Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Xanlar Xoca: «Bu barədə deyilənləri real hesab etmirəm»

Məlum olduğu kimi Show-biznes.az saytı bir necə gündür ki, fəaliyyətini dayandırib. Yaranan problemin tanınmış iş adamı, Azəri qızı Günellə bir zamanlar eşq məcarası yaşamış Rza Zərrabla bağlı olduğu iddia olunur. Belə ki, Zərrabla bağlı yazıların yazılmasından sonra güneyli iş adamı Show-biznes.az saytını dağıtdırıb.

Bununla bağlı TİA.AZ-ın sualına cavab verən saytın rəsmisi Xanlar Xoca bildirib ki, bu real məslə deyil. O deyib ki, saytı xakerlər dağıdıb. “Saytda əsasən şou biznes sahəsindəki insanlarla bağı yazılar yazılırdi. Və sayt artıq 3 günə yaxındır ki, fəaliyyətini bərpa etməyə calışır”.
Xanlar bəy daha sonra bildirdi ki, sayt əvvəlkindən fərqli formatda oxucuların ixtiyarına veriləcək. Onun sözlərinə görə, saytın texniki məsələlərlə bərabər, yeni, həm də maraqlı məlumatlar əldə etməklə məşğuldurlar. “Bərpadan sonra fəaliyyətimiz qanun cərcivəsində davam etdirmək və məsələlərə daha da tənqidi yanaşmaq niyyətindəyik”.

TIA.AZ


Mən biləni Azərbaycanda indiyədək kitab mükafatı olmamışdı və Milli Kitab Mükafatı bu sahədə ilkimizdir. İndi isə artıq Milli Kitab Mükafatının “onluğu”na düşənlər məlum oldu. MKM-ın təşəbbüskarlarından Nigar Köçərli qalib olmaq üçün zəng etdirmək və ya rüşvət təklif etmək istəyənlərə mətbuat vasitəsilə sərt mesaj yollayandan sonra bəziləri yarınmaq yolu tutmuş, “pulun yoxdursa, şirin dilin olsun” taktikasını seçmişdilər. Mütəllibovun prezident seçkisinə tətbiq etdiyi yaş senzi kimi bəziləri “filankəs yaşlıdır”, “onun hər şeyi var, nəyi əskikdir” kimi mənasız iddialarla rəqibini gözdən və həvəsdən salmağa çalışırdılar. Başa düşmək olmur bunlar kitab, ədəbiyyat deyəndə nə başa düşürlər. Yazıçının gənci, qocası olmaz ki. Yazıçının yaxşısı, pisi də olmaz. Ya yazıçı olar, ya da yazıçı adına yamaq.

Yazıçı mükafat üçün yazmır axı. Əsl yazıçı, şair üçün mükafat oxucu sevgisidir. Ədəbiyyat tarixi bilicilərinə məndən də yaxşı məlumdur ki, tarixdə yazdıqlarını heç yanda çap etdirməyən və yalnız ölümündən sonra məşhurlaşan yazıçılar da olub. Əsl ədəbiyyat adamı öz vicdanı naminə yazmalıdır, mükafat naminə yox. Amma bir halda ki, yazdığına görə mükafat da verirlərsə daha bir-birini qırmaq, təhqir etmək yox, səbrlə nəticələri gözləmək lazımdır. Daha bu xalqın yazıçısı da uşaq kimi səbirsizlik nümayiş etdirəcəksə körpələrdən nə gözləyək? Digər narahat doğuran məqam isə uşaq ədəbiyyatı ilə bağlıdır. Bu gün Azərbaycan ədəbiyyatında ancaq sevgi, ayrılıq, çılpaq səhnələrin bayağı təsviri üstünlük təşkil edir. Bir nəfər yoxdur ki, uşaq ədəbiyyatına aid nəsə yazsın, nə təmsil yazan var, nə nağıl. Povest yazana da nadir hallarda rast gəlmək olur, onda da bir çox hallarda adam oxuduğuna peşmançılıq çəkməkdən başqa nəsə qazanmır. Müsabiqəyə təqdim edilən əsərlər arasında uşaq ədəbiyyatına aid bir yazıya da rast gəlmək mümkün deyil. Məgər uşaqlar oxucu sayılmır? Uşaq üçün yaza bilməyən böyük üçün nə yazacaq ki? Böyük yazıçı olmaq istəyən gərək əvvəlcə uşaqlar üçün nəsə yaza bilsin, çünki uşaq daha tələbkar oxucudur, həm də uşaq yalan danışmağı sevmir, bəzi tənqidçilər kimi nəyinsə xatirinə hansısa cəfəngiyyata “ədəbi hadisə” donu geyindirmir. Bu saat hamı roman yazır, romanın nə olduğunu bilən də , bilməyən də. Sonra da elə yekə-yekə “mən roman yazmışam” deyirlər ki, adam mat qalır. Təsəvvür edin ki,İsmayıl Şıxlı, Fərman Kərimzadə, Əzizə Cəfərzadə də roman yazıb, indi hansısa cüvəllağı da. Belə yerdə deyiblər ki, “Kərəmi burda ağlamaq tutur”.

Yazıçı əsər yazar, nəzəriyyəçi də araşdırar görək kim nəyin banisidir. Amma indi eləsi tapılır ki, həm qeybətcil arvadlar kimi ağzına gələni yazır, həm də nəzəriyyəçi alim kimi deyir ki, “vəssalam mən filan janrın banisiyəm”. Halbuki hələ ədəbiyyatda yenicə iməkləməyə başlayıb. Məgər Nəcəf bəy Vəzirov dramaturgiyada tarixi faciə janrında ilk əsəri yazanda “mən tarixi faciənin banisiyəm” deyib camaatın qulağını, gözünü yağır eləmişdi? Hansı peşənin sahibi olmasından asılı olmayaraq insan bir az təvazökar olsa yaxşıdır. Bəzi üzdəniraq müğənnilər kimi özünü ha tərflə, hamı bilir də sən kimsən. Nə qədər “mən dahi yazıçı, şair, publisist, dramaturqam,əsərim belə gözəldir, belə idealdır” desən də oxucu sevmirsə sevməyəcək.

Ölkədə bu qədər dəyərsiz romanlara imza atanlar cəfəngiyyat yazmaqdansa uşaqlar üçün topa, pişiyə, xoruza aid bir hekayədən, şerdən yazsaydılar bəlkə də daha çox sevilərdilər. Amma görünür indiki yazıçılıq və şairlik iddiasında olanlar ayrı sevdadadırlar. Əksəriyyəti ev, maşın, təqaüd həsrətindədir, təqaüd alanların isə çoxu daha da ruhlanmaqdansa əksinə özlərini yaradıcılıqdan elə təcrid edirlər ki, sanki təqaüdü bunlara “al bu pulu təki yazma” deyə verirlər. Halbuki yaradıcı adam daim axtarışda olmalı, hər bir insana yeni bir obraz kimi baxmalı, mənfi və müsbət tərəflərini görməyə çalışmalıdır. Nə qədər sevgidən yazmaq olar axı. Məgər bu dünyada başqa mövzular yoxdurmu? Ədəbiyyatda öz yerini tapa bilməyən xırda adamlar gözləyirlər ki, Anar bir əsər yazsın, bunlar da sonra ona oxşar nəsə cızmaqara eləsinlər.

Ay “yazıçılar”, axı belə ədəbiyyat yaratmaq olmaz. Vallah heyfdir o kağız, oxucuya yazığınız gəlmirsə heç olmasa o kağızı ölkəyə gətirənlərin əməyini zay eləməyin. Yaza bilirsiz yazın, yaza bilmirsinizsə gedin bir sənət öyrənin. Əgər istedadınız yoxdursa atın da bu yazmağın daşını. Bir türk cizgi filminin qəhrəmanı kimi güzgünün qarşısında durub nə qədər “en gözel benim”, “en şirin benim” desəniz də özünüz deyib özünüz eşidəcəksiz. Kim bu oxucu tərifi eşitmək istəyirsə səmimi yazmalıdır, öz hisslərini gizlədib qonşunun hisslərini yazmaqla rəğbət qazanmaq mümkün olan iş deyil. Həyat özü bir romandır. Bu romanı hamı yaşayır, amma hamı yaza bilmir. Bizim mükafatdan, fəxri ad, ev və digər asılılıq gətirən maddiyatdan ötrü sinov gedən bəzi üzdəniraq yamaq “yazıçılar” kimi...

Xanlar Xoca

Comments: (0)

Bəzən kiminsə ən böyük arzusunun çox yaşamaq olduğunu eşidəndə təəccüblənirəm. Çünki insan nə qədər çox yaşasa görəcəyi simasız, yaltaq və buqələmun adamların sayı da artacaq. Elə son 4-5 ildə o qədər dəyişilmiş sifətlər gördük ki. Məsələn, biri var gəzmədiyi televiziya qalmayıb, sonra necə olubsa hansısa televiziyada ikinci-üçüncü adamlardan birinə çevrilib, indi də müdirinin kreslosunun laxladığı barədə şayiələri eşidən kimi hərəkətə keçib, əlavə şayiələri də yaxın bildiyi adamların vasitəsilə mətbuata sızdırıb özünü gözə dürtməyə çalışır ki, bəlkə bir az qabağa gedə. Hərdən adına şerə bənzər nəsə yazdıran bu adam deyilənə görə məndən də bir az narazıdır. Həqiqət acı olur axı ona görə. Bir başqası da vaxt vardı müxalifətdə iqtidara qarşı söyüş, təhqir və iftira maşını rolunu oynayırdı, sonra mövqeyini necə dəyişdisə indi nə müxalifət olduğu məlumdur, nə də iqtidar. Amma yenə də öz ampluasındadır, Nelsonun suvarma sistemi kimi fırlanır, hər tərəfə iftira və təhqir yağdırır, onun üçün hətta seçdiyi obyektin qadın olmasının da fərqi yoxdur. Müxalifətdə olanda onun bir “metrəsi” də vardı. İndi o da hörmət sahibidir, qələmi iti olmasa da sahibi imkanlıdır, “itə sahibinə görə hörmət edərlər” məsəlini bildiyindən o da istifadə edib özü kimi birinə tribuna verib xoşuna gəlməyənlərə tərəf daş atdırır. Belələrini saymaqla bitməz. Satmağa bir şey tapmayanda ya özlərini, ya da mənəviyyatlarını satışa qoyurlar. Sonra isə yaxın ətraflarına deyirlər ki, “vallah çörəyə görə məcburam”. Ləyaqətli kişi və ya qadın maska taxıb çörək yeməz, ya göründüyü kimi olar, ya da olduğu kimi görünər. Əgər kimsə dildə başqa söz deyib, beynində başqa cür düşünürsə ona insan demək günah olar.

Kimsə dünən cümlə qura bilmirdi, bu gün Ayda post qurur, dünən kiminsə qəlyanını dolduran indi cangüdənlə hərlənir və s. Bu cür buqələmun və sifətsiz, xırdalanmış adamları görəndən sonra onlarla bir cəmiyyətdə uzun ömür yaşamağın bir anlamı varmı? Kiçik bir cəmiyyətdə buqələmun bir dənə də olsa yenə çoxdur, amma bu qədər olması artıq faciədir. Bilirəm ki, buqələmunların adlarını çəkməməyim təəccüb doğurur. Amma ad çəkməməyimin səbəbi var. Onları hamı tanıyır, bir də adlarını çəkib şərəfləndirmək istəmirəm. Həm də özləri də oxuyub özlərini tapacaq, reaksiya verəcəklər ki, bu da yazıya bir az əyləncə qatacaq. Əyləncə demişkən, bir çoxları indi özləri üçün əyləncəni ya əttökən qonaqlıq verilişlərində tapırlar, ya da dərk edə bilmədikləri hadisələri hansısa mifik təşkilatların ayağına yazmaqda. İlk baxışdan nə qədər fərqli görünsə də məzmun baxımından hər ikisi qeyri-ciddi və populizmə hesablanmış sayıla bilər. Belələri yaxşı bilirlər ki, bu cəmiyyətdə miflərə, sirli dünyaya, uçan obyektlərə maraq həmişə böyük olub və ona görə də real dünyadan deyil xəyallardan yazırlar. Bu qədər dəyişilmiş sifətlər, buqələmunlar var ikən xəyallar aləmindən yazmaq nəyə lazım?

Comments: (0)

Son illər ən çox eşitdiyimiz söz “söz azadlığı” və “insan hüquqları”dır. Amma bu sözdən ən çox istifadə edib ölkədə söz azadlığının olmamasından danışanlar elə özləri söz azadlığını nə sevir, nə də kiminsə fikir və vicdan azadlığına hörmət edir. Hələ bu azmış kimi arada eləsi olur ki, kiminsə müəllif haqqına da iddia etməyə qalxır. Məsələn bu günlərdə “Exo” qəzetində araşdırmaçı jurnalist Seymur Kazımovun Danimarkalı redaktor Fleminq Roce ilə müsahibəsini oxudum. Düzü tanınmış insanları, müqəddəsləri təhqir etməklə Herostatlıq eşqinə düşənlərə nə qədər nifrət etsəm də hər halda bu müsahibəni xəstə düşüncəli bir insanın nələr fikirləşdiyini öyrənmək məqsədilə oxudum. Amma sonradan Facebookda müsahibədən də maraqlı müzakirələrin şahidi oldum. Sən demə, 1 il əvvəl alınan müsahibənin indi işıq üzü görməsinin xüsusi səbəbi varmış. Əgər müsahibəni alan jurnalist müəlliflikdən imtina etsəymiş, yazının altında başqasının imzasının getməsinə razılıq versəymiş başıbəlalı müsahibə 1 il əvvəl ortaya çıxarmış. Bu da sənə söz azadlığı, müəlliflik hüququ. Təbii ki, S.Kazımov da iftira, böhtan dolu bir yazı yazsa, ya da müsahibə alsaydı heç kim ondan müəlliflikdən imtina etməyi istəməyəcək, əksinə üzündən öpüb yazısını dərhal səhifəyə qoyacaqdılar. Ədalətdən, azadlıqdan danışanların söz azadlığına sevgisi bax budur. Başqa bir misal. “Azadlıq” qəzetinin yazarı Arzu Abdullanın “Yeni nəsil” Jurnalistlər Birliyinə qarşı iddiası məhkəmə tərəfindən rədd edildi. Həmişə söz azadlığından, insan hüquq və azadlıqlarından, jurnalist hüquqlarından danışanlar, iqtidarı azad sözü boğmaqda günahlandıranlar, palaz-palaz hesabatlar hazırlayanlar bir maraqlanmadılar ki, görəsən bu jurnalist nədən narazı qalıb, problemi nədir? İndi Arzu Abdulla hökumətdən kimisə məhkəməyə versəydi nə olacaqdı? Bax əsl həngamə onda qopacaqdı. O zaman işlədiyi qəzetdə onun iddiası ilə bağlı informasiyanı dərhal manşetə çıxarar, məhkəmə çəkişməsini sonadək diqqətdə saxlayar, hüquq müdafiəçiləri isə hər gün bir hesabat hazırlayardılar, “Sərhədsiz reportyorlar”, “Articl 19” və s təşkilatların Azərbaycana turist səfərləri təşkil olunacaqdı. Deməli bu ölkədə söz azadlığı, insan hüquqları mövzusu ətrafında hay-küy salanların özləri heç söz azadlığına əhəmiyyət vermir, istədikləri anda onu ayaqlamaqdan çəkinmirlər. Hərə söz və fikir azadlığını öz istədiyi kimi qavrayır və tələb edir. Təəssüf ki, kimi onu hamı üçün, kim isə yalnız özü üçün arzulayır.


Xanlar Xoca

Comments: (0)

Bilirəm ki, indi bəzi insanlar mövqeyimi bəyənməyəcək, yenə hərə öz bildiyi formada etiraz edib səhv düşündüyümü isbatlamağa çalışacaqlar. Olsun, demokratik cəmiyyət qurmaq istəyiriksə hər kəs öz fikrini sərbəst bildirə bilər necə ki, indi hərbi hissədə baş verən cinayətə görə bir çoxları “asıb-kəsməyə” adam və məqam gəzir. Bu məqam indi bəzi qələm dostlarımızn əlinə göydəndüşmə fürsət verib və biri müdafiə nazirindən, o biri Ali Baş Komandandan, bir başqası isə hər ikisndən hesab istəyir. Amma gəlin hadisəyə təmkinlə yanaşaq. Ordu cəmiyyətin bir parçasıdır. Cəmiyyət necədirsə onun ordusu da elədir. Hər həftə ANS-in “Cinayət işi” verilişində neçə-neçə məişət zəminində baş verən hadisələr nəticəsində qətlə yetirilənlər və cinayətlər haqqında danışılır, intiharlar haqqında məlumat verilir. Hər həftə bəlkə 5-6 nəfər məhz ailədaxili münaqişə nəticəsində qətlə yetirilir və bu təkcə Bakıda və digər iri şəhərlərdə baş verənlərdir. Amma elə rayonlar var ki, orda baş verən qətl hadisələrinin üstü açılsa da sadəcə mətbuata çıxmır. Orduda da bu cəmiyyətin övladları qulluq edir və onlar da depressiyaya düşə, stress keçirə, kimin üçünsə darıxa, kiminsə rədd cavabını ala və ya ailəsinin çətin güzəranından dolayı fikir çəkib bunun günahını yanlış olaraq cəmiyyətdə, başqa insanlarda axtara bilər.Sevdiyi qızın rədd cavabına görə özünü metroda qatarın altına və ya dənizə atan insanlar haqqında o qədər yazılıb ki. İndi əsəbləri qaydasında olmayan və ya sonradan aldığı hansısa informasiyalar nəticəsində psixikası pozulan hansısa əsgər bir hadisə törədirsə və ya intihar edirsə bunda nə nazir, nə də Komandan günahkar deyil. Hər əsgərin yanında bir nəzarətçi əsgər də qoyulası deyil ki.

Amma çıxış yolu həmişə var. Mənim fikrimcə əsgərlərlə ailələri arasında telefon əlaqəsinə ümümiyyətlə son qoyulmalıdır. Çünki bir çoxları telefonda əsgərə məhz belə informasiyalar verirlər: yeznə yenə bacını incidir, atan iş tapa bilmədi, sosial yardımı hələ ala bilmirik, qardaşın imtahandan kəsildi, sevdiyin qız başqası ilə gəzir və sair və ilaxır. Sonra da deyirlər ki, bəzi komandirlər guya əsgərlərdən kontur istəyirlər. Təbii ki, sən əgər zəng etmək istəyirsənsə başqa cür ola da bilməz ki. Əlbəttə hansısa istisna halların ola biləcəyini də unutmaq olmaz. Amma hər bir halda yuxarı rəhbərlik var və edilən şikayət cavabsız qalmaz. Sadəcə bizim cəmiyyətimizdə olduğu kimi, onun ayrılmaz hissəsi olan orduda da bir fikir var ki, şikayət etmək eyibdir, adama gülərlər və s. Belə olan halda günahı başqasında deyil, öz hüquqlarını qoruya bilməməkdə və ya qanuni şəkildə qorumaq istəməməkdə axtarmaq lazımdır.

Ana oğulu əsgərliyə yola salan kimi dərhal yanına tələsir, başa düşmək olmur bu əsgərlikdir, yoxsa kurort. Halbuki əsgərlik həyatı mülki həyatdan ciddi fərqlənməlidir. Məgər Sovet dövründə əsgərin yanına getməkmi vardı? 2 il müddətində nəinki ailəsindən, hətta Azərbaycandan uzaq düşən, Sibirdə, ADR, Çexoslovakiya kimi ərazilərdə hərbi xidmət keçən əsgərlər yalnız məktub vasitəsilə evlərilə əlaqə saxlaya bilirdilər. İndi hansısa oxucu deyəcək ki, o vaxt orduda belə hadisələr baş vermirdi. Amma səhv fikirdir. O vaxt da belə hadisələr Sovet ordusunda baş verirdi və həmin ordu daha böyük olduğuna görə hadislərəin sayı da çox idi, sadəcə qapalı bir cəmiyyət olduğu üçün heç kim heç nədən xəbər tutmurdu, həlak olan əsgərin cəsədini dəmir qutularda birbaşa qəbiristanlığa aparıb dəfn edir, qutunun içində cəsəd, yoxsa qum doldurulmuş kisə olduğu naməlum qalırdı. Belə hadisələr dünyanın bütün ordularında baş verir. İndi Azərbaycan Milli Ordusunun Daşkəsəndə yerləşən hərbi hissəsində baş verən son hadisəyə də cinayət hadisəsi kimi yanaşmaq lazımdır, bundan şou düzəltmək yox. Belə şouların ictimai fikrin yanlış yönləndirilməsinə səbəb ola biləcəyini nəzərə alıb ordu mövzusuna həssas yanaşmaq vacibdir. Əgər hələ istintaq yenicə başlayıbsa hanısa fərziyyələr irəli sürüb sonra da həmin əsassız fərziyyələr ətrafında ekspert rəyləri öyrənməkdənsə istintaqın nəticəsini gözləmək daha düzgündür. Ordu ailə deyil və sərt nizam-intizamla idarə olunmalıdır. Ordunu ordu edən də elə onun sərtliyi, intizamıdır, əgər hərbi xidmətdəki əsgər də yeyib yatacaqsa daha ondan əsgər olmaz ki. Bu ordunu sevmək də olar, sevərək tənqid etmək də, amma gözdən salmağa çalışmaq yolverilməzdir.


Xanlar Xoca

Ölkəmizdə çox təhlükəli bir meyl müşahidə olunmaqdadır. Bir qrup insan internet və qəzet səhifələrində yetənə yetib yetməyənə də bir daş atıb qəhrəman olmaq istəyir, buna da nail olmayanda evdə öyrəndiyi və tərbiyəsinə uyğun sözləri hörmətli, seçilmiş insanlara ünvanlamaqdan belə çəkinmir. Bir sözlə demokratiya maskası taxmış bolşeviklər normal müzakirə apara bilməyəndə dərhal bildikləri bütün təhqir sayıla biləcək sözləri birnəfəsə ya deyir, ya da yazırlar. Onların düşüncəsinə görə, hamı səhv edə bilər, amma onlar heç vaxt səhv etməz, səhv düşünməz. Bolşeviklər də elə düşünürdülər. “Kim bizimlə deyilsə bizə qarşıdır” devizi bolşeviklərdən indi bəzi internet “demokrat”larına miras qalıb. Bu gün bir çoxları bolşevik fəaliyyətini Facebookda davam etdirir, ən azı unudulmamaq üçün. Həyatda bəxti gətirməyənlər isə onlara züy tutmaqla məşğuldurlar. Adi bir araşdırma aparanda məlum olur ki, radikalların, züytutanların bir çoxu daun sindromundan əziyyət çəkənlər kimi fotogenik cəhətdən bir-birinə bənzəmələri bir yana, tale baxımından da oxşardırlar. Onların radikallığının arxasında duran səbəblər bir çox hallarda eynidir: nakam sevgi, həyatda özünü tapa bilməmək, özünə inamsızlıq və asan yolla varlanmaq istəyi. Xüsusilə gənclərin öz uğursuzluğuna, acı taleyinə görə başqalarını günahkar bilib radikallaşması çox təhlükəli tendensiyadır.

Ötən yazımda Naxçıvanın adı ətrafında bəzi insanlar tərəfindən qəsdən yaradılmış ajiotaja münasibətimi bildirdim. Mənə qədər kifayət qədər yazanlar olmuşdu bu barədə, amma çoxları Naxçıvanı qara rəngdə göstərməyə çalışırdı. Bir vətəndaş olaraq öz fikrimi yazanda bir nəfər beş nəfərin adından ya şərh yazdı, ya da evdə eşitdiyi sözləri elektron poçtuma göndərdi. Nə var, nə var ağa ağ, qaraya qara demişik. Olmazmış. Bu ölkədə yerindən duran Prezidenti və onun təyin etdiyi istənilən bir məmuru tənqid edə bilər, amma burnu da qanamaz, indi hünər lazımdır ki, obyektiv həqiqəti yazasan, yalanları ifşa edəsən və ya bir müxalifət liderini tənqid edəsən, səhvini göstərəsən. Olmaz. Bir anda virtual qarğa quzğun üstünə tökülüşəcək. Hamısı da bunu demokratiya adı ilə edəcək ki, “bəs biz demokratıq, ona görə də yalnız biz düz danışa bilərik”. Guya düz danışmaq bunların monopoliyasındadır, başqa kimsənin haqqı yoxmuş düz danışmağa. Başqalarını tənqid edənlər özlərinin tənqid edilməsini heç arzu etmirlər və çay süfrəsi arxasında bir təhər dil tapırlar ki, kasıb yazarları hələ bir müddət istismar edə bilsinlər. Qaydaya tabe olmayanlar isə boykot edilərək könüllü çıxıb getməyə məcbur edilir. Bu da bir ayrı cür “demokratiyadır” və onun qurbanı olan kifayət qədər ad çəkmək olar.

Hamı bilir ki, yalnız faktı olmayanlar və zəiflər həmişə söyüşə əl atır, hay-küy salır. Əgər demokratiya istəyirsənsə fərqli fikirlərə dözümlü olmalısan, anlamalısan ki, hamı sənin kimi düşünə, sənin sevdiyini sevə bilməz. Kimin əlinin kimin cibində olduğunu da hamı bilir. Sadəcə mənə bir məsələ qaranlıqdır ki,bütün günü internetdən sallananlar görəsən hansı əsasla aclıqdan danışırlar? Dolanışığı bərbad olan biri internetdə sallanmaz ki, gedər özünə bir iş tapar. Belələri düzlükdən danışanda yaxşı ki, göydən daş yağmır. Amma qorxuram bir gün Allahın da səbri tükənə.


Xanlar Xoca

Bu günlərdə Naxçıvanın adı ətrafında qəsdən yaradılan söz söhbət ölkədəki sabitliyin bəzi insanları narahat etdiyini sübut etdi. Əvvəlcə ölkənin inanclı insanlarının diqqətini cəlb etmək üçün Naxçıvanda guya Aşura mərasiminə polis müdaxiləsi olduğu barədə böhtanlar dövriyyəyə buraxıldı, sonra isə hətta örada ölüm hadisəsinin olduğu barədə dezinformasiya yayıldı. İndi isə məlum olur ki, nə Aşura mərasiminə müdaxilə, nə də ölüm-itim var. Amma söz-söhbət hələ də bitmir. ABŞ və Norveç səfirliyi diplomatlara qarşı hansısa pis münasibətə dair bəyanat verir, “milli” hüquq müdafiəçiləri isə daha da uzağa gedərək “bizim Naxçıvana getməyimizə rəsmi icazə verilməyib, icazəsiz getmək isə pis nəticə verə bilər” deyirlər. Anspress.com-un bu barədə yazdığı xəbərin başlığı lap gülməlidir: “Hüquq müdafiəçiləri Naxçıvana getməyə qorxurlar”. Niyə? Nə var Naxçıvanda qorxulu?

Çox tez-tez Naxçıvanın sərt metodlarla idarə olunmasından danışanlar nədənsə Muxtar Respublikanın blokada şəraitində yaşadığını unudurlar. Əgər bu gün Naxçıvanda sabitlik, əmin-amanlıq hökm sürürsə, insanlar öz güzəranından razıdırsa onda bəs Bakıdakı hüquq müdafiəçiləri nədən narazıdır görəsən? Bir də görəsən bu hüquq müdafiəçiləri əgər harasa getməyə qorxacaqdılarsa onda niyə gedib qorxusuz bir işin qulpundan yapışmırlar? Mütləq hamı hüquq müdafiəçisimi olmalıdır?Bəlkə hüquq müdafiəçisi harasa gedəndə hamı işini buraxıb onun pişvazına çıxmalıdır? Düzdür onları da başa düşmək çətin deyil, daha “siyasi məhbus” məsələsi dəbdən düşüb, yeni mövzu tapmaq lazımdır və bu mənada Naxçıvanda kiminsə burnunun qanaması lap göydəndüşmə sayıla bilər. Ancaq maraqlıdır ki, əgər hansısa diplomat və ya hüquq müdafiəçisi xalqın halına yanandırsa, həqiqətən də hüquqları pozulan insanların taleyinə biganə qala bilmirsə o zaman 1 milyon məcburi köçkünün probleminin həlli ilə niyə məşğul olmur? ABŞ və Norveç diplomatları da insan hüquq və azadlıqlarını belə çox müdafiə edəndirlərsə qoy əvvəlcə evindən, obasından didərgin düşmüş insanların hüquqlarınını bərpası üçün çalışsınlar, öz dövlətləri qarşısında məsələ qaldırsınlar ki, beynəlxalq aləmdəki riyakar və ikiüzlü siyasətə son qoyulsun, Qarabağ problemi, qəti həll olunsun, ondan sonra ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda digər məsələlərə də diqqət yetirmək olar.

Bu il parlament seçkisi ilə əlaqədar şübhəsiz ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr ola bilər və onların əlində alətə çevrilməmək üçün hər bir vətəndaş məncə ilk növbədə dövlətin mənafeyini düşünüb əsl vətəndaş mövqeyindən çıxış etməlidir. Milli Məclis isə yaxşı olardı ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunlara müvafiq dəyişikliklər edib məhkəmə qərarı olmadan telefonların dinlənilməsi və s. ilə bağlı qərar qəbul edəydi. Bu gün dünyanın əksər demokratik dövlətlərində hüquq mühafizə və xüsusi xidmət orqanları məhkəmənin qərarını almadan belə şübhəli şəxsin telefon danışıqlarını dinləyə bilirlər və bu çox mühüm əhəmiyyətə malikdir. Unutmaq lazım deyil ki, hazırda dünya dövlətləri arasında Azərbaycanı Qarabağla bağlı güzəştlərə məcbur etmək üçün daxildən zəiflətmək istəyənlər ola bilər və ona görə də hər kəs müstəqil Azərbaycan dövləti və onun rəhbərliyi ətrafında birləşməyi bacarmalıdır. Yeni ilin ilk həftələrində Bənəniyar kəndində baş verənlər də bu birliyin zəruri olduğunu sübut edir.

Xanlar Xoca