Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Comments: (0)

Bilirəm ki, indi bəzi insanlar mövqeyimi bəyənməyəcək, yenə hərə öz bildiyi formada etiraz edib səhv düşündüyümü isbatlamağa çalışacaqlar. Olsun, demokratik cəmiyyət qurmaq istəyiriksə hər kəs öz fikrini sərbəst bildirə bilər necə ki, indi hərbi hissədə baş verən cinayətə görə bir çoxları “asıb-kəsməyə” adam və məqam gəzir. Bu məqam indi bəzi qələm dostlarımızn əlinə göydəndüşmə fürsət verib və biri müdafiə nazirindən, o biri Ali Baş Komandandan, bir başqası isə hər ikisndən hesab istəyir. Amma gəlin hadisəyə təmkinlə yanaşaq. Ordu cəmiyyətin bir parçasıdır. Cəmiyyət necədirsə onun ordusu da elədir. Hər həftə ANS-in “Cinayət işi” verilişində neçə-neçə məişət zəminində baş verən hadisələr nəticəsində qətlə yetirilənlər və cinayətlər haqqında danışılır, intiharlar haqqında məlumat verilir. Hər həftə bəlkə 5-6 nəfər məhz ailədaxili münaqişə nəticəsində qətlə yetirilir və bu təkcə Bakıda və digər iri şəhərlərdə baş verənlərdir. Amma elə rayonlar var ki, orda baş verən qətl hadisələrinin üstü açılsa da sadəcə mətbuata çıxmır. Orduda da bu cəmiyyətin övladları qulluq edir və onlar da depressiyaya düşə, stress keçirə, kimin üçünsə darıxa, kiminsə rədd cavabını ala və ya ailəsinin çətin güzəranından dolayı fikir çəkib bunun günahını yanlış olaraq cəmiyyətdə, başqa insanlarda axtara bilər.Sevdiyi qızın rədd cavabına görə özünü metroda qatarın altına və ya dənizə atan insanlar haqqında o qədər yazılıb ki. İndi əsəbləri qaydasında olmayan və ya sonradan aldığı hansısa informasiyalar nəticəsində psixikası pozulan hansısa əsgər bir hadisə törədirsə və ya intihar edirsə bunda nə nazir, nə də Komandan günahkar deyil. Hər əsgərin yanında bir nəzarətçi əsgər də qoyulası deyil ki.

Amma çıxış yolu həmişə var. Mənim fikrimcə əsgərlərlə ailələri arasında telefon əlaqəsinə ümümiyyətlə son qoyulmalıdır. Çünki bir çoxları telefonda əsgərə məhz belə informasiyalar verirlər: yeznə yenə bacını incidir, atan iş tapa bilmədi, sosial yardımı hələ ala bilmirik, qardaşın imtahandan kəsildi, sevdiyin qız başqası ilə gəzir və sair və ilaxır. Sonra da deyirlər ki, bəzi komandirlər guya əsgərlərdən kontur istəyirlər. Təbii ki, sən əgər zəng etmək istəyirsənsə başqa cür ola da bilməz ki. Əlbəttə hansısa istisna halların ola biləcəyini də unutmaq olmaz. Amma hər bir halda yuxarı rəhbərlik var və edilən şikayət cavabsız qalmaz. Sadəcə bizim cəmiyyətimizdə olduğu kimi, onun ayrılmaz hissəsi olan orduda da bir fikir var ki, şikayət etmək eyibdir, adama gülərlər və s. Belə olan halda günahı başqasında deyil, öz hüquqlarını qoruya bilməməkdə və ya qanuni şəkildə qorumaq istəməməkdə axtarmaq lazımdır.

Ana oğulu əsgərliyə yola salan kimi dərhal yanına tələsir, başa düşmək olmur bu əsgərlikdir, yoxsa kurort. Halbuki əsgərlik həyatı mülki həyatdan ciddi fərqlənməlidir. Məgər Sovet dövründə əsgərin yanına getməkmi vardı? 2 il müddətində nəinki ailəsindən, hətta Azərbaycandan uzaq düşən, Sibirdə, ADR, Çexoslovakiya kimi ərazilərdə hərbi xidmət keçən əsgərlər yalnız məktub vasitəsilə evlərilə əlaqə saxlaya bilirdilər. İndi hansısa oxucu deyəcək ki, o vaxt orduda belə hadisələr baş vermirdi. Amma səhv fikirdir. O vaxt da belə hadisələr Sovet ordusunda baş verirdi və həmin ordu daha böyük olduğuna görə hadislərəin sayı da çox idi, sadəcə qapalı bir cəmiyyət olduğu üçün heç kim heç nədən xəbər tutmurdu, həlak olan əsgərin cəsədini dəmir qutularda birbaşa qəbiristanlığa aparıb dəfn edir, qutunun içində cəsəd, yoxsa qum doldurulmuş kisə olduğu naməlum qalırdı. Belə hadisələr dünyanın bütün ordularında baş verir. İndi Azərbaycan Milli Ordusunun Daşkəsəndə yerləşən hərbi hissəsində baş verən son hadisəyə də cinayət hadisəsi kimi yanaşmaq lazımdır, bundan şou düzəltmək yox. Belə şouların ictimai fikrin yanlış yönləndirilməsinə səbəb ola biləcəyini nəzərə alıb ordu mövzusuna həssas yanaşmaq vacibdir. Əgər hələ istintaq yenicə başlayıbsa hanısa fərziyyələr irəli sürüb sonra da həmin əsassız fərziyyələr ətrafında ekspert rəyləri öyrənməkdənsə istintaqın nəticəsini gözləmək daha düzgündür. Ordu ailə deyil və sərt nizam-intizamla idarə olunmalıdır. Ordunu ordu edən də elə onun sərtliyi, intizamıdır, əgər hərbi xidmətdəki əsgər də yeyib yatacaqsa daha ondan əsgər olmaz ki. Bu ordunu sevmək də olar, sevərək tənqid etmək də, amma gözdən salmağa çalışmaq yolverilməzdir.


Xanlar Xoca

Ölkəmizdə çox təhlükəli bir meyl müşahidə olunmaqdadır. Bir qrup insan internet və qəzet səhifələrində yetənə yetib yetməyənə də bir daş atıb qəhrəman olmaq istəyir, buna da nail olmayanda evdə öyrəndiyi və tərbiyəsinə uyğun sözləri hörmətli, seçilmiş insanlara ünvanlamaqdan belə çəkinmir. Bir sözlə demokratiya maskası taxmış bolşeviklər normal müzakirə apara bilməyəndə dərhal bildikləri bütün təhqir sayıla biləcək sözləri birnəfəsə ya deyir, ya da yazırlar. Onların düşüncəsinə görə, hamı səhv edə bilər, amma onlar heç vaxt səhv etməz, səhv düşünməz. Bolşeviklər də elə düşünürdülər. “Kim bizimlə deyilsə bizə qarşıdır” devizi bolşeviklərdən indi bəzi internet “demokrat”larına miras qalıb. Bu gün bir çoxları bolşevik fəaliyyətini Facebookda davam etdirir, ən azı unudulmamaq üçün. Həyatda bəxti gətirməyənlər isə onlara züy tutmaqla məşğuldurlar. Adi bir araşdırma aparanda məlum olur ki, radikalların, züytutanların bir çoxu daun sindromundan əziyyət çəkənlər kimi fotogenik cəhətdən bir-birinə bənzəmələri bir yana, tale baxımından da oxşardırlar. Onların radikallığının arxasında duran səbəblər bir çox hallarda eynidir: nakam sevgi, həyatda özünü tapa bilməmək, özünə inamsızlıq və asan yolla varlanmaq istəyi. Xüsusilə gənclərin öz uğursuzluğuna, acı taleyinə görə başqalarını günahkar bilib radikallaşması çox təhlükəli tendensiyadır.

Ötən yazımda Naxçıvanın adı ətrafında bəzi insanlar tərəfindən qəsdən yaradılmış ajiotaja münasibətimi bildirdim. Mənə qədər kifayət qədər yazanlar olmuşdu bu barədə, amma çoxları Naxçıvanı qara rəngdə göstərməyə çalışırdı. Bir vətəndaş olaraq öz fikrimi yazanda bir nəfər beş nəfərin adından ya şərh yazdı, ya da evdə eşitdiyi sözləri elektron poçtuma göndərdi. Nə var, nə var ağa ağ, qaraya qara demişik. Olmazmış. Bu ölkədə yerindən duran Prezidenti və onun təyin etdiyi istənilən bir məmuru tənqid edə bilər, amma burnu da qanamaz, indi hünər lazımdır ki, obyektiv həqiqəti yazasan, yalanları ifşa edəsən və ya bir müxalifət liderini tənqid edəsən, səhvini göstərəsən. Olmaz. Bir anda virtual qarğa quzğun üstünə tökülüşəcək. Hamısı da bunu demokratiya adı ilə edəcək ki, “bəs biz demokratıq, ona görə də yalnız biz düz danışa bilərik”. Guya düz danışmaq bunların monopoliyasındadır, başqa kimsənin haqqı yoxmuş düz danışmağa. Başqalarını tənqid edənlər özlərinin tənqid edilməsini heç arzu etmirlər və çay süfrəsi arxasında bir təhər dil tapırlar ki, kasıb yazarları hələ bir müddət istismar edə bilsinlər. Qaydaya tabe olmayanlar isə boykot edilərək könüllü çıxıb getməyə məcbur edilir. Bu da bir ayrı cür “demokratiyadır” və onun qurbanı olan kifayət qədər ad çəkmək olar.

Hamı bilir ki, yalnız faktı olmayanlar və zəiflər həmişə söyüşə əl atır, hay-küy salır. Əgər demokratiya istəyirsənsə fərqli fikirlərə dözümlü olmalısan, anlamalısan ki, hamı sənin kimi düşünə, sənin sevdiyini sevə bilməz. Kimin əlinin kimin cibində olduğunu da hamı bilir. Sadəcə mənə bir məsələ qaranlıqdır ki,bütün günü internetdən sallananlar görəsən hansı əsasla aclıqdan danışırlar? Dolanışığı bərbad olan biri internetdə sallanmaz ki, gedər özünə bir iş tapar. Belələri düzlükdən danışanda yaxşı ki, göydən daş yağmır. Amma qorxuram bir gün Allahın da səbri tükənə.


Xanlar Xoca

Bu günlərdə Naxçıvanın adı ətrafında qəsdən yaradılan söz söhbət ölkədəki sabitliyin bəzi insanları narahat etdiyini sübut etdi. Əvvəlcə ölkənin inanclı insanlarının diqqətini cəlb etmək üçün Naxçıvanda guya Aşura mərasiminə polis müdaxiləsi olduğu barədə böhtanlar dövriyyəyə buraxıldı, sonra isə hətta örada ölüm hadisəsinin olduğu barədə dezinformasiya yayıldı. İndi isə məlum olur ki, nə Aşura mərasiminə müdaxilə, nə də ölüm-itim var. Amma söz-söhbət hələ də bitmir. ABŞ və Norveç səfirliyi diplomatlara qarşı hansısa pis münasibətə dair bəyanat verir, “milli” hüquq müdafiəçiləri isə daha da uzağa gedərək “bizim Naxçıvana getməyimizə rəsmi icazə verilməyib, icazəsiz getmək isə pis nəticə verə bilər” deyirlər. Anspress.com-un bu barədə yazdığı xəbərin başlığı lap gülməlidir: “Hüquq müdafiəçiləri Naxçıvana getməyə qorxurlar”. Niyə? Nə var Naxçıvanda qorxulu?

Çox tez-tez Naxçıvanın sərt metodlarla idarə olunmasından danışanlar nədənsə Muxtar Respublikanın blokada şəraitində yaşadığını unudurlar. Əgər bu gün Naxçıvanda sabitlik, əmin-amanlıq hökm sürürsə, insanlar öz güzəranından razıdırsa onda bəs Bakıdakı hüquq müdafiəçiləri nədən narazıdır görəsən? Bir də görəsən bu hüquq müdafiəçiləri əgər harasa getməyə qorxacaqdılarsa onda niyə gedib qorxusuz bir işin qulpundan yapışmırlar? Mütləq hamı hüquq müdafiəçisimi olmalıdır?Bəlkə hüquq müdafiəçisi harasa gedəndə hamı işini buraxıb onun pişvazına çıxmalıdır? Düzdür onları da başa düşmək çətin deyil, daha “siyasi məhbus” məsələsi dəbdən düşüb, yeni mövzu tapmaq lazımdır və bu mənada Naxçıvanda kiminsə burnunun qanaması lap göydəndüşmə sayıla bilər. Ancaq maraqlıdır ki, əgər hansısa diplomat və ya hüquq müdafiəçisi xalqın halına yanandırsa, həqiqətən də hüquqları pozulan insanların taleyinə biganə qala bilmirsə o zaman 1 milyon məcburi köçkünün probleminin həlli ilə niyə məşğul olmur? ABŞ və Norveç diplomatları da insan hüquq və azadlıqlarını belə çox müdafiə edəndirlərsə qoy əvvəlcə evindən, obasından didərgin düşmüş insanların hüquqlarınını bərpası üçün çalışsınlar, öz dövlətləri qarşısında məsələ qaldırsınlar ki, beynəlxalq aləmdəki riyakar və ikiüzlü siyasətə son qoyulsun, Qarabağ problemi, qəti həll olunsun, ondan sonra ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda digər məsələlərə də diqqət yetirmək olar.

Bu il parlament seçkisi ilə əlaqədar şübhəsiz ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr ola bilər və onların əlində alətə çevrilməmək üçün hər bir vətəndaş məncə ilk növbədə dövlətin mənafeyini düşünüb əsl vətəndaş mövqeyindən çıxış etməlidir. Milli Məclis isə yaxşı olardı ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunlara müvafiq dəyişikliklər edib məhkəmə qərarı olmadan telefonların dinlənilməsi və s. ilə bağlı qərar qəbul edəydi. Bu gün dünyanın əksər demokratik dövlətlərində hüquq mühafizə və xüsusi xidmət orqanları məhkəmənin qərarını almadan belə şübhəli şəxsin telefon danışıqlarını dinləyə bilirlər və bu çox mühüm əhəmiyyətə malikdir. Unutmaq lazım deyil ki, hazırda dünya dövlətləri arasında Azərbaycanı Qarabağla bağlı güzəştlərə məcbur etmək üçün daxildən zəiflətmək istəyənlər ola bilər və ona görə də hər kəs müstəqil Azərbaycan dövləti və onun rəhbərliyi ətrafında birləşməyi bacarmalıdır. Yeni ilin ilk həftələrində Bənəniyar kəndində baş verənlər də bu birliyin zəruri olduğunu sübut edir.

Xanlar Xoca

Vyetnamda uğursuz müharibə aparan, Yuqoslaviyanı bombalayıb Əfqanıstanda “çoxdan öldürülmüş Bin Ladenin “axtarışı” məqsədilə daşı daş üstə qoymayan, diktator Səddamın sabit İraqını “bombalı” İraqa döndərən ABŞ yenidən dünya jandarmı rolunu oynamağa iddialıdır. ABŞ-ın yeni adminstrasiyası indi də İsrailə qarşı sanksiya tətbiq etmək təşəbbüsü ilə çıxış edir. Bu təşəbbüslə Vaşinqtonun Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçell çıxış edib və belə bir addımın Yaxın Şərq sülh prosesinin inkişaf üçün lazım olduğunu deyib.

ABŞ həmişə problemləri öz mənafeyinə uyğun formada həll etməyə çalışıb. 1914-cü ildə başlayan I Dünya müharibəsinə (1914-1918) ABŞ 1917-ci ildə, II Dünya müharibəsinə (1939-1945) isə 1943-cü ildə qoşulub və hər iki müharibədə ABŞ müharibə qərarı verəndə artıq müharibənin taleyi həll olunmuşdu. “İnsan hüquqlarının və azadlığın carçısı” olan dövlət yalnız qənimət bölüşdürülərkən özünü çatdırmağı, az itki ilə yüksək nəticə əldə etməyi üstün tutub və bu gün də həmin siyasəti yürüdür. Gürcüstanda dolu əvəzinə göydən Rusiya bombaları yağanda, avantürist Saakaşvili qalstukunu çeynəyəndə ona fitva verənlər sükut nümayiş etdirirdilər, sonra isə gürcü liderin özünü birinci atəş əmri verməkdə günahlandırıb hətta Avropa Şurasında bu haqda bir qərar da qəbul etdilər. Rusiya-Gürcüstan müharibəsində gürcü xalqının verdiyi itkilər hesabına Rusiya ordusunun gücünü sınamaqdan çəkinməyən ABŞ indi İsrailə sanksiya tətbiq etmək təklifi irəli sürməklə İrana qarşı ərəb dövlətlərinin dəstəyini qazanmaq niyyətindədir. Halbuki dünyanın gözü qabağında uzun illərdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal altında saxlayır və ona qarşı hansısa sanksiya tətbiq etmək heç kimin ağlına gəlmir, əksinə Türkiyəyə Ermənistanla .sərhəddi açmaq üçün təzyiq edilir. Ermənistan dinc bəşəriyyət üçün real təhlükədir, Dağlıq Qarabağda narkotika plantasiyaları salınıb, bəlkə də artlq orada nüvə reaktoru tikilir, amma İsrailə sanksiya tətbiq etmək iştahına düşən Ağ Ev “Dağlıq Qarabağ icması” deyilən bir quruma 8 milyon dollar yardım ayırır. Yəni separatizmə, işğala maddi yardım edir. Qəribə məntiqdir. Əgər sanksiya tətbiq etmək mümkündürsə elə olmazmı ki, BMT-nin 4 qətnaməsini həyata keçirmək üçün bu üsuldan istifadə edilsin? Axı Cənubi Qafqazda da sülh prosesinin inkişafı üçün məhz Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalara ciddi ehtiyac var.

Onsuz da dünya ABŞ-da standartların çoxluğunu bilirdi, amma daha bu dərəcədə təsəvvür etmək mümkün deyildi. Sanksiyalarla guya Yaxın Şərqdə sülh prosesinə töhfə vermək istəyən ABŞ-ın erməni sevgisi eyni üsulu Ermənistanda sınaqdan çıxarıb Dağlıq Qarabağın və işğal edilmiş digər torpaqlarımızın dinc yolla azad edilməsinə mane olur. Yuqoslaviyanı parçalayıb, Serbiyanı bombalayıb Kosovonun müstəqilliyini tanıyanda Rusiyanı fövqəldövlət kimi nəzərə almayan Qərb həmişə Qarabağın azad olunmamasında Kremlin maraqlı olmasına eyham vurur, amma görünən budur ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi heç ABŞ-ın öz marağında da deyil. Başımızı insan hüquqları və demokratiya dərsi ilə qatan ABŞ hələ 907-ci düzəlişi tam ləğv etməyib, amma Dağlıq Qarabağda separatçılara yardım ayırır. Fərdlərin İnsan hüquqlarını əldə bayraq edən dünya jandarmı roluna iddialı ABŞ bütöv bir toplumun insan hüquqlarına münasibətdə təəssüf ki, hələ də susur.

Xanlar Xoca


Dünyanın qəribə işləri var. Dünən yuxu olan bu gün gerçəklikdir. Məsələn on il əvvəl heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda Bagira sözü bakirə sözünə sinonim olacaq, amma fələyin işinə bax ki, bu gün Bagiranın mətbuat katibi məhz bunu iddia edir. Hətta dediyinə görə, Bagira qardaşından çəkinirmiş, qardaşının xasiyyəti də ağır imiş. Qeyrətli olmaq belədir də, xasiyyəti götürmür, əsəbiləşir, bu yazıq da məcbur olub evdə uzun geyinir. Məncə hüquq müdafiə təşkilatları bununla bağlı ciddi məsələ qaldırmalıdırlar. Bir müğənni qardaşının qorxusundan evdə istədiyi kimi açıq-saçıq paltarda gəzə bilmir. Ortada bu boyda fakt var ikən necə laqeyd qalmaq olar axı?

Aybəniz Haşımova da Bakıda namussuz gədələrin peyda olmasından, arvad paltarı geyib, sırğa taxmalarından narahat olduğunu bildirir. Bəs qardaş bacısını maşınla görüşə aparanda, bacısının lüt şəkilləri jurnalları bəzəyəndə namus ağacı olmayacaq ki. Bir vaxtlar Bakının məhəllələrində, kəndlərində bir oğlan bir qızla qol-qola gəzə bilməzmiş, eyib sayılırmış, amma indi qol-qola girmək nədir, küçənin ortasında kino göstərirlər, oğlanlar var ki, bacısının kiminləsə eşq yaşadığı haqqında az qala zurna çalınır, o isə guya heç nə eşitmir. Ya biz normadan artıq eşidirik, ya da bu qardaşlar kardırlar. Hər halda tez-tez haqqında söz açdığımız mentalitet deyilən zad əldən gedib artıq, sadəcə ağlayanı yoxdur. Şou biznes adı altında bir çoxları sarı bizneslə məşğul olur, həm də xalqın gözü önündə, utanıb çəkinmədən, xəcalət çəkmədən. Mikrofonu əllərinə götürdüklərinin qırxı çıxmamış hədsiz zənginləşmələrindən kimin hansı yuvanın quşu olduğu aşkara çıxır. Faciə budur ki, millətin ağsaqqalı da daha danışmaq istəmir, deyirsən “ay bədbəxt, incəsənət əldən gedir, lüt ətcəbalalar musiqimizi korlayır, insanların zövqünü zədələyir, bir yol göstər”, deyir “məni elə söhbətlərə qatmayın, mənə öz sənətimdən sual verin”. Belə də dərd olar? Biri ad davası döyür, o biri maşın, bir başqası dövlətdən ev istəyir, ev verirlər deyir bəs təmiri kim edəcək? Hələ eşitməmişəm Azərin bir dəfə desin ki, “ay dövlət, mənə də bir şey ver”.

Belə bir vaxtda Oqtay Əliyev müğənnilərin konsert zalını doldura bilmədiyini irad tutur və bildirir ki, “bunu konsert təşkilatçıları da deyir ki, Azərbaycanda heç kim barmağını qatlaya bilməz ki, salonu öz hesabıma doldurmuşam. Kim olur, olsun…” Yadıma “kor kora kor deməsə bağrı çatlayar” məsəli düşdü. O,Əliyevin “kim olur olsun” deyəndə səsi ilə sənətə üz möhürünü vurmuş Zeynəb Xanlarovanı istisna edib etmədiyini deməsə də , hər halda kimin kim olduğunu xalq bilir. Faiqin, Aygün və Röyanın isə heç pərəstişkarlarının demirəm, konsertlərinə gələnlərin sayı ayrı-ayrılıqda “Yeni Ulduz” yarışmasına SMS göndərənlərdən dəfələrlə çoxdur. Axı hamı yaxşı bilir ki, o müsabiqələrə iştirakçıların yaxın qohumlarından, tanışlarından savayı kimsə SMS göndərmir. Elə isə özgə gözündə tük axtarmaq nəyə lazımdır ? Məncə O. Əliyevin səmimiliyinə inanmaq olardı, əgər uzun illərdir eyni forma və məzmunda efirə çıxan və tamaşaçıya qeybət etməyi aşılayan “Çal çağır” verilişini də tənqid etsəydi. Təəssüf ki, heç kim öz ayranına turş demir. Tənqid edəndə populyar insanların əksəriyyəti ancaq qarşı tərəfi görür, öz nöqsanlarını görmək və tənqid etmək mədəniyyəti hələ Azərbaycanda geniş yayılmayıb və ona görə də burda hələ də təvazökar insanlara maymaq, lovğa və gözü ayağının altını seçməyənlərə isə “ulduz” kimi baxırlar.

Ulduz demişkən, prodüsserinin ”jurnalist zəng edəndə Bagiranın ulduzluğu tutmuşdu” süzləri yadıma düşdü. Bagiranın haranın “ulduz”u olduğunu bilmirəm, amma M. Hüseynovun “Bagiranın üzündə bir balaca problem olub və 1-2 aya o da keçib gedəcək” deməsini belə tez unutduğuna inanmaq olmur. Yəqin günün əksər hissəsini oxumaqdan çox yatmağa həsr etmək kimi əvvəl təsdiqləyib sonra təkzib etmək də şou-biznesin yazılmamış qaydalarındandır.

Xanlar Xoca


Tanınmış prodüsser Mikayıl Hüseynovla Bagira arasında narazılıq yaranıb. Bu barədə show-biznes.az saytına M.Hüseynov özü məlumat verərək deyib ki, "Bu yaxınlarda Bagira haqqında informasiya portallarından birinə müsahibəmdə onunla bağlı suallara səmimi cavablar verdim. Amma həmin müsahibədən sonra Bagira məndən inciyib və hər gün mənə zəng edib etirazını bildirir. " "Bəs necə oldu ki, kifayət qədər sanballı müğənnilər olduğu halda Bagiraya prodüsserlik etməyə razı oldun" sualına cavab olaraq M.Hüseynov "Mənim belə bir xüsusiyyətim var ki, görürəm kimsə tanınmır, üzə çıxa bilmir, əlimdən gələni ona edirəm. Bagira da belə oldu. Mən onunla işləyəndə hamı məni qınayırdı, amma mən heç kimə fikir vermədən işimi görürdüm. Əvvəl o sex partylərin ulduzu kimi tanınırdı. Onu mən Bagira elədim" deyən M.Hüseynov aralarında yaranan narazılığa görə Bagira ilə işləməkdən imtina edib.

Show-biznes.az


Meridyen Beynəlxalq Sərgi şikəti və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) dünya şöhrətli brendləri və yüksək keyfiyyəti ilə seçilən geyim markaları ilə dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim şirkətinin məhsullarından ibarət “İstanbul Fashion Show” adlı sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir. Bu gün “Park İnn” otelində “İstanbul Fashion Show” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. Layihənin Azərbaycan üzrə koordinatoru Alper Çekic, təşkilat komitəsinin sədri Ruhiyyə Kaçan, "Meridyen” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlu və OTİAD nümayəndəsinin qatıldığı mətbuat konfransında media nümayəndələrinə sərginin əsas məqsədi və azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıqlar və iş birlikləri barədə ətraflı məlumat verilib.

Konfransda media nümayəndələrinə sərginin əsas məqsədi, azərbaycanlı iş adamları ilə qurmaq istədikləri əməkdaşlıqlar və iş birlikləri barədə ətarflı məlumat verilib.

Layihənin Azərbaycan üzrə koordinatoru Alper Çekic bu tədbirin Azərbaycan və Türkiyə arasında olan münasibətlərin daha yaxşılaşması üçün təkan verəcəyini söylədi: “Biz bu cür yüksək tədbirlərin və maraqlı layihələrin burada keçirlməsi üçün təşəbbüs göstərdik və Azərbaycana yollandıq. Bu sərgidə bir çox geyimlər nümayiş olunacaq. Onların arasında uşaq, qadın və gecə paltarları var. Məsələn “Müzəffər”, “Avva” və digər brendlərdən ibarət bir sərgi olacaq. Bu bu sərginin yüksək keçməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Sərgidə tək geyimlər deyil, həmçinin ayaqqabılar da nümayiş olunacaq. Dəvət olunan qonaqlar sırasında isə Azərbaycanın ən uğurlu iş adamları və məşhur geyim mağazalarının sahibləri var.

“İstanbul Fashion Shou” sərgisində nümayiş olunacaq heç bir geyim satışa çıxarılmayacaq. Burada tək klassik geyimlər deyil, həmçinin idman üslublu geyimlərdə nümayiş olunacaq”,-deyə layihənin Azərbaycan üzrə koordinatoru Anıl Seçerin bidirib.

Qeyd edək ki, bu, “Meridyen”in Azərbaycanda təşkil edəcəyi yeganə sərgi olmayacaq. Belə ki, şirkət bu ilin sonuna kimi ölkəmizdə daha bir neçə moda sərgisi təşkil etməyi düşünür.