| Xəbər oğruları |
Mikayıl Müşfiq
Yəqin ki, bir çox xarici telekanallarda səhər tezdən qəzet manşetlərinin təqdimatını görmüsünüz. Azərbaycanda da belə bir ənənə var, amma eybəcər formada. Ya ancaq rəsmi qəzetlərin xəbərlərini oxuyurlar, ya da kim pul verirsə onun. Başqa variant yoxdur. Amma bu o demək deyil ki, pul verməyənin qəzetini oxumur, onun xəbərlərindən istifadə etmirlər. Hər gün hamının gözü önündə hansısa qəzetlərdən maraqlı məlumatlar kəsilərək götürülür və tamaşaçılara oxunur. Bu həmin mənasız verilişin qlobal düşünmək imkanından məhrum olan daimi tamaşaçısının maarifləndirilməsi, qəzetin nə olduğunu öyrənməsi baxımından əslində yaxşı haldır. Amma nəzərə alanda ki, həmin maraqlı məlumatları kimsə əziyyət çəkib axtarıb tapıb, tərcümə edib, bir başqası redaktə edib, o biri onu səhifəyə qoyub və s. onda bu yaxşılıq puç olub gedir. Deyən lazımdir ki, ay “jurnalist”, istəmirsən qəzetin adını çəkəsən, o zaman özün zəhmət çək, xarici internet saytlarında maraqlı məlumat axtar tap da, başqasının əməyinin məhsulunu niyə istinad etmədən oxuyub oğurluqla məşğul olursan? Məsələn, mən qəzetin dizaynından təxmini bilirəm ki, bu “Yeni Müsavat”a daha çox oxşayır, amma başqası bəlkə də bilmir . Əgər oxuduğun qəzetin adını deməyə çətinlik çəkirsənsə xəbər oğrususan. Elə isə onda obyektiv və tərəfsiz olmaqdan danışmaq, hansısa icra başçısının adını çəkib özünü cəsarətli biri kimi zorla xalqa sırımaq lazım deyil. Yaxşı bilirik ki, hansı telekanal rəhbəri bahalı ərazilərdə torpaq almaq istəyəndə və maneə ilə üzləşəndə icra başçıları tənqid hədəfinə çevrilir, qalan hallarda onlar yüzilliyin adamı da elan oluna bilər, problem deyil.
Bəli,xəbəri istifadə edib,sahibinin, müəllifinin adını çəkməməyin adı oğurluqdur, həm də hamının qarşısında göz görə-görə oğurluq. Deyilənə görə, o veriliş son aylarını yaşayır, gələn mövsümdən efirə buraxılmayacaq, amma bu o demək deyil ki, belə oğurluq hallarına son qoyulacaq. Xeyr. Estafeti davam etdirənlər çoxdur. Az qala hər gün bir informasiya agentliyi, xəbər saytı yaranır, çoxu da xəbərləri, müsahibələri başqasından köçürüb, utanıb qızarmadan altına öz imzasını qoyur. Sonra da özünə haqq qazandırır, “filankəs həmin açıqlamanı verəndə mən də onun yaxınlığından keçirdim eşitdim” deyir. Bundan böyük həyasızlıq olmaz. Belə halları görəndə heyrətdən adamın damarda qanı donur. Nə qədər insanlıqdan uzaq olmaq lazımdır ki, başqa saytın, yaxud agentliyin yazısını öz imzanla verib hələ özünə haqq da qazandırsan, “məni ifşa etməyin”, “axı biz həmkarıq” deyəsən. Əcəba jurnalist ancaq jurnalist olmayanlardanmı yazmalıdır görəsən? Bəs jurnalistikadakı çirkabları kim üzə çıxarmalıdır, kosmonavtlar?
Ən pisi odur ki, bəzi jurnalistlər səviyyəsiz müğənnilərlə o qədər yoldaşlıq edib, müxtəlif pozalarda şəkillərini çəkiblər ki, nə səviyyəsizlik, nə də əxlaqsılıq baxımından onlardan geri qalmırlar. Məsələn, bir də görürsən ki, biri xəbəri ustalıqla oğurlayıb və yazıb ki, “yerli saytlardan birinin verdiyi xəbərə görə”. Bu elə əsl oğru variantıdır. Heç bir oğru axtarılan əşya əlində, ya da evində tutulanda hardan oğurladığını demir, deyir ki, yoldan tapdım, ya da tanımadığım birindən aldım. Eyni varıantdr. O yerli saytın xəbərini oğurlamaq olar, amma istinad etmək olmaz? Niyə sənin oğurluğunu mən üzə çıxarmalıyam və ondan sonra haqq öz yerini tapmalıdır, elə əvvəldən oğurluq etmə də. Sən əgər o yerli saytın xəbərinə ehtiyac duyursansa onda onun adını çəkməkdə sənə imkan verməyən ya qısqanclıqdır, ya da paxıllıq. Bəlkə isti otaqda oturub onun-bunun xəbərinin altına imza qoymaq, piratlıq eləmək daha asandır? Belə müxbirləri redaksiyada heç bir dəqiqə də saxlamaq olmaz, amma görünür bəzi sayt və agentliklərin belələrinə ehtiyacı var ki, ondan-bundan xəbər oğurlasın, yaxud da bu ola bilsin ki, bəzi baş redaktorların savadsızlığından irəli gəlir. Ona görə də, bir material müəyyən müddətdən sonra başqa saytda başqa imza ilə peyda olur.
Cəmiyyəti düzəltmək üçün ilk növbədə onun mətbuatını və televiziyasını təsadüfi adamlardan, bəzi əxlaqsız müğənniləri xalqa namus mücəssəməsi kimi təqdim edən tolikləşmiş şamtutan müxbirlərdən təmizləmək lazımdır. Ondan sonra efirdə də, səhnədə də əxlaqsızlar deyil, əsl sənətkarlar daha çox yer alacaq.
Xanlar Xoca

Onun seçimi ilə məclisi «Qala» qrupu idarə edib. Qrup həm aparıcılıq edib, həm də mahnılarını səsləndirib. Məclisi maraqlı edən məqamlardan biri Fərda ilə eyni telekanalda çalışan tele-aparıcılar İlkin Həsəni və Samirin çıxışları olub.

