Bəzən yaşlı adamlardan soruşanda ki, filan hadisə nə vaxt oldu, deyirlər ağaclar çiçək açanda, yaxud kəndi sel basanda. Yəni bu milli xronoloji metodlardan biridir. İndi bu üsuldan istifadə edərək deyim ki, diaspora naziri Nazim İbrahimov hələ Ukraynada səfir olan illərdə qəzetlərdən birində hansısa telekanal rəhbərinin xanım əməkdaşlara romantik təkliflərindən o qədər yazıldı ki, axırda səhv etmirəmsə qəzetlə telekanal məhkəmədə üz-üzə gələsi oldular. Nəsə axırı xeyir oldu. Ümumi dil tapa bildilər və o mövzuya bir daha qayıdan olmadı, qəzet də yönünü dəyişdi. İndi bu günlərdə qəzetdə maraqlı bir yazı oxudum. Sən demə, ANS-in “Günə baxan” verilişinin aparıcısı Turan İbrahimov artıq şoumen deyil, jurnalist imiş. Bəli, bəli. Düz oxudunuz. Məlum yazıda bizdən sitat gətirilməsə də biz həmin yazıdan sitat gətirəcəyik, çünki çox maraqlıdır. Deməli belə: “Bu günlərdə qəzetlərdən birində televiziya verilişləri haqqında məqalə oxudum. Sitat gətirmək fikrim yoxdur. Amma yazı yalnız bir ovqat üzərində qurulmuşdu: hər şey pisdi!!! Vəssalam. Ola bilər ki, nələrsə pisdir. Amma bu, hələ hər şey deyil.” Düzdür. Bu hələ hər şey deyil!
Əvvəla onu qeyd edim ki, mən yazılarımı ancaq Qaynar.info üçün yazıram, teleproqramların tənqidinə həsr olunmuş “Dəqiq,vicdanlı və qərəzsiz” adlı yazımı isə yeni fəaliyyətə başlayan qəzetlərdən biri elə ilk nömrəsində yəqin mövzuya böyük maraq olduğunu hiss etdiyi üçün bütöv bir səhifədə yerləşdirmişdi və bundan yalnız başqaları oxuyub mənə bildirəndən sonra xəbər tutmuşdum. Qonorar cəhənnəm, heç olmasa yazını səhifəyə qoyandan sonra gərək xəbər verəydilər. Həmin yazımda yaxşı verilişlər haqqında da yazılmışdı, məsələn “Ağıl dəryası” və onun aparıcısı haqqında. Yəni biz hər şey pisdir yox, bir çox şeylər pisdir və düzəldilsə tamaşaçıya “kanalı dəyişməyin”, “diqqətiniz bizdə olsun”, “bizi qaçırmayın” deməyə ehtiyac olmayacaq deyirik. İndi isə keçək Turanın jurnalistliyinə. Bəli, əgər “vozvrat”ı satışından çox olan kağız parçası qəzet adlanırsa, kifayət qədər tamaşaçı auditoriyası olan Turan niyə jurnalist olmasın ki? Turan jurnalistdir, həm də yaxşısından. Hətta düşünürəm ki, onu gələcəkdə Mətbuat Şurasının İdarə Heyətinə üzv seçib, sonra sədrliyə də gətirmək olar. Niyə də yox? Hə bu məşhur sual lap yerinə düşdü: “Niyə də yox?” “Xəzər” tv-nin aparıcısı Səxavət Nur bu sualı lap dillər əzbəri edib və müəlliflik hüququ da ona məxsusdur, ona görə də sualı verib müəllifin adını çəkməmək, istinad etməmək qanunla qadağandır. Hə, başına döndüyüm Səxavət elə ki, ATV-nin görücü Zirəddin sayəsində reytinq cədvəlində sürətlə irəlilədiyini görüb təcrübədən yararlanmaq qərarına gəlib. Amma özünəməxsus şəkildə. Bu barədə görün dəyərli oxucu mənə nə yazır:”Bir verilişə baxırdım, elə əsəbləşmişəm ki, bunu sizinlə bölüşüm dedim, bəlkə bir az sakitləşdim. “Xəzər”də Səxavətin apardığı “Niyə də yox” verilişindən danışıram. Təsəvvür edirsiz insanları bu qədər ələ salmaq nə deməkdir? Kim verib bunlara bu ixtiyarı? Bir həftədir anons verir ki,bəs filan baxıcı belə dedi, belə gəldi-belə getdi. Düzü mən verilişə baxmaq həvəsində deyildim. Təsadufən evdəkilər bu proqramı izlədilər. Və orda olan qara-qara söhbətlərdən mənfi enerji ilə yükləndiyimi görüb yan otağa keçdim. Amma evimiz o qədər də böyük olmadığından televizorun səsi gəlirdi. Evdəkilər də maraqla oturub bu “verilişi” və ordaki məsələnin sonunu gözləyirdilər. Mən də məcburən bu səsi dinləməli oldum. Və bu qədər ağır, mənfi enerji ilə yüklənmiş dinləmələrdən sonra cin-şeytandan danışanın sonda aktrisa çıxmagı məni lap cin atına mindirdi.Bir tamaşaçı olaraq bu dərəcədə aldadıldıgımı və bütün ətrafımın, olduğu kimi desəm, ələ salındıgını görüb necə əsəbiləşməyəsən? Vallah mənim o Səxavətə ciddi insan kimi hörmətim var idi. Amma reytinq xatirinə 9 milyon camaatı ələ salmaq vallah biabirçılıqdır. Guya bu özünü xoş məramlı bilib, hansısa falçını reklam eləməyib, aktrisa çagırmagı üstün tutub.Çünki baxıcılar fırıldaqçılardı.Bəs camaatı reytinq xatirinə belə aldatmağın adı nədir? Ondansa əsl baxıcı çağırardı. Təsəvvür edin. Bir saat yarım verilişi dinləyib mənfi enerji ilə yüklənirsən, sonda da üstəlik aldadıldığını görüb ondan betər əsəb keçirirsən. Belə özbaşınalıq olar? İnanırsınız həyət qonşularım da məni görüb "Görürsən necə ələ saldılar axşamın bu vaxtı bizi" deyə eyni əsəbi yaşadıqlarını göstərdilər.”
Düzü mən sevimli oxucumla tam razı deyiləm. Axı Səxavət BBC və ya CNN-də, həm də dünya şöhrətli aparıcı deyil ki, onu 9 milyon izləsin. Azərbaycan telekanallarının ən baxımlı dövrü 1993-cü ilin iyun-iyul ayları olub. Çünki həmin dövrdə Azərbaycan Ali Sovetinin iclasları birbaşa translaysiya olunurdu və həqiqətən də o vaxt balacadan tutmuş böyüyə kimi hamı işini atıb televizor qarşısında vəzifə sahiblərinin uşaq kimi danlanmasına tamaşa edirdi. Televiziyaların indiki durumu ilə o vaxtkı vəziyyət arasında yerlə göy qədər fərq var. İndi tam əksəriyyət əsasən xəbərləri və Prezidentin çıxışlarını, fərman və sərəncamlarını Dövlət Televiziyasında dinləyəndən sonra xarici telekanalları seyr edir, çanaq antenni almağa imkanı olmayan kənd camaatı isə qeybət verilişlərinə baxmaqdansa elə öz aralarında bir-birinin qeybətini edib, sözünü danışmağı üstün tuturlar. Bir də hər gün mal-qaranın altına, toyuq-cücənin ayaqlarına, əkdikləri xiyarın, balqabağa fikir verirlər ki, nəsə bir yenilik olan kimi dərhal Bakıya hansısa xəbərsiz qalan telekanala zəng vurub desinlər ki, bəs bizim inək üçayaqlı buzov doğub, yumurtanın üstündə nəsə yazı var, 2 metrlik xiyar bitib və s. O telekanalın xəbər moderatoru da bu xəbəri elə təqdim eləsin ki, sanki azərbaycanlı kosmonavt Marsa uçub. Bütün bunlar jurnalistikadır. İndi jurnalist təkcə Turan deyil ki. ATV-də Zaur Baxşəliyev, Azər Axşam, Dilarə Əliyeva, Elçin Əlibəyli, Oqtay Əliyev, “Xəzər”də Zaur Kamal, Səxavət Nur, “Burç Fm”-də Çiçək, ANS-də Gülnarə Məmmədova, Qorxmaz Əlili, Çingiz Əhmədov, Elgiz Əkbər, Rövşanə Bektaşi, 102 Fm-də Elnarə, Tofiq Həsənsoy, Spacedə Xədicə Mövlazadə, “Lider”də Rəhim Rəhimli, Murad Arif tanınmış jurnalistlərdir. Murad Arif həm də görkəmli bəstəkardır və onun musiqiləri dünya ulduzları tərəfindən sevilərək oxunur. Məsələn bu günlərdə Britney Spears deyib ki, “Ay qız oyan” çox gözəl mahnıdır, amma bilmirəm bəstəkar onu oxumağıma icazə verərmi, deyilənə görə Azərbaycanda hansısa mahnını oxumamışdan qabaq onun bəsətəkarından, sözlərinin müəllifindən və həmin mahnını ilk dəfə oxuyan müğənnidən də halallıq, icazə-filan almaq lazımdır, amma qorxuram məndə o səs imkanları yoxdur deyə icazə verməyələr, arzum gözümdə qala.” Yəni ki, bizdə belə mahnılar, bəstəkarlar, müğənnilər , jurnalistlər yetərincədir, sadəcə qədrini bilmirik. Təəssüf ki, Murad Dadaşov kimi jurnalist hazırda “Lider”də fəaliyyət göstərmir. Onun “Maşın” realiti şousu araşdırma jurnalistikasının ən gözəl nümunələrindən idi. Amma darıxmaq lazım deyil, xalq arasında deyilənə görə, yaxın zamanlarda biz yenidən həmin jurnalist araşdırmaları ilə tanış ola biləcəyik. Jurnalist kimi televiziyada Rəqsanənin, Röyanın, Xuraman Şuşalının, Natəvan Həbibinin, adını çəkmədiyim bir çox başqalarının da yeri görünməkdədir. Gəlin ümid edək ki, gələn mövsümdə onları da araşdırmaçı jurnalist qismində ekranda görüb efirdə dinləyə biləcəyik.
Amma hər şey bir yana qalsın, bizim bu araşdırmaçı jurnalist Turanın təqdim etdiyi “Günə baxan” verilişi nədənsə ANS tv-nin saytında belə təqdim olunur: “Günə baxan” musiqili-əyləncəli tok-şou”. Biri mənə izah eləsin, bu tok-şou nəmənədir və şou aparıcısına nə deyilir?..
Xanlar Xoca

Bu günlərdə ad gününü qeyd edən Məryəm kimi tanıdığınız rəqqasə Marianna Cəbrailovna Süleymanova depressiyaya düşüb. 
Belə ki, "Neolit" restoranında dostları ilə birgə ad gününü qeyd edən rəqqasə sürpriz hədiyyə gözləyirmiş və həmin gün xalq artisti adı alacağına ümid edirmiş. Lakin ümidləri özünü doğrultmayanda rəqqasə dostlarına gileylənməkdən özünü saxlaya bilməyib. Tədbirdə iştirak edənlərdən birinin verdiyi məlumata görə, 37 yaşını qeyd edən rəqqasə milli rəqslərin ən gözəl ifaçısı olduğunu deyərək Az'rbaycanda rəqs sənətinin inkişafının məhz onun adı ilə bağlı olduğunu iddia edərək əməyinin qiymətləndirilməməsindən narazılıq edib. Dostları onun könlünü nə qədər almaq istəsələr də Marianna acığından o ki var yeyib. Hazırda rəqqasənin depressiyada olduğu barədə xəbərlər yayılıb.
Show-Biznes.az


Milli.az-a müsahibə verən Nura müğənnilərdən, müğənnilərə olan münasibətdən, çou-biznesin mövcud durumundan danışıb: "Yalandan ad çəkmək istəmirəm. Bizim şou-biznesdə olan müğənnilər dünya ulduzları ilə müqayisə ediləsi deyil. Burada söhbət istedaddan getmir. Sadəcə olaraq dünya ulduzlarının ətrafında çox güclü menecer və prodüserləri var. Ledi Qaqanı misal çəkim. Onun üzərində konkret bir imic formalaşıb. Buna uyğun mahnılar və kliplər hazırlanır. Bizdə güclü komanda olmadığından pərakəndəlikdir. Həm də bizim dünya standartlarına uyğun bir ulduz yarada biləcək şirkətlərimiz yoxdur. Müğənni hələki öz gücünə arxalanır. Mən özüm üçün həm menecerəm, həm də prodüser. Əslində, bu, düzgün deyil. Mən mahnı ifa etməliyəm. Qalan işlərlə komanda çalışmalıdır. Ona görə də, bizim vaxt, pul problemlərimiz ortaya çıxır.Götürək «Eurovision»a gedən iştirakçılarımızı. Getdilər oxudular və bir çox insanlar onları tanıdı. Bəs sonra? Samirlə Elnur bizə yaxın olan Tarkan, Dima Bilandan əskik deyillər ki, artıqdırlar. Haradadırlar onlar? Hazırda onların kənara çıxmaq imkanları yoxdur. Çünki ətrafında təşkilatçı yoxdu. Dünya səhnəsinə çıxmaq müğənninin özündən asılı olan bir iş deyil. Bizdə bunu bacaran insanlar yoxdur. Burada tək maliyyədən söbət getmir. Mənim albomum hazırlananda studiyada oturub ən xırda işlərlə belə maraqlanmaq məcburiyyətində qlamışam. Əslində isə bu, mənim işim deyil. Sonda isə satışdan bir qara təpik qazana bilmirəm. Əksinə, pul xərcləyirsən.
Məndən heç kim inciməsin, müğənnilərdə günah görmürəm. Bu gün reytiq xatirinə qalmaqal mövzusu önə çəkilib. Bu, gənclərə yaxşı örnək deyil. Bu gün hansı istiqamətə doğru addımlayırıq, bəlli deyil. Dəfələrlə olub ki, öz müsahibəmə qulaq asanda, yaxud oxuyanda şoka düşmüşəm. Cümlədə fikir bitəndə, yaxud montaj ediləndə, ortaya başqa bir fikir çıxır. Kimsə özünü təsdiqləmək üçün məni ağılsız göstərməyin nə xeyri var? Bəzi gənclər özlərini bizə oxşatmağa can atırlar. Bu cür təqdimat onların təfəkkürünə də yanlış təsir göstərə bilər. Əgər hansısa bir müğənni tərbiyəsizdir, ağzının danışığı bilmir, bax onu təbliğ eləmək lazım deyil.
Bir-iki müğənnini çıxmaq şərti ilə hamısı normal insanlardır. Hərdən şou-biznesi elə təqdim edirlər ki, guya bu mühit mərifətsiz, əxlaqsız bir yerdir. Verilişlərin birində qonaqlardan birinə sual edildi ki, «müğənnini ailənə gəlin gətirərsən?». Çox pis oldum, elə bil ki, müğənni sözü «fahişə» sözü ilə bərabər tutulur. Belə çıxışlar, insanda ikrah hiss oyadır. Ümumiyyətlə, hər bir insan söz deyəndə, mahiyyətinə varmalıdır. Niyə məhz müğənni? Əgər bir insan müğənnidirsə, bu, o demək deyil ki, o, əxlaqsızdır. Bu, hər sahənin adamında ola bilər.
Bizdə peşəkar müğənni deyəndə, bilmirəm nəyi nəzərdə tuturlar. Mən peşəkar deyəndə, hazırda Sevda Ələkbərzadənin adını çəkə bilərəm. Canlı alətlərlə oxuyur və dünyanın demək olar ki, yarıdan çoxunda konsert proqramı ilə çıxış edib. Baxmayaraq ki, bizim şou-biznesdə bir çoxları onu bəyənmir və tənqid etməkdən belə çəkinmirlər. Halbuki özləri Biləcəridən o tərəfə çıxa bilməyiblər. Toyda pul qazanan müğənnilərə peşəkar deyə bilmərəm. Belə götürəndə konsertindən, albom satışından heç kim pul qazana bilmir. Əgər mənim fikrimlə razılaşmayıb, peşəkar olduqlarını sübut etmək istəyirlərsə, dünya kanalları var. MuzTv, MTV və s. kliplərini orada yayımlasınlar və dünya xalqı Azərbaycanın sənətçisini görə bilsin. Biz hələki dünya səhnəsində caz və muğamlarımızla tanınırıq. Amma pop musiqisi ilə tanıdan yoxdur. Bunu bacaran varsa, meydana çıxsın. Kimsə özünü peşəkar adlandırırsa, dünya səviyyəli müsabiqələrə çıxsın. Məşhur və peşəkar münsiflər heyətinin qarşısında canlı ifa nümayiş etdirsinlər. Elementar Yaltada keçirilən «Novoya volna» müsabiqəsindən danışım. Bir dəfə də olsun, azərbaycanlı iştirakçını orada görə bilməmişəm. "
Nura arada müsəlmançılıqdan da danışıb və deyib ki,"Hələki müğənnilər efirdə daha çox pis tərəfdən göstərilir və bunun əvəzində bəzi verilişlər reytinq qazanır. Ümumiyyətlə, isə heç kimin qanadları yoxdur, heç kim məleykə deyil. Hamının bir səhfi var. Göz önündə olan insanın səhfini qabardıb, onunla reklam qazanmaq istəyənlər çox gülməli görünürlər. Onların bu hərəkəti müsəlmançılığa yaraşmır".

Bu yaxınlarda "Yeni səhifə" adlı klipi ilə həyatında yeni səhifə açdığını deyən Günel Zeynalovadan yeni xəbərlər var.
Müğənni Milli.az-a şəxsi həyatı haqqında danışarkən deyib ki,"«Artıq mən sevirəm və sevilirəm. Əhval-ruhiyyəm əvvəlcədən dediyim kimi xoşdur və bunun belə davam etməsini arzulayıram». G.Zeynalova «Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatımı qapalı saxlamaq, bunun müzakirəyə çıxarılmasını istəmirəm. Toy barədə isə hələ düşünmürəm» desə də show-biznes.az onun yeni sevgisi ilə bağlı bəzi məlumatlar əldə edə bilib. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Günelin sevib sevildiyi şəxs klipmeykerdir və onun yeni klipini də çox güman ki, həmin rejissor ekranlaşdıracaq. Həmin insanla Günelin dostluq münasibətləri hələ Türkiyədə yaşayarkən mövcud olub və dərdini çox vaxt onunla bölüşüb.
Qeyd edək ki, Günel Zeynalova ilə Türkiyədə 8 il sevib-sevildiyi Rza Zərrabın münasibətləri bir müddət əvvəl Ebru Gündeşin üzündən düşmənçiliyə çevrilib və keçmiş sevgilisi müğənnidən İstanbul prokurorluğuna iki ərizə ilə şikayət edərək həbs olunmasını istəyib.

Deyirlər “ilan ulduz görməsə ölməz”. Bizim bu cəmiyyətdə də elə adamlar var ki, onların səhvini üzünə deməsən narahat olurlar, mütləq nəsə edirlər ki, kim olduğunu deyəsən. İndi haqqını tələb edənə, düz danışana çox vaxt ya demaqoq deyirlər, ya da dəli. Ona görə də çox adam elə harda nə istədilər, nə qədər istədilər verir ki, təki adına demaqoq, ya da dəli deyilməsin. Halbuki bu sözdən narahat olmaq lazım deyil əslində. Atalar min il əvvəl deyiblər ki, “Meymun baxar güzgüyə adını da qoyaq özgəyə”. Yəni ki, kimsə sənə dəli, ya da demaqoq deyirsə deməli səni güzgü bilib özünü görüb, eyb etməz qoy desin, “İti sahibinə görə vurmazlar”. Gərək vəzifəsinə, işinə görə yola verəsən, amma öz haqqını qorumaq şərtilə. Haqqını qapısında qoruya bilməyənlər isə hər şeyi “yuxarılar”ın üstünə atmaqla öz vətəndaşlıq borclarını bitmiş hesab edirlər. Halbuki əvəzində elementar hüquqlarını bilsələr və müdafiə etməyə kiçik bir təşəbbüs göstərsələr daha yaxşı olardı. Amma əvəzində nə edirlər? Harda bir sözünü,danışığını bilməyən, harda nə gəldi deyən manıs var, harda bir lüt, bədəni çöldə, abır-həyası bayırda qalmış müğənni var ona ya çəpik çalırlar, ya da üzündən öpüb, əlindən tutmaq üçün basabas salırlar, buna da imkan çatmayanda gic mahnılarını “zəngimcell”ə qoyurlar və təsadüfən bu cür birinə zəng edəndə zəng etdiyinə peşman olursan.
Bayaq dəli dedim yadıma başqa bir məsələ düşdü. Aprelin 1-i saytların birində Rəşad Məcidin çox doğru bir fikrini oxudum ki, “Camaatın yumor hissi elə bil ölüb. Hamı robotlaşıb. Zarafat heç kimə çatmır.”
Razılaşmamaq olmur. Məsələn, həmin gün “Röya Aygünlə barışdı” başlıqlı bir xəbər yayıldı. Aygün inadla susdu və heç bir münasibət bildirmədi, amma qeyri-etik bir ifadə də işlətmədi, Röya isə tələsik də olsa mədəni şəkildə xəbəri təkzib etdi, hələ barışmaq fikrində olmadığını izhar etdi. Amma prodüsseri Kənan adlı biri Anspressə deyib ki, "Dəlinin biri ağlına gələni yazıb, hamı da inanıb". Təbii ki, kiminsə haqqında əlində heç bir dəlil sübutu olmadan bu ifadəni işlətmək adi iş deyil. Bu ifadəyə görə bu adamı rahatca məhkəməyə vermək, dediyini isbatlamağı tələb etmək olar, amma necə deyərlər “yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal”. Arada Röya var axı, məcbursan Röyaya görə üstündən keçəsən. Həm də bağışlamaq böyüklükdür. Biz axı bəzi müğənnilər kimi hər sözün başına ip salan deyilik ki, ucundan tutub ucuzluğa gedək və kiminsə haqsız olduğunu sübut etməyə çalışaq. Həm də prodüsseri məhkəməyə vermək də adımıza yaraşmır. Cüzi maaşa işləyən adamdan nə təzminat tələb etmək olar ki? Məncə hər şeyi səbrlə yola vermək lazımdır. Onsuz da xalqın gözü tərəzidir.
İndi bir az da Azərbaycanın “Eurovision”dakı iştirakı barədə. Azərbaycan artıq üçüncü ildir ki, bu müsabiqədə iştirak edir, amma hələ də mən o müsabiqədə milli musiqini və gözəl Azərbaycan dilini eşitmirəm. Gedənlər ya ingilis dilində qışqırırlar, ya da gödək paltarları ilə “üzümüzü ağ edirlər”. Azərbaycanda bu qədər istedadlı bəstəkarlar var, hansı ki, Aygün Səmədzadə, Eldar Mansurov, Nadir Əzimov, Vüqar Camalzadə və adlarını çəkmədiyimiz başqaları kimi adları dərhal yada düşür,amma müsabiqə üçün mahnını əcnəbi yazır. Niyə görəsən onların bacarığından istifadə edilmir, hansısa bəlkə də heç xəritədə Azərbaycanın yerini bilməyənlər bizə musiqi yazır və ya Araş kimi biri bizi təmsil edib azərbaycanlı olmadığını da hər dəfə təkrar edir. Guya bu xalqa lazımdır o? Bu xalqın Xətai, Həzi Aslanov, Heydər Əliyev kimi oğulları olub, təbii ki, Araş azərbaycanlı ola bilməz. Mən ona inanıram. Amma bu xalqı Avropaya da öz milli musiqisi ilə tanıtmalıyıq. İndi görək “Drip drop”da hansı milli musiqi elementi var? Nə dili millidir, nə də musiqisi. Yaxşı fərz edək ki, bir möcüzə oldu, Səfurə oldu qalib, bu Azərbaycan mədəniyyətini təbliğ etmək üçün bir fayda verəcəkmi? Verməyəcək. Amma Harel Skaatın “Milim” mahnısı İsrail xalqının qədim mədəniyyətini, dilini çox gözəl təbliğ edəcək, qalib olsa da, olmasa da. Avropa bu dili bir də duyacaq, bu mədəniyyəti bir də tanıyacaq. Yoxsa Azərbaycandakı bəzi müsabiqələr kimi sonra “Türkiyə bizə 12 xalı vermədi” deyib nə var ki, umu-küsü etməyə. Məncə müsabiqə ədalətli keçirilirsə Azərbaycan da, Türkiyə də 12 xalı Ermənistanı çıxmaq şərtilə istədiyi ölkəyə verə bilər və bundan inciməyinə dəyməz. Qalib olmaq üçün sənət göstərmək lazımdır, çılpaq ayaq, ya da sinə yox. Bu müsabiqədə əgər heç olmasa köhnə estrada mahnılarımızdan, dahi bəstəkar Tofiq Quliyevin musiqilərindən ifa olunsaydı mən müsabiqənin favoriti olacağımıza inanardım, amma Səfurə Əlizadə və “Drip drop”la buna inanmaq bir qədər çətindir. Hər halda Səfurənin qalib olmasını arzu etməyə məcburuq, ifasına görə deyil, mahnısına görə deyil, yalnız və yalnız Azərbaycanı təmsil etdiyinə görə.
Son olaraq bəzi “sənətçi”lərin və “züytutan”ların jurnalistlərə olan mənfi münasibətinə cavab olaraq qeyd edim ki, kimsə əlində disk tutur, kimisi şam, kimisi qələm, kimisi də əldə silah Vətənin keşiyində dayanır. Qələmin də bir silah olduğunu nəzərə alsaq qələm tutan hara, şam tutan hara? Bunların fərqi o qədər böyük və aydındır ki, müqayisə etməyinə belə dəyməz. ən azı ona görə ki, bəstəkar Aygün Səmədzadə demişkən, “Raskrutkası yaxşı olsa keçidən də ulduz eləmək olar”.
