qurulmuşdu: hər şey pisdi!!! Vəssalam. Ola bilər ki, nələrsə pisdir. Amma bu, hələ hər şey deyil.” Düzdür. Bu hələ hər şey deyil!
Əvvəla onu qeyd edim ki, mən yazılarımı ancaq Qaynar.info üçün yazıram, teleproqramların tənqidinə həsr olunmuş “Dəqiq,vicdanlı və qərəzsiz” adlı yazımı isə yeni fəaliyyətə başlayan qəzetlərdən biri elə ilk nömrəsində yəqin mövzuya böyük maraq olduğunu hiss etdiyi üçün bütöv bir səhifədə yerləşdirmişdi və bundan yalnız başqaları oxuyub mənə bildirəndən sonra xəbər tutmuşdum. Qonorar cəhənnəm, heç olmasa yazını səhifəyə qoyandan sonra gərək xəbər verəydilər. Həmin yazımda yaxşı verilişlər haqqında da yazılmışdı, məsələn “Ağıl dəryası” və onun aparıcısı haqqında. Yəni biz hər şey pisdir yox, bir çox şeylər pisdir və düzəldilsə tamaşaçıya “kanalı dəyişməyin”, “diqqətiniz bizdə olsun”, “bizi qaçırmayın” deməyə ehtiyac olmayacaq deyirik. İndi isə keçək Turanın jurnalistliyinə. Bəli, əgər “vozvrat”ı satışından çox olan kağız parçası qəzet adlanırsa, kifayət qədər tamaşaçı auditoriyası olan Turan niyə jurnalist olmasın ki? Turan jurnalistdir, həm də yaxşısından. Hətta düşünürəm ki, onu gələcəkdə Mətbuat Şurasının İdarə Heyətinə üzv seçib, sonra sədrliyə də gətirmək olar. Niyə də yox? Hə bu məşhur sual lap yerinə düşdü: “Niyə də yox?” “Xəzər” tv-nin aparıcısı Səxavət Nur bu sualı lap dillər əzbəri edib və müəlliflik hüququ da ona məxsusdur, ona görə də sualı verib müəllifin adını çəkməmək, istinad etməmək qanunla qadağandır. Hə, başına döndüyüm Səxavət elə ki, ATV-nin görücü Zirəddin sayəsində reytinq cədvəlində sürətlə irəlilədiyini görüb təcrübədən yararlanmaq qərarına gəlib. Amma özünəməxsus şəkildə. Bu barədə görün dəyərli oxucu mənə nə yazır:”Bir verilişə baxırdım, elə əsəbləşmişəm ki, bunu sizinlə bölüşüm dedim, bəlkə bir az sakitləşdim. “Xəzər”də Səxavətin apardığı “Niyə də yox” verilişindən danışıram. Təsəvvür edirsiz insanları bu qədər ələ salmaq nə deməkdir? Kim verib bunlara bu ixtiyarı? Bir həftədir anons verir ki,bəs filan baxıcı belə dedi, belə gəldi-belə getdi. Düzü mən verilişə baxmaq həvəsində deyildim. Təsadufən evdəkilər bu proqramı izlədilər. Və orda olan qara-qara söhbətlərdən mənfi enerji ilə yükləndiyimi görüb yan otağa keçdim. Amma evimiz o qədər də böyük olmadığından televizorun səsi gəlirdi. Evdəkilər də maraqla oturub bu “verilişi” və ordaki məsələnin sonunu gözləyirdilər. Mən də məcburən bu səsi dinləməli oldum. Və bu qədər ağır, mənfi enerji ilə yüklənmiş dinləmələrdən sonra cin-şeytandan danışanın sonda aktrisa çıxmagı məni lap cin atına mindirdi.Bir tamaşaçı olaraq bu dərəcədə aldadıldıgımı və bütün ətrafımın, olduğu kimi desəm, ələ salındıgını görüb necə əsəbiləşməyəsən? Vallah mənim o Səxavətə ciddi insan kimi hörmətim var idi. Amma reytinq xatirinə 9 milyon camaatı ələ salmaq vallah biabirçılıqdır. Guya bu özünü xoş məramlı bilib, hansısa falçını reklam eləməyib, aktrisa çagırmagı üstün tutub.Çünki baxıcılar fırıldaqçılardı.Bəs camaatı reytinq xatirinə belə aldatmağın adı nədir? Ondansa əsl baxıcı çağırardı. Təsəvvür edin. Bir saat yarım verilişi dinləyib mənfi enerji ilə yüklənirsən, sonda da üstəlik aldadıldığını görüb ondan betər əsəb keçirirsən. Belə özbaşınalıq olar? İnanırsınız həyət qonşularım da məni görüb "Görürsən necə ələ saldılar axşamın bu vaxtı bizi" deyə eyni əsəbi yaşadıqlarını göstərdilər.”

Düzü mən sevimli oxucumla tam razı deyiləm. Axı Səxavət BBC və ya CNN-də, həm də dünya şöhrətli aparıcı deyil ki, onu 9 milyon izləsin. Azərbaycan telekanallarının ən baxımlı dövrü 1993-cü ilin iyun-iyul ayları olub. Çünki həmin dövrdə Azərbaycan Ali Sovetinin iclasları birbaşa translaysiya olunurdu və həqiqətən də o vaxt balacadan tutmuş böyüyə kimi hamı işini atıb televizor qarşısında vəzifə sahiblərinin uşaq kimi danlanmasına tamaşa edirdi. Televiziyaların indiki durumu ilə o vaxtkı vəziyyət arasında yerlə göy qədər fərq var. İndi tam əksəriyyət əsasən xəbərləri və Prezidentin çıxışlarını, fərman və sərəncamlarını Dövlət Televiziyasında dinləyəndən sonra xarici telekanalları seyr edir, çanaq antenni almağa imkanı olmayan kənd camaatı isə qeybət verilişlərinə baxmaqdansa elə öz aralarında bir-birinin qeybətini edib, sözünü danışmağı üstün tuturlar. Bir də hər gün mal-qaranın altına, toyuq-cücənin ayaqlarına, əkdikləri xiyarın, balqabağa fikir verirlər ki, nəsə bir yenilik olan kimi dərhal Bakıya hansısa xəbərsiz qalan telekanala zəng vurub desinlər ki, bəs bizim inək üçayaqlı buzov doğub, yumurtanın üstündə nəsə yazı var, 2 metrlik xiyar bitib və s. O telekanalın xəbər moderatoru da bu xəbəri elə təqdim eləsin ki, sanki azərbaycanlı kosmonavt Marsa uçub. Bütün bunlar jurnalistikadır. İndi jurnalist təkcə Turan deyil ki. ATV-də Zaur Baxşəliyev, Azər Axşam, Dilarə Əliyeva, Elçin Əlibəyli, Oqtay Əliyev, “Xəzər”də Zaur Kamal, Səxavət Nur, “Burç Fm”-də Çiçək, ANS-də Gülnarə Məmmədova, Qorxmaz Əlili, Çingiz Əhmədov, Elgiz Əkbər, Rövşanə Bektaşi, 102 Fm-də Elnarə, Tofiq Həsənsoy, Spacedə Xədicə Mövlazadə, “Lider”də Rəhim Rəhimli, Murad Arif tanınmış jurnalistlərdir. Murad Arif həm də görkəmli bəstəkardır və onun musiqiləri dünya ulduzları tərəfindən sevilərək oxunur. Məsələn bu günlərdə Britney Spears deyib ki, “Ay qız oyan” çox gözəl mahnıdır, amma bilmirəm bəstəkar onu oxumağıma icazə verərmi, deyilənə görə Azərbaycanda hansısa mahnını oxumamışdan qabaq onun bəsətəkarından, sözlərinin müəllifindən və həmin mahnını ilk dəfə oxuyan müğənnidən də halallıq, icazə-filan almaq lazımdır, amma qorxuram məndə o səs imkanları yoxdur deyə icazə verməyələr, arzum gözümdə qala.” Yəni ki, bizdə belə mahnılar, bəstəkarlar, müğənnilər , jurnalistlər yetərincədir, sadəcə qədrini bilmirik. Təəssüf ki, Murad Dadaşov kimi jurnalist hazırda “Lider”də fəaliyyət göstərmir. Onun “Maşın” realiti şousu araşdırma jurnalistikasının ən gözəl nümunələrindən idi. Amma darıxmaq lazım deyil, xalq arasında deyilənə görə, yaxın zamanlarda biz yenidən həmin jurnalist araşdırmaları ilə tanış ola biləcəyik. Jurnalist kimi televiziyada Rəqsanənin, Röyanın, Xuraman Şuşalının, Natəvan Həbibinin, adını çəkmədiyim bir çox başqalarının da yeri görünməkdədir. Gəlin ümid edək ki, gələn mövsümdə onları da araşdırmaçı jurnalist qismində ekranda görüb efirdə dinləyə biləcəyik.
Amma hər şey bir yana qalsın, bizim bu araşdırmaçı jurnalist Turanın təqdim etdiyi “Günə baxan” verilişi nədənsə ANS tv-nin saytında belə təqdim olunur: “Günə baxan” musiqili-əyləncəli tok-şou”. Biri mənə izah eləsin, bu tok-şou nəmənədir və şou aparıcısına nə deyilir?..

Xanlar Xoca

Comments: (0)
Düz deyiblər ki, “qulaq gündə bir söz eşitməsə kar olar”. Müğənni Sevda Yəhyayeva qulaqların kar olmaması üçün deyib ki, “sənətçi utanmamalıdır”. Yəni ki, sənətçi gərək utanmaz ola. Guya ki, utanırdılar, bu da mənfi bir hal imiş, Sevdanın fikrincə belə olmamalıdır. Əslində bu utanmazlıq cəmiyyətimizin hər sahəsində var və hətta çoxdur. Məsələn biri utanmadan rüşvət alır, digəri aparıcı qismində utanmadan efirə, məsələn “Arsız tv”-yə çıxıb ağzına gələni danışıb, özü də etiraf edir ki, “mən hörmətsiz və ədəbsizəm”, bir başqası kiminsə elmi işini öz adına çıxır, o biri içində həşəratlar üzən rəngli suyu yüz faiz meyvə şirəsi kimi camaata sırıyır və s. Yəni utanmazları biz və siz hər gün görürürk, onlar hər yerdə var. Elə jurnalistlər arasında da. Məsələn bəzi utanmaz müğənnilərlə daha çox təmasda olan jurnalistlərlə iki dəqiqə ünsiyyətdə olanda dərhal məlum olur ki, adamda artıq problemlər var, özünü bir az dartır guya ki, bu hansısa dünya ulduzu filanla həmsöhbət olub nə vaxtsa. Belə də baxanda heç dünya ulduzunu da hansısa əhəmiyyətsiz bir yerə qaravulçu qoymaq olmaz, o ki ola bizim bir-birinin saçını yolmaqla, ya da hansısa məmurun altına yıxılmaqla “ulduz”laşanlar. Ola bilər məndən inciyənlər olsun, amma bir içim su onlara yetər. Bis isə qaldığımız yerdən davam edək. Hə, onu deyirdim axı, bizim mətbuatda hər cür adam var, yal yeyəndən tutmuş bal yeyənə qədər. Di gəl, üzü üzlər görmüş elə adam var ki, balı da adam kimi yeyə bilmir. Özünü mətbuatın ulduzu sayır, yazılarının guya çox “tıklanma”sı ilə öyünür. Amma bu ölkədə internetdən az-çox anlayışı olan uşaq da yaxşı bilir ki, sayğac kimin əlindədir və ondan necə istifadə edir, yenicə sayta qoyulan xəbərin oxunma sayı qəfildən necə mini keçir. Həm də kiminsə yazısının çox oxunması da o demək deyil ki, onu sevərək oxuyurlar. Yazını oxuyanların dodağının altında nə deməsi onun oxunma sayından daha önəmlidir. Kobud da olsa bir misal çəkəcəm. Türkiyədə Matilda Manukyan adlı bir erməni qadın 10 il ardıcıl olaraq vergi rekordçusu olub və buna görə mükafatlar qazanıb. Amma o bu rekordu kitab satmaqla, fabrik,zavod açıb nəsə istesal etməklə deyil, “ümumxanalar” saxlamaqla qazanmışdı. Özündən başqa kimsəni bəyənməyən, amma yal yemək üçün kiminsə qarşısında ikiqat olanların Matildadan bir fərqi yoxdur məncə, olsa da adlarında olar, məzmunu eynidir, hər ikisi rekordçudur və bununla fəxr edir. Bizdə bəziləri kitabı da elə satır ki, kitabı lap gözdən salır. Bəziləri isə hələ də hökumətdən yeyə-yeyə bir ayağını da müxalifətə tərəf qoyur ki, birdən vəziyyət dəyişsə bunun güzəranı dəyişməsin. Məsələn, məmur var ki, bir neçə mətbuat vasitəsi yaradıb, amma həmin mətbuat vasitələrindən birində də Əli Kərimlinin məqaləsinə tutarlı bir cavab verən olmadı, yalnız kiminsə açıqlamasını verməklə kifayətlənib Əli Kərimli ilə körpünü yandırmamaq xətti götürdülər. Təkcə mətbuat deyil, hər gün telini darayıb poz verib hansısa mövzuda nəsə qırıldadan politoloq ekspertlərin də arasında biri tapılmadı ki, belə bir cavab verə, yaxud da “Washinqton post”a bir məqalə yaza. Əli Kərimli “Yazını pulla dərc etdirib” deyənlər də oldu. Bəs il uzunu bu hökumətin hesabına pul qazanan, obyekt işlədən bir deputatda ya məmurda müxalifətdə olan Əli Kərimlinin pulu qədər pul olmadımı ki, “Washinqton post”da bir məqalə çap etdirsin? Yoxsa “Washinqton post”da məqalə çap etdirmək Polat Alemdarı, Hadisəni, 50 Centi, Akonu Bakıya gətirməkdən də çətin bir iş olub,xəbərimiz yoxdur? Az qala qulluqçusunu da internetdə axtarıb Filippindən sifarişlə gətirdən məmur istəsə “Washinqton post”u ofis qarışıq alardı. Ona görə də, birdəfəlik deyin ki, biz hazıra nazir olmaq istəyirik də.
Qarabağ üçün ürəyi yanan oğlan film çəkdirməkdən öncə yaxşı olar ki, Qarabağda qol qıçını itirmiş oğlanlara bir əl tutsun, bu elə ən böyük vətənpərvərlik olar, yoxsa Qarabağı almamış yalandan uşaqlar kimi “dava-dava” oyunu göstərməyin mənası nədir görəsən? Gənc yaşında vətən uğrunda əlil olmuş bir insan onun sağlamlığı bahasına zənginləşən birinin çəkdirdiyi filmə görə hər halda “çox sağ ol” deməyəcək.
Sonda onu da qeyd edim ki, ötən həftə AXCP sədrinin bloqunun dağılması haqqında xəbəri oxuyanda maraq məni bürüdü, çünki o bloqda hackerləri cəlb edəcək bir şey də yox idi, ona görə mən də Wordpressin adminstrasiyasına müraciət etdim ki, doğrudanmı belə bir haker həmləsi olubmu, ya yox? Məlum oldu ki, Wordpressin hətta tarixində haker hücumu nəticəsində bloq dağıtma halı qeydə alınmayıb. Kişilkdən danışan AXCP sədri hədəfi düz seçməyib və əsassız ittiham etməyə yenə də tələsib. İndi Əli Kərimli öz bloqunu və ya parolunu kimə etibar edir bilmirəm, amma hər halda bloqla məzələnənləri öz ətrafında axtarsa daha effektli olar, nəinki əks tərəfdə. Bu araşdırmanı elə Əli Kərimlinin bloqun dağılmasından danışdığı kişiliklə bağlı yazısını oxuyandan dərhal sonra aparmışdım, sadəcə gözlədim ki, bəlkə tv və mətbuatda sinəsinə döyənlər məndən qabaq nəsə edərlər. Təəssüf ki, ölüm-itim xəbəri yaymaqda lider olanlardan səs çıxmadı, ya da ola bilsin yenə ayaq yeri saxladılar.
Bir sözlə Sevda Yəhyayeva narahat olmaya bilər, onun görmək istədiyi formada adamlar çoxdur. Çünki bu cəmiyyətdə əksəriyyət istəyir ki, oğlu olsun.

Xanlar Xoca

Bu günlərdə ad gününü qeyd edən Məryəm kimi tanıdığınız rəqqasə Marianna Cəbrailovna Süleymanova depressiyaya düşüb.

Belə ki, "Neolit" restoranında dostları ilə birgə ad gününü qeyd edən rəqqasə sürpriz hədiyyə gözləyirmiş və həmin gün xalq artisti adı alacağına ümid edirmiş. Lakin ümidləri özünü doğrultmayanda rəqqasə dostlarına gileylənməkdən özünü saxlaya bilməyib. Tədbirdə iştirak edənlərdən birinin verdiyi məlumata görə, 37 yaşını qeyd edən rəqqasə milli rəqslərin ən gözəl ifaçısı olduğunu deyərək Az'rbaycanda rəqs sənətinin inkişafının məhz onun adı ilə bağlı olduğunu iddia edərək əməyinin qiymətləndirilməməsindən narazılıq edib. Dostları onun könlünü nə qədər almaq istəsələr də Marianna acığından o ki var yeyib. Hazırda rəqqasənin depressiyada olduğu barədə xəbərlər yayılıb.

Show-Biznes.az