Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Bu yaxınlarda "Yeni səhifə" adlı klipi ilə həyatında yeni səhifə açdığını deyən Günel Zeynalovadan yeni xəbərlər var. Müğənni Milli.az-a şəxsi həyatı haqqında danışarkən deyib ki,"«Artıq mən sevirəm və sevilirəm. Əhval-ruhiyyəm əvvəlcədən dediyim kimi xoşdur və bunun belə davam etməsini arzulayıram». G.Zeynalova «Bu barədə çox danışmaq istəmirəm. Şəxsi həyatımı qapalı saxlamaq, bunun müzakirəyə çıxarılmasını istəmirəm. Toy barədə isə hələ düşünmürəm» desə də show-biznes.az onun yeni sevgisi ilə bağlı bəzi məlumatlar əldə edə bilib. Belə ki, əldə etdiyimiz məlumatlara görə, Günelin sevib sevildiyi şəxs klipmeykerdir və onun yeni klipini də çox güman ki, həmin rejissor ekranlaşdıracaq. Həmin insanla Günelin dostluq münasibətləri hələ Türkiyədə yaşayarkən mövcud olub və dərdini çox vaxt onunla bölüşüb.

Qeyd edək ki, Günel Zeynalova ilə Türkiyədə 8 il sevib-sevildiyi Rza Zərrabın münasibətləri bir müddət əvvəl Ebru Gündeşin üzündən düşmənçiliyə çevrilib və keçmiş sevgilisi müğənnidən İstanbul prokurorluğuna iki ərizə ilə şikayət edərək həbs olunmasını istəyib.


Deyirlər “ilan ulduz görməsə ölməz”. Bizim bu cəmiyyətdə də elə adamlar var ki, onların səhvini üzünə deməsən narahat olurlar, mütləq nəsə edirlər ki, kim olduğunu deyəsən. İndi haqqını tələb edənə, düz danışana çox vaxt ya demaqoq deyirlər, ya da dəli. Ona görə də çox adam elə harda nə istədilər, nə qədər istədilər verir ki, təki adına demaqoq, ya da dəli deyilməsin. Halbuki bu sözdən narahat olmaq lazım deyil əslində. Atalar min il əvvəl deyiblər ki, “Meymun baxar güzgüyə adını da qoyaq özgəyə”. Yəni ki, kimsə sənə dəli, ya da demaqoq deyirsə deməli səni güzgü bilib özünü görüb, eyb etməz qoy desin, “İti sahibinə görə vurmazlar”. Gərək vəzifəsinə, işinə görə yola verəsən, amma öz haqqını qorumaq şərtilə. Haqqını qapısında qoruya bilməyənlər isə hər şeyi “yuxarılar”ın üstünə atmaqla öz vətəndaşlıq borclarını bitmiş hesab edirlər. Halbuki əvəzində elementar hüquqlarını bilsələr və müdafiə etməyə kiçik bir təşəbbüs göstərsələr daha yaxşı olardı. Amma əvəzində nə edirlər? Harda bir sözünü,danışığını bilməyən, harda nə gəldi deyən manıs var, harda bir lüt, bədəni çöldə, abır-həyası bayırda qalmış müğənni var ona ya çəpik çalırlar, ya da üzündən öpüb, əlindən tutmaq üçün basabas salırlar, buna da imkan çatmayanda gic mahnılarını “zəngimcell”ə qoyurlar və təsadüfən bu cür birinə zəng edəndə zəng etdiyinə peşman olursan.
Bayaq dəli dedim yadıma başqa bir məsələ düşdü. Aprelin 1-i saytların birində Rəşad Məcidin çox doğru bir fikrini oxudum ki, “Camaatın yumor hissi elə bil ölüb. Hamı robotlaşıb. Zarafat heç kimə çatmır.”
Razılaşmamaq olmur. Məsələn, həmin gün “Röya Aygünlə barışdı” başlıqlı bir xəbər yayıldı. Aygün inadla susdu və heç bir münasibət bildirmədi, amma qeyri-etik bir ifadə də işlətmədi, Röya isə tələsik də olsa mədəni şəkildə xəbəri təkzib etdi, hələ barışmaq fikrində olmadığını izhar etdi. Amma prodüsseri Kənan adlı biri Anspressə deyib ki, "Dəlinin biri ağlına gələni yazıb, hamı da inanıb". Təbii ki, kiminsə haqqında əlində heç bir dəlil sübutu olmadan bu ifadəni işlətmək adi iş deyil. Bu ifadəyə görə bu adamı rahatca məhkəməyə vermək, dediyini isbatlamağı tələb etmək olar, amma necə deyərlər “yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal”. Arada Röya var axı, məcbursan Röyaya görə üstündən keçəsən. Həm də bağışlamaq böyüklükdür. Biz axı bəzi müğənnilər kimi hər sözün başına ip salan deyilik ki, ucundan tutub ucuzluğa gedək və kiminsə haqsız olduğunu sübut etməyə çalışaq. Həm də prodüsseri məhkəməyə vermək də adımıza yaraşmır. Cüzi maaşa işləyən adamdan nə təzminat tələb etmək olar ki? Məncə hər şeyi səbrlə yola vermək lazımdır. Onsuz da xalqın gözü tərəzidir.
İndi bir az da Azərbaycanın “Eurovision”dakı iştirakı barədə. Azərbaycan artıq üçüncü ildir ki, bu müsabiqədə iştirak edir, amma hələ də mən o müsabiqədə milli musiqini və gözəl Azərbaycan dilini eşitmirəm. Gedənlər ya ingilis dilində qışqırırlar, ya da gödək paltarları ilə “üzümüzü ağ edirlər”. Azərbaycanda bu qədər istedadlı bəstəkarlar var, hansı ki, Aygün Səmədzadə, Eldar Mansurov, Nadir Əzimov, Vüqar Camalzadə və adlarını çəkmədiyimiz başqaları kimi adları dərhal yada düşür,amma müsabiqə üçün mahnını əcnəbi yazır. Niyə görəsən onların bacarığından istifadə edilmir, hansısa bəlkə də heç xəritədə Azərbaycanın yerini bilməyənlər bizə musiqi yazır və ya Araş kimi biri bizi təmsil edib azərbaycanlı olmadığını da hər dəfə təkrar edir. Guya bu xalqa lazımdır o? Bu xalqın Xətai, Həzi Aslanov, Heydər Əliyev kimi oğulları olub, təbii ki, Araş azərbaycanlı ola bilməz. Mən ona inanıram. Amma bu xalqı Avropaya da öz milli musiqisi ilə tanıtmalıyıq. İndi görək “Drip drop”da hansı milli musiqi elementi var? Nə dili millidir, nə də musiqisi. Yaxşı fərz edək ki, bir möcüzə oldu, Səfurə oldu qalib, bu Azərbaycan mədəniyyətini təbliğ etmək üçün bir fayda verəcəkmi? Verməyəcək. Amma Harel Skaatın “Milim” mahnısı İsrail xalqının qədim mədəniyyətini, dilini çox gözəl təbliğ edəcək, qalib olsa da, olmasa da. Avropa bu dili bir də duyacaq, bu mədəniyyəti bir də tanıyacaq. Yoxsa Azərbaycandakı bəzi müsabiqələr kimi sonra “Türkiyə bizə 12 xalı vermədi” deyib nə var ki, umu-küsü etməyə. Məncə müsabiqə ədalətli keçirilirsə Azərbaycan da, Türkiyə də 12 xalı Ermənistanı çıxmaq şərtilə istədiyi ölkəyə verə bilər və bundan inciməyinə dəyməz. Qalib olmaq üçün sənət göstərmək lazımdır, çılpaq ayaq, ya da sinə yox. Bu müsabiqədə əgər heç olmasa köhnə estrada mahnılarımızdan, dahi bəstəkar Tofiq Quliyevin musiqilərindən ifa olunsaydı mən müsabiqənin favoriti olacağımıza inanardım, amma Səfurə Əlizadə və “Drip drop”la buna inanmaq bir qədər çətindir. Hər halda Səfurənin qalib olmasını arzu etməyə məcburuq, ifasına görə deyil, mahnısına görə deyil, yalnız və yalnız Azərbaycanı təmsil etdiyinə görə.
Son olaraq bəzi “sənətçi”lərin və “züytutan”ların jurnalistlərə olan mənfi münasibətinə cavab olaraq qeyd edim ki, kimsə əlində disk tutur, kimisi şam, kimisi qələm, kimisi də əldə silah Vətənin keşiyində dayanır. Qələmin də bir silah olduğunu nəzərə alsaq qələm tutan hara, şam tutan hara? Bunların fərqi o qədər böyük və aydındır ki, müqayisə etməyinə belə dəyməz. ən azı ona görə ki, bəstəkar Aygün Səmədzadə demişkən, “Raskrutkası yaxşı olsa keçidən də ulduz eləmək olar”.

Xanlar Xoca

Müğənni İzzət Bağırov yeni klip çəkdirir. Klipin rejissoru, tanınmış klipmeyker Nail Naiboğlunun show-biznes.az-a verdiyi məlumata görə, bu dəfə İzzətin "Dünya" adlı mahnısı ekranlaşdırılacaq. Bilgəh və Mərdəkan kəndlərində aparılacaq çəkilişlərdə müğənninin tərəf müqabili məşhur rəqqasə Oksana Rəsulova olacaq. N.Naiboğlu həmçinin bildirib ki, Türkiyənin VMC şirkəti ilə müqavilə imzaladığı üçün bu klip də Türkiyə klip bazarının formatlarına uyğun formada çəkiləcək. Qeyd edək ki, klipin süjeti məhəbbət alovunda yananve bir-birne həsrət qalan iki gəncin nakam sevgisindən ibarət olacaq.

Show-biznes.az

Bu ölkədə ən kasıb insanın da cibində ən azı bir mobil telefon, evində isə köhnə də olsa bir televizor mütləq var. Bu ölkədə ən kasıb insan da əlinə imkan düşən kimi mütləq bir “tarelka” antenn alıb eyvanına bərkidir ki, canını milli məzhəkə televiziyalarından qurtarsın. Vay o adamların halına ki, bir “tarelka” almağa da imkanı çatmır. O zaman məcburdur gic seriallara, əttökən verilişlərə, hər gün ekrandan evlərə soxulan, bəli məhz soxulan bəzi simasız aparıcılara baxsın, onların meymun kimi əl-qol atmasına, şit-şit gülüşlərinə, qəfildən çıxardıqları Tarzana bənzər əcaib səslərinə qulaq assın. Bizim də əlimizdən yazmaq gəlir, amma nə qədər yazırıq, başa salmağa, normal televiziya necə olmalıdır izah etməyə çalışırıqsa xeyri yoxdur, kor tutduğunu buraxmadığı kimi bunlar da “çevir tatı, vur tatı” elə hər gün eyni qaydada, eyni səviyyəsiz, gic və düşük mövzuları müzakirəyə çıxarırlar, biz tənqid etməkdən, bunlar isə tamaşaçının zəhləsini tökməkdən yorulmurlar. Amma əsas budur ki, tənqiddən nəticə çıxarmasalar da açıq-aşkar etiraz da etmirlər, yəni bir növ fikrimizin, yazdıqlarımızın həqiqiliyini qəbul etmiş olurlar. Bu özü də müsbətə doğru bir addım kimi sevindiricidir.

Ötənlərdə televiziya haqqında geniş bir yazı yazdım, fikirlərimlə razılaşanlar da oldu, razılaşmayanlar da. Amma razılaşmayanlar bilirsiz nəyə irad bildirirdilər? ANS-in “Günəbaxan” verilişi və onun özünü Turan İbrahimov kimi təqdim edən məlum aparıcısı haqqında çox yumşaq tənqidi fikirlər yazdığıma görə. Oxucu tamaşaçı kimi daha sərt və kəskin tənqid gözləyirmiş. Ona görə də, indi Turanın məlum “köynək qalmaqalı”na görə bir növ özümü günahkar bilirəm ki, əgər o vaxt oxucunun arzu etdiyi kimi yazsaydım bəlkə də Turan nəticə çıxarardı. Amma bu yandan da özümə təskinlik verirəm ki, Turan nəticə çıxaran olsaydı, məndən qabaq o qədər tənqidlər olub ki, onlardan nəticə çıxarardı. Yəqin nəticə çıxarmaq sərf eləmir, sərfəli olanı tez eləyirlər axı. ANS onsuz da həmişə özünə sərf edən açıqlama verir. Məsələn, həmişə adət-ənənədən, düzlükdən, haqq-ədalətdən, bir sözlə müsbət cəhətlərdən danışan, başqalarının gözündə tük axtaran Mirşahin Lent.az-a deyib ki, “Adətən aparıcı efirə çıxarkən, onun geyimi üzərində hansısa firmanın brendi olarsa, ona təbii ki, reaksiya göstəririk. Turan bu maykada çıxarkən əməkdaşlarımız elə biliblər ki, adi yazıdır, onu efirə buraxıblar. Sonra bizə mesajlar gəldi ki, bəs maykanın üzərində yazılanlara diqqət edin. Turan da belə izah etdi ki, siz yazının bu tərcüməsini yox, başqa tərcüməsini nəzərə alın, yəni yazının sonu türk dilinə “sevgilim ol”, “məşuqəm ol” kimi tərcümə olunur. Yəni, “fahişəm ol” söhbəti deyil.” Mirşahinin Azərbaycan dilini gözəl bildiyinə heç bir şübhəsi olmayan hər kəsi indi bir sual düşündürə bilər ki, siz niyə ifadəni Azərbaycan dilinə deyil, məhz türk dilinə tərcümə edirsiniz, əgər türk dili deyəndə yazdığımız və danışdığımız dili nəzərdə tutursunuzsa bu da Konstitusiyamıza uyğun deyil və ziddir, çünki Konstitusiyamızda yazılıb ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Hətta Anadolu türkcəsinin özündə də məşuqənin özünə belə “sən mənim məşuqəmsən” demirlər və özünə hörmət edən heç bir qadın ona “məşuqə” deyə müraciət olunmasına dözməz. Deməli belə məlum olur ki, Turan əgər sinəsində “Gilan”, “Azərcell”, yaxud “Akkord” yazılmış bir köynəklə çıxsa ona dərhal reaksiya verilərdi ki, birdən reklam olar, amma sinəndə evdə gündəlik olaraq işlətdiyin hansı sözü istəyirsən yaz çıx, sənə deyən olmayacaq ki, axı xalqın qarşısına çıxırsan, bu televiziyaya kanalları dəyişərkən qadın da, uşaq da, ruhani də, bir sözlə hər kəs baxa bilər. Mənim bildiyim Azərbaycan dilində “məşuqə” gözəl söz deyil Amma kimin üçünsə bu yaxşı ifadədirsə o zaman “Sizin məşuqəniz varmı” soruşmaq olar, baxmayaraq ki, belə sualların cavabı gecə kimi qaranlıq qalacaq. Ümumiyyətlə ölkədə söz azadlığı olmasına baxmayaraq televiziyalar bundan peşəkarcasına istifadə edə bilmirlər. Məişət problemlərini primitiv qaydada, hətta rüsvayedici şəkildə müzakirəyə çıxarmaqdansa insanların sosial problemlərini işıqlandırmaq daha yaxşı olardı. Çünki elə dövlət orqanlarının özünə də maraqlı olar ki, onların yerlərdəki nümayəndələri, yerli şöbələri necə işləyir, vətəndaşlarla necə davranır. Əgər belə verilişlər olsa onda Prezident bölgələrə səfər edəndə hüququ pozulmuş vətəndaşın Dövlət başçısına şikayət məktubu təqdim etməsinə də ehtiyac qalmaz. Yoxsa ki, Elgizin mənasız cümə axşamı, Turanın “Günə baxan”ı ilə elə ancaq günə baxa-baxa qalmaq olar, amma gündəmə baxmaq, tamaşaçı sevgisi qazanmaq olmaz. Əgər məqsəd tamaşaçı sevgisi qazanmaq deyil, efir vaxtını doldurmaqdırsa o zaman belə də davam edin.

Televiziya qeybət yeri deyil, xalqın maarifçilik ocağı olmalıdır. ANS-in “Ağıl dəryası” verilişi daha maraqlıdır, nəinki Gülnarə Məmmədovanın təqdimatında “Sehrli çıraq” verilişi. Məncə Lider televiziyasının bu verilişi efirə buraxmaması Azərbaycan televiziya tarixində çox böyük xidmət, tamaşaçı zövqünə böyük diqqətin nümunəsidir. Gülnarənin yeri isə intellektual veriliş deyil, “Qonaqlıq”da soğan soymaq, Əlikram Bayramovun səsinin incə variantı ilə şit zarafatlar etməkdir. Azərbaycan tamaşaçısı axı dekorasiyaları darıxdırıcı olan, aparıcısı ortada fırlanıb özünü nümayiş etdirərək “Cin, Xuraman gözəldir, yoxsa mən?” deyən, əlini falçılar kimi boş qaba sürtüb “Cin, nə olar tamaşaçını sevindir” söyləyən “Sehrli çıraq” kimi verilişdən nə qazana bilər? Məncə heç nə. Ona görə də bir tamaşaçının az qala üç dəfə qalib olduğu bu verilişə daha çox kilolu insanlar tamaşa edir. Ümumiyyətlə, bu gün Azərbaycan teleməkanında “Ağıl dəryası istisna olmaqla demək olar ki, intellektual yarışma praqramı yox dərəcəsindədir. Fəqət “Ağıl dəryası”nın da vaxtı düzgün seçilməyib. Bazar günü istirahət günü olduğundan əksər insanlar həmin gün yuxudan çox gec dururlar, hansısa məktəbli lap tez qalxsa belə onun səhər tezdən saat 10-da birbaşa intellektual yarışma verilişini izləməsi istənilən müsbət nəticəni verə bilməz. Televiziya tamaşaçı ilə işləsə belə olmaz. “Ağıl dəryası” çox gözəl ideyadır və onun nə zaman efirə getməsinin daha münasib olduğunu öyrənmək üçün məhz məktəblərdə kiçik bir sorğu keçirmək lazımdır ki, qoy tamaşaçı özü məhsulu nə vaxt seyr etmək istədiyini seçsin. Sorğu keçirmək, marketinglə məşğul olmaq, tamaşaçının hansı verilişləri izləmək istədiyini öyrənmək, ondan sonra televiziya məhsulunu istehsal edib ortaya qoymaq lazımdır. Dünyanın nəinki qabaqcıl televiziyaları, hətta qonşu Türkiyənin “Ordu”, “Qaradəniz” və s. əyalət telekanallları da bu cür işləyirlər. Yoxsa kim nə istəsə, nə zaman istəsə efirə versə onda nəticə də bu günki kimi olar. Bu gün televiziyanın bir problemi də budur ki, telekanallarda dəqiq bir iş bölgüsü yoxdur. Bu günlərdə “Xəzər tv”-nin xəbər aparıcılarından birini əlində mikrofon hansısa qonağa aeroportda sual verən gördüm. Azərbaycanda bütün telekanallarda belədir. Moderator xəbərin təqdimatını edir və izləyəndə görürsən ki, yenə də elə həmin adam danışır. Bu təcrübə ancaq Azərbaycana xasdır ki, xəbər aparan həm də reportyorluq eləsin. Əslində isə televiziyada hər kəsin öz yeri, öz işi olmalıdır. Əgər aparıcı həm prodüsserlik, həm reportyorluq edib, həm də montaj işinə baxacaq, sonda da xəbər moderatorluğu edəcəksə onda təbii ki, yüksək keyfiyyətdən danışmağa dəyməz. Televiziyada adi müxbir də “Brabus”da, “BMW” motosilklində işə gedib-gəlsə, avtobusda, metroda basa-basa düşməsə, ayaqqabısının tapdalanıb eybəcər vəziyyətə düşəcəyindən narahat olub kefi korlanmasa efirə də yüksək əhval ruhiyyə ilə çıxar, tamaşaçıya da müsbət enerji ötürər.

“Ay Zaur”, “Yağ kimi, “Qonaqlıq”, “El içində”, “İncə maraqlar” və s bu tip duzsuz verilişlər tamaşaçıya yaxşı heç nə aşılamır, əksinə onun zövqünü, əsəblərini korlayır, beynini yorur. “El içində” bu gün artıq elə bir nöqtəyə çatıb ki, onunla “Yağ kimi” arasında heç bir fərq qalmayıb. “Ay Zaur” isə artıq veriliş deyil, əttökən qeybət yığnağıdır. Təsadüfən belə verilişlərə baxanda yadıma Çin, Koreya istehsalı olan avtomobillərə olan münasibətim düşür. Həmişə sabun qabına bənzəyən bu avtomobillərə baxanda düşünürəm ki, görəsən bunları istehsal edəndə özləri əvvəlcə baxmır ki, bunun keyfiyyəti bir yana dursun, gözəlliyi də yoxdur? İndi eyni sualı bu televiziyalara da ünvanlamaq olar ki, balam, siz bu qeybət proqramlarınızın video yazısına özünüz heç olmasa bir dəfə baxmısınızmı? Baxın, onda özünüz deyə bilmədiyimiz daha çox nöqsanları hiss edəcəksiniz. Amma buna ümid azdır. Vaxt vardı “Elmlər Akademiyası” metrosundan Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən avtobusların konduktorları “Texniki Universitet, Space Tv, Əzizbəyov heykəli” qışqırırdılar, amma xeyli vaxtdır ki, “Texniki Universitet, kinostudiya, Əzizbəyov heykəli” qışqırırlar. Məncə televiziyanın rəhbərliyi ictimai nəqliyyatdan istifadə etmədiyindən bu nüansdan xəbərsizdir, yoxsa nəzərə alıb bir-iki keyfiyyətli müəllif proqramının hazırlanmasına imkan yaradardı. Səhərin gözü açılmamış insanları üstü boş stolların ətrafına toplayıb onlara fonoqramlı konsert verən “Hər səhər”, maraqsız söhbətlərlə yadda qalan “Kiçik Qala” kimi verilişlərdənsə Mehriban Ələkbərzadənin Azərbaycan tarixinin əyani öyrədilməsinə yönəlik müəllif proqramı, yaxud siyasətdən uzaq, daha çox publisistik veriliş kimi tanınan “Gecə kanalı”nın efirə getməsi daha yaxşı olardı.

İndi kimlərsə özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirəcək, bizlik deyil deyəcəklər. Amma az-çox dünyagörüşü olan hər kəs bilir ki, əgər telekanal rəhbərləri istəsələr siyasətdən kənar o qədər maraqlı verilişlər təqdim edə bilərlər ki... Təbii ki, əgər istəsələr. Televiziyada indi də aparıcı olan tanışlarımdan biri danışır ki, “bir dəfə verilişin ortasında redaktor qulağıma dedi ki, bəs “zamokun açıqdır, reklam elan elə, çıx qırağa bağla”, ondan sonra həyəcan məni boğdu ki, yəqin indi məni ya danlayacaq, ya da işdən atacaqlar, amma əksinə oldu, bundan sonra daha diqqətli olacağımı bildirəndə dedilər ki, “narahat olma, deməli veriliş baxılan verilişdir ki, tamaşaçı zamoka da diqqət yetirir”. Məncə bu teleməkanın hansı vəziyyətdə olduğunu təsvir etmək üçün kifayətdir. Sonra da deyirlər ki, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu edirik. Cənablar, tamaşaçının dəqiq, qərəzsiz və vicdanlı olmasını arzu etmək yox, ona dəqiq, qərəzsiz və vicdanlı məhsul təqdim etmək lazımdır. Zatən tamaşaçı istehlakçı olduğu üçün həmişə haqlıdır, elə deyilmi?

Xanlar Xoca


İsrailin "Eurovision" mahnı müsabiqəsində qalib olmaq şansı yüksək qiymətləndirilir.

Britaniyanın William Hill bukmeker kontorunda İsrail Harel Skaatın ifa etdiyi "Milim" "("Söz") mahnısının qalib gələcəyinə inananların say çoxluğuna görə liderlik edir. Esctoday.com saytının verdiyi məlumata görə, ikinci yerdə Azərbaycan təmsilçisi Səfurə Əlizadənin "Drip drop" mahnısı qərar tutub.

5/1 Israil

11/2 Azərbaycan

6/1 Danimarka

15/2 Norveç

10/1 Xorvatiya

12/1 Yunanıstan, Ermənistan və İsveç

14/1 Almaniya

20/1 Belçika

25/1 Ukrayna

33/1 Slovakiya, Islandiya, Böyük Britaniya, Irlandiya və Türkiyə

40/1 Moldova, İspaniya və Rumıniya

50/1 Rusiia, Malta, Lithuania, Kipr və Gürcüstan

66/1 Bosnia-Herzegovina, Estoniya, Albaniya və Serbiya

80/1 Finlandiya və İsveçrə

100/1 Latviya, Belarus, Portuqaliya, Fransa, Bolqarıstan və Niderland

150/1 Sloveniya

200/1 Macedoniya və Polşa

"Mərkəz" qəzetinin verdiyi məlumata görə, qalmaqala münasibət bildirən millət vəkilləri də hər iki sənətçini barışığa səsləyiblər.

Millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova: Röyanın açıqlamasını oxudum və həmin açıqlama o qədər səmimi idi ki, istənilən adam bunu üzrxahlıq kimi qəbul edə bilər. Ümumiyyətlə, mən bunu açıqlama yox, üzrxahlıq adlandırıram. Qeyd edim ki, həyatında çox ciddi faciələr yaşamış bir xanıma (bəstəkar Nailə Mirməmmədli nəzərdə tutulur-c.S) onun dəstək durması, açığı məndə Röyaya qarşı böyük simpatiya yaratdı. Buna görə mən ona təşəkkur də edirəm. Röyanın özünün sonradan səhvini başa düşməsi və qəzetdə də üzrxahlıq etməsi ən səmimi etirafdır. Nadir müəllimi də kübar və mədəni insan kimi tanıyıram, bəstələdiyi musiqiləri də onun haqqında belə yüksək fikir söyləməyə əsas verir. Əminəm ki, o da eyni cür addım atacaq. Mən tarixi bir faktı misal çəkmək istəyirəm; Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabəyə qarşı hücuma keçmək istəyir. Nüşabə ona məktub yazır ki, əgər sən məni məğlub etsən, deyəcəklər ki, bir qadın üzərində qələbə çaldın. Yox, əgər mən sənə qalib gəlsəm, onda da deyəcəklər ki, bir qadının qarşısında aciz qaldın. Hər iki halda, belə məsələlərdə kişilər uduzur. Bu mənada, istəməzdim ki, mənim özünə və sənətinə böyük hörmət bəslədiyim Nadir müəllim uduzsun. Buna görə də əminəm ki, Nadir müəllim Röyanın üzrxahlığını doğru-duzgün qəbul edəcək və öz şikayətini geri götürəcək. Çünki artıq Röya da bir ana kimi bu mübahisənin ağrısını-acısını, stresini yaşayıb və bətnindəki körpəsini itirib. Nadir müəllim böyüklük eləsin və bu məsələyə birdəfəlik son qoysun. Çünki kimsə qadın olaraq qadını müdafiə etməyə başlayıbsa, bu, özü-özlüyündə gözəl bir tendensiyadır."

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov: "Hesab edirəmki, belə məsələlər, mübahisələr məhkəmə səviyyəsində həll olunmamalıdı, ümumiyyətlə, məhkəməyə qədər gedib çıxmamalıdır. Mən efirdən də baş verənləri görüb izlədim, müğənni Röyanın da bəstəkar xanımı müdafiə etməsinin şahidi oldum. Deyim ki, hər iki bəstəkara-Nailə xanım Mirməmmədli və Nadir Əzimova həm musiqiçi, həm də şəxsiyyət kimi böyük hörmətim var, qabiliyyətli bəstəkarlardır. İstərdim ki, bu məsələdə Nadir Əzimov Azərbaycan kişisi kimi ilk addımı atsın və barışıq, sülh yoluyla mübahisəyə son qoysun. Formasından asılı olmayaraq, qadınla mübarizə anlayışı yoxdur."

Millət vəkili, bəstəkar Novruz Aslan: "Mən hesab edirəm ki, hər üç insan- bəstəkar Nailə Mirməmmədli, Nadir Əzimov və Röya tanınmış sənətçilərdir, onların reklama ehtiyacları da yoxdur. Arada əgər, xoşagəlməzlik olubsa, üstəgəl də Röya xanım qəzet vasitəsilə Nadir Əzimovdan üzrxahlıq edibsə, hesab edirəm ki, Nadir Əzimov iddiasını geri götürəcək. Xüsusən də Novruz bayramı ərəfəsində bu, daha xoşagələn, hörmətli bir jest olardı. Nadir müəllim bu addımı atacaq, çünki mən o bəstəkarı mədəni bir insan kimi tanıyıram. Söz yox ki, məhkəmədə haqqını tələb etmək onun öz işidir, amma barışıq addımı daha məntiqli addım olardı."

Show-biznes.az

Vəkil Anar Elmanoğlu: "Saxta sübutla əsassız ittiham irəli sürdüyünə görə Flora Kərimova və ona diski təqdim etmiş jurnalist haqqında qanun çərçivəsində tədbir görülməsinə çalışacağıq".

Xalq artisti Flora Kərimova ilə rejissor Sərxan Kərəmoğlu arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsi sona çatmaqdadır.

Məlumat üçün qeyd edək ki, S.Kərəmoğlu tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən F.Kərimova rejissoru Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Səbayel rayon məhkəməsinə verib. S.Kərəmoğlu tərəfindən təhqirə məruz qaldığını iddia edən xalq artisti maddi sübut kimi bir ədəd CD diski də məhkəməyə təqdim edib.

Əldə etdiyimiz məlumata görə, məhkəmənin gedişatı zamanı S.Kərəmoğlu sübut kimi təqdim olunan diskin montaj edildiyini iddia edərək bu məsələnin aydınlaşdırılması üçün ekspertiza keçirilməsini istəyib. Məhkəmə ekspertiza təyin edib və ekspertlər tərəfindən diskin həqiqətən də montaj edildiyi barədə rəy verlib.

Bu məlumatı dəqiqləşdirmək və münasibət öyrənmək üçün F. Kərimova ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadığından suallarımızı hazırda xaricdə olan S.Kərəmoğlunun vəkili Anar Elmanoğluya ünvanladıq. Vəkil məlumatın doğruluğunu təsdiqləyərək bildirdi ki, " həqiqətən də ekspert rəyi ilə diskdə 10-dan artıq yerdə montaj müdaxiləsi aşkar edilib. Ekspertiza nəticəsində məlum olub ki, fonoqramın 25-ci saniyəsində məntiqi rabitə pozulub, faydalı siqnal itib ki, bu da fonoqramın qısamüddətli pozulduğunu göstərir. Həmçinin fonoqramda 1dəqiqə 56-sı saniyədə, 2 dəqiqə 32-ci saniyədə, 4 dəqiqə 27-ci saniyədə və digər yerlərdə keçid siqnallarına rast gəlinib, yazılışın davamlılığının pozulduğu aşkar olunub. Bununla da məhkəməyə təqdim olunmuş yeganə sübutun saxtalaşdırıldığı aşkarlanıb. Ona görə də biz hazırda sübutların saxtalaşdırılmasına və əsassız ittiham irəli sürülməsinə, eyni zamanda iş vaxtının alınmasına, maddi və mənəvi zərərin vurulmasına görə Flora Kərimova haqqında müvafiq hüquq-mühafizə orqanlarına və məhkəməyə şikayət etməyi planlaşdırırıq. Həmçinin həmin diski F.Kərimovaya təqdim etmiş jurnalist haqqında da tədbir görülməsi üçün qanun çərçivəsində müəyyən addımlar atmaq planımız var. Ola bilsin ki, həmin jurnalist sübut kimi təqdim olunan və montaj edildiyi aydınlaşdırılan məlum CD diski xalq artistinə təqdim etməklə sənətçilər arasında qalmaqal yaratmağa çalışıb."

Qeyd edək ki, iş üzrə məhkəmə prosesi martın 19-da saat 12-də Səbayel rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə davam etdiriləcək.