Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Comments: (0)

Qəhrəmanlardan söz düşəndə mənim yadıma ilk düşən Xocalı olur. Həmişə ayrı-ayrı insanlar qəhrəman olur, amma 1992-cü il fevralın 26-da Xocalı qəhrəman oldu. O gecə hələ dünyanı dərk etməyən körpələr də qəhrəman idilər. Bu gün soyqırım kimi xatırladığımız həmin dəhşətli gecədə bir şəhər qəhrəmancasına vuruşdu və elə qəhrəmancasına da həlak oldu. Bəli, biz indi həmin günü soyqırım kimi qeyd edir, dünyaya da sübut etmək istəyirik ki, əzilən ermənilər deyil, Azərbaycan xalqıdır. Amma hələ ki, istəyimizə çatmamışıq. Bunun bir səbəbi təbii ki, dünyaya hegemonluq edən dövlətlərin ermənipərəstliyidir. Ermənilər ötən əsrin əvvəllərindən “erməni soyqırımı” iddiası ətrafında o qədər təbliğat aparıblar ki, artıq bir neçə dövlətdə bu soyqırımı rəsmən qəbul etdirə biliblər. Niyə? Ona görə ki, ermənilər təkcə aprel ayında deyil hər an, hər dəqiqə, hər gün, hər ay bu mövzuda danışır, bu mövzuda yazırlar. Erməninin zəngini də, yoxsulu da, məmuru da, adi vətəndaşı da, hətta dilənçisi də nə vaxtsa təcavüzə məruz qaldığını düşünür, baxmayaraq ki, bu barədə ağızlardan eşidib, konkret bir fakta şahidlik etməyib. Bəs biz? Sənədləri qoyaq bir kənara. Ortada Xocalı genosidini əks etdirən videolar var ikən Xocalını anmaq üçün gözləyirik ki, nə vaxt fevralın 26-sı gələcək və hamımız bir yerdə bunun bir soyqırım olduğunu deyəcəyik. Spitakda zəlzələ baş verəndə bir erməni qadınını dağıntıların altından çıxarmışdılar, özünə gələn kimi “Qarabağ bizimdir” demişdi, amma bizdə bir hadisə olanda şokdan ayılan insanın ilk soruşduğu doğmaları olur. Bizdə hələ də bəzi oğlanlar sevdiyi qıza görə intihar edə bilir, amma Vətən üçün yaşamaq istəmir, düşünmür ki, bu millətə onu qoruya biləcək kişi lazımdır. Hamı dövlətin nəsə edəcəyini gözləyir. Amma adi vətəndaş da axı öhdəsinə düşəni etməlidir.
Bir neçə gündür cəmiyyətin Xocalıya necə hazırlaşdığını müşahidə edirəm. Çoxları öz kefindədir və hətta rəsmi xəbərlər olmasa bəlkə də bir çoxlarının heç yadına da düşməz ki, həmin gecə qadınlara, körpələrə, qocalara necə divan tutulub, Əlif Hacıyev və digərləri necə qəhrəmancasına döyüşüb həlak olub. ANS-də “Qonaqlıq”, ATV-də “Yağ kimi”, Liderdə “Dostum”, saytlarda da Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlının oğlunun nişan xəbəri və fotoşəkilləri... Beləmi tanıdırıq Xocalını? Biz bu cürmü dünyanın kor gözlərini açıb Xocalı soyqırımını göstərmək, ermənilərin təcavüzkar və qaniçən manyak olduğunu sübut etmək istəyirik? Budur vətənpərvərlik? Heç olmasa bunları fevralın 25-də etməmək olardı axı. Olmazdı deməyin. Xocalı, Qarabağ hamımızın dərdi olmalıdır. Nə qədər ki, bu ölkədə hamı Qarabağ, Xocalı dərdi ilə yaşamır, biz məqsədimizə çata bilmərik. Soyqırım xalqa, millətə qarşı edilən cinayətdir və bu faciəni bir xalq olaraq yaşamalıyıq. Bu işdə heç kim yaxasını kənara çəkə, “qoy bu işlə hökumət, zənginlər məşğul olsun” deməməlidir. Çünki ermənilər xalqımızın körpələrini Xocalıda zəngin, yaxud yoxsul olduğuna görə deyil, məhz azərbaycanlı olduğu üçün amansızcasına qətlə yetiriblər. Heç olmasa fevralın 26-na keçən gecə şəhid olanların, qəhrəmanlıqla döyüşüb vuruşanların xatirəsini yada salıb “biz onlar üçün nə etmişik” sualı ətrafında düşünək və bir gün də olsa zəhlətökən verilişləri, yüngülməcaz xəbərləri verməyək. Heç olmasa bundan sonra Xocalını unutmayaq!

Xanlar Xoca

Bu günlərdə gənc yazıçıları təkrar oxumağa başladım və Aysel Əlizadə yaradıcılığının sehrindən azad olmamış Varisin “Sonuncu ölən ümidlərdir” romanının qəhrəmanı Nailənin kədərli taleyini düşünməli və bu günki nailələrlə müqayisə etməli oldum. Oxuduqca gördüm ki, Varisin romanındakı abbasşeyxzadələr bu gün də var və hansısa kabinetdə oturub ona ata gözü ilə baxan qızı yaşında nailələrə-katibəyə, yaxud indiki terminlərlə desək referentə müştəri gözü ilə baxır, işçilərin, vətəndaşların böğazından kəsib pulla, hədiyyələrlə ya ələ alır, ya da özündən asılı vəziyyətə salır, sonra da iyrənc məqsədini reallaşdırırlar. Hətta romantik bir gecəyə görə katibəsinə, yaxud hansısa işçisinə maşın, ev bağışlayan, nəsə təsis edib metrəsini də rəhbər qoymaqla ondan “işgüzar” qadın obrazı yaradan, saxladığı müğənnilərə klip çəkdirən, sonra da tibbin inkişafına “əhsən” deyə-deyə el adəti ilə hansısa əcnəbiyə, ya da dilsiz-ağızsızın birinə ərə verənlər də var. Bütün bunlar cəmiyyətin gözü önündə baş verdiyindən yeni bir fikir ortaya atdığımı düşünmürəm. Amma yeni, həm də sensassiyalı fikir Qüdrət Həsənquliyevdən gəlib.

Qüdrət Həsənquliyev maraqlı təklif irəli sürüb: “zorlama cinayətlərinə görə həbs olunanlar bəzi Avropa ölkələrində olduğu kimi cərrahi yolla axtalansınlar”. Deputat hansı Avropa dövlətinin təcrübəsinə əsaslandığını bildirməsə də, təklif maraqlı səslənir. Onsuz da hamı yaxşı bilir ki, belə bir təklif reallaşa bilməz. Çünki bu təklifi qəbul etmək üçün əvvəlcə hansı əməllərin zorlanmaya aid edilməsini aydınlaşdırmaq lazımdır. Aydınlaşdıranda isə həm cinaytin əhatə dairəsi, ona paralel olaraq axtalanmaya potensial namizədlərin sayı da artacaq. Qulluq mövqeyindən, imkanından, katibəsinin və ya işçisinin maddi vəziyyətindən, sadəlövhlüyündən, köməksizliyindən, yiyəsizliyindən istifadə edib ismətinə toxunmaq da elə zorlamaqdır. Gərək elə kimsə-kimisə küçədə tutub zorlasın?.. İndi özünüz düşünün, belə bir təklif reallaşsa nə qədər adam axtalana bilər? O qədər insanı axtalamaqdansa başqa alternativ yollar düşünmək daha yaxşı olar.

Zəif iradəli, xəstə düşüncəli və şorgöz insanlar həmişə olub və dünya durduqca da olacaq. Axtalamaq, həbs müddətini artırmaq çıxış yolu deyil. Bəzi dövlətlərdə dəhşətli cinayətlər haqqında xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulur. Bizdə isə söz azadlığı yoxdur deyə-deyə bütün KİV az qala hər gün ya intihar, ya da zorlanma hadisələri haqqında xəbər yayır, məhz bu cür xəbərlərin sayəsində reytinq qazanmağa çalışırlar. Bilirəm hamı çörək qazanmaq istəyir, amma öz çörəyini düşünməkdən öncə o xəbəri oxuyanları da düşünmək lazımdır. Qəzeti, internet saytını yaşından asılı olmayaraq hər kəs izləyə bilir və hamı eyni ağılda olmur. İntihar xəbərini oxuyan kimsə onu sadəcə öz üzərində yarıya qədər sınamaq niyyətilə də kəndiri boğazına keçirə bilər. Cəmiyyətdə bu qədər informasiya olan bir dövrdə kriminal xəbərlərə məncə ehtiyac da yoxdur, həm də ciddi hadisələr olanda onsuz da hüquq-mühafizə orqanları birgə bəyanatla çıxış edirlər. Daha hər gün hansısa orqanın mətbuat xidmətini sual atəşinə tutmaq nəyə lazım? Bir ara hətta televizyalar da kriminal xəbər yarışına girmişdilər və verilişlərin adları müxtəlif olsa da məzmunu və məqsədi eyni idi: kriminal mövzulara həssas olan cəmiyyətin marağından istifadə edib tamaşaçı cəlb etmək. İndiki kriminal verilişlərlə bir vaxtlar Azərbaycan Dövlət Televiziyasında yayımlanan “İnsan və Qanun” verilişini müqayisə edəndə acınacaqlı mənzərə ortaya çıxır. “İnsan və Qanun” verilişində cinayətin hər hansı ictimai təhlükəlilik dərəcəsi tamaşaçıya çatdırılmaqla yanaşı, qanunlara əməl etmək zərurətindən, yeniyetmələrin və gənclərin cinayət törətməməsi üçün profilaktik tədbirlərdən söz açılır, maarifləndirici iş aparılırdı, daha hər həftə indikilər kimi “qədeş” ləhcəsi ilə danışıb özlərini tin uşağı kimi aparmırdılar.

Bəzən deyirlər ki, müğənnilər toy, mollalar yas arzulayır, artıq mollalarla eyni arzuda olan KİV-in də meydana gəldiyini desək yanılmarıq. Ən dəhşətlisi budur ki, bəziləri hadisələrin təsiri altına o qədər düşürlər ki, jurnalistikanı unudub necə gəldi yazırlar. Məsələn dünən oxuduğum və hansısa “ata”nın qızının başına açdığı oyunlardan bəhs edən yazı belə bitirdi: “Çox güman ki, qızının başına gətirdiyi iyrənclikləri indi həbsxanada onun başına gətirirlər”. KİV cəzanın, həbsxananın tərbiyəvi mahiyyətini açmalı, həbsxanaya düşən insanın islah olunub yenidən cəmiyyətə normal vətəndaş kimi qayıtmasının mümkünlüyünü təbliğ etməlidir, amma görün nəyi təbliğ edir. Adam qızını zorlayıb həbsxanaya düşüb, deməli belə güman olunur ki, onu indi türmədə zorlayacaqlar. Məncə Penitensiar Xidmət belə məsələlərə aydınlıq gətirməlidir. Məhkuma cəza bir dəfə, yazılmış qanunlarla verilir, Azərbaycan “gözə göz, dişə diş” qanunları ilə yaşamır ki, belə fikirlər ortaya çıxsın. Jurnalistlər və redaktorlar yazıları dərc olunmamışdan qabaq bir dəfə oxusalar çöldə oturub “içəridən” lap həqiqət olsa belə lüzumsuz xəbərlər verməzlər.

Xanlar Xoca


Tanınmış stilist Pərviz bir çox müğənnilərin geyim tərzini və saç düzümlərini bəyənmir. Bu barədə show-biznes.az – a açıqlama verən saç ustası sənətçilərimizə öz məsləhətini verdi: “ Mən bir çox müğənnilərlə işləyirəm, bu mənə zövq verir. Amma bu cavanların geyimi saç düzümləri mənə çatmir. Götürək Sevda Yəhyayevanı. Bu insan ola bilər bahalı geyinsin ama zövqü yoxdur. Efirə çıxır, saçına makiyajına fikir vermir. Sonuncu fotosessiyası çox uğursuzdur. Aygün Kazımova həddindən artıq kökəlib, son zamanlar çox zövqsüz geyinir. Xatirə yenə də eyni eyni . Bu kimi çox sənətçiləri sadalaya bilərəm". Pərviz saytımız vasitəsilə sənətçilərə mesaj da göndərib: “Siz göz qabağında olan insanlarsız, ele geyinib-keçinməlisiz ki, adi adamlardan seçiləsiz. Mən deyərdim ki özünə baxan qiymət verən xanım müğənnilərimizdən Elza Seyidcahandir ki, hər gün bəzəkdədir. Saçının dənəsinin də əyriliyinə fikir verir.”

Show-biznes.az


Məlum olduğu kimi, Azərbaycanın Xalq Artisti Faiq Ağayevinshow-biznes.az saytında forumun qonağı olacağını xəbər vermişdik. Bu xəbəri eşidən 100 % F.A. sevənlərin çoxsaylı suallarına saytımızın eletron poçtu dözmədi, amma suaların bir çoxu təkrarlandığına görə eyni məzmunlu sualların arasından ilk göndərilənini seçib təqdim etməli olduq və həmişə jurnalistlərə, eləcə də pərəstişkarlarına səmimi münasibətilə seçilən Faiq Ağayev bu dəfə də ona ünvanlanan çoxsaylı sualları cavablandırmaqdan yorulmadı. Xalq Artisti sualları cavablandırmamışdan qabaq bütün pərəstişkarlarına salamlarını və təşəkkürünü ifadə etdi:

- İlk əvvəl mövzuya maraq göstərib, mənə dəyərli diqqətini yetirən hər kəsə minnətdarlığımı bildirirəm! Sallarınıza önəm verib, onları maksimum dərəcədə dürüst, ətraflı və səmimi cavablandırmağa çalışacam.

Sabina222:

-Doroqoy Faiq bey... ne xocu Vas zavalivat voprosami.

Zadam odin vopros ,no yesli vdruq, cto, Ne otvecayte...

Kak rasshifrovivaetca "NU" (Vi, Murad D., Aygun.K, Xumar )

Ya xocu! Ya ocen xocu ! Ya bezumno xocu!

Xocu, ctobi Vi secas....

ULIBNULIS

Kiss. Beregite seba!

1oo%F.A:

- Canım Səbinə!

Bunun mənasını Sizə şəxsi görüşümüz zamanı açıqlayaram...

Aytən Əliyeva :

-Salam.İlk öncə,Sizə Faiq Ağayevi qonaq kimi dəvət etdiyinizə görə dərin təşəkkürümü bildirirəm.Sualım belədir: Faiq bey, Sizə daim stimul verən nedir və ya kimdir?

1oo%F.A:

- Özümü LAZIMLI hiss etmək. Səhnə vasitəsi ilə qazandığım məhəbbət. Yeni söz demək imkanı.

Rövşən Məmmədov:

-Siz həyatın mənasını nədə görürsünüz və həyatınızı kimə həsr etmisiniz?

1oo%F.A:

- Həyatın mənası elə yaşamağın özündədir, Rövşən. Həsr etmək məsələsinə gəldikdə isə, valideynlərimə, Vətənimə, Allahın mənə verdiyi istedadı düzgün icra etməyə deyərdim.

Cəmilə Quliyeva:

-İkinci dəfə ailə qursanız seçəcəyiniz insan fanatlarınız arasından ola bilərmi?

1oo%F.A:

-Bu cavabsız sualdır, Cəmilə. Bilmək olmaz...

Nurşən Cəmilova:

-Sizə ən çox hansı sualı verirlər və ən çox hansı suallardan bezirsiz?

1oo%F.A:

- Şablon, mənasız, elə sadəcə sual vermək xətrinə verilən suallardan.

Nigar Rəsulova:

-Nə üçün xarici müğənnilər gəlib Bakıda kifayət qədər pul qazana bilir, fəxri ad ala bilir, amma bizim müğənnilər xarici dövlətlərdə ancaq azərbaycanlıların məclislərində oxuyurlar?

1oo%F.A:

- İlk əvvəl, fəxri ad alan əcnəbi müğənnilər - buna doğrudan da layiq olanlar, Azərbaycanı həqiqətən sevənlərdir. O ki qaldı qalan digər məsələyə, bu, təkcə bizim müğənnilərə aid olan məsələ deyil. Amerika, Avropa, elə Rusiya və Türkiyə artistləri televiziya, radio, dövrü mətbuat və internet vasitəsi ilə daha geniş auditoriyaya təqdim olunduqdan, onların istənilən ölkədə tanınıb, sevilərək qarşılanmasında qeyri-adi bir şey yoxdur.

Bundan savayı, ortaq və ya eyni dilli olmağın da bu məsələdə böyük önəmi var. Buna görə, Rusiya sənətçiləri MDB məkanında və keçmiş sosialist ölkələrində, Türkiyəli ulduzlar isə türkdilli məmləkətlərdə rəğbətlə qarşılanır. Amma, məsələn, Rafet el Romanı inanmıram ki, fərz edək, Portuqaliyada tanıyan olsun...

Bütün bunlara rəğmən, Azərbaycanın incəsənətimizi dünyaya sevdirən Əzizə Mustafazadəsi və Alim Qasımovu var!

Rizvan Kərimov:

-Hər kəs həyatda nədənsə ruhlanır, ilham alır, bəs siz nədən və ya kimdən ilham alırsınız?

1oo%F.A:

- Açması Rövşən Məmmədovun sualına verdiyim cavabımdadır + sevgi !

Nərmin Camalova:

-Ulduz, sənətkar, müğənni. Bu sözlərdən hansına özünüzü aid edirsiniz?

1oo%F.A:

- Qeyri-təvazökar cavab verməyə təhrik etmək istəyirsiniz məni, Nərmin?

”Xalq Artisti”, ”1oo%F.A” mənə daha yaxındır!

Nərgiz Quliyeva:

-Səhnədə olarkən sizi ən çox nə həyəcanlandırır?

-Ötən il konsert vermədiniz, bəlkə 8 martda qadın pərəstişkarlarınıza bir hədiyyə edəsniz?

1oo%F.A:

- Məsuliyyət hissi, Nərgiz.

2-ci sualınıza isə, bu yaxınlarda cavab alacaqsınız, Nərgiz. Az qalıb...

Ceyran Mahmudova:

-Nəyə görə azərbaycanlılar fonoqram oxuyan türk müğənnilərin konsertinə gedirlər, amma canlı oxuyan öz müğənnilərimizin konsertinə bir o qədər maraq göstərmirlər?

1oo%F.A:

- Bəzən izafi qonaqpərvərliyimiz belə nəticələrə də gətirir...

Amma, maaşAllah, şəxsən mənim bu məsələdə bəxtim gözəldir, gileylənməyə haqqım belə yoxdur! Tamaşaçılar solo-konsertlərim zamanı məni heç bir zaman yalqız qoymayıb, aciz, çarəsiz etməyib!

Nazlı xanım:

-Haqqınızda çoxlu şayiələr gəzir, sizcə bu bekar adamların məşğuliyyətidir, yoxsa xalq yaradıcılığı?

1oo%F.A:

- Sizin incə yumor hissiyyatınıza vuruldum, Nazlı xanım!!!

Təbii ki, paxıllıq, bekarçılıq və sənət əhlinin şəxsi həyatı barədə həqiqi məlumatın kasadlığı, hətta bəzən, informasiya vakuumudur bunun səbəbi. Bu vakuumu da ”nağilbaz”-lar fantaziyaları hesabına ”doldururlar”.

Cavid Babayev:

-Nəyə görə bizdə qadın müğənnilərin sponsoru başqası, kişi müğənnilərin sponsoru isə özü olur?

1oo%F.A:

- Bizdə tarixən qadınlara dəstək göstərmək, kişilərə isə qüvvətinə görə alqış demək adəti formalaşıb. Cavid. Əksinə olsa - FACİƏ olar!

Fərid Sadıxov:

-Nə vaxtsa sənətdən getmək fikriniz varmı? O zaman hansı sahədə çalışacaqsınız?

1oo%F.A:

- Tezdir hələ, əzizim Fərid !

Nübar Vəliyeva:

-Həyatda ilk sevginiz nə vaxt olub? Ümumiyyətlə sevgiyə inanırsınızmı?

1oo%F.A:

- İlk uşaq sevgisi məni 4 yaşımda ”yaxaladı”. Bu böyük, ülvi hissiyyatı dərk etdikdə isə - 22 yaşımda. Yəqin cavabımdan da anladınız ki, inanıram, Nübar.

Validə Cəfərli:

-“Dəşti” təsnifi ifanızda çox gözəl alındı, bəs niyə sonralar bu cür mahnılara müraciət etmədiniz?

Nə vaxtsa tar-kamanla birlikdə muğam oxumaq istərdinizmi?

1oo%F.A:

- Niyə, Validə? Bəs ”ƏZİZ DOST”, ”KOR ƏRƏBİN MAHNISI”, ”ÇAY” ?...

Cavidan:

-Özünüzü xaraktercə necə insan hesab edirsiz: qəddar, mərhəmətli, yoxsa güzəştə meylli?

1oo%F.A:

- Konstruktiv, tolerant, ədalətsevər.

Rəsmiyyə Qasımova:

-Faiqə kimlər paxıllıq edir?

1oo%F.A:

- Yəqin uğurlarıma əlləri çatmayıb, amma onları dəlicəsinə arzu edənlər... ”Niyə onda var, məndə - yox?” sualına düzgün cavab tapmayanlar.

Nurlanə Bəşirqızı:

-Niyə Azərbaycan müğənnilərinin saytı və forumu yoxdur? Bəlkə bizim müğənnilər ulduz olan kimi seyrçiyə yuxarıdan aşağı baxırlar ona görə?

1oo%F.A:

- Yalnız özümə görə cavab verə bilərəm, Nurlanə.

2001-də www.faiqagayev.az ünvanlı rəsmi saytım fəaliyyətə başladı. 9 il ərzində hər bir internet istifadəçisi sənətim barədə istənilən məlumatı orada tapa bilərdi. Bundan əlavə 106 FM-də ”Ola bilməz” adlı verilişim yayımlananda saytımın ”Canlı Yayım” bölümündə on-line musiqi sifarişlərini yerləşdirmək imkanı var idi. Həmkarlarımın rəsmi saytları arasında ƏN FƏAL ”Forum” məhzwww.faiqagayev.az-da idi.

Ötən il yeni, müasir dizaynlı sayt yaratmaq zəruriyyətindən onun fəaliyyətini müvəqqəti olaraq dayandırdıq. Bu il, inşaAllah, gerçəkləşdirəcəyim solo-konsert ərəfəsində yeniləşmiş rəsmi saytımı ixtiyarınıza verəcəyəm. Bu qədər.

Gülşən Can:

-Heç olubmu ki, hansısa toyda təmənnasız oxuyasınız? Ümumiyyətlə toylara hansı qiymətə gedirsiniz və böhran toy qiymətinizə təsir etdimi?

1oo%F.A:

- Sonuncu təmənnasız BÜTÖV toyu ötən ilin 09.10.09 tarixində aparıcı olaraq idarə etdim. Yarım saatlıq pulsuz çıxışlarımın isə, sayı-hesabı yoxdur, Gülşən.

O ki qaldı qiymətə - xeyr, prinsipial olaraq dəyişmirəm.

Nurəngiz Balayeva:

-Sizdən başqa heç bir müğənni deyəsən nə kitab oxuyur, nə də bir cümlə qurub fikrini çatdıra bilir. Sizcə bunun səbəbi nədir?

1oo%F.A:

- Nə deyə bilərəm ki, Nurəngiz? Mən mütaliəsiz qala bilmirəm, sadəcə. ”Kitabxor”-am da mən!

Başqaları maşın, paltar, futbol, nə bilim qır-qızıl azarkeşidirsə... Nə mən onları, nə də ki onlar məni 1 gün içində maraq dəyişdirməyə vadar edə bilmərik.

Bəlkə elə belə yaxşıdır? Nə düşünürsünüz?

Show-biznes.az

Comments: (0)

Milli Məclisin üzvü Aynur Quliyeva Qaynar.info-ya müsahibəsində bildirib ki, “ölkədə dini maarifçilik düzgün aparılmır”. Bunu bəzən başqaları da, hətta din xadimləri də deyirlər. Amma sual olunur: Bu dini maarifçilik siyasətini kim aparmalıdır? Azərbaycan dünyəvi dövlətdirsə təbii ki, hansısa dövlət qurumu dini təbliğatı öz boynuna götürə bilməz. Dini maarifçiliklə qanunla müəyyən olunmuş qaydada dini icmalar özləri məşğul olmalıdırlar. Amma bu gün nə baş verir? Bəzi mollalar hələ də “Yasin” surəsini kirill əlifbası ilə çap olunmuş kitabdan oxuyursa, bir gündə bəzi müğənnilər kimi bir neçə məclisi yola verirsə, məclisin ortasında başqa bir molla ilə mübahisə edib “niyə mənim məclisimi əlimdən almısan” deyirsə ona dövlət nə eləsin? Dövlət yalnız onu edə bilər ki, nəhayət bir attestasiya keçirsin və yalnız dini biliyi məclis aparmağa kifayət edən, həmçinin dövlətə və onun qanunlarına sədaqətli olan insanlara mollalıq etmək üçün lisenziya versin. Əvvəllər məscidlərdə cümə xütbəsi peyğəmbəri və hökmdarı yad etməklə başlanarmış. Bütün dinlərdə də qeyd olunur ki, Allahı tanıyan kəs hökmdarına, qanunlara da beət etməlidir. Gəlin görək bunlara indi əməl olunurmu? Əgər məsciddə İslam dini düzgün izah olunsa, dövlətin dini icmalara qayğısı insanlara düzgün çatdırılsa gənclər polislə toqquşmaya gedərmi? Getməz. Məhəmməd Peyğəmbər (s.a.s.) hətta özü vəfat edəndə vəsiyyət edib ki, onun üçün saç yolmasınlar, özlərini həlak etməsinlər. Çünki burda bir həqiqət var ki, bir gün yaranan bir gün mütləq ölməlidir, insan əgər Allaha inanırsa, ibadət edirsə onda onun hüzuruna gedənlər üçün nə qədər kədərlənsək də özümüzü həlak etməyimiz Allaha da asi çıxmaqdır. Peyğəmbərin vəfatı heç bir müsəlman ölkəsində vay-şivənlə qeyd olunmur, olsa-olsa həmin günlərdə ehsan verilə, məscidlərdə mərsiyə oxuna bilər, amma küçəyə çıxıb hay-küy salmaq, polisin qanuni tələbinə məhəl qoymayıb qarşıdurmaya getmək heç bir müsəlmana yaraşan iş deyil. Fevralın 13-də dindarların polislə qarşıdurmasını əks etdirən videodan da aydın görünür ki, yürüşə icazə veriləndən sonra belə bir gənc arxadan sanki “gəl dalaşaq” niyyəti ilə polisə yaxınlaşır və bir neçə dəfə “bu günün sabahı var” deyir. Maraqlıdır sabah nə olacaq? İranın bəzi dairələri görəsən hələ də kimlərəsə “yaşıl inqilab”mı vəd edir? Həmin İran deyilmi Fələtin xalqına imkan vermir ki, öz taleyini özü bildiyi kimi müəyyən etsin?
Məncə xaricdən gələn mollaların məscidlərə yolu birdəfəlik bağlanmalı, onlara məscidlərdə çıxış etmək imkanı verilməməlidir. Bu işdə Qafqaz Müsəlmanları Ruhanı İdarəsinin də üzərinə böyük yük düşür. Bu idarədə də gənclərlə bağlı bir qurum yaradılsa və gənclərə dini biliklərin daha düzgün aşılanması üçün xüsusi işlər, layihələr həyata keçirilsə o zaman belə hadisələr də bir daha təkrarlanmaz. Amma hələ ki, bəzi din xadimlərimizin başı nəzir qutularına qarışıb və diqqəti həmin qutuları əldən buraxmamağa yönəldiblər. Bəzi mollaların fikri o qədər nəzir qutularının yanında olur ki, dediyi mərsiyəni də unudur. Məsələn dostlardan eşitdiyim bir əhvalat var. Deməli, bir dəfə Aşura mərasimində molla sinəsini vura-vura mərsiyə deyir, qadınlar da ağlaşandan sonra nəzir verirlərmiş. Mərsiyənin əsas məqamında molla görür ki, ön cərgədə outran qadınlar nəzirlərini versələr də, arxa cərgədəkilər nəzirlərini qabağa ötürməkdə çətinlik çəkirlər. Ona görə də, bir əli ilə sinəsini vura-vura deyir ki, “qabaxdan verən bajılar, imkan verin daldan verən bajılar da verə bilsinlər”…

Qoy olsun, kim nəzir verirsə versin, kim alırsa alsın, amma dini maarifçiliyi də diqqətdən qaçırmaq olmaz. İslam dinini elə təbliğ etmək lazımdır ki, din deyəndə insanların gözünün önünə nəzir qutusu, bir də yas mərasimi deyil, gözəllik, xeyirxahlıq, dövlətə, vətənə, qanunlara sədaqətli xidmət, əlsiz-ayaqsızlara əl tutmaq, imkansız gənclərin ailə qurmasına yardımçı olmaq, yetim-yesirə həyan durmaq və s. bu kimi savab əməllər gəlsin. Qoy o nəzir qutularına toplanan vəsaitdən hansısa yolun abadlaşmasına, hansısa kəndə su çəkilməsinə də müəyyən qədər sərf edilsin ki, Allah da razı olsun, bəndə də. “Xəzər” televiziyasında tez-tez donora ehtiyacı olan və imkansızlıqdan əməlliyat oluna bilməyən xəstələri göstərirlər, hansısa din xadimi elə bir xəstəyə lazım olan məbləğdə maddi yardım etsə bundan gözəl dini maarifçilik, bundan böyük savab əməl ola bilərmi? Həm də sədəqə ilə zəngin olub xalqı unutmağın o dünyada da bədəli ağır olur deyirlər.
Bilirəm ki, bu yazını yazmaqla kimlərinsə qəzəbinə tuş gələ bilərəm, yeni qınaq və təhdid dolu mesajlar alacam, amma heç nə həqiqəti və düşündüyümü yazmaqdan məni çəkindirə bilməz. Heç nə!..

Xanlar Xoca

Comments: (0)

Bu günlərin daha çox müzakirə olunan mövzusu bəlkə də enerji böhranından çox qəfil enerji kəsilməsi zamanı metropoliten rəisi Tağı Əhmədovun jurnalistlərə verdiyi açıqlamalar oldu. Həmin açıqlamaların yer aldığı kadrları təkrar-təkrar izlədim və bəzi jurnalistlərin məhz sual vermək xatirinə sual verdiyinə bir daha əmin oldum. Bəli Azərbaycanda hələ də peşəkar jurnalistika formalaşmayıb, bəzi qəzet baş redaktorları məhz daha az maaş və ya qonorar vermək xatirinə redaksiyalara müxtəlif ali məktəblərin tələbələrini, işsizləri, ən müxtəlif peşə sahiblərini yığırlar ki, nəticədə bu günki vəziyyət yaranıb. Bəzən jurnalistlər ya sifarişli, ya sadəcə kameralara düşmək, ya da müsahibini sinirləndirib hövsələdən çıxarmaq və beləliklə də özünə lazım olan skandal vəziyyətini yaratmaq, sonra da bundan sitifadə edib məşhurlaşmaq məqsədi daşıyan suallar verirlər ki, sonunda acı cavab alırlar. Ona görə də bəzi baş redaktorlar özlərini daha da gülünc vəziyyətə salmamaq üçün kimin hara, hansı suallarla göndərildiyinə diqqət etməlidirlər. Bütün bunlar öz yerində, qayıdaq məlum dartışma mövzusuna.
Enerji kəsilibsə təbii ki, metro dayanmalıdır, dayanıbsa əlbəttə ki, metronun qapıları müvəqqəti bağlanmalıdır, bunu hamı bilirsə daha “Tağı müəllim, metro niyə bağlıdır” sualının yeri varmı? Və yaxud əgər metroda xəsarət alan olubsa belə, baxmayaraq ki, bu şayiədən başqa bir şey deyildi, bu barədə məlumatı Tağı Əhmədovdan deyil ya Səhiyyə Nazirliyinin, ya da Daxili İşlər Nazirliyinin, yaxud da FHN-in mətbuat xidmətindən almaq lazım idi.

“Metroda nə qədər adam qalmışdı” sualı lap gülməlidir. Heç olmasa enerji verilməsi bərpa olunandan sonra bəlkə də dəqiq bilmək olardı ki, metroda həmin anlarda nə qədər adam olub. İşıq sönüb, texnika dayanıb hardan bilmək olar ki, dəqiq nə qədər adam qalıb tuneldə və ya stansiyalarda. Lap fərz edək ki, 100 nəfər qalıbmış, bu yalnız xilasedicilərə aid olan bir məsələdir, bunu ictimaiyyətin bilməyinin nə önəmi varmış məlum deyil. Həmin anda T. Əhmədovun yerində həmin jurnalistlərdən hansi birisi olsaydı daha ağır cavab verərdi bəlkə də. Çünki bizim əksər jurnalistlər yazıçıya yazdığı kitabın məzmunundan, obrazlardan deyil, kitabın neçə səhifədən ibarət olmasından, rəssama çəkdiyi tabloda hansı fikri çatdırmağa çalışmasından deyil, çərçivənin neçəyə başa gəlməsindən, bəstəkara sevdiyi xörəkdən, şairə neçə saat yatmasından sual verməyi sevirlər. Çünki tam əksəriyyət jurnalistikaya təsadüfən, hətta deyərdim ki, desant kimi düşüb. Bu jurnalistikada məktəbli də gördük, kriminal xəbərdə zorlanma sözü əvəzinə hadisəni ən xırda elementinə qədər təsvir edən birini də, prezident sözünü rezident sözündən fərqləndirə bilməyəcək qədər savadsızı da, xanım əməkdaşı ilə eşq yaşayıb ailəsində söz-söhbətə bais olanı da... Bir çoxları sonradan millət vəkili, məmur olan, ya da anidən zənginləşən həmkarlarını görüb hələ də jurnalistikaya tramplin kimi baxır, özünü ya müstəntiq, ya da siyasətçi kimi aparır. Verdikləri suallar da elə o məqsədə hesablanmış olur. İnsafla desək belələri əksər hallarda məqsədinə də çatır və bir də görürsən ki, həmişə maaşının azlığından şikayətlənən telejurnalist budur şəhərin mərkəzində nəhəng bir ticarət mərkəzi açdı. Deməli, bu adama ya nənəsindən miras qalıb, ya da müğənnilər kimi özünə yağlı “sponsor” tapıb. Ikinci daha ağlabatandır. Bəzi jurnalistlər isə sual verəndə hansısa partiya liderindən fərqlənmir və dərhal məlum olur ki, adam hansı firqəni təmsil edir. Sonra da elə həmin adamların ən sevimli mövzusu vicdanlı və tərəfsiz informasiya yayımı, bir də söz azadlığı olur.
Mərhum Prezidentimiz Heydər Əliyev jurnalistlər üçün brifinq keçirərkən o birifinqlərdə bəzən nə qədər mənasız suallar verilirdi hamı yaxşı bilir. Hətta kimin mikrofonu və ya diktofonu daha öndə olacaq deyə bir-birini dümsükləməkdən belə qalmayan bəzi jurnalistlərin həmkarının sualını təkrar etməsi halları da olurdu. Ən acınacaqlı hal isə bu idi ki, prezidentə sual verən jurnalistlər sonra özlərini az qala nazir kimi aparırdılar. Bu baAxımdan Prezident İlham Əliyevin səfərləri və görüşləri barədə məlumatların mətbuat xidməti vasitəsilə yayılması daha gözəldiAr, ən azı özünü göyün yeddinci qatında hiss edənlərimiz bir qədər azalıb. Amma indi nazirlik və komitələrin birinci şəxləri birfinq keçirəndə eyni vəziyyət yaranır, yenə mənasız suallar, yenə kimin mikrofonu daha çox görünəcək və kim diqqəti daha çox cəlb edəcək mübarizəsi başlayır. Mənasız və əhəmiyyətsiz suallar da öz yerində. Nə qədər ki, jurnalistika bu kökdədir, bir gün hansısa jurnalistin mövzudan kənara çıxıb hansısa məmura “Sizin neçə uşağınız var” sualını ünvanladığını eşitsəm heç təəccüblənmərəm.


Xanlar Xoca



“Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları həmkarlarımız Aqil Aslan, Nicat Rüstəmov, Xanlar Xoca və Anar Tağıyevdir.

Aqil Aslan, «Ekspress» qəzetinin əməkdaşı

«Ə kişi, məni niyə öldürmüsünüz?»


- 2005-ci ilin avqust ayı idi. «Ekspress»in məşhur kriminal müxbiri Elman Malıyev 3 gün idi redaksiyaya gəlmirdi. Onun mobil telefonu da yox idi ki, zəng edib hal-əhval tuta bilək. Yaşadığı ünvanı da bilmirdik. Səhər tezdən redaksiyada elə bu barədə danışırdıq ki, həmkarımız İlham Tumas təklif etdi ki, gəlin Elmanı «öldürək», yəni redaksiyaya gələn əməkdaşlarımıza onun öldürüldüyünü deyib hamını inandıraq. İlham tez kompüterdə Elmanın şəkilini tapıb çapa verdi və həmin şəkili qara fonda divardan asdıq. Elmanın stolunun üstünə onun əşayalarını və sonuncu dəfə qəzetdə çıxan məqalələrini kəsib düzdük. Hətta mən bir bloknot tapıb üstünə «Xatirə kitabı» yazıb onun stolunun üstünə qoydum ki, gəlib-gedənlər Elman haqqında ürək sözlərini yazsınlar. Həmin kitabı indiyə qədər saxlamışıq. İnandırıcı görünsün deyə Qalib İbrahimoğlu, İlham Tumas, Elçin Alıoğlu və Ələkbər Raufoğlu «Xatirə kitabı»na öz fikirlərini yazdılar. Baş redaktorumuz Qəzənfər Baramov içəri girib Elmanın şəkilini divarda görəndə ona Elmanla bağlı zarafat etdiyimizi dedik. Və xahiş etdik ki, uşaqlar soruşsa, o, da Elmanın güllələndiyini desin.
İlk tora düşən mədəniyyət müxbirimiz İltifat oldu. Əvvəl bizə inanmadı. Dedik inanmırsan, get Qəzənfər müəllimdən soruş. O, baş redaktorın otağına girib-çıxandan sonra Elmanın ölümünə inandı. Hələ «Xatirə kitabı»na da ürək sözlərini yazdı. Bundan sonra bizi gülmək tutduğu üçün İltifat məsələnin nə yerdə olduğunu bildi. Beləcə biz redakisyaya gələn bir neçə əməkdaşımızı aldada bildik.
Mədəniyyət müxbirimiz Ulduzə Qaraqızı da Elmanın ölümünə inananlardan biri oldu. Onun «Xatirə kitabı»na yazdıqlarından bir hissəsini qeyd edə bilərəm: «…Sənin ölümünlə barışmaq erməni qonşularımızla yenidən bir süfrə başında oturub duz-çörək kəsmək deməkdir. Əsla… Ölüm səni bizdən ala bilər, ruhən yox… Ala gözlərinə mən bacın heyran Elman, ipək saçlarına quzu kəsim ay Elman, gorun çatlasın ay Elman, bizi qoyub hara getdin».
O, ürək sözlərini yazandan sonra zarafat etdiyimizi dedik…

Hamımız kriminal şöbənin müxbiri, Elmanın rəqibi Namiq Məmmədlini gözləyirdik. Onunla Elmanın «mehriban düşmən» olduğunu bilirdik. Odur ki, Namiqin hansı reaksiya verəcəyi hamımız üçün maraqlı idi. Nəhayət Namiq axşam saatlarında redaksiyaya gəldi. Ona Elmanın kriminal ünsürlər tərəfindən güllələndiyini dedik. Elmanın böyüdülmüş şəkilini, stolunun üstündəki əşyaları, hətta yanan şamı görən Namiq iş yoldaşının ölmününə inanıb «Allah rəhmət eləsin» dedi. Biz isə gülməkdən özümüzü zorla saxlayırdıq. Elmanın ölümünü soyuqqanlıqla qarşılayan Namiq «Xatirə kitabı»nı da yazdı: «Ölümünü qəflətən eşitdik. Hələ də buna inana bilmirəm. Elə gün olmazdı ki, Elman, sənin səsin-küyün redaksiyadan gəlməsin. 42 yaş nədir ki, sənin üçün. Sənin ölümün bu cür, belə tez olmamalı idi. Buna baxmayaraq sən həmişə bizim qəlbimizdə yaşayacaqsan,. Həmişə səni bir iş yoldaşı kimi xatırlayacağıq. Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun! Namiq Məmmədli».

Namiqin inandığını görən Ulduzə isə siyahı tutdu ki, guya Elmanın «yas»ına pul yığırıq. Hamımızın adını əvvəlcədən siyahıya yazmışdı ki, guya artıq biz pulu vermişik. Ulduzə Namiqdən o vaxtın pulu ilə 5 «şirvan» istəyəndə Namiq bu qədər pula gücü çatmadığını dedi: «Vallah “5 şirvan” çoxdu. Mən 2 şirvan verirəm». Nə isə Namiq “5 şirvan” verməkdən imtina elədi. Tez-tez bizim otağa girən İlham Tumas və Qalib İbrahimoğlu isə Namiqə «Elmanın səhifəsini sən doldurarsan, Namiq» deyirdilər. Namiq isə Elmanın ölümünə sevinirmiş kimi İlhamla Qalibin sözlərinə gülümsəyərək razılığını ifadə edirdi.

Aradan bir-iki saat keçəndən sonra Elman Malıyev gözləmədiyimiz halda qəflətən içəri girdi və qapının ağzında Namiqlə üz-üzə gəldi. Elmanı qarşısında görən Namiq isə diksinib «bismillah» deyib dalınca da «əəə, sən hardan xortladın?» qışqıraraq geri çəkildi. Biz hamımız qəhqəhə çəkib gülümsədiyimiz zaman Namiqin ürəyi getmişdi. Üz-gözünə su vurduqdan sonra Namiq birtəhər özünə gələ bildi…

Elman isə zarafatımızdan heç incimədi. Sadəcə «Ə kişi, məni niyə öldürmüsünüz?» deyib «Xatirə kitabı»nı oxmağa başladı.

«Babəki Amalya kişi eləyib»

- 2009-cu il dekabrın 28-də ATV-nin «El içində» verilişində türkçülüyə qarşı «səlib yürüşü»nə çıxmışdılar. Millət vəkili Fazil Mustafa da verilişdə anti-türkçü cəbhəsində vuruşanlar sırasında idi. Fazil bəy verilişdə ərəb istilasına qarşı döyüşmüş Azərbaycanın qəhrəman sərkərdəsi Babəki də hədəfə götürmüşdü. Səhərisi gün Milli Məclisin payız sessiyasının sonuncu iclası idi. İclas başlamazdan əvvəl foyedə Fazil Mustafa ilə söhbət edirdim. Bu zaman Pənah Hüseynlə Zahid Oruc bizə yaxınlaşdılar və «El içində»ki anti-türkçü mövqeyinə görə Fazil bəyi asıb-kəsməyə başladılar.
Həmin anda ATV-nin müxbiri Bəxtiyar Səlimov Fazil bəyi müsahibəyə çağırdığı üçün o, bizdən uzaqlaşmalı oldu. Zahid Oruc isə əsəblərini cilovlaya bilmirdi: «Ayə, bu Fazil deyildi indiyə qədər türkçülükdən danışan. Nooldu buna birdən-birə mövqeyini dəyişdi. Seymur Baycan deyir ki, türklər Azərbaycana dönərdən başqa heç nə gətirmədilər. Fazil ona cavab verə bilmirdi ki, Türkiyə Azərbaycanda bu qədər türk liseyi açıb, yüksək təhsil verib? Ayə, Fazil indiyə qədər türkçülükdən neçə kitab yazıb, hələ kitablarını mənə də verib oxumağa. Bundan türkçü olmaz. Verdiyi kitabları gətirib qaytaracam özünə».

Fazil bəyə mənim də etirazım var idi. Odur ki, bir azdan ona yaxınlaşıb «Ay Fazil bəy, axı Babək böyuk sərkərdə olub, onunla nə işin var» dedim. Fazil bəy də gülümsəyərək belə cavab verdi: «Babək yaxşı oğlan deyil, onu Amalya kişi eləyib».
Fazil bəy bununla «Babək» filmində Babəkin arvadı Zərnisə rolunu oynayan aktirisa Amalya Pənahovanı nəzərdə tuturdu.

Nardaranlının adını püşk atmaqla müəyyənləşdirdik

- Ötən bələdiyyə seçkilərindən əvvəl «Bakı kəndlərində bələdiyyə seçkilərinini vəziyyəti» mövzusunda bir tədbir keçirilmişdi. Redaktorumuz APA və «Turan»ın informasiyalarını əməkdaşımız Aqil Camala verib tapşırmışdı ki, həmin tədbirdən xəbər hazırlasın. Adaşım da baxıb gördü ki, tədbirdə çıxış edən Nardaran sakininin adını APA Əzizağa Talıbzadə kimi, «Turan» isə Əbdüləli Talıbzadə kimi təqdim edib. Yəni soyadlar eyni olsa da, adlar fərqli idi. Adaşım məndən soruşdu ki, bəs görəsən bu nardaranlının adını necə yazım, biri belə yazıb, o biri elə. Mən də dedim ki, «Ə.Talıbzadə kimi yaz, vəssalam. Yəni nə şiş yansın, nə kabab”.

Aqil Camal isə dedi ki, gərək adı tam yazsın. Bir az fikirləşdikdən sonra adaşım orijinal təklif verdi ki, gəl püşk ataq, kimin adı çıxsa onun da adını yazarıq. Beləliklə, bir kağız parçasına «Əbdüləli», birinə də «Əzizağa» yazıb düyünləyib püşk atdıq. Açdığımız kağızdan isə «Əbdüləli» çıxdı. Adaşım da nardaranlını elə Əbdüləli Talıbzadə kimi yazdı. Amma səhərisi günü
nardaranlıdan etiraz gəlmədi. Görünür, püşkümüz düz çıxıbmış.

Xanlar Xoca, müstəqil jurnalist

Redaksiyada mürgüləmə

- "Çayçı Məmməd" kimi tanınan, özümə ustad bildiyim mərhum jurnalist Məmməd Nazimoğlu "Mentalitet" qəzetini nəşr etdirəndə mən də onun yanında müxbir işləyirdim. Bir gün çox yorğun olduğumdan necə oldusa, elə divanda oturan yerdə yuxu məni tutmuşdu. Mən oyananda isə redaksiyada heç kim yox idi. Əvvəlcə qaranlıqda gözlərimi açanda nə baş verdiyini anlamadım. Amma sonra yavaş-yavaş ağlım başıma gələndən sonra vəziyyəti anladım. İşçilər məni yatmış görüb, oyandırmadan qapını çöldən bağlayıb getmişdilər.
Səhər tezdən rəhmətlik Məmməd müəllim gəlib qapını açanda məni içəridə görüb çox təəccübləndi, sonra isə narahat olmağa başladı ki, bəs gecəni bu soyuqda necə keçirmisən. Sonralar bu hadisəni tez-tez yada salıb gülərdik.

"Kəfənli aksiya"

- “525-ci qəzet"də repotyor işləyirdim. O vaxtlar da mərhum Əşrəf Mehdiyev tez-tez "kəfənli aksiyalar" təşkil edirdi, belə aksiyalar isə mənim heç xoşuma gəlmirdi. Bəxtimdən də bir dəfə necə oldusa, onun aksiyasını işıqlandırmaq üçün məni göndərdilər. Aksiyada hansı şüarlar səsləndiriləcəyini təxmin etdiyim üçün mitinqə getmədim, fikirləşdim ki, onsuz da polis Əşrıf Mehdiyevə aksiya keçirməyə imkan verməyəcək. Bir az şəhəri gəzdikdən sonra redaksiyaya qayıdıb aksiyanın baş tutmadığını bildirdim. Amma axşam "Turan" agentliyi aksiyadan xəbər göndərəndə redaktorlar tərəfindən danlandım.

Nicat Rüsəmov, Ədalət qəzetinin keçmış əməkdaşı

Elbrusun qışqırması


- Milli Məclisin iclas günü idi. Parlament müxbirləri foyedə iclasın başlanmasını gözləyirdilər. APA-nın müxbiri Elbrus Seyfullayev jurnalistlərə bildirdi ki, Həcc ziyarətinə getməyə hazırlaşır. Bunun üçün ona Qafqaz Müsəlmanları İdarəsi kömək etməli idi.
Məclisin iclası başlamışdı və jurnalistlər lojadan iclası müşahidə edirdilər. Mən foyenin ikincə mərtəbəsindən gizli nömrə ilə Ebrusa zəng etdim. Deim ki, “səni Qafqaz Müsəlmanları İdarəsindən Hacı İsrafil narahat edir”. Elbrus mənlə çox nəvazişlə danışdı. Şeyx Həzrətlərinə salamını çatdırmağımı xahiş etdi.
Mən də dedim ki, “gərək üzürlü hesab edəsən, sən bu il ziyarətə gedə bilməyəcəksən. Elə buna görə səni narahat edirdim”.

Bir də gördüm Elbrus qışqıra-qışqıra lojadan foyeyə çıxdı. Başladı o tərəf-bi tərəfə qaçmağa. Qışqıra-qışqıra deyirdi ki, “hacı axı niyə gedə bilmərəm ki? Bəs, mən bütün işlərimi Həcc səfərinə görə planlaşdırmışam!!”. Elbrus danışa-danışa düz gəlib mənimlə üzbəüz dayandı. Ona cavab verə bilmədim, eləcə telefonu qulağımda saxlamışdım, amma özümü gülməkdən saxlaya bilmədim. Bunu görən Elbrus məni söyə-söyə lojaya qayıtdı.

Milli Məclisdə “oğurluq”

- Jurnalist Real Cəfərli “Xalq Cəbhəsi” qəzetindən Milli Məclisə gəldiyi ilk gün idi. Necə oldusa, jurnalistlərin otağında o, daiktafonun qapağını itirdi. Nabələd adam ola, nəsə itirə. Bir-bir hamıdan soruşdu. Firudin Qədiroğlu ondan soruşdu ki, axırıncı dəfə diktafonu kimin yanında olub, Real da cavab verdi ki, “İki sahil”in müxbiri Elçin Namazovun. Firudin necə etdisə, bir də gördük Real Elçinin üstünü kəsdirib ki, oğurladığı qapağı qaytarsın. Nəsə, Realla Elçin davaya çıxdılar. Bir nəticə əldə etməyən Real yenidən Firudunun yanına qayıtdı. Firudin da dedi ki, “get onun çantasını yoxla, o, belə işlərlə məşğuldur”.
Real elə də etdi. Elçin qışqıra-qışqıra çantasını açdı. Doğrudan da Realın diktafonun itən qapağı onun dəftərinin arasından tapıldı. Bildik ki, bu təsadüfən belə olub. Real qışqırdı ki, bəs oğrunu tapıb. Elçin isə bərk dilxor olmuşdu. Belə əhvalla biz lojaya qalxdıq. Elçinlə Real aralı otursalar da arabir düşməncəsinə baxışırdılar. Gülməkdən bizdə can qalmamışdı. Axırda Elçin dözə bilməyib Reala hücum çəkdi. Onları güclə araladıq. Elçin Realı lojadan iclas zalına atmaq istəyirdi. Elçinin bir cümləsi yaddan çıxmaz: “Ayə, sən kimsən ki, məni oğurluq etməkdə suçlayırsan...”.

Soradan bu məzhəkənin “Fedya” (Firudin) tərəfindən hazırlandığını bildik.

Kamilin araq içməyi

- İctimai Televiziyada işləyən həmkarımız Mais Piriyevin toyuna getmişdik. “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu da aramızda idi. Kamil Elşad Eyvazlı ilə üzbəüz oturmuşdu. Bilirdi ki, yenə onunla bağlı bir komediya çıxarılacaq. Ona görə də Elşaddan gözünü çəkmirdi. Məclisin şirin alınması üçün ofsianta 1 “şirvan” verdim, dedim Kamil üçün gətirilən su şüşəsinə araq doldursun. Kamilin də indiyəcən dilinə spirtli içki dəyməyib. Ofsiant dediyim kimi elədi. Bilirdim ki, nə olsa, Kamil Elşaddan şübhələnəcək. Kamillə Elşad üzbəüz oturub söhbət edirdilər. Birdən Kamil özünə “su” süzdü, sonrada stəkanı burnəfəsə
başına çəkdi... Aləm qarışdı. Kamil Elşadın üstünü kəsdirdi ki, “bunu sən etmisən”. Elşad nə qədər and içsə də Kamil ona
inanmadı ki, inanmadı.

Anar Tağıyev «Azərbaycan» qəzetinin müxbiri

Nemət Pənahlının adaşı

- Jurnalist fəaliyyətimlə əlaqədar qarşılaşdığım ilk maraqlı hadisə 1997-ci ildə baş verib. Həmin ilin noyabrında o zaman əməkdaşı olduğum «Üz-üzə» qəzetində mənə Milli dirçəliş günü ilə bağlı Nemət Pənahlıdan müsahibə almağı tapşırmışdılar. Nemət Pənahlının əlaqə telefonunu əldə edib ona zəng vurdum. Lakin o, mənimlə görüşməyi 3-4 gün yubatdı. Nəhayət noyabrın 16-da məni Müstəqil Azərbaycan Partiyasının qərargahına dəvət etdi. Nemət Pənahlı ilə vədləşdiyim vaxt partiyanın qərargahına getdim. Amma burada qarşıma çıxan Nemət Pənahlı adlı şəxsin tamam başqa bir adam olduğunu gördükdə xeyli təəccübləndim. «Mənim adım Nemət Pənahlıdır» deyə müsahibim özünü təqdim edərək söhbətə başlamaq istədikdə ondan üzrxahlıq edib yanlışlığa yol verdiyimi bildirdim. Müsahibim də hazırcavab adam idi. «Bilirdim ki, siz mənim adaşım olan digər Nemət Pənahlını axtarırsınız. Neynəmək olar? Adımız da soyadımız da eynidir» deyib özünü o yerə qoymadı.


"Heyf o çıxışdan...”

- 2006-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının sədr müavini Zaur Adıgözəlovla görüşüb ondan o vaxt çalışdığım «Həftə içi» qəzeti üçün müsahibə almalıydım. Sədr müavini ilə görüşdüm, tanışlıqdan sonra diktofonumu hazırlayıb müsahibəyə başladıq. Zaur Adıgözəlov Azərbaycan gənclərinin dünya miqyasındakı uğurlarından, habelə gənclərlə bağlı Bakıda keçiriləcək konfransa hazırlıqdan danışır, mən isə arabir ona mövzu ilə bağlı öz suallarımı verirdim. Müsahibə başa çatdıqdan sonra görüşüb ayrılmaq istədim. Diktofonu masanın üzərindən götürəndə məlum oldu ki, o, heç nə yazmayıb. Pərt halda üzrxahlıq etdim. Müsahibim mənim narahat olduğumu görüb “fikirlərimi yenidən təkrarlayaram» dedi və yeni çıxışa başladı. Nəhayət müsahibə başa çatdı. Mən Zaur Adıgözəlovla görüşüb otaqdan çıxanda eşitdim ki, müsahibim astaca öz-özünə deyir: «Heyif bayaqkı çıxışımdan. İndiyə qədər hələ heç yerdə belə danışmamışdım».



Hazırladı Günay Musayeva

http://modern.az/articles/2700/1/