Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Dünən “Bakı gecələri” restoranında Xalq Artisti Faiq Ağayevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Sevilməli zamandır” adlı konserti keçirilib.

“Qızıl Şlyager” pərəstişkarlarına ötən illərin “Sən gəlməz oldun”, “Dəşti” və s. sevilən mahnıları ilə yanaşı “Sevilməli zamandır” və digər yeni mahnılarını da ifa edib. Konsertdə sənət dostları ilə də səhnəni bölüşən Faiq Ağayev 15 il ərzində dostluq etdiyi sevilən müğənni, Xalq Artisti Nazpəri Dostəliyevaya minnətdarlığını bildirib və elə səhnədəcə bayram münasibətilə təbrik edərək hədiyyə təqdim edib. Konsert F.Ağayev pərəstişkarlarının böyük coşğusu ilə davam edib. Qeyd edək ki, F.Ağayev jurnalist xanımları da unutmayıb və onlara da bayram hədiyyələri təqdim olunub.

Show-biznes.az

Ötən ay millət vəkili Elmira Axundovanın gözəl bir təklifi oldu: “28 Aprel Analar günü kimi qeyd edilsin”. Bu təklifi hərə bir cür qarşıladı, bəyənən bəyəndi, bəyənməyən bu təklifin qəbul ediləcəyi halda ölkədə gender bərabərliyinin pozulacağını iddia etdi. Hətta millət vəkili Musa Quliyev bildirdi ki, “Hesab edirəm ki, bu təklif kişilərə qarşı bir diskrinimasiyadır. Bəli, ana müqəddəsdir, bəs, ata? Yaxşı, ana gününun qeyd edilməsini istəyirik, bəs ata günü harada qaldı? Özü də gender bərabərliyindən danışırıq. Hər halda kifayət qədər bayramlarımız var. Yenisinə ehtiyac yoxdur.”

Əslində isə cəmiyyətimizdə ən çox haqları pozulan qadınlardır. Dünyaya gəldiyi gündən son nəfəsinə qədər alnına kiminsə qayğısına qalmaq yazılan qadınlar cəmiyyətimizdə qanunla kişilərlə eyni hüquqlu olsalar da adət-ənənə baxımından kölədirlər. Əvvəllər heç olmasa növbəyə duranda, ya da ictimai nəqliyyatda qadınlara hörmət edilirdi, indi o da nağıla dönüb. Şəhla Əbusəttarın vərəsəlik hüququ ilə bağlı araşdırması da bunu bir daha sübut edir. Azərbaycan qadınının hüququ dünyaya gəldiyi gündən pozulur, kimsə qız övladı istəmədiyi üçün bəzən uşaq dünyaya gəlməmiş abort etdirir, dünyaya gətirən isə adını ya Yetər qoyur, ya Bəsti,ya da Kifayət, sonra da “sabah ərə gedəndə əlindən bir iş gəlməyəcək, səni qovacaqlar” deyə-deyə o qədər ev işləri ilə yükləyirlər ki, qızlar ərlik yaşına çatmamış qocalırlar. Adi bir müşahidə aparan hər kəs görə bilər ki, qızların əksəriyyəti qara paltar geyirlər və üzlərində çox nadir hallarda təbəssüm görmək olar. Çünki bu qızlar hansı cəmiyyətdə yaşadıqlarını və düşünmədən atdıqları istənilən bir addımın adlarının ləkələnməsi ilə nəticələnəcəyini yaxşı bilirlər. Kişilər istədikləri oyundan çıxa bilərlər, cəmiyyət onlara haqq qazandıracaq, amma bu qadınlara aid deyil. Qadınlar hər addımda düşünməli, suyu da ətrafa baxa-baxa içməlidir ki, görən olmasın. Qadınlara zərif deyə-deyə zəiflədiblər. Hətta bu zəiflik o həddə çatıb ki, bəzən yenicə ailə quran gənc xanımlar da borca girib UZİ-yə gedirlər ki, dünyaya gələcək körpəsinin oğlan, ya qız olmasını öyrənsin, qız olacaqsa abort etdirsin. Halbuki Məhəmməd Peyğəmbər “Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoymaq lazım gəlsəydi mən qızları üstün tutardım” söylədiyib. Unutmaq olmaz ki, çox atalar olub oğul övladını qızından üstün tutub, amma sonda qızının ümidinə qalıb. Ona görə də Allahın verdiyinə şükr etmək lazımdır, naşükürlük yox.

Bu ölkədə qadınlardan ən yüksək vəzifə sahibi Elmira Süleymanovadır, onun da ikinci dəfə Ombudsman seçilməsi az qala qısqanclıqla qarşılanır, hərə bir açıqlama verir, “73 yaşı var, fiziki imkanları işinin öhdəsindən gəlməsinə imkan verməz” deyirlər, guya Ombudsmanlıq əlbəyaxa döyüş idmanıdır, bunlar da “biz kişilər qala-qala qadınmı döyüşə gedəcək” deyirlər. Millət vəkili Gültəkin Hacıbəylinin verdiyi açıqlama nəticəsində aydın oldu ki, icra başçıları arasında bir nəfər də olsa qadın yox imiş. Heç şübhəsiz ki, o yolları bərbad, əhalisi işsiz, evləri işıqsız qalan rayon və şəhərlərdən hansına qadın icra başçısı qoyulsa mütləq oranı abad edəcək. Çünki qadın olan yerdə mütləq səliqə-sahman olur. Hansısa kişi cinsindən olan məmur işçinin, vətəndaşın boğazından kəsib eyş-işrətə xərcləyir, sonra da insanların haqqlarını tapdaladığı, korrupsiyaya qurşandığı üçün azadlığını itirməli olur, vətəndaş isə yenə də bir şey qazanmır, amma məmurların heç olmasa 50 faizi qadın olsa həm idarələrdə qayda qanuna daha çox əməl olunar, həm də aşağıdan yuxarıya gedən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə azalar. Çünki qadın həm də anadır, ana olan bir insan heç vaxt qəbuluna gələn insanı qapıda gözlədib televizor seyr etməz, ehtiyacı olanı, haqqı pozulanı naümid qaytarmaz, əlindən gələni edər ki, heç olmasa bir xoş sözlə ona pənah gətirənin qəlbini ovuda bilsin. Ona görə də iri şəhərlərdən bir neçəsinə qadınlar rəhbər təyin olunsa, nazirlərdən heç olmasa biri qadın olsa, parlamentdəki qadın deputatların sayı 50-yə çatdırılsa gözəl olar.

Azərbaycan qadını hər şeyə qadirdir, istedadlıdır, zəhmətkeşdir, vətənpərvərdir, sadəcə cəmiyyətdə qədrini bilən yoxdur. Hələ ki, kişilər qadınları xəyanət etdiyi üçün döyür, işgəncə verir,sonra da qətlə yetirir, amma xəyanət edən kişilərə gözün üstə qaşın var deyən yoxdur. Çünki Azərbaycan qadını əksər hallarda hüququnu bilmir, hüququnu biləndə isə qarşısını “el-oba mənə nə deyər” düşüncəsi kəsir. Mentalitet deyilən bir şey qadınlarımızın əl-qolunu elə bağlayıb ki, döyülsə də, söyülsə də ərini haqlı sayır, çünki ona hələ ər evinə getməmiş “ərin sənin Allahındır”, “ər evindən ancaq meyidin çıxa bilər” deyib yola salırlar, yəni bir növ ata evinin qapısını qızların üzünə həmişəlik çırpırlar və nəticədə geriyə yol olmadığını görən qızlar ya döyülüb ölür, ya da döyülməkdən bezib özü özünü öldürür. Amma biz hələ də kişilərə qarşı diskriminasiya ola biləcəyindən danışırıq. Axı hər şey göz qabağındadır. Hansı cinsin əzən, hansının isə əzilən olduğu sirr deyil, belə olan halda 8 Mart Beynəlxalq Qadınlar günündən əlavə 28 Apreldə Analar günü qeyd olunsa məncə biz kişilər heç nə itirmərik, onsuz da onlar bizdən çox şey istəmirlər, səmimi qəlbdən deyilən bir təbrik də onların ürəyini ələ alıb, il uzunu çəkdikləri əziyyətləri unutmağa yetərlidir. Dünyaya da, evlərə də gözəllik gətirən, işıq salan qadınlardır və onların dəyərini bilmək lazımdır. Qadınlar dünyanın bəzəyidir. Onları nə qədər təbrik etsək də, ən gözəl hədiyyələrə qərq etsək də azdır. Kövrək və həssas, diqqət və nəvazişdən başqa heç nə ummayan qadınlara dünyanı bağışlaya bilmiriksə dünya boyda sevinc bağışlayaq. Qoy bütün qadınların üzü gülsün. Qadınlar gülsə dünya da güləcək.
Bayramınız mübarək Əziz Xanımlar!!!

Xanlar Xoca

Comments: (0)
Deyirəm bekarçılıq yaman pis şeymiş. Adamlar bekar qalanda ya siyasətlə məşğul olurlar, ya incəsənətlə, ya da son illər olduğu kimi politologiya ilə. İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymanini indi mətbuatda politoloq kimi təqdim edirlər. Bakıda politoloqun sayı çox olan bir vaxtda məncə Süleymaniyə heç ehtiyac da yox idi. Gül kimi Zərdüşt Əlizadə var idi də. Onsuz da onun açıqlamaları İranın mənafeyinə daha çox uyğun gəlir, nəinki sabiq səfirin. Məsələn Z.Əlizadə bu günlərdə İsrail dövlətinin öz əhalisinin təhlükəsizliyinin qeydinə qalaraq əleyhqaz paylamasını “Azadlıq” qəzetinə belə şərh edib ki, “Qonşularına hücum edən, onların ərazisini işğal altında saxlayan, öz əhalisi hesab edilən fələstinlilərə işgəncə verən, on minlərlə insanı cani adlandırıb hərbi əsir kimi həbsxanada saxlayan, bütün beynəlxalq qanunları pozan dövlət əlbəttə ki, qorxmalıdır. Istənilən silahdan istifadə edib ona hücum edə bilərlər. Ondan qisas almaq istəyən, öz hüquqlarını müdafiə etmək istəyən insanlardan qorxmalıdır”. Bu fikri oxuyanda uzun illər Z.Əlizadənin Sosial Demokrat partiyasına necə rəhbərlik etdiyini düşündüm. Separatizm və terrordan əziyyət çəkən Azərbaycanın politoloqunun eyni vəziyyətlə üz-üzə olan İsarili hədəf seçib tənqid atəşinə tutması, az qala təcavüzkar dövlət kimi qələmə verməsi başadüşülən deyil. Şərqşünas politoloq bilməliydi ki, fələstinlilərin əzablarında İsrail yox, terrorçu təşkilatlar olan “HƏMAS” və “Hizbullah”, həmçinin onları maliyyələşdirən dövlətlər günahkardırlar. Bu məsələdə əziyyət tərəf çəkən tərəf varsa o da İsraildir ki, aralarında ərəblər də olan əhalisini terrordan qorumaq üçün ehtiyat tədbirləri görməkdədir. Həm də lap dinc dövrdə də öz əhalisinin təhlükəsizliyinin qayğısına qalmaq hər bir dövlətin vəzifəsidir və hansısa dövlətin buna imkanı çatırsa onu alqışlamaq lazımdır. İsrail heç vaxt hansısa dövləti yer üzündən silmək haqqında bəyanat verməyib və bunu da şərqşünas politoloq nəzərə almalı idi. Terrorçu təşkilatların sıralarında vuruşub günahsız insanları məhv etməkdənsə müasir tipli həbsxanalarda dincəlmək məncə terrorçuların özlərinin də ürəyincədir. Bir də axı onların qeydinə qalmaq bizim işimiz deyil. Biz Qarabağ haqqında, öz torpağından didərgin düşmüş insanlarımız, şəhidlərimiz, Xocalı soyqırımı haqqında düşünməliyik. Biz mənəvi terrorçuluqla məşğul olan və İran erməniləri tərəfindən maliyyələşdirilən “Səhər” televiziyasının erməni mənşəli rəhbərliyinin və əməkdaşlarının mənəviyyatsız, əxlaqsız fəaliyyəti haqqında düşünməli, bu çirkin təbliğat maşınına qarşı mübarizə aparmalıyıq ki, milli simvollarımıza, şəxsiyyətlərimizə qarşı mənəvi terrora son qoyulsun. Bunları demək, bunlardan danışmaq və tənqid etmək lazımdır. Yoxsa sülhsevər və hər zaman danışıqlara hazır olduğunu bəyan edən İsraili tənqid etməyə nə var ki... Ərdoğan da son zamanlar ermənilərin tarix boyu törətdikləri vəhşilikləri unudub Qəzzanı əlində bayraq eləmişdi, yeri gəldi-gəlmədi ərəb dünyasının maraqlarını müdafiə edən bəyanatlar səsləndirir, amma Ermənistana gəldikdə sərhədlərin açılması üçün əlindən gələni edirdi. Bu siyasətin uğursuz və acınacaqlı nəticəsi artıq məlumdur.

Z.Əlizadə isə elə partiya sədri olanda da İran meylli açıqlamaları ilə tanınırdı, indi də eyni mövqedədir. Belə politoloqluqdansa gedib Elza Seyidcahanla ağac əkmək daha faydalı olardı. Çünki ağaclar yaşıllıqdan əlavə həm də havanın təmizliyinə xidmət edirlər.


Xanlar Xoca

Bəziləri isə efir deyəndə deyəsən təkcə televiziya nəzərdə tutulduğunu zənn edir və yəqin elə buna görədir ki, radio efirində sözün əsl mənasında “bespredel” hökm sürür. Kim nə istəyir danışır, deyir, gülür, dinləyici ilə məzələnir, ingilis, rus dillərində bildiyi sözlərdən kokteyl düzəldib çərənləyir, bir sözlə efir vaxtı bitənə kimi təkcə vaxt öldürmür, həm də radio dinləyicilərinin zövqü, əsəbləri ilə oynayır, Azərbaycan dilini təhqir edirlər. ANS ÇM radiosunun efirində “Süranə” adlı bir veriliş səslənir. Mən dilçilərdən soruşmaq istəyirəm, varmı Azərbaycan dilində belə bir söz? Yoxsa kim nə söz istəsə düzəldə bilər? Azərbaycan Cinayət Məcəlləsinin vəzifəsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan, Ailə Məcəlləsinin vəzifəsi isə ailənin ümumbəşəri prinsiplər əsasında qurulması,ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması,ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması, uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsindən ibarətdir fala baxmaq üçün deyil. Amma Milli Qəhrəman, Xocalı faciəsinin aşkara çıxmasında misilsiz hünər göstərmiş Çingiz Mustafayevin adını daşıyan radionun gecə efirində “Qru Tofiq” adlı Dj Cinayət Məcəlləsi və Ailə Məcəlləsi ilə məhz fala baxır və ən acınacaqlı hal budur ki, efirə zəng edən gənc qızlar onun hər kəlməsinə kortəbii inanırlar. Həmin “Qru” ləqəbli DJ dünən gecə zəng edən xanım dinləyiciyə təxminən belə bir sual verdi: “Yorğanın altından danışırsınız? Əliniz indi hardadır?” Bu Milli Teleradio Şurasının iradlarını qəbul etmək istəməyən bir radionun efirindən dünən gecə eşitdiyimdir. Bu radionu davamlı izləyənlər belə misalları daha çox göstərə bilərlər. Demək olar ki, “İctimai radio”nu, “Media Fm”-i, “Xəzərin səsi”ni, dövlət radiolarını, internet radiolarından isə “Day.az”-ı çıxmaq şərtilə bütün özəl radiolarda eyni vəziyyət hökm sürür. Hərdən düşünürəm ki, nə yaxşı ki, Day.az radiosu və onun “Cahan” verilişi var, yoxsa doğrudan da radio efirimiz çox kasib və bərbad görünərdi.
Televiziyalarda da vəziyyət ürəkaçan deyil. “Yağ kimi”, “Qonaqlıq” və s. bu tip verilişlər hələ də insanları Azərbaycan teleməkanından didərgin salmaqda davam edir. Amma nə qədər tənqid səslənsə, iradlar bildirilsə də xeyri yoxdur, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır” məsəlində olduğu kimi. Dəfələrlə ANS-də Sevil Nuriyevanın heç olmasa bir verilişinə sona qədər baxmaq üçün özümə nə qədər zülm etsəm də alınmır, ona görə yox ki, səbrsizəm, yox, səbrim də, əsəblərim də yerindədir, sadəcə xanımın osmanlı türkcəsindən gen-bol istifadə olunmuş bir kitablıq cümlələrini başa düşmək çətindir. Qulaq asanda sanki şifahi olaraq “sözləri ardıcıllıqla düz” oyunu oynayırsan. Turan İbrahimovun “Günə baxan” verilişində də eyni vəziyyət yaşanır, həm də daha pis formada. Məsələn bu verilişdə, oxucularımdan üzr istəyirəm, tez-tez tin uşaqlarının sözləri işlədilir, bir dəfə hətta özüm onun dilindən “fuflo” sözünü eşidəndən sonra yaxın bildiyim insanlara televiziyadan uzaq durmağı məsləhət bilmişəm. Məncə elə sözlərə ehtiyac olsa elə Eminemin, Tupakın, ən azından Elşad Xosenin ifasını dinləmək pis olmaz. Həm də Turan cümlənin əvvəlində nə dediyini sonuna çatmamış unudur ki, bu da onun mənasız əl-qol hərəkətlərini daha da mənasızlaşdırmaqla bərabər çatdırmaq istədiyi təsadüfi bir mənalı fikri də əhəmiyyətsizləşdirir. “Elgizin cümə axşamları” haqqında danışmağı isə sadəcə artıq bilirəm və vaxt almaq istəmirəm, özünüz hər şeyi görürsünüz onsuz da. Verilişin qırxının çıxmasını gözləyənlər az deyil.
Heç Sovet dövrünü demirəm, elə müstəqillik illərində Nailə İslamzadə, İlhamiyyə Rzayeva, Səadət Məmmədova, Leyla Tağıyeva kimi aparıcı və telejurnalistlər yetişmişdi, tamaşaçı sevgisi qazanmış, televiziyaları da tamaşaçıya sevdirməyi bacarmışdılar. Bu xanımların diksiyası, efir mədəniyyəti, geyim tərzi məncə bu günki aparıcılar üçün nümunə olmalıdır. Amma bu gün Leyla istisna olmaqla adlarını çəkdiyim insanlar öz iradələrinin ziddinə olaraq və ya bu günki televiziyalarda peşəkarlar üçün yaradıcı mühit olmadığı üçün öz peşələrindən uzaq düşüblər. Onların əvəzində ekranda, efirdə diletantlar at oynadır, iki sözü düzgün tələffüz edə bilməyənlər çıxıb xalqa dərs keçməyə təşəbbüs göstərir, amma düşünmür ki, xalq axi bu televiziyalara baxmır. İndi hətta bəzi aparıcılar var-dövlət qazanmağa o qədər həvəs göstərirlər ki, özlərinə bəzi müğənnilər kimi “sponsor” da tapmağa imkan qazanırlar və bir də görürsən ki, həmişə maaşının azlığından gileylənən bir aparıcı xanım bahalı avtomobildən düşür, sonra da hardasa “obyekt” sahibi olur. Halbuki nə istedadı var, nə peşəkar səviyyəsi, televiziyada da açıq saçıqlıqdan başqa bir yenilik etməyib. Əvvəllər heç olmasa Səadət Məmmədovanın təqdimatında xəbərləri izləmək olurdu, indi qışqıra-qışqıra, nəfəsi kəsilə-kəsilə xəbər təqdim edənlərin sayəsində ondan da məhrum olub Azərbaycana aid xəbərləri ya internetdən, ya da radio efirindən izləməyə məcburuq. Bu vəziyyəti görəndə “Kərəm ağlamasın bəs neyləsin”?
Azərbaycan efiri Azərbaycan dili üçündür və bunu birdəfəlik, qəti olaraq bütün aparıcılar, Dj-lər yadında saxlamalıdır. Bəli, biz artıq bilirik ki, bəzi aparıcılarımız Osmanlı türkcəsində gözəl danışırlar, bəyəndik, amma Azərbaycan dili daha gözəldir, Azərbaycan dilində danışaq. Heç olmasa bu dilin rəsmi dil statusu alması, rus dilinin içində əriyib getməməsi üçün Sovet dövründə Heydər Əliyevin çəkdiyi əziyyətləri nəzərə alıb dilimizə hörmət etməli, assimilyasiyaya uğramasına imkan verməməliyik. Ona görə də düşünürəm ki, bu biabırçı vəziyyətə son qoymaq üçün yalnız inzibati üsullara ehtiyac var. Dövlət bütün televiziya və radioların efirinə nəzarəti öz üzərinə almalıdır. Azərbaycanda da Türkiyədəki kimi hansısa televiziyanın yayımı bir neçə saatdan tutmuş bir neçə günədək dayandırılsa onda hər şey yaxşılığa doğru dəyişəcək və Azərbaycan teleməkanından didərgin düşmüş tamaşaçı nəhayət ki, Azərbaycan dilində normal danışıb fikrini düzgün çatdırmağı bacaran aparıcıların təqdimatında normal səviyyəli verilişlərə baxmaq imkanı əldə edə biləcək. O günü çoxları səbirsizliklə gözləyir. O günün tez gəlməsi üçün isə Milli Teleradio Şurasına mütləq əlavə və müstəsna səlahiyyətlər verilməlidir, başqa yol yoxdur.

Xanlar Xoca

Rəqqasə Fatimə barədə yenə şayiələr gəzir. Bu dəfə xəbər yayılıb ki, güya Fatimənin qızı Aydan ərə getməyə hazırlaşır və anası ona tezliklə toy çaldıracaq.Məsələyə aydınlıq gətirən rəqqasə SİA-ya bildirib ki, “O, hələ uşaqdır. Mənim qızımın cəmi 14 yaşı var. Hələ səkkizinci sinifdə oxuyur. Mənə təəccüblü gələn odur ki, bu yalan haradan qaynaqlanır? Bu qondarma söz-söhbətı kim yayır? Heç olmasa elə yalan uydursunlar ki, həqiqətə uyğun gəlsın. Bir də şayiə yayanlar nə deyirlərsə mənə desinlər. Mənim yaxınlarımın və doğmalarımın adını hallandırmasınlar”.

Show-biznes.az
Comments: (0)

Fransız supermodel Laetitia Casta Fransanın Oscarı adlandırılan Cesar mükafatını almaq üçün qatıldığı tədbirə demək olar ki, çılpaq gedib.

Show-biznes.az saytının məlumatına görə, tədbirə Yves Saint Laurenin kolleksiyasından qara transparan ziyafət paltarıyla qatılan supermodel kürsüyə çıxanda nəfəslər tutulub. Çılpaq vücuduna üstü işləməli şifon paltar geyən Laetitianın aydın görünən bədəni hamını heyrətə salıb və tədbirin sonuna kimi bütün gözlər onun üzərində olub.

Show-biznes.az