Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Comments: (0)

Bu günlərin daha çox müzakirə olunan mövzusu bəlkə də enerji böhranından çox qəfil enerji kəsilməsi zamanı metropoliten rəisi Tağı Əhmədovun jurnalistlərə verdiyi açıqlamalar oldu. Həmin açıqlamaların yer aldığı kadrları təkrar-təkrar izlədim və bəzi jurnalistlərin məhz sual vermək xatirinə sual verdiyinə bir daha əmin oldum. Bəli Azərbaycanda hələ də peşəkar jurnalistika formalaşmayıb, bəzi qəzet baş redaktorları məhz daha az maaş və ya qonorar vermək xatirinə redaksiyalara müxtəlif ali məktəblərin tələbələrini, işsizləri, ən müxtəlif peşə sahiblərini yığırlar ki, nəticədə bu günki vəziyyət yaranıb. Bəzən jurnalistlər ya sifarişli, ya sadəcə kameralara düşmək, ya da müsahibini sinirləndirib hövsələdən çıxarmaq və beləliklə də özünə lazım olan skandal vəziyyətini yaratmaq, sonra da bundan sitifadə edib məşhurlaşmaq məqsədi daşıyan suallar verirlər ki, sonunda acı cavab alırlar. Ona görə də bəzi baş redaktorlar özlərini daha da gülünc vəziyyətə salmamaq üçün kimin hara, hansı suallarla göndərildiyinə diqqət etməlidirlər. Bütün bunlar öz yerində, qayıdaq məlum dartışma mövzusuna.
Enerji kəsilibsə təbii ki, metro dayanmalıdır, dayanıbsa əlbəttə ki, metronun qapıları müvəqqəti bağlanmalıdır, bunu hamı bilirsə daha “Tağı müəllim, metro niyə bağlıdır” sualının yeri varmı? Və yaxud əgər metroda xəsarət alan olubsa belə, baxmayaraq ki, bu şayiədən başqa bir şey deyildi, bu barədə məlumatı Tağı Əhmədovdan deyil ya Səhiyyə Nazirliyinin, ya da Daxili İşlər Nazirliyinin, yaxud da FHN-in mətbuat xidmətindən almaq lazım idi.

“Metroda nə qədər adam qalmışdı” sualı lap gülməlidir. Heç olmasa enerji verilməsi bərpa olunandan sonra bəlkə də dəqiq bilmək olardı ki, metroda həmin anlarda nə qədər adam olub. İşıq sönüb, texnika dayanıb hardan bilmək olar ki, dəqiq nə qədər adam qalıb tuneldə və ya stansiyalarda. Lap fərz edək ki, 100 nəfər qalıbmış, bu yalnız xilasedicilərə aid olan bir məsələdir, bunu ictimaiyyətin bilməyinin nə önəmi varmış məlum deyil. Həmin anda T. Əhmədovun yerində həmin jurnalistlərdən hansi birisi olsaydı daha ağır cavab verərdi bəlkə də. Çünki bizim əksər jurnalistlər yazıçıya yazdığı kitabın məzmunundan, obrazlardan deyil, kitabın neçə səhifədən ibarət olmasından, rəssama çəkdiyi tabloda hansı fikri çatdırmağa çalışmasından deyil, çərçivənin neçəyə başa gəlməsindən, bəstəkara sevdiyi xörəkdən, şairə neçə saat yatmasından sual verməyi sevirlər. Çünki tam əksəriyyət jurnalistikaya təsadüfən, hətta deyərdim ki, desant kimi düşüb. Bu jurnalistikada məktəbli də gördük, kriminal xəbərdə zorlanma sözü əvəzinə hadisəni ən xırda elementinə qədər təsvir edən birini də, prezident sözünü rezident sözündən fərqləndirə bilməyəcək qədər savadsızı da, xanım əməkdaşı ilə eşq yaşayıb ailəsində söz-söhbətə bais olanı da... Bir çoxları sonradan millət vəkili, məmur olan, ya da anidən zənginləşən həmkarlarını görüb hələ də jurnalistikaya tramplin kimi baxır, özünü ya müstəntiq, ya da siyasətçi kimi aparır. Verdikləri suallar da elə o məqsədə hesablanmış olur. İnsafla desək belələri əksər hallarda məqsədinə də çatır və bir də görürsən ki, həmişə maaşının azlığından şikayətlənən telejurnalist budur şəhərin mərkəzində nəhəng bir ticarət mərkəzi açdı. Deməli, bu adama ya nənəsindən miras qalıb, ya da müğənnilər kimi özünə yağlı “sponsor” tapıb. Ikinci daha ağlabatandır. Bəzi jurnalistlər isə sual verəndə hansısa partiya liderindən fərqlənmir və dərhal məlum olur ki, adam hansı firqəni təmsil edir. Sonra da elə həmin adamların ən sevimli mövzusu vicdanlı və tərəfsiz informasiya yayımı, bir də söz azadlığı olur.
Mərhum Prezidentimiz Heydər Əliyev jurnalistlər üçün brifinq keçirərkən o birifinqlərdə bəzən nə qədər mənasız suallar verilirdi hamı yaxşı bilir. Hətta kimin mikrofonu və ya diktofonu daha öndə olacaq deyə bir-birini dümsükləməkdən belə qalmayan bəzi jurnalistlərin həmkarının sualını təkrar etməsi halları da olurdu. Ən acınacaqlı hal isə bu idi ki, prezidentə sual verən jurnalistlər sonra özlərini az qala nazir kimi aparırdılar. Bu baAxımdan Prezident İlham Əliyevin səfərləri və görüşləri barədə məlumatların mətbuat xidməti vasitəsilə yayılması daha gözəldiAr, ən azı özünü göyün yeddinci qatında hiss edənlərimiz bir qədər azalıb. Amma indi nazirlik və komitələrin birinci şəxləri birfinq keçirəndə eyni vəziyyət yaranır, yenə mənasız suallar, yenə kimin mikrofonu daha çox görünəcək və kim diqqəti daha çox cəlb edəcək mübarizəsi başlayır. Mənasız və əhəmiyyətsiz suallar da öz yerində. Nə qədər ki, jurnalistika bu kökdədir, bir gün hansısa jurnalistin mövzudan kənara çıxıb hansısa məmura “Sizin neçə uşağınız var” sualını ünvanladığını eşitsəm heç təəccüblənmərəm.


Xanlar Xoca



“Media əhvalatları» rubrikasını davam etdiririk. Oxucularımızın maraqla izlədiyi rubrikamızın budəfəki qonaqları həmkarlarımız Aqil Aslan, Nicat Rüstəmov, Xanlar Xoca və Anar Tağıyevdir.

Aqil Aslan, «Ekspress» qəzetinin əməkdaşı

«Ə kişi, məni niyə öldürmüsünüz?»


- 2005-ci ilin avqust ayı idi. «Ekspress»in məşhur kriminal müxbiri Elman Malıyev 3 gün idi redaksiyaya gəlmirdi. Onun mobil telefonu da yox idi ki, zəng edib hal-əhval tuta bilək. Yaşadığı ünvanı da bilmirdik. Səhər tezdən redaksiyada elə bu barədə danışırdıq ki, həmkarımız İlham Tumas təklif etdi ki, gəlin Elmanı «öldürək», yəni redaksiyaya gələn əməkdaşlarımıza onun öldürüldüyünü deyib hamını inandıraq. İlham tez kompüterdə Elmanın şəkilini tapıb çapa verdi və həmin şəkili qara fonda divardan asdıq. Elmanın stolunun üstünə onun əşayalarını və sonuncu dəfə qəzetdə çıxan məqalələrini kəsib düzdük. Hətta mən bir bloknot tapıb üstünə «Xatirə kitabı» yazıb onun stolunun üstünə qoydum ki, gəlib-gedənlər Elman haqqında ürək sözlərini yazsınlar. Həmin kitabı indiyə qədər saxlamışıq. İnandırıcı görünsün deyə Qalib İbrahimoğlu, İlham Tumas, Elçin Alıoğlu və Ələkbər Raufoğlu «Xatirə kitabı»na öz fikirlərini yazdılar. Baş redaktorumuz Qəzənfər Baramov içəri girib Elmanın şəkilini divarda görəndə ona Elmanla bağlı zarafat etdiyimizi dedik. Və xahiş etdik ki, uşaqlar soruşsa, o, da Elmanın güllələndiyini desin.
İlk tora düşən mədəniyyət müxbirimiz İltifat oldu. Əvvəl bizə inanmadı. Dedik inanmırsan, get Qəzənfər müəllimdən soruş. O, baş redaktorın otağına girib-çıxandan sonra Elmanın ölümünə inandı. Hələ «Xatirə kitabı»na da ürək sözlərini yazdı. Bundan sonra bizi gülmək tutduğu üçün İltifat məsələnin nə yerdə olduğunu bildi. Beləcə biz redakisyaya gələn bir neçə əməkdaşımızı aldada bildik.
Mədəniyyət müxbirimiz Ulduzə Qaraqızı da Elmanın ölümünə inananlardan biri oldu. Onun «Xatirə kitabı»na yazdıqlarından bir hissəsini qeyd edə bilərəm: «…Sənin ölümünlə barışmaq erməni qonşularımızla yenidən bir süfrə başında oturub duz-çörək kəsmək deməkdir. Əsla… Ölüm səni bizdən ala bilər, ruhən yox… Ala gözlərinə mən bacın heyran Elman, ipək saçlarına quzu kəsim ay Elman, gorun çatlasın ay Elman, bizi qoyub hara getdin».
O, ürək sözlərini yazandan sonra zarafat etdiyimizi dedik…

Hamımız kriminal şöbənin müxbiri, Elmanın rəqibi Namiq Məmmədlini gözləyirdik. Onunla Elmanın «mehriban düşmən» olduğunu bilirdik. Odur ki, Namiqin hansı reaksiya verəcəyi hamımız üçün maraqlı idi. Nəhayət Namiq axşam saatlarında redaksiyaya gəldi. Ona Elmanın kriminal ünsürlər tərəfindən güllələndiyini dedik. Elmanın böyüdülmüş şəkilini, stolunun üstündəki əşyaları, hətta yanan şamı görən Namiq iş yoldaşının ölmününə inanıb «Allah rəhmət eləsin» dedi. Biz isə gülməkdən özümüzü zorla saxlayırdıq. Elmanın ölümünü soyuqqanlıqla qarşılayan Namiq «Xatirə kitabı»nı da yazdı: «Ölümünü qəflətən eşitdik. Hələ də buna inana bilmirəm. Elə gün olmazdı ki, Elman, sənin səsin-küyün redaksiyadan gəlməsin. 42 yaş nədir ki, sənin üçün. Sənin ölümün bu cür, belə tez olmamalı idi. Buna baxmayaraq sən həmişə bizim qəlbimizdə yaşayacaqsan,. Həmişə səni bir iş yoldaşı kimi xatırlayacağıq. Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun! Namiq Məmmədli».

Namiqin inandığını görən Ulduzə isə siyahı tutdu ki, guya Elmanın «yas»ına pul yığırıq. Hamımızın adını əvvəlcədən siyahıya yazmışdı ki, guya artıq biz pulu vermişik. Ulduzə Namiqdən o vaxtın pulu ilə 5 «şirvan» istəyəndə Namiq bu qədər pula gücü çatmadığını dedi: «Vallah “5 şirvan” çoxdu. Mən 2 şirvan verirəm». Nə isə Namiq “5 şirvan” verməkdən imtina elədi. Tez-tez bizim otağa girən İlham Tumas və Qalib İbrahimoğlu isə Namiqə «Elmanın səhifəsini sən doldurarsan, Namiq» deyirdilər. Namiq isə Elmanın ölümünə sevinirmiş kimi İlhamla Qalibin sözlərinə gülümsəyərək razılığını ifadə edirdi.

Aradan bir-iki saat keçəndən sonra Elman Malıyev gözləmədiyimiz halda qəflətən içəri girdi və qapının ağzında Namiqlə üz-üzə gəldi. Elmanı qarşısında görən Namiq isə diksinib «bismillah» deyib dalınca da «əəə, sən hardan xortladın?» qışqıraraq geri çəkildi. Biz hamımız qəhqəhə çəkib gülümsədiyimiz zaman Namiqin ürəyi getmişdi. Üz-gözünə su vurduqdan sonra Namiq birtəhər özünə gələ bildi…

Elman isə zarafatımızdan heç incimədi. Sadəcə «Ə kişi, məni niyə öldürmüsünüz?» deyib «Xatirə kitabı»nı oxmağa başladı.

«Babəki Amalya kişi eləyib»

- 2009-cu il dekabrın 28-də ATV-nin «El içində» verilişində türkçülüyə qarşı «səlib yürüşü»nə çıxmışdılar. Millət vəkili Fazil Mustafa da verilişdə anti-türkçü cəbhəsində vuruşanlar sırasında idi. Fazil bəy verilişdə ərəb istilasına qarşı döyüşmüş Azərbaycanın qəhrəman sərkərdəsi Babəki də hədəfə götürmüşdü. Səhərisi gün Milli Məclisin payız sessiyasının sonuncu iclası idi. İclas başlamazdan əvvəl foyedə Fazil Mustafa ilə söhbət edirdim. Bu zaman Pənah Hüseynlə Zahid Oruc bizə yaxınlaşdılar və «El içində»ki anti-türkçü mövqeyinə görə Fazil bəyi asıb-kəsməyə başladılar.
Həmin anda ATV-nin müxbiri Bəxtiyar Səlimov Fazil bəyi müsahibəyə çağırdığı üçün o, bizdən uzaqlaşmalı oldu. Zahid Oruc isə əsəblərini cilovlaya bilmirdi: «Ayə, bu Fazil deyildi indiyə qədər türkçülükdən danışan. Nooldu buna birdən-birə mövqeyini dəyişdi. Seymur Baycan deyir ki, türklər Azərbaycana dönərdən başqa heç nə gətirmədilər. Fazil ona cavab verə bilmirdi ki, Türkiyə Azərbaycanda bu qədər türk liseyi açıb, yüksək təhsil verib? Ayə, Fazil indiyə qədər türkçülükdən neçə kitab yazıb, hələ kitablarını mənə də verib oxumağa. Bundan türkçü olmaz. Verdiyi kitabları gətirib qaytaracam özünə».

Fazil bəyə mənim də etirazım var idi. Odur ki, bir azdan ona yaxınlaşıb «Ay Fazil bəy, axı Babək böyuk sərkərdə olub, onunla nə işin var» dedim. Fazil bəy də gülümsəyərək belə cavab verdi: «Babək yaxşı oğlan deyil, onu Amalya kişi eləyib».
Fazil bəy bununla «Babək» filmində Babəkin arvadı Zərnisə rolunu oynayan aktirisa Amalya Pənahovanı nəzərdə tuturdu.

Nardaranlının adını püşk atmaqla müəyyənləşdirdik

- Ötən bələdiyyə seçkilərindən əvvəl «Bakı kəndlərində bələdiyyə seçkilərinini vəziyyəti» mövzusunda bir tədbir keçirilmişdi. Redaktorumuz APA və «Turan»ın informasiyalarını əməkdaşımız Aqil Camala verib tapşırmışdı ki, həmin tədbirdən xəbər hazırlasın. Adaşım da baxıb gördü ki, tədbirdə çıxış edən Nardaran sakininin adını APA Əzizağa Talıbzadə kimi, «Turan» isə Əbdüləli Talıbzadə kimi təqdim edib. Yəni soyadlar eyni olsa da, adlar fərqli idi. Adaşım məndən soruşdu ki, bəs görəsən bu nardaranlının adını necə yazım, biri belə yazıb, o biri elə. Mən də dedim ki, «Ə.Talıbzadə kimi yaz, vəssalam. Yəni nə şiş yansın, nə kabab”.

Aqil Camal isə dedi ki, gərək adı tam yazsın. Bir az fikirləşdikdən sonra adaşım orijinal təklif verdi ki, gəl püşk ataq, kimin adı çıxsa onun da adını yazarıq. Beləliklə, bir kağız parçasına «Əbdüləli», birinə də «Əzizağa» yazıb düyünləyib püşk atdıq. Açdığımız kağızdan isə «Əbdüləli» çıxdı. Adaşım da nardaranlını elə Əbdüləli Talıbzadə kimi yazdı. Amma səhərisi günü
nardaranlıdan etiraz gəlmədi. Görünür, püşkümüz düz çıxıbmış.

Xanlar Xoca, müstəqil jurnalist

Redaksiyada mürgüləmə

- "Çayçı Məmməd" kimi tanınan, özümə ustad bildiyim mərhum jurnalist Məmməd Nazimoğlu "Mentalitet" qəzetini nəşr etdirəndə mən də onun yanında müxbir işləyirdim. Bir gün çox yorğun olduğumdan necə oldusa, elə divanda oturan yerdə yuxu məni tutmuşdu. Mən oyananda isə redaksiyada heç kim yox idi. Əvvəlcə qaranlıqda gözlərimi açanda nə baş verdiyini anlamadım. Amma sonra yavaş-yavaş ağlım başıma gələndən sonra vəziyyəti anladım. İşçilər məni yatmış görüb, oyandırmadan qapını çöldən bağlayıb getmişdilər.
Səhər tezdən rəhmətlik Məmməd müəllim gəlib qapını açanda məni içəridə görüb çox təəccübləndi, sonra isə narahat olmağa başladı ki, bəs gecəni bu soyuqda necə keçirmisən. Sonralar bu hadisəni tez-tez yada salıb gülərdik.

"Kəfənli aksiya"

- “525-ci qəzet"də repotyor işləyirdim. O vaxtlar da mərhum Əşrəf Mehdiyev tez-tez "kəfənli aksiyalar" təşkil edirdi, belə aksiyalar isə mənim heç xoşuma gəlmirdi. Bəxtimdən də bir dəfə necə oldusa, onun aksiyasını işıqlandırmaq üçün məni göndərdilər. Aksiyada hansı şüarlar səsləndiriləcəyini təxmin etdiyim üçün mitinqə getmədim, fikirləşdim ki, onsuz da polis Əşrıf Mehdiyevə aksiya keçirməyə imkan verməyəcək. Bir az şəhəri gəzdikdən sonra redaksiyaya qayıdıb aksiyanın baş tutmadığını bildirdim. Amma axşam "Turan" agentliyi aksiyadan xəbər göndərəndə redaktorlar tərəfindən danlandım.

Nicat Rüsəmov, Ədalət qəzetinin keçmış əməkdaşı

Elbrusun qışqırması


- Milli Məclisin iclas günü idi. Parlament müxbirləri foyedə iclasın başlanmasını gözləyirdilər. APA-nın müxbiri Elbrus Seyfullayev jurnalistlərə bildirdi ki, Həcc ziyarətinə getməyə hazırlaşır. Bunun üçün ona Qafqaz Müsəlmanları İdarəsi kömək etməli idi.
Məclisin iclası başlamışdı və jurnalistlər lojadan iclası müşahidə edirdilər. Mən foyenin ikincə mərtəbəsindən gizli nömrə ilə Ebrusa zəng etdim. Deim ki, “səni Qafqaz Müsəlmanları İdarəsindən Hacı İsrafil narahat edir”. Elbrus mənlə çox nəvazişlə danışdı. Şeyx Həzrətlərinə salamını çatdırmağımı xahiş etdi.
Mən də dedim ki, “gərək üzürlü hesab edəsən, sən bu il ziyarətə gedə bilməyəcəksən. Elə buna görə səni narahat edirdim”.

Bir də gördüm Elbrus qışqıra-qışqıra lojadan foyeyə çıxdı. Başladı o tərəf-bi tərəfə qaçmağa. Qışqıra-qışqıra deyirdi ki, “hacı axı niyə gedə bilmərəm ki? Bəs, mən bütün işlərimi Həcc səfərinə görə planlaşdırmışam!!”. Elbrus danışa-danışa düz gəlib mənimlə üzbəüz dayandı. Ona cavab verə bilmədim, eləcə telefonu qulağımda saxlamışdım, amma özümü gülməkdən saxlaya bilmədim. Bunu görən Elbrus məni söyə-söyə lojaya qayıtdı.

Milli Məclisdə “oğurluq”

- Jurnalist Real Cəfərli “Xalq Cəbhəsi” qəzetindən Milli Məclisə gəldiyi ilk gün idi. Necə oldusa, jurnalistlərin otağında o, daiktafonun qapağını itirdi. Nabələd adam ola, nəsə itirə. Bir-bir hamıdan soruşdu. Firudin Qədiroğlu ondan soruşdu ki, axırıncı dəfə diktafonu kimin yanında olub, Real da cavab verdi ki, “İki sahil”in müxbiri Elçin Namazovun. Firudin necə etdisə, bir də gördük Real Elçinin üstünü kəsdirib ki, oğurladığı qapağı qaytarsın. Nəsə, Realla Elçin davaya çıxdılar. Bir nəticə əldə etməyən Real yenidən Firudunun yanına qayıtdı. Firudin da dedi ki, “get onun çantasını yoxla, o, belə işlərlə məşğuldur”.
Real elə də etdi. Elçin qışqıra-qışqıra çantasını açdı. Doğrudan da Realın diktafonun itən qapağı onun dəftərinin arasından tapıldı. Bildik ki, bu təsadüfən belə olub. Real qışqırdı ki, bəs oğrunu tapıb. Elçin isə bərk dilxor olmuşdu. Belə əhvalla biz lojaya qalxdıq. Elçinlə Real aralı otursalar da arabir düşməncəsinə baxışırdılar. Gülməkdən bizdə can qalmamışdı. Axırda Elçin dözə bilməyib Reala hücum çəkdi. Onları güclə araladıq. Elçin Realı lojadan iclas zalına atmaq istəyirdi. Elçinin bir cümləsi yaddan çıxmaz: “Ayə, sən kimsən ki, məni oğurluq etməkdə suçlayırsan...”.

Soradan bu məzhəkənin “Fedya” (Firudin) tərəfindən hazırlandığını bildik.

Kamilin araq içməyi

- İctimai Televiziyada işləyən həmkarımız Mais Piriyevin toyuna getmişdik. “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu da aramızda idi. Kamil Elşad Eyvazlı ilə üzbəüz oturmuşdu. Bilirdi ki, yenə onunla bağlı bir komediya çıxarılacaq. Ona görə də Elşaddan gözünü çəkmirdi. Məclisin şirin alınması üçün ofsianta 1 “şirvan” verdim, dedim Kamil üçün gətirilən su şüşəsinə araq doldursun. Kamilin də indiyəcən dilinə spirtli içki dəyməyib. Ofsiant dediyim kimi elədi. Bilirdim ki, nə olsa, Kamil Elşaddan şübhələnəcək. Kamillə Elşad üzbəüz oturub söhbət edirdilər. Birdən Kamil özünə “su” süzdü, sonrada stəkanı burnəfəsə
başına çəkdi... Aləm qarışdı. Kamil Elşadın üstünü kəsdirdi ki, “bunu sən etmisən”. Elşad nə qədər and içsə də Kamil ona
inanmadı ki, inanmadı.

Anar Tağıyev «Azərbaycan» qəzetinin müxbiri

Nemət Pənahlının adaşı

- Jurnalist fəaliyyətimlə əlaqədar qarşılaşdığım ilk maraqlı hadisə 1997-ci ildə baş verib. Həmin ilin noyabrında o zaman əməkdaşı olduğum «Üz-üzə» qəzetində mənə Milli dirçəliş günü ilə bağlı Nemət Pənahlıdan müsahibə almağı tapşırmışdılar. Nemət Pənahlının əlaqə telefonunu əldə edib ona zəng vurdum. Lakin o, mənimlə görüşməyi 3-4 gün yubatdı. Nəhayət noyabrın 16-da məni Müstəqil Azərbaycan Partiyasının qərargahına dəvət etdi. Nemət Pənahlı ilə vədləşdiyim vaxt partiyanın qərargahına getdim. Amma burada qarşıma çıxan Nemət Pənahlı adlı şəxsin tamam başqa bir adam olduğunu gördükdə xeyli təəccübləndim. «Mənim adım Nemət Pənahlıdır» deyə müsahibim özünü təqdim edərək söhbətə başlamaq istədikdə ondan üzrxahlıq edib yanlışlığa yol verdiyimi bildirdim. Müsahibim də hazırcavab adam idi. «Bilirdim ki, siz mənim adaşım olan digər Nemət Pənahlını axtarırsınız. Neynəmək olar? Adımız da soyadımız da eynidir» deyib özünü o yerə qoymadı.


"Heyf o çıxışdan...”

- 2006-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının sədr müavini Zaur Adıgözəlovla görüşüb ondan o vaxt çalışdığım «Həftə içi» qəzeti üçün müsahibə almalıydım. Sədr müavini ilə görüşdüm, tanışlıqdan sonra diktofonumu hazırlayıb müsahibəyə başladıq. Zaur Adıgözəlov Azərbaycan gənclərinin dünya miqyasındakı uğurlarından, habelə gənclərlə bağlı Bakıda keçiriləcək konfransa hazırlıqdan danışır, mən isə arabir ona mövzu ilə bağlı öz suallarımı verirdim. Müsahibə başa çatdıqdan sonra görüşüb ayrılmaq istədim. Diktofonu masanın üzərindən götürəndə məlum oldu ki, o, heç nə yazmayıb. Pərt halda üzrxahlıq etdim. Müsahibim mənim narahat olduğumu görüb “fikirlərimi yenidən təkrarlayaram» dedi və yeni çıxışa başladı. Nəhayət müsahibə başa çatdı. Mən Zaur Adıgözəlovla görüşüb otaqdan çıxanda eşitdim ki, müsahibim astaca öz-özünə deyir: «Heyif bayaqkı çıxışımdan. İndiyə qədər hələ heç yerdə belə danışmamışdım».



Hazırladı Günay Musayeva

http://modern.az/articles/2700/1/


Xanlar Xoca: «Bu barədə deyilənləri real hesab etmirəm»

Məlum olduğu kimi Show-biznes.az saytı bir necə gündür ki, fəaliyyətini dayandırib. Yaranan problemin tanınmış iş adamı, Azəri qızı Günellə bir zamanlar eşq məcarası yaşamış Rza Zərrabla bağlı olduğu iddia olunur. Belə ki, Zərrabla bağlı yazıların yazılmasından sonra güneyli iş adamı Show-biznes.az saytını dağıtdırıb.

Bununla bağlı TİA.AZ-ın sualına cavab verən saytın rəsmisi Xanlar Xoca bildirib ki, bu real məslə deyil. O deyib ki, saytı xakerlər dağıdıb. “Saytda əsasən şou biznes sahəsindəki insanlarla bağı yazılar yazılırdi. Və sayt artıq 3 günə yaxındır ki, fəaliyyətini bərpa etməyə calışır”.
Xanlar bəy daha sonra bildirdi ki, sayt əvvəlkindən fərqli formatda oxucuların ixtiyarına veriləcək. Onun sözlərinə görə, saytın texniki məsələlərlə bərabər, yeni, həm də maraqlı məlumatlar əldə etməklə məşğuldurlar. “Bərpadan sonra fəaliyyətimiz qanun cərcivəsində davam etdirmək və məsələlərə daha da tənqidi yanaşmaq niyyətindəyik”.

TIA.AZ


Mən biləni Azərbaycanda indiyədək kitab mükafatı olmamışdı və Milli Kitab Mükafatı bu sahədə ilkimizdir. İndi isə artıq Milli Kitab Mükafatının “onluğu”na düşənlər məlum oldu. MKM-ın təşəbbüskarlarından Nigar Köçərli qalib olmaq üçün zəng etdirmək və ya rüşvət təklif etmək istəyənlərə mətbuat vasitəsilə sərt mesaj yollayandan sonra bəziləri yarınmaq yolu tutmuş, “pulun yoxdursa, şirin dilin olsun” taktikasını seçmişdilər. Mütəllibovun prezident seçkisinə tətbiq etdiyi yaş senzi kimi bəziləri “filankəs yaşlıdır”, “onun hər şeyi var, nəyi əskikdir” kimi mənasız iddialarla rəqibini gözdən və həvəsdən salmağa çalışırdılar. Başa düşmək olmur bunlar kitab, ədəbiyyat deyəndə nə başa düşürlər. Yazıçının gənci, qocası olmaz ki. Yazıçının yaxşısı, pisi də olmaz. Ya yazıçı olar, ya da yazıçı adına yamaq.

Yazıçı mükafat üçün yazmır axı. Əsl yazıçı, şair üçün mükafat oxucu sevgisidir. Ədəbiyyat tarixi bilicilərinə məndən də yaxşı məlumdur ki, tarixdə yazdıqlarını heç yanda çap etdirməyən və yalnız ölümündən sonra məşhurlaşan yazıçılar da olub. Əsl ədəbiyyat adamı öz vicdanı naminə yazmalıdır, mükafat naminə yox. Amma bir halda ki, yazdığına görə mükafat da verirlərsə daha bir-birini qırmaq, təhqir etmək yox, səbrlə nəticələri gözləmək lazımdır. Daha bu xalqın yazıçısı da uşaq kimi səbirsizlik nümayiş etdirəcəksə körpələrdən nə gözləyək? Digər narahat doğuran məqam isə uşaq ədəbiyyatı ilə bağlıdır. Bu gün Azərbaycan ədəbiyyatında ancaq sevgi, ayrılıq, çılpaq səhnələrin bayağı təsviri üstünlük təşkil edir. Bir nəfər yoxdur ki, uşaq ədəbiyyatına aid nəsə yazsın, nə təmsil yazan var, nə nağıl. Povest yazana da nadir hallarda rast gəlmək olur, onda da bir çox hallarda adam oxuduğuna peşmançılıq çəkməkdən başqa nəsə qazanmır. Müsabiqəyə təqdim edilən əsərlər arasında uşaq ədəbiyyatına aid bir yazıya da rast gəlmək mümkün deyil. Məgər uşaqlar oxucu sayılmır? Uşaq üçün yaza bilməyən böyük üçün nə yazacaq ki? Böyük yazıçı olmaq istəyən gərək əvvəlcə uşaqlar üçün nəsə yaza bilsin, çünki uşaq daha tələbkar oxucudur, həm də uşaq yalan danışmağı sevmir, bəzi tənqidçilər kimi nəyinsə xatirinə hansısa cəfəngiyyata “ədəbi hadisə” donu geyindirmir. Bu saat hamı roman yazır, romanın nə olduğunu bilən də , bilməyən də. Sonra da elə yekə-yekə “mən roman yazmışam” deyirlər ki, adam mat qalır. Təsəvvür edin ki,İsmayıl Şıxlı, Fərman Kərimzadə, Əzizə Cəfərzadə də roman yazıb, indi hansısa cüvəllağı da. Belə yerdə deyiblər ki, “Kərəmi burda ağlamaq tutur”.

Yazıçı əsər yazar, nəzəriyyəçi də araşdırar görək kim nəyin banisidir. Amma indi eləsi tapılır ki, həm qeybətcil arvadlar kimi ağzına gələni yazır, həm də nəzəriyyəçi alim kimi deyir ki, “vəssalam mən filan janrın banisiyəm”. Halbuki hələ ədəbiyyatda yenicə iməkləməyə başlayıb. Məgər Nəcəf bəy Vəzirov dramaturgiyada tarixi faciə janrında ilk əsəri yazanda “mən tarixi faciənin banisiyəm” deyib camaatın qulağını, gözünü yağır eləmişdi? Hansı peşənin sahibi olmasından asılı olmayaraq insan bir az təvazökar olsa yaxşıdır. Bəzi üzdəniraq müğənnilər kimi özünü ha tərflə, hamı bilir də sən kimsən. Nə qədər “mən dahi yazıçı, şair, publisist, dramaturqam,əsərim belə gözəldir, belə idealdır” desən də oxucu sevmirsə sevməyəcək.

Ölkədə bu qədər dəyərsiz romanlara imza atanlar cəfəngiyyat yazmaqdansa uşaqlar üçün topa, pişiyə, xoruza aid bir hekayədən, şerdən yazsaydılar bəlkə də daha çox sevilərdilər. Amma görünür indiki yazıçılıq və şairlik iddiasında olanlar ayrı sevdadadırlar. Əksəriyyəti ev, maşın, təqaüd həsrətindədir, təqaüd alanların isə çoxu daha da ruhlanmaqdansa əksinə özlərini yaradıcılıqdan elə təcrid edirlər ki, sanki təqaüdü bunlara “al bu pulu təki yazma” deyə verirlər. Halbuki yaradıcı adam daim axtarışda olmalı, hər bir insana yeni bir obraz kimi baxmalı, mənfi və müsbət tərəflərini görməyə çalışmalıdır. Nə qədər sevgidən yazmaq olar axı. Məgər bu dünyada başqa mövzular yoxdurmu? Ədəbiyyatda öz yerini tapa bilməyən xırda adamlar gözləyirlər ki, Anar bir əsər yazsın, bunlar da sonra ona oxşar nəsə cızmaqara eləsinlər.

Ay “yazıçılar”, axı belə ədəbiyyat yaratmaq olmaz. Vallah heyfdir o kağız, oxucuya yazığınız gəlmirsə heç olmasa o kağızı ölkəyə gətirənlərin əməyini zay eləməyin. Yaza bilirsiz yazın, yaza bilmirsinizsə gedin bir sənət öyrənin. Əgər istedadınız yoxdursa atın da bu yazmağın daşını. Bir türk cizgi filminin qəhrəmanı kimi güzgünün qarşısında durub nə qədər “en gözel benim”, “en şirin benim” desəniz də özünüz deyib özünüz eşidəcəksiz. Kim bu oxucu tərifi eşitmək istəyirsə səmimi yazmalıdır, öz hisslərini gizlədib qonşunun hisslərini yazmaqla rəğbət qazanmaq mümkün olan iş deyil. Həyat özü bir romandır. Bu romanı hamı yaşayır, amma hamı yaza bilmir. Bizim mükafatdan, fəxri ad, ev və digər asılılıq gətirən maddiyatdan ötrü sinov gedən bəzi üzdəniraq yamaq “yazıçılar” kimi...

Xanlar Xoca

Comments: (0)

Bəzən kiminsə ən böyük arzusunun çox yaşamaq olduğunu eşidəndə təəccüblənirəm. Çünki insan nə qədər çox yaşasa görəcəyi simasız, yaltaq və buqələmun adamların sayı da artacaq. Elə son 4-5 ildə o qədər dəyişilmiş sifətlər gördük ki. Məsələn, biri var gəzmədiyi televiziya qalmayıb, sonra necə olubsa hansısa televiziyada ikinci-üçüncü adamlardan birinə çevrilib, indi də müdirinin kreslosunun laxladığı barədə şayiələri eşidən kimi hərəkətə keçib, əlavə şayiələri də yaxın bildiyi adamların vasitəsilə mətbuata sızdırıb özünü gözə dürtməyə çalışır ki, bəlkə bir az qabağa gedə. Hərdən adına şerə bənzər nəsə yazdıran bu adam deyilənə görə məndən də bir az narazıdır. Həqiqət acı olur axı ona görə. Bir başqası da vaxt vardı müxalifətdə iqtidara qarşı söyüş, təhqir və iftira maşını rolunu oynayırdı, sonra mövqeyini necə dəyişdisə indi nə müxalifət olduğu məlumdur, nə də iqtidar. Amma yenə də öz ampluasındadır, Nelsonun suvarma sistemi kimi fırlanır, hər tərəfə iftira və təhqir yağdırır, onun üçün hətta seçdiyi obyektin qadın olmasının da fərqi yoxdur. Müxalifətdə olanda onun bir “metrəsi” də vardı. İndi o da hörmət sahibidir, qələmi iti olmasa da sahibi imkanlıdır, “itə sahibinə görə hörmət edərlər” məsəlini bildiyindən o da istifadə edib özü kimi birinə tribuna verib xoşuna gəlməyənlərə tərəf daş atdırır. Belələrini saymaqla bitməz. Satmağa bir şey tapmayanda ya özlərini, ya da mənəviyyatlarını satışa qoyurlar. Sonra isə yaxın ətraflarına deyirlər ki, “vallah çörəyə görə məcburam”. Ləyaqətli kişi və ya qadın maska taxıb çörək yeməz, ya göründüyü kimi olar, ya da olduğu kimi görünər. Əgər kimsə dildə başqa söz deyib, beynində başqa cür düşünürsə ona insan demək günah olar.

Kimsə dünən cümlə qura bilmirdi, bu gün Ayda post qurur, dünən kiminsə qəlyanını dolduran indi cangüdənlə hərlənir və s. Bu cür buqələmun və sifətsiz, xırdalanmış adamları görəndən sonra onlarla bir cəmiyyətdə uzun ömür yaşamağın bir anlamı varmı? Kiçik bir cəmiyyətdə buqələmun bir dənə də olsa yenə çoxdur, amma bu qədər olması artıq faciədir. Bilirəm ki, buqələmunların adlarını çəkməməyim təəccüb doğurur. Amma ad çəkməməyimin səbəbi var. Onları hamı tanıyır, bir də adlarını çəkib şərəfləndirmək istəmirəm. Həm də özləri də oxuyub özlərini tapacaq, reaksiya verəcəklər ki, bu da yazıya bir az əyləncə qatacaq. Əyləncə demişkən, bir çoxları indi özləri üçün əyləncəni ya əttökən qonaqlıq verilişlərində tapırlar, ya da dərk edə bilmədikləri hadisələri hansısa mifik təşkilatların ayağına yazmaqda. İlk baxışdan nə qədər fərqli görünsə də məzmun baxımından hər ikisi qeyri-ciddi və populizmə hesablanmış sayıla bilər. Belələri yaxşı bilirlər ki, bu cəmiyyətdə miflərə, sirli dünyaya, uçan obyektlərə maraq həmişə böyük olub və ona görə də real dünyadan deyil xəyallardan yazırlar. Bu qədər dəyişilmiş sifətlər, buqələmunlar var ikən xəyallar aləmindən yazmaq nəyə lazım?

Comments: (0)

Son illər ən çox eşitdiyimiz söz “söz azadlığı” və “insan hüquqları”dır. Amma bu sözdən ən çox istifadə edib ölkədə söz azadlığının olmamasından danışanlar elə özləri söz azadlığını nə sevir, nə də kiminsə fikir və vicdan azadlığına hörmət edir. Hələ bu azmış kimi arada eləsi olur ki, kiminsə müəllif haqqına da iddia etməyə qalxır. Məsələn bu günlərdə “Exo” qəzetində araşdırmaçı jurnalist Seymur Kazımovun Danimarkalı redaktor Fleminq Roce ilə müsahibəsini oxudum. Düzü tanınmış insanları, müqəddəsləri təhqir etməklə Herostatlıq eşqinə düşənlərə nə qədər nifrət etsəm də hər halda bu müsahibəni xəstə düşüncəli bir insanın nələr fikirləşdiyini öyrənmək məqsədilə oxudum. Amma sonradan Facebookda müsahibədən də maraqlı müzakirələrin şahidi oldum. Sən demə, 1 il əvvəl alınan müsahibənin indi işıq üzü görməsinin xüsusi səbəbi varmış. Əgər müsahibəni alan jurnalist müəlliflikdən imtina etsəymiş, yazının altında başqasının imzasının getməsinə razılıq versəymiş başıbəlalı müsahibə 1 il əvvəl ortaya çıxarmış. Bu da sənə söz azadlığı, müəlliflik hüququ. Təbii ki, S.Kazımov da iftira, böhtan dolu bir yazı yazsa, ya da müsahibə alsaydı heç kim ondan müəlliflikdən imtina etməyi istəməyəcək, əksinə üzündən öpüb yazısını dərhal səhifəyə qoyacaqdılar. Ədalətdən, azadlıqdan danışanların söz azadlığına sevgisi bax budur. Başqa bir misal. “Azadlıq” qəzetinin yazarı Arzu Abdullanın “Yeni nəsil” Jurnalistlər Birliyinə qarşı iddiası məhkəmə tərəfindən rədd edildi. Həmişə söz azadlığından, insan hüquq və azadlıqlarından, jurnalist hüquqlarından danışanlar, iqtidarı azad sözü boğmaqda günahlandıranlar, palaz-palaz hesabatlar hazırlayanlar bir maraqlanmadılar ki, görəsən bu jurnalist nədən narazı qalıb, problemi nədir? İndi Arzu Abdulla hökumətdən kimisə məhkəməyə versəydi nə olacaqdı? Bax əsl həngamə onda qopacaqdı. O zaman işlədiyi qəzetdə onun iddiası ilə bağlı informasiyanı dərhal manşetə çıxarar, məhkəmə çəkişməsini sonadək diqqətdə saxlayar, hüquq müdafiəçiləri isə hər gün bir hesabat hazırlayardılar, “Sərhədsiz reportyorlar”, “Articl 19” və s təşkilatların Azərbaycana turist səfərləri təşkil olunacaqdı. Deməli bu ölkədə söz azadlığı, insan hüquqları mövzusu ətrafında hay-küy salanların özləri heç söz azadlığına əhəmiyyət vermir, istədikləri anda onu ayaqlamaqdan çəkinmirlər. Hərə söz və fikir azadlığını öz istədiyi kimi qavrayır və tələb edir. Təəssüf ki, kimi onu hamı üçün, kim isə yalnız özü üçün arzulayır.


Xanlar Xoca

Comments: (0)

Bilirəm ki, indi bəzi insanlar mövqeyimi bəyənməyəcək, yenə hərə öz bildiyi formada etiraz edib səhv düşündüyümü isbatlamağa çalışacaqlar. Olsun, demokratik cəmiyyət qurmaq istəyiriksə hər kəs öz fikrini sərbəst bildirə bilər necə ki, indi hərbi hissədə baş verən cinayətə görə bir çoxları “asıb-kəsməyə” adam və məqam gəzir. Bu məqam indi bəzi qələm dostlarımızn əlinə göydəndüşmə fürsət verib və biri müdafiə nazirindən, o biri Ali Baş Komandandan, bir başqası isə hər ikisndən hesab istəyir. Amma gəlin hadisəyə təmkinlə yanaşaq. Ordu cəmiyyətin bir parçasıdır. Cəmiyyət necədirsə onun ordusu da elədir. Hər həftə ANS-in “Cinayət işi” verilişində neçə-neçə məişət zəminində baş verən hadisələr nəticəsində qətlə yetirilənlər və cinayətlər haqqında danışılır, intiharlar haqqında məlumat verilir. Hər həftə bəlkə 5-6 nəfər məhz ailədaxili münaqişə nəticəsində qətlə yetirilir və bu təkcə Bakıda və digər iri şəhərlərdə baş verənlərdir. Amma elə rayonlar var ki, orda baş verən qətl hadisələrinin üstü açılsa da sadəcə mətbuata çıxmır. Orduda da bu cəmiyyətin övladları qulluq edir və onlar da depressiyaya düşə, stress keçirə, kimin üçünsə darıxa, kiminsə rədd cavabını ala və ya ailəsinin çətin güzəranından dolayı fikir çəkib bunun günahını yanlış olaraq cəmiyyətdə, başqa insanlarda axtara bilər.Sevdiyi qızın rədd cavabına görə özünü metroda qatarın altına və ya dənizə atan insanlar haqqında o qədər yazılıb ki. İndi əsəbləri qaydasında olmayan və ya sonradan aldığı hansısa informasiyalar nəticəsində psixikası pozulan hansısa əsgər bir hadisə törədirsə və ya intihar edirsə bunda nə nazir, nə də Komandan günahkar deyil. Hər əsgərin yanında bir nəzarətçi əsgər də qoyulası deyil ki.

Amma çıxış yolu həmişə var. Mənim fikrimcə əsgərlərlə ailələri arasında telefon əlaqəsinə ümümiyyətlə son qoyulmalıdır. Çünki bir çoxları telefonda əsgərə məhz belə informasiyalar verirlər: yeznə yenə bacını incidir, atan iş tapa bilmədi, sosial yardımı hələ ala bilmirik, qardaşın imtahandan kəsildi, sevdiyin qız başqası ilə gəzir və sair və ilaxır. Sonra da deyirlər ki, bəzi komandirlər guya əsgərlərdən kontur istəyirlər. Təbii ki, sən əgər zəng etmək istəyirsənsə başqa cür ola da bilməz ki. Əlbəttə hansısa istisna halların ola biləcəyini də unutmaq olmaz. Amma hər bir halda yuxarı rəhbərlik var və edilən şikayət cavabsız qalmaz. Sadəcə bizim cəmiyyətimizdə olduğu kimi, onun ayrılmaz hissəsi olan orduda da bir fikir var ki, şikayət etmək eyibdir, adama gülərlər və s. Belə olan halda günahı başqasında deyil, öz hüquqlarını qoruya bilməməkdə və ya qanuni şəkildə qorumaq istəməməkdə axtarmaq lazımdır.

Ana oğulu əsgərliyə yola salan kimi dərhal yanına tələsir, başa düşmək olmur bu əsgərlikdir, yoxsa kurort. Halbuki əsgərlik həyatı mülki həyatdan ciddi fərqlənməlidir. Məgər Sovet dövründə əsgərin yanına getməkmi vardı? 2 il müddətində nəinki ailəsindən, hətta Azərbaycandan uzaq düşən, Sibirdə, ADR, Çexoslovakiya kimi ərazilərdə hərbi xidmət keçən əsgərlər yalnız məktub vasitəsilə evlərilə əlaqə saxlaya bilirdilər. İndi hansısa oxucu deyəcək ki, o vaxt orduda belə hadisələr baş vermirdi. Amma səhv fikirdir. O vaxt da belə hadisələr Sovet ordusunda baş verirdi və həmin ordu daha böyük olduğuna görə hadislərəin sayı da çox idi, sadəcə qapalı bir cəmiyyət olduğu üçün heç kim heç nədən xəbər tutmurdu, həlak olan əsgərin cəsədini dəmir qutularda birbaşa qəbiristanlığa aparıb dəfn edir, qutunun içində cəsəd, yoxsa qum doldurulmuş kisə olduğu naməlum qalırdı. Belə hadisələr dünyanın bütün ordularında baş verir. İndi Azərbaycan Milli Ordusunun Daşkəsəndə yerləşən hərbi hissəsində baş verən son hadisəyə də cinayət hadisəsi kimi yanaşmaq lazımdır, bundan şou düzəltmək yox. Belə şouların ictimai fikrin yanlış yönləndirilməsinə səbəb ola biləcəyini nəzərə alıb ordu mövzusuna həssas yanaşmaq vacibdir. Əgər hələ istintaq yenicə başlayıbsa hanısa fərziyyələr irəli sürüb sonra da həmin əsassız fərziyyələr ətrafında ekspert rəyləri öyrənməkdənsə istintaqın nəticəsini gözləmək daha düzgündür. Ordu ailə deyil və sərt nizam-intizamla idarə olunmalıdır. Ordunu ordu edən də elə onun sərtliyi, intizamıdır, əgər hərbi xidmətdəki əsgər də yeyib yatacaqsa daha ondan əsgər olmaz ki. Bu ordunu sevmək də olar, sevərək tənqid etmək də, amma gözdən salmağa çalışmaq yolverilməzdir.


Xanlar Xoca