Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Azərbaycanda müğənnilik ən asan pul qazanmaq yoludur. Təbii ki, bu sənətə yalnız pul qazanmaq naminə gələnlər üçün. Belələri isə təəssüf ki, bu gün həddindən artıq çoxdur. Hətta o qədər çoxdurlar ki, əsl sənət nümayiş etdirənlər onların yanında barmaqla sayılacaq qədər azdır. Hər biri xarici markalı avtomobillərdə gəzir, şəhərin mərkəzində bahalı mənzillərdə kef çəkirlər. Bir də görürsən son dəbdə geyinmiş bir gədə Jeep-dən düşür, diqqətlə baxanda məlum olur ki, bu filan müğənninin qardaşıdır, beləsi özünü Azərbaycan dilində başa düşməyən kimi göstərdiyi üçün məcbur olub rusca soruşursan ki, “ay xoruz, sən axı küçədə it döyüşdürürdün, indi bu pul səndə hardandır belə maşın sürürsən”, qayıdıb nə desə yaxşıdır, “bacım sənəti ilə pul qazanıb maşın alıb verib mənə”. Bilmirsən beləsinə ağlayasan, ya güləsən. Bacısının “zəhməti” hesabına Jeep sürmək eşqində olanlar yaman çoxalır, bəzən atalar, qardaşlar özləri qızların əlindən tutub zorla “sənət”ə gətirir, “sən oxumalısan” deyirlər, indi bu guya kişilik sayılır. Hətta “bizim qızın SMS-ni niyə kəsdiniz” deyə narazılıq edənlər də tapılır, sanki o SMS-ləri hansısa fəhlənin, sadə bir vətəndaşın göndərmədiyini bilmirlər. Atalar, qardaşlar yaxşı bilirlər müğənni qızlara kim nə qədər maya qoyur, sadəcə indi adamlar iki cürdür, namusunu yeyənlər və namusla yeyənlər.

Hər gün xalqın gözü önündə min bir oyundan çıxanlar sonra hətta elə dəbdəbəli toy edirlər ki, sanki bunlar əsl “ev qızı”dırlar. Amma dünyanın altını da bilirlər, üstünü də. Bahalı mahnılar, kliplər, maşınlar, evlər göydən tökülmür ki, “qız”lar əziyyət çəkirlər. Nə qədər toy-büsat qursalar da bu gün Azərbaycan şou-biznesində kiminsə ərə getməməyi onun bakirə olması anlamına gəlməz. Bu gün Azərbaycan şou-biznesində bakirə müğənni yoxdur və heç olmayıb. Axı “incəsənət qurban tələb edir”.

Əgər bir müğənni “hər şeyi sənətimlə əldə etmişəm” deyirsə və ödədiyi verginin məbləğini açıqlaya bilmirsə deməli bu adam ya vergidən yayınır, ya da müğənnilik adı altında başqa işlərlə məşğuldur. İkinci daha ağlabatandır, çünki verginin məbləği o qədər çox deyil ki, hansısa axmaq ondan yayınmaq fikrinə də düşsün. Ömrünü az qala yarı eləsə də bir solo konsert verə bilməyənlər əslində hər gün “sponsor”lara konsert verirlər. Bu konsertdə isə təkcə oxumaqla iş bitmir, yoxsa kim onlara maşın, ev bağışlayar ki. Atalar, qardaşlar da deyirlər “qız işə gedib”, daha demirlər ki, “qız əziyyət çəkir ki, biz Jeep sürək, komfortlu həyat sürək”. Əvvəllər ərə getməmiş qızları qalın qaşlarından tanıyardıq, indi ucdantutma “qaşgötürmə əməliyyartı” gedir. Heç bir kişi cinsindən olan müğənni öz həmkarı ilə evlənmək istəmir, çünki onlar bizdən də yaxşı bilirlər bu sənətdə pərdə arxasında hansı hoqqalar baş verir, “qız” müğənnilər ayda neçə dəfə ginekoloqa müraciət edirlər. Ən dəhşətlisi budur ki, xalqın abırlı, ismətli qızları ailə qura bilmir, amma üzü üzlər görmüş “müğənnilər” hansısa biznesmenə, kreslo sahibinə ərə gedə bilir. Cəmiyyətdə mənəvi aşınma gücləndikcə belə hallar da artır, ona görə də məncə hər bir ailədə, məktəbdə tərbiyə işi gücləndirilməlidir, qoy bu xalqın qızları yaxşı riyaziyyatçı, mühəndis, diplomat, həkim olsun, öz sahəsinin bilicisi olsun, amma müğənni olmasın. Qoy atalar daha qızlarını xoş güzəran üçün “sənət”ə qurban verməsinlər, qapı-qapı düşüb SMS dilənməsinlər, qardaşlar daha bacı hesabına “mən də kişiyəm” deməsinlər. Çünki sənətdən iyrənc məqsədlər üçün istifadə etməyə göz yummaq, hətta buna həvəsləndirmək kişilik yox nakişilikdir. Mənbəyi məlum olmayan pulla maşın sürüb, ev almağın başqa adı yoxdur...

Xanlar Xoca

http://news.qaynar.info/33937.html

Deyirəm doğurdan da düz deyiblər ki, “qulaq gündə bir xəbər eşitməsə kar olar”. Biz gündə bir yox, az qala milyon xəbər alırıq. Çoxu da olur ağlamalı xəbərlər. Məsələn bu gün SIA-nın yaydığı informasiyadan belə məlum oldu ki, bundan sonra “xalq artisti Nisə Qasımova haqqında hər hansı bir xəbər, məlumat dərc edərək yayımlayan KİV, eyni zamanda prodakşnın icazəsi olmadan, xəbərdarlıq edilmədən hər hansı efir sənətkar xanımın görüntüsünü göstərərsə, haqqında süjet yayımlayarsa məsuliyyətə cəlb olunacaq. Sənətkara hörmət əlaməti olaraq onun haqqında hər hansı məlumatı əldə etmək istədikdə, görüntüsünü yayımlamaq istədikdə yalnız və yalnız “Kainat” prodakşnın mətbuat xidmətinə” müraciət etmək lazımdır. Belə məlum olur ki, mən Nisə xanım haqqında yazarkən bu prodakşna müraciət etməliyəm, amma iş vaxtı bitdiyi, mənim isə işdən sonra da kiminləsə əlaqə saxlamaq üçün mobil telefonum olmadığından xoruzların nə vaxt banlayıb səhərin açıldığını xəbər verməsini gözləməliyəmmiş. Amma səhərə qədər nələr olacaq Allah bilir.

İndi bilmirəm bu qayda ənənə şəklini alsa necə olacaq, birdən hansısa idarə rəhbəri də onun adından danışmaq üçün hansısa prodakşna lisenziya versə onda bizim informasiya almaq azadlığımız olacaq beş qəpiklik. Hamı deyəcək ki, sən mənim fotomu niyə icazəsiz vermisən, mənim adımı niyə icazəsiz yazmısan və s. Qəzetlər və saytlar ağaracaq, televizorlarda görüntü kəsiləcək, radiolarda ad yerində hansısa “düüüt” siqnalı veriləcək. Əvəzində isə cinayət işlərinin sayı artacaq, jurnalistlərdən kimsə buna görə həbsə düşəndə içəridə soruşacaqlar ki, “sən nə üstə düşmüsən bura”, cavabı təxminən belə olacaq ki, “əşi, axşam idi, bir dostum zəng elədi ki, bəs filan müğənni indicə qəza törətdi, mən də prodakşna zəng elədim cavab verən olmadı, özünə zəng edəndə isə kobud cavab verib telefonu qapatdı, məcbur olub necə var yazdım, nəticəsi də belə oldu”. Bu cür davam etsə axırda informasiyanın qiyməti də o qədər qalxacaq ki, nişanlı qızlara qızıl yerinə informasiya verəcəklər. Bəlkə də bu qeyri neft sektorunun daha da inkişafına müsbət təsir göstərəcək, amma hər halda jurnalistlərin vəziyyəti ağlamalı olacaq. Yenə heç olmasa bəzi məmurlardan ildə, ayda bir dəfə Fəxri Xiyabanda, ya da hansısa konfransda nəsə informasiya almaq olur, indi müğənniləri harda taparıq, çoxu heç Fəxri Xiyabanın harda yerləşməsindən xəbərsizdir, əksəriyyəti heç konfrans sözünü tələffüz edə bilmir, bəlkə də heç ömründə eşitməyib, o ki ola konfransda iştirak edə, qapıdan çıxanda jurnalistlər onu sorğu suala çəkələr.

Deyəsən informasiya almaq kosmosa uçmaqdan da çətin olacaq. Belə yerdə deyiblər ki, “əcəb görəcək günlərimiz var imiş, ölmədik bu günü də gördük”. Hələ yaxşı ki, bu prodakşn sözü var, yoxsa işlər lap qəliz olardı.

Xanlar Xoca

http://news.qaynar.info/33856.html

Comments: (0)

Bizim cəmiyyət yatmağa yaman meyllidir, dəyməsən, silkələyib oyatmasan elə hey yatacaq. Amma sözün açığı iş gedən yerdə kiminsə yatması heç xoşagələn vəziyyət deyil. Bu mənada akademik Ramiz Mehdiyev yaxşı ki, hərdən tənqidi çıxışlar edir, məqalələr yazır. Çünki məhz onun yazılarından sonra hamının yadına düşür ki, ayə bəs sən demə bu problemlər var imiş, biz isə fil qulağında yatmışıq. Bəzi ağzıgöyçəklər də var ki, deyirlər, nə problem, problem zad yoxdur bizim sahədə, verin yenə yeyək, üstümüzü də örtün yataq, gözləyin canımız çıxmasın. Adlarını da qoyublar nə bilim professor, yazıçı, şair, daha nə bilim nə. Çoxu heç qara qəpiyə də dəyməz.

Rəsul Rza adına Yazıçılar Birliyinin 500 üzvü var, amma içərisində beynəlxalq mükafata layiq görülən əsər yazan bir nəfər də tapmaq olmaz. Halbuki bu quruma dövlət külli miqdarda vəsait xərcləyir. İndi də deyirlər guya Ramiz Mehdiyevin vaxtı yox imiş bunların kitablarını oxumağa, yoxsa bilərdi ki, bunlar necə dahiyanə əsərlar yaradıblar. Bir azdan yəqin ki, iddia edəcklər ki, hətta Ədəbiyyat üzrə Nobel mükafatını alan Herta Müller də “Kal gavalılar diyarı” adlı əsərini bunlardan köçürüb. Çünki məhz Azərbaycan ədəbiyyatında imtiyazlı kal gavalı daha çoxdur. Yazmağa gələndə ortaya sanballı bir əsər yazıb qoya bilmirlər, amma danışmağa gələndə elə danışırlar ki, Tolstoy, Dostoyevski və ya Drayzer dirilib bunları görsə etiraf edib deyərdi ki, “mənim yazdıqlarım cızmaqaradan özgə bir şey deyilmiş”. Yeri gəlmişkən dahi yazıçımız Anar da deyib ki, “...görüşəndə Ramiz müəllimə bir neçə kitab, habelə o kitablar haqqında rəyləri verə bilərəm ki, oxusun.”. Heç şübhəsiz ki, Anar dediyi kimi eləsə, məsələn oxucuların yolunu həsrətlə gözlədikləri, yatanda da başlarının altına qoyduqları “Ulduz” jurnalının baş redaktoru, məşhur yazıçı Elçin Hüseynbəylinin “Yüz qırx birinci Don Juan” və “Şah Abbas” əsərlərini hörmətli akademikə təqdim eləsə yaxşı olar. Düzdür məşhur yazıçı E.Hüseynbəylinin “Media Forum”a dediyinə görə, o bu əsərləri akademikə artıq göndərib, amma görünür ya məktub yetişməyib, ya da akademik həqiqətən də vaxt tapmayıb bu hadisə sayıla biləcək əsərləri oxumağa. Şübhə etmirəm ki, həmin kitablardan başqa akademiklərə də göndərilib və onlar bəlkə də artıq hər iki şah əsəri oxuyublar. Hamı mənimlə razılaşar ki, E. Hüseynbəyli kimi yazıçını oxuyub təsirlənməmək, ağlamamaq mümkün deyil. Belə yazıçılar ölkəmizdə çoxdur, amma qədrini bilən yoxdur. Səbəbi məlumdur. Çünki bizim yazıçılar indiyədək Nobel mükafatı ala bilməyiblər, kitabları bestsellerə çevrilməyib, çünki bu gün dünyada yalnız insan psixologiyasını, iztirablarını, daxili dünyasını aça bilən əsərlər mükafat qazanır, belə əsərlər yazmaq üçün isə yazıçı gərək kasıb ola ki, o hissləri yaşaya. Bizdə isə adətən yazıçı Yazıçılar Birliyinin üzvü olanlara deyilir, onlar da dövlətin himayəsindədirlər, aclıq nə olduğunu bilmirlər, düşünmürlər ki, “kağızım qurtarır, çörək pulum da qalmayıb, ev sahibi də keçən 3 ayın da kirayə pulunu tələb edir, verməsəm evdən qovacağı ilə hədələyir, bu yandan da nəşriyyat ötən ay göndərdiyim əsər üçün az pul təklif etməyi bir yana dursun, hələ 6 aydan sonra nəşr edə biləcəyini deyir”. Yazıçılar Birliyinin üzvü az qala məmur kimidr, Prezidentin təqaüdünü alır, 3-4 qəzet, jurnal da ixtiyarında müntəzir dayanıb, mənalı, mənasız yaz doldur da, nəyinə lazımdır oxunur, ya oxunmur,.əsas odur ki, nəsə yazasan.

Vallah, billah Azərbaycan dünyada nadir ölkədir. Dünyanın heç bir yerində yazıçını bizdəki kimi əzizləyib bəsləmirlər, əgər bəsləsələr nə Orxan Pamuk olardı, nə Herta Müller, nə də başqa bu cür ədəbiyyat nəhəngləri. Əsl ədəbiyyat kasıb daxmalarda yaranır, villada şah əsər yazıla bilməz. Yazıçı yaxşı yazmaq üçün ac qalmalı, ehtiyac içində yaşamalıdır ki, aclarəın nə çəkdiyini bilsin, ümidsiz insanın iztirablarını daha yaxşı təsvir edə bilsin, yoxsa hər gün kabab yeyib, gözəlləri vəsf edən yekəqarından yazıçı olmaz ki.

Məncə artıq dövlət öz ədəbiyyat siyasətinə yenidən baxmalıdır. Qoy yazıçı yazsın və əsərini nəşriyyata təqdim etsin, çap olunsa və uğurla satılsa, cəmiyyətdə həmin kitaba tələbat hiss olunsa məhz o zaman dövlət təkrar nəşri öz üzərinə götürməlidir. Belə olsa onda qənaət olunan vəsaitlə daha böyük və faydalı işlər görmək, layihələr həyata keçirmək olardı. Bir neçə jurnal birləşdirilsə Azərbaycan ədəbiyyatı da, büdcəsi də qazanar, yayım firmalarının isə canı “vozvrat”dan qurtarardı. Axı yazıçılarımız da yoruldular özləri yazıb özləri oxumaqdan, qoy indi də oxucuların oxuması üçün əsərlər yazılsın nəhayət.

Hə, az qala yadımdan çıxmışdı, görkəmli qələm sahibi Fikrət Qoca da akademik R.Mehdiyevin məqaləsindəki “Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır” fikrinə münasibət bildirərkən deyib ki, “Min adam desə ki, əsər yoxdur, bu, gerçəyi dəyişdirməyəcək. Bilirsiz, uşaq var ki, gözünü yumur deyir ki, dünya yoxdur. Gözünü açanda isə görür ki, dünya varmış. Amma bu zaman hamı onun kimi gözünü yummur ki? Əsər varsa, artıq var.” Düzü mən bilmirəm bununla F.Qoca nə demək istəyir, amma yüz faiz bilirəm ki, bütün uşaqlar böyük olduğunu hamıya sübut etmək üçün ya stula çıxır, ya da böyükləri təqlid edirlər, məsələn qələmi əllərinə götürüb özlərini yazı yazan kimi göstərirlər. Uşaqların xətrinə dəyməyən böyüklər isə sonra məhz Böyük olduqları üçün təmkinlə, səbrlə qələmi onların əlindən alıb qələmdana qoyur, elədikləri cızmaqaraları isə zibil yeşiyinə tullayırlar...


Xanlar Xoca http://news.qaynar.info/33722.html

Comments: (0)


Mətbuat Şurası “reket qəzet”lərin siyahısını hazırlamaqla qismən də olsa kimin kim olduğunu cəmiyyətə çatdıra bildi. Amma iş burasındadır ki, “reket qəzetlər”lə iş bitmir. Jurnalistika sahəsində reket QHT-lər də kifayət qədərdir və onların da adlarını cəmiyyətə tanıtmaq lazımdır. Bu günlərdə QHT-lərin aldıqları qrantlarla bağlı bir araşdırma yazısında bəzi jurnalist təşkilatlarının aldıqları vəsaitlərin məbləğini görəndə həqiqətən heyrətləndim. Həmişə əlində dəsmal tutub ağlayan insanlar sən demə minlərlə avro məbləğində qrant alırmışlar və ən maraqlı budur ki, monitorinq filan keçirmək adı altında alınan bu vəsaitlər təyinatı üzrə xərclənmir. Bunu bilmək üçün fitri istedad tələb olunmur, mətbuatın vəziyyəti, jurnalistlərin mənzil və iş şəraiti göz önündədir. Bəs onda bu vəsaitlər görəsən hara xərclənir? Kimsə evində, ya ofisində oturub öz həyat şəraitini düzəltmək üçün jurnalistikanın adından istifadə edərək layihə yazır və sonra da aldığı vəsaiti hara xərcləyir məlum olmur, həmişə də ağlayır ki, hökumət bizi ac qoyub. Aldığı yüz minlərlə avroya baxanda isə adamın nə qədər yalançı olduğunu görməmək mümkün deyil. Və ya kiminsə birdən ağlına gəlir ki, “Qaranlıq otağın açarı”adlı bir müsabiqə keçirsin, həm ziyarət olsun, həm də ticarət. Daha bu müsabiqənin keçirilməsi şərtlərini, qalibə ödəniləcək mükafatın dəqiq məbləğini müəyyənləşdirmək “unudulur”, çünki əmindirlər ki, fağır jurnalistlər ya səsini çıxartmayacaq, “buna da şükür” deyib keçəcək, ya da ən pis halda məhkəməyə müraciət edən olsa belə kiminləsə anlaşıb bir çıxış yolu tapacaqlar. Halbuki az qala hər gün demokratiyadan, söz azadlığından dəm vurur, az qala toylarda da bu mövzuda tost deyirlər. Nə vaxtsa bu cür insanların rəhbərlik etdikləri təşkilatlarda yoxlamalar da başlayanda bir hay küy qalxır ki, gəl görəsən, bəyanatlar ard-arda düzülür :”Soz azadlığına basqı”, “Hökumət filan təşkilatı sıxışdırır” və s. Halbuki əslində hökumət bu cür təşkilatlara qarşı çox humanistdir məncə. Bu cür QHT-lərdə korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə yoxlamalar başlansa daha doğru olardı. Onda bəzi jurnalist təşkilatlarına hansı donorun nə qədər vəsait ayırdığı və həmin vəsaitin hansı məqsədlərə və necə xərcləndiyi tam aydınlaşardı. Nəzərə alsaq ki, Azərbaycan Qarabağla bağlı bəzi dövlətlərin təzyiqləri ilə üz-üzədir və qarşıdan parlament seçkiləri ili gəlir, o zaman Azərbaycanda guya “söz azadlığının inkişafına yardım etmək” istəyən, əslində isə ölkədə aranı qarışdırmaq məqsədi güdən bəzi beynəlxalq donor təşkilatlarının jurnalistikaya zərrə qədər dəxli olmayan, sədrləri son 5-10 ildə bir cümlə belə yazmayan bəzi jurnalist təşkilatlarına ayırdıqları vəsaitlərin məbləğini artıracaqları şübhə doğurmur. Ona görə də bu təşkilatların həmin vəsaitləri hansı məqsədlərə sərf etməsi diqqətə alınmalıdır. Mətbuat Şurası isə jurnalistikaya xidmət etməyən bu cür təşkilatların adlarını da bir siyahı hazırlayıb cəmiyyətə təqdim etsə onda reket QHT-lərin də adları bəlli olardı. Həm də məncə Mətbuat Şurasının mətbuatın inkişafı üçün alınan qrantlara nəzarət etmə mexanizmi və imkanları olsa daha yaxşı olardı bəlkə də. Təbii ki, əgər olsaydı...


Vaxt var idi Masallıda Əhəd Abıyevdən narazılıq edib, bu ad gələndə göz yaşı tökürdülər. İndi tərsinədir, Abıyev narazıdır. Masallıda yəqin ki, hər gün olmasa da ildə heç olmasa iki nəfər xuliqanlıq maddəsi ilə həbs olunur, amma Əhəd Abıyev məhz indi dilə gəlib. Niyə? Əhəd Abıyevi həbs olunan Həşimovlarla hansı tellər bağlayır bunu bilmirəm, heç maraqlı da deyil. Mənə maraqlı olan budur ki, Əhəd Abıyev indi bir sahibkarın hüququnun pozulduğunu iddia edib millət vəkili kimi onu müdafiə etmək haqqında düşünürsə bəs Avropa Məhkəməsinə qədər gedib çıxmış Masallının digər iş adamı Adəm Nüsrətovun haqlarını niyə müdafiə etmirdi? A.Nüsrətov ki, icra başçısından narazı deyildi...

Ümumiyyətlə qəribə bir hal müşahidə olunur. Kim öz ərköyün tələblərini hakimiyyətə diqtə edə bilmirsə dövlət hakimiyyətini və onun sütunlarını hədəf seçir. Əhəd Abıyev də indi MTN-nin Masallı şöbəsinin adını əsassız olaraq hallandırmaqla məşğuldir, həm də çox eybəcər formada, halbuki bunun əvəzində öz seçicilərinin sosial problemlərinin həlli ilə məşğul olsa daha yaxşı olardı. Millət vəkili statusu heç kimə yerli dövlət hakimiyyəti nümayəndələrinə qarşı çıxmağa əsas vermir. Millət vəkili əhalini səbrli olmağa dəvət etməlidir, onun qarşısında dövlətin nümayəndəsinin ünvanına təhqir yağdırmamalıdır. Ümumiyyətlə təhqir acizlərin üslubudur, ziyalı, faktı olan insan təhqirə yol verməz, versə ondan ziyalı olmaz, millətə vəkil olmaz. “İlham Əliyevi sevirəm” deyib onun imzası ilə icra başçısı təyin olunmuş Qəzənfər Ağayevi təhqir etmək bir araya sığmır və bu çox böyük məntiqsizlikdir. Masallı heç kimin şəxsi mülkü deyil, Azərbaycan torpağıdır və heç kim də Prezidentə “bu insanı işdən çıxart, başqasını icra başçısı qoy” deyə bilməz.

Həmişə ədalətdən danışanlar indi niyə ədalətə, obyektiv istintaq aparılacağına şübhə edirlər məlum deyil. Hansısa orta təsilli bir insan həbs olunan adamı gedib Prezident Aparatında axtarsaydı anlamaq olardı, amma bir millət vəkilinin həbs olnunanların azad olunmamasında Prezident Adminstrasiyasının rəhbərini günahkar bilməsi çox kobud səhvdir. Bu gün hamı xalqın birləşməsindən, düşmənə qarşı vahid cəbhədə birləşməsi zərurətindən danışarkən kimlərinsə mərkəzi hakimiyyətə, onun sütunlarına qarşı pafoslu bəyanatlar verməsi, stəkanda fırtına qopartmaq cəhdləri, guya həyatına hansısa təhlükə yarana biləcəyi barədə təəssürat yaratmaq istəkləri düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. İranla həmsərhəd olan cənub regionumuzda narkotik maddələrin yayılmasına qarşı effektiv mübarizənin aparılması məhz yerli hüquq mühafizə və təhlükəsizlik orqanlarının əməyinin nəticəsidir. Bu gün həmin orqanlar kobud surətdə tənqid atəşinə tutulmağa deyil təşəkkürə layiqdirlər. Millət vəkili təkcə bazarkomu deyil, həm də sadə adamları müdafiə etməyi bacarmalıdır, çünki bir bazarın deyil, millətin vəkili olmağa and içib. Prezident Adminstrasiyası isə polis bölməsi və ya təcridxana deyil.

Amma kimə deyəsən? Bir deputat ki, üzvü olduğu parlamentin seçkili deyil, təyinatlı bir qurum olduğu barədə fikir yürütsün, o şübhəli şəxsin azad olunması üçün elə gedib PA qapısında gözləyər...

Xanlar Xoca http://news.qaynar.info/33331.html

Comments: (0)

Dünya müsəlmanları bu gün müqəddəs Qurban Bayramını qeyd edir. Bu bayram keçmiş Sovet dövründə də əhalisinin əksər hissəsi müsəlman olan Azərbaycanda geniş olmasa da çoxları tərəfindən qeyd edilir, qurbanlar kəsilirdi. Amma o vaxtlar indikindən fərqli olaraq bu müqəddəs bayramın ətin qiymətinə heç bir təsiri olmurdu, qoyun əvvəl hansı qiymətə olurdusa, bayram ərəfəsində və bayram günündə də həmin qiymətə qoyun və ya ət almaq mümkün idi. Əks təqdirdə qiyməti süni olaraq qaldıran adamın dərisini qoyun dərisi kimi boğazından çıxarardı hökumət. İndi isə vəziyyət fərqlidir. Müsəlmanlığı sünnət olmağından o yana keçməyən bəzi insanlar il uzunu sanki bu bayramın nə vaxt gələcəyini gözləyirlər ki, insanların etiqadından sui istifadə edib mal-qaranın qiymətini süni qaydada qaldırsınlar. Qəribədir ki, bu cür mohtəkirlik halları hər il təkrarlanır və hər il də belə adamlar həm ictimai qınaqdan, həm də inzibati məsuliyyətdən kənarda qalır. Halbuki qiymətlərin hansısa bayramla və ya əlamətdar günlə bağlı olaraq qaldırılması möhtəkirlikdən başqa bir şey deyil və qanunlar tam imkan verir ki, belə hallara qarşı effektli mübarizə aparılsın. Bilirəm indi bəziləri düşünə bilər ki, heyvan sahibi özü neçəyə istəsə malını sata bilər. Amma əslində bu nə qanuna, nə də dini adət ənənəyə uyğun deyil. Əgər qiymət qoymaq hərənin öz kefinə uyğun olsa onda çörəyin qiyməti də kəllə çarxa çıxar. Dövlətin öz qiymət siyasəti var və müvafiq qurumlar belə məsələlərə qarşı daha da diqqətli olmalıdırlar. İş o yerə çatıb ki, adi günlərdə ayaq altında qlan kələmin qiyməti də bayrama görə qəfil qalxıb və bazarda kələmlə qoyun həm qafiyə söz kimi işlənir. Bir müddət əvvəl sənədləri qaydasında olmayan məscidlərin sökülməsi məsələsi gündəliyə çıxanda hay həşir salanlar isə harda gizləniblərsə indi möhtəkirliklə məşğul olub, müsəlman qardaşlarının cibinə girənlərə demirlər ki, “adamın abrı olar, bayramdır deyə qoyunun, ətin qiymətini qaldırmaq olmaz”. Bəziləri heç bayramın tarixini, mahiyyətini də bilmir, bəziləri üçün bu sadəcə güclü alver etmək, bəziləri üçünsə çoxlu ət yemək bayramıdır. Hələ də elə insanlarımız var ki, il uzunu ağzına bir tikə ət dəymir, ayağı yalın gəzir, hamballıq edir, amma hələ də elə insanlarımız var ki, ölkədə bu qədər fəqir füqəra olduğu halda hər il Həccə gedir və bunun vacib əməl olduğunu bildirir. Amma ən vacib əməl odur ki, bir müsəlman öz qonşusunun, qohumunun dərdlərinə də əlac qılsın, bir yetimin qeydinə qalsın. Təəssüf ki, bunu edən ya yoxdur, ya da çox azdır. Hər bir müsəlman bu gün bir hərəkət edəndə, bir addım atanda düşünməlidir: Məhəmməd Peyğəmbər bu anda nə edərdi? Məhəmməd Peyğəmbər özünə dəbdəbəli yubiley keçirməzdi, azanı benzinlə yox, insanın ruhu ilə müqayisə edərdi, villada deyil, kasıb, amma Allahın nuru ilə işıqlanan bir daxmada yaşayardı, özü ac qalar, amma sonuncu tikəsini də müsəlman olmasa belə hansısa ac və kimsəsizə yedirərdi, kimsə ilə düşmənçilik aparmaz, onu sevməyənlərə, qəbul etməyənlərə belə mərhəmətli olar, dərdlərinə çarə tapmağa çalışardı, kasıb müsəlmanların gözü qarşısında bahalı avtomobildə deyil, bəlkə də piyada gəzərdi. Çünki o İdeal İnsan idi. Amma bu gün təəssüf ki, onun ümməti ona oxşamır. Ömür boyu bütpərəst həyatı yaşayıb öləndə müsəlman kimi dəfn edilənlər nə qədər müsəlmandır onu ancaq Allah bilir. Mənim bildiyim budur ki, bütün insanları birləşdirən bir İnsanlıq dini də var ki, onun adı Vicdandır və Vicdanı olan möhtəkirlik etməz, rüşvət almaz, qan içən olmaz. Allaha inanan adamın vicdanı olar.

Qurban bayramınız mübarək!!!

Xanlar Xoca http://news.qaynar.info/33309.html

http://7gun.az/index.php?newsid=742


Bu gün Ümumdünya İnformasiya Günüdür. İndi kimsə deyəcək ki, “hə, nə olsun”. Amma nəzərə alsaq ki, informasiyaya olan tələbat bu gün cəmiyyətdə çörəyə olan tələbat qədər güclüdür, onda bu sualın cavabı da hər kəsə aydın olar.

Azərbaycanda da vətəndaşların informasiya alması üçün qanunlar qəbul edilib, amma bu qanunlar əksər hallarda güc qarşısında susan aciz uşağı xatırladır. Min oyundan çıxan məmur özbaşınalığı qarşısında qanun gücsüz görünür. Elə gülməşəkər məmurlar var ki, özlərini mətbuata qapalı elan edir və az qala padşah kimi aparırlar. Ola bilsin ki, kiminsə ürəyində padşahlıq iddiası ola bilər, amma zaman-zaman bu iddialarla yaşayan insanların aqibəti də məlumdur.

Jurnalistə konkret "rədd ol" deyənlər sonradan onun köməyinə ehtiyac duyur. Çünki cəmiyyətə lazım olan informasiyaları məhz jurnalistlər- Misir ehramlarını tikən qullar kimi bütün günü o yan - bu yana qaçan, çox işləyib az qazanan insanlar toplayıb yayırlar. Məhz bayram günlərində informasiya kasadlığı yarananda jurnalistlərin necə əhəmiyyətli iş gördükləri məlum olur. Amma həmin jurnalistlər informasiya verməli olan qurumlardan ən adi məlumatı belə ala bilmirlər.

Əlbəttə, Milli Təhlükəsizlik Nazirliyi və şöbələri informasiya verməyə bilər, çünki bu qapalı bir qurumdur, amma buna baxmayaraq, bu nazirliyin mətbuat xidməti yayılması mümkün olan informasiyanı KİV-lər arasında fərq qoymadan açıqlayır, ya da ən azından “bu barədə bizdə məlumat yoxdur” deyir. Eyni sözlər Müdafiə Nazirliyinə də aiddir.

Amma jurnalisti elə idarələr incidir ki, o məsələn hansısa şəhərdə neçə zibil qutusu olduğunu deməlidir. İndi bu zibil yeşiyinə baxan adama “informasiya ver” desən özünü elə aparacaq ki, elə bil alçaq dağları bu yaradıb. Halbuki şəhərdə neçə zibil qutusunun olduğu açıqlansa, bu dövlətin təhlükəsizliyinə heç bir ziyan gətirməz. Deməli, bəzi idarələr əslində verməli olduğu informasiyanı vermirsə, bu, özbaşınalığın və yekəbaşlığın nəticəsidir ki, bu problemdən bu gün bütün jurnalistlər əziyyət çəkir. Məsələn, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hətta iş müddəti bitəndən sonra da jurnalistlərin suallarına nəzakətlə cavab verirsə, hansısa rayon və şəhər polis idarəsində akkreditasiyadan keçən jurnalist informasiya almaq istəyəndə “biz informasiyanı APA-ya veririk” deyirlər.

Hətta Prezident özü mətbuata açıq bir insandırsa, Daxili İşlər naziri jurnalistlərin suallarına cavab verə bilirsə, bəs niyə görəsən hansısa polis idarəsi adi oğurluq hadisəsi haqqında məlumat vermək istəmir? Və ya adı olub özü olmayan bəzi nazirliklərin, komitələrin mətbuat xidmətləri görəsən hansı deşiklərdə gizləniblər ki, jurnalistlər onları tapmaqda, sual verib cavab almaqda çətinlik çəkirlər? Görəsən nə vaxta qədər balaca adamlar özlərini böyük tutacaq, xülyalarla yaşayacaqlar? Jurnalistin adamyeyən olmadığını ortada yeyib qıraqda gəzən məmurcuqlar dərk edəcəklərmi? Bəlkə jurnalistlər də bəzi məmurları tez-tez görmək, informasiya almaq hüquqlarını reallaşdırmaq, ondan istifadə etmək üçün mahnı oxumağa, rəqs etməyə başlasınlar, hə? O zaman yəqin həmin jurnalistdən qorxan məmurlar jurnalistlərdən qaçmazlar, jurnalistlər də bahalı maşınlarda gəzib, villalarda ömür sürərlər, daha kirayədə qalmaz, “görəsən bu ay ev pulunu ödəyə biləcəyəmmi” kimi fikirlərin içində çabalamazlar. Hələ ki, informasiya yükünü çiynində daşıyan jurnalistlər ordusu ehtiyac içindədir, amma ən böyük ehtiyacı da elə informasiyayadır. Ona görə də Ümumdünya İnformasiya gününün bizə təəsüf ki, dəxli yoxdur.

Çox təəssüf.

Xanlar Xoca http://news.qaynar.info/33236.html

http://7gun.az/index.php?newsid=710