Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Bu gün Ümumdünya İnformasiya Günüdür. İndi kimsə deyəcək ki, “hə, nə olsun”. Amma nəzərə alsaq ki, informasiyaya olan tələbat bu gün cəmiyyətdə çörəyə olan tələbat qədər güclüdür, onda bu sualın cavabı da hər kəsə aydın olar.

Azərbaycanda da vətəndaşların informasiya alması üçün qanunlar qəbul edilib, amma bu qanunlar əksər hallarda güc qarşısında susan aciz uşağı xatırladır. Min oyundan çıxan məmur özbaşınalığı qarşısında qanun gücsüz görünür. Elə gülməşəkər məmurlar var ki, özlərini mətbuata qapalı elan edir və az qala padşah kimi aparırlar. Ola bilsin ki, kiminsə ürəyində padşahlıq iddiası ola bilər, amma zaman-zaman bu iddialarla yaşayan insanların aqibəti də məlumdur.

Jurnalistə konkret "rədd ol" deyənlər sonradan onun köməyinə ehtiyac duyur. Çünki cəmiyyətə lazım olan informasiyaları məhz jurnalistlər- Misir ehramlarını tikən qullar kimi bütün günü o yan - bu yana qaçan, çox işləyib az qazanan insanlar toplayıb yayırlar. Məhz bayram günlərində informasiya kasadlığı yarananda jurnalistlərin necə əhəmiyyətli iş gördükləri məlum olur. Amma həmin jurnalistlər informasiya verməli olan qurumlardan ən adi məlumatı belə ala bilmirlər.

Əlbəttə, Milli Təhlükəsizlik Nazirliyi və şöbələri informasiya verməyə bilər, çünki bu qapalı bir qurumdur, amma buna baxmayaraq, bu nazirliyin mətbuat xidməti yayılması mümkün olan informasiyanı KİV-lər arasında fərq qoymadan açıqlayır, ya da ən azından “bu barədə bizdə məlumat yoxdur” deyir. Eyni sözlər Müdafiə Nazirliyinə də aiddir.

Amma jurnalisti elə idarələr incidir ki, o məsələn hansısa şəhərdə neçə zibil qutusu olduğunu deməlidir. İndi bu zibil yeşiyinə baxan adama “informasiya ver” desən özünü elə aparacaq ki, elə bil alçaq dağları bu yaradıb. Halbuki şəhərdə neçə zibil qutusunun olduğu açıqlansa, bu dövlətin təhlükəsizliyinə heç bir ziyan gətirməz. Deməli, bəzi idarələr əslində verməli olduğu informasiyanı vermirsə, bu, özbaşınalığın və yekəbaşlığın nəticəsidir ki, bu problemdən bu gün bütün jurnalistlər əziyyət çəkir. Məsələn, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hətta iş müddəti bitəndən sonra da jurnalistlərin suallarına nəzakətlə cavab verirsə, hansısa rayon və şəhər polis idarəsində akkreditasiyadan keçən jurnalist informasiya almaq istəyəndə “biz informasiyanı APA-ya veririk” deyirlər.

Hətta Prezident özü mətbuata açıq bir insandırsa, Daxili İşlər naziri jurnalistlərin suallarına cavab verə bilirsə, bəs niyə görəsən hansısa polis idarəsi adi oğurluq hadisəsi haqqında məlumat vermək istəmir? Və ya adı olub özü olmayan bəzi nazirliklərin, komitələrin mətbuat xidmətləri görəsən hansı deşiklərdə gizləniblər ki, jurnalistlər onları tapmaqda, sual verib cavab almaqda çətinlik çəkirlər? Görəsən nə vaxta qədər balaca adamlar özlərini böyük tutacaq, xülyalarla yaşayacaqlar? Jurnalistin adamyeyən olmadığını ortada yeyib qıraqda gəzən məmurcuqlar dərk edəcəklərmi? Bəlkə jurnalistlər də bəzi məmurları tez-tez görmək, informasiya almaq hüquqlarını reallaşdırmaq, ondan istifadə etmək üçün mahnı oxumağa, rəqs etməyə başlasınlar, hə? O zaman yəqin həmin jurnalistdən qorxan məmurlar jurnalistlərdən qaçmazlar, jurnalistlər də bahalı maşınlarda gəzib, villalarda ömür sürərlər, daha kirayədə qalmaz, “görəsən bu ay ev pulunu ödəyə biləcəyəmmi” kimi fikirlərin içində çabalamazlar. Hələ ki, informasiya yükünü çiynində daşıyan jurnalistlər ordusu ehtiyac içindədir, amma ən böyük ehtiyacı da elə informasiyayadır. Ona görə də Ümumdünya İnformasiya gününün bizə təəsüf ki, dəxli yoxdur.

Çox təəssüf.

Xanlar Xoca http://news.qaynar.info/33236.html

http://7gun.az/index.php?newsid=710

Comments: (0)

Uzun illər ABŞ-ı bizə demokratiyanın beşiyi kimi nişan veriblər, dünyada insan azadlıqlarının əsas təminatçısı rolunda məhz bu ölkənin çıxış etdiyi, bu dövlət olmasa dünya xalqlarının bir-birini məhv edəcəyi barədə fikirlər aşılamağa çalışıblar. Amma göz önündə olan budur ki, bu dövlət yalnız öz maraqlarını güdür. 11 Sentyabr terroru Əfqanıstanın, İraqın bombalanmasına səbəb oldu, Bin Laden çoxdan öldürülsə də hələ də onun uydurulmuş mifi ətrafında spekulyativ əməliyyatlar həyata keçirilir və ABŞ-ın nəzarətində olan Əfqanıstan bu gün dünyanı “ağ ölüm”lə təhdid edir. Serbiyanın ərazi bütövlüyünü pozub qondarma “Kosovo dövləti” quran ABŞ Azərbaycanın Qarabağ problemini qulaqardına vurur, tərəflərin öz aralarında razılığa gəlməsinin vacibliyini bildirir. Bəs onda niyə imkan yaradılmadı ki, Serbiya ilə Kosovo öz arasında razılığa gəlsin? Bəs niyə Türkiyənin Ermənistanla sərhəddlərinin bağlı qalması ABŞ-ı bu qədər narahat edir? Niyə imkan vermir ki, tərəflər öz aralarında razılığa gəlsin? Buna nə ad vermək olar bilmirəm, amma tək onu bilirəm ki, burda standartın sayı ikidən çoxdur. ABŞ bu gün özünü dünyaya və Azərbaycana demokratiya carçısı kimi göstərməyə çalışır, amma bu cür nağıllara indi heç buşmenləri, Afrika cəngəlliklərində hələ də ibtidai icma quruluşunda yaşayanları da inandırmaq mümkün deyil. ABŞ-ın demokratiyası İraqda, Əfqanıstanda ilişib qalıb, Kosovoda özünü xilaskar kimi qələmə verib separatizmi dəstəkləyən ABŞ Qarabağ probleminin həllində guya çıxış yolu tapa bilmir, halbuki Köçəryan və Sərkisyanın Xocalıda törətdiyi soyqırım Miloşeviç və Karaçiçin Kosovoda, Bosniyada törətdiyi soyqırımdan öz miqyasına və dəhşətinə görə heç nə ilə fərqlənmir. Bu gün Qarabağlı gənc məcburi köçkün həyatı yaşayır, amma ermənilər onun torpağında narkotik maddələr hazırlanması üçün plantasiyalar salırlar. Budur demokratiya carçısı olanların ədaləti? İşğala göz yummaq demokratiyanın hansı prinsipinə əsaslanır? BMT əgər öz qətnamələrini icra edə bilmirsə, onda o mavi dəbilqəli əsgərlər kimə lazımdır, onların saxlanması üçün ayrılan vəsaiti dünyada aclıqdan əziyyət çəkən ölkələrdəki yoxsullara sərf etmək, yoxsul uşaqların təhsil xərclərinə yönəltmək daha ədalətli, insaflı olmazdımı?! Maraqlıdır, görəsən ABŞ-dakı ermənilər də muxtariyyət tələb etsəydilər rəsmi Vaşinqton, Avropa “problem yalnız və yalnız sülh yolu ilə həll olunmalıdır” deyəcəkdimi?
Şübhəsiz ki, o zaman başqa hava çalınacaq, dərhal bir antiterror koalisiyası qurular, gecə ilə hücum əməliyyatları başlayar, sonuncu erməni silahı yerə qoyana qədər atəş, bomba səsləri kəsilməyəcəkdi. Elə isə Azərbaycanın qarşısını da kimsə kəsə bilməz və kəsməməlidir. Azərbaycan xalqı da öz torpaqlarını azad etmək üçün nəhayət hərb yoluna üstünlük verməlidir. Bir halda ki, danışıqlar istədiyimiz nəticəni vermir, onda vaxt itirmək nəyə lazımdır? Bu Qarabağ düyününü “Qordi düyünü” kimi birdəfəlik həll etməyin vaxtı çatıb artıq. Beynəlxalq təşkilatlara inanmaq lazım deyil. Beynəlxalq təşkilatlar Azərbaycanı aldatmaq yolunu tutublar. Qarabağ problemi həll olunandan sonra Azərbaycan demokratiyanı hansısa təşkilatın üzvü olmadan da qura bilər. Yaponiya, İsrail Avropa Şurasının, ATƏT-in üzvü olmasa da həmin dövlətlərdə əhalinin yaşayış səviyyəsi, demokratiyanın vəziyyəti dünyaya demokratiya dərsi keçmək istəyən hər hansı başqa ölkədəkindən pis deyil. Deməli hər hansı beynəlxalq təşkilat və ya dövlət demokratiya ixrac edə bilməz və etsə belə bu demokratiya alma ağacındakı armuda bənzəyər. Bizə belə demokratiya lazım deyil. Bizə Qarabağ lazımdır. Ona görə də siyasi partiyaların fəaliyyəti dondurulmalı, mətbuat azadlığı məhdudlaşdırılmalı, hər an müharibəyə hazır olmalıyıq. Torpaqlarımızı işğaldan azad edəndən sonra demokratiyanı qurmaq öz işimizdir, bizə yuxarıdan aşağı baxmağa kimsəyə icazə vermək olmaz. Azərbaycan bir imperiyanın əsarətindən ona görə azad olmayıb ki, başqa bir imperiyanın asılılığına düşsün, onun dekretlərini sözsüz yerinə yetirsin. Əgər hansısa dövlət və ya onun başçısı daha ağıllı, daha demokrat olduğunu, insan azadlıqlarına daha çox dəyər verdiyini sübut etmək istəyirsə onda qoy Qarabağın işğaldan azad olunmasına kömək etsin. Çünki Qarabağsız demokratiya yetim uşaq kimidir. Yetimə isə çörək verən olmaz.


Azərbaycan xalqı böyük həvəslə dekabrın 23-nü gözləyir. Çünki məhz həmin gün xalq məntəqələrə- sandıq başına gedəcək və səs verib öz layiq bildiyi şəxsi bələdiyyə üzvü seçəcək.

Layiq sözü ləyaqət sözündəndir. Ona görə bələdiyyələrə də layaqəti olanları layiq bilib seçmək lazımdır. Əks halda bələdiyyələr ya icra hakimiyyətinin əlavəsinə çevriləcək, ya da torpaq satan bir quruma. Amma seçkini keçirməmək də olardı. Çünki müharibə şəraitində yaşayırıq, bələdiyyələrdə isə xalqımızın ən ləyaqətli oğulları toplaşıb. Ona görə də mən təklif edirəm ki, elə bu bələdiyyələrin tərkibi Qarabağ və ətraf rayonlar azad edilənə qədər olduğu kimi saxlansın, seçki isə sadəcə hansısa vəfat etmiş və ya həbs edilmiş bələdiyyə üzvlərinin boş qalmış yerlərinə keçirilsin.

İndiki böhran şəraitində axı nə mənası var ki, durub külli miqdarda vəsaiti seçkiyə həsr edək. Həmin pulu elə imkansız ailələrə sosial yardım ayrılmasına da yönəltmək olardı. İndi bəziləri deyəcək ki, “sosial yardım rüşvətlə verilir, elə olmasa sosial yardım alanların siyahısı təqdim olunardı”. Bu təbii ki, aranı qatmaq istəyənlərin fikri ola bilər. Sosial yardım alanların siyahısını açmaq olmaz, qardaşım. Bu dövlət sirridir, əgər sən bilsən ki, qonşuluqda yaşayan, qapısında qoşa-qoşa “inomarka” dayanan şəxs də sosial yardım alır, onda həmin qonşu xəcalət çəkə bilər, bu isə onun insan hüquq və azadlıqlarını pozmaq deməkdir. Olmaz axı kiminsə haqqını tapdalamaq.

Mən özüm çox görmüşəm ki, bığıburma, enlikürək birisi X5-den düşüb əlində məcburi köçkünlərə verilən “çörək pulu” kartı necə utana-uana bankomata yaxınlaşıb pul alır. Belə vaxtı camaat da o adamın və ona kart verənin yerinə xəcalət çəkir, hamı üzünü çevirir ki, adam özünü sərbəst hiss eləsin, sıxılmasın o pula həqiqətən də ehtiyacı olanların arasında. Axı bu insana xəcalət vermək nəyə lazımdır. Belə insanların kimliyi sirr qalmalıdır. İndi sosial yardım alanların siyahısı da açıqlansa daha bunun harası sirr saxlamaq oldu?! Sirr elə bir şeydir ki, onu kimsəsiz adada öz-özünə də deyə bilməzsən. Çünki ətrafda kimsə yoxdursa əsən yellər var, xəbəri elə yerlərə apararlar ki, heç ağlına da gəlməz. Belə şəraitdə sirr vermək olar? Təbii ki, olmaz. Bacarana can qurban.

İnsan paxıl olmaz. Qonşun yolunu bilir, sosial yardım, yaxud əlillik dərəcəsi düzəldib pensiya alır, sən də yolunu bilmirsən get yol bilənə de sənə də düzəltsin. Daha hay-küy salmaq nəyə lazımdır axı? Çörəyə bais olmaq heç düzgün hərəkət deyil. Nəyi pisdir, “upravdom”dan tutmuş nazirə qədər hamı öz yerində qalsın, kəndlinin balası elə yer əkməklə, fəhləninki də elə qul bazarında günəmuzd iş axtarmaqla məşğul olsun?! Milli Məclisə seçkilər də müharibə bitənə qədər təxirə salınsın bitsin bu iş.

Böyük Britaniyada lordlar ömürlük seçilir, məgər demokratiya azalır? Xeyr. Milli Məclis üzvlüyü də ömürlük olsa, hətta millət vəkilliyi irsən keçsə həm büdcəyə qənaət etmiş olarıq, həm də vaxtımıza. Düzdür bəziləri elə bilir millət vəkili olmaq asan işdir, elə bütün günü oturub düymə basırsan, amma elə deyil. Yolla keçən biri Milli Məclisə düşsə qeyri-müəyyən situasiyada özünü itirə bilər, bilməyəcək məsələnin, yaxud layihənin lehinə danışsın, yoxsa əleyhinə, yəni əndrabadi bir vəziyyət. Belə situasiyadan baş çıxarmaq hər oğulun işi deyil. Bir də ki, əgər Milli Məclisə seçkilər təxirə salınsa televiziyalar da şou verilişlərin vaxtından kəsib seçki təbliğatına ayirmazlar. Xalqa şərait yaratmaq lazımdır. Qoy xalq kef eləsin, desin, gülsün, əylənsin. Ləyaqətli oğulları olan xalqa ancaq gülmək yaraşır.

Xanlar Xoca http://news.qaynar.info/32907.html

http://7gun.az/index.php?newsid=573

Comments: (0)

SEN GELDIN OMRUME SESSIZ,XEBERSIZ...
BAGLADIM QELBIMI SENIN UZUNE...
SOYLEDIN YASHAYA BILMEREM SENSIZ,
MENSE USHAQ KIMI INANDIM SENE...
BES INDI NE OLDU UZ CEVIRIRSEN?
ARTIQ GOZLERINDE YOXDUR MEHEBBET...
MEN KI,SEVMEMISHDIM SENI,BILIRSEN,
SEN OYRETDIN MENE OZUNU ELBET...
DEMEK,SEVGI HECMISH SENIN GOZENDE,
"S E V I R E M" DEYEREK ALDATDIN MENI...
DURMADIN SEVEN TEK SEN OZ SOZUNDE,
BOSH YALANLAR UCUN SATDIN SEVGINI...
INAN,INDI COX DUSHMUSEN GOZUMDEN..
SENE GORE HEC KIME GUVENMIREM...
HETTA OZUM DE KUSMUSHEM OZUMDEN...
QORXURAM...YENIDEN SEVE BILMIREM..
SENE INSAN KIMI YAZIGIM GELIR,
SOZUNUN SAHIBI OLA BILMEDIN....
BIR TEK BU ISTEYI ALLAHIM BILIR,
ESHIDIM: SEN SEVDIN, HEC SEVILMEDIN....

Turanə Ələkbərzadə

Comments: (0)

Azərbaycandan bəxtəvər ölkə yoxdur və ola bilməz. Çünki Bagira kimi dünya ulduzu azərbaycanlıdır və hər yerdə Azərbaycanı təmsil edir. İndi də gedib Türkiyəyə. “Qız” orda vətəni təmsil edir, bədxahlar da burda başlayıblar qara piara ki, guya orda donuz qripinə yoluxub. Qızğın iş rejimindən macal tapa bilməyən Bagira, mətbuat xidmətinin rəhbəri Mikayıl Hüseynov vasitəsilə Lent.az-a verdiyi açıqlamasında donuz qripinə yoluxmaq təhlükəsindən ehtiyat etdiyi üçün seks-partilərdən çəkindiyini bildirib. Bu “sex party” ifadəsini necə başa düşmək hərənin öz işidir, amma əsas odur ki, M.Hüseynovun dediyinə görə, “bilirsiniz ki, Azərbaycan səhnəsində Bagira təkrarsızdır, öz sferasında təkdir.” Bu fikirlə razılaşmamaq olmaz. Adam əziyyət çəkib özünə imic yaradıb. İndi gərək xalq ona dəstək olsun, axı Bagira orda “öz ölkəsini təmsil edir”.

Bu ölkədə hörmət sahibi olmaq üçün gərək Bagira olasan. Burda həkimin, müəllimin, alimin, jurnalistin hörməti olmaz, hörmət də, söz azadlığı da onlara məxsusdur. Bir məclisə Lütfi Zadə kimi alim girsə kimsə yerindən belə qalxmaz, amma Bagira, Xatirə, yaxud o tip bir başqası girsə bütün məclis ayaq üstə çəpik çalar. Demək ki, bizə elm, ziya lazım deyil, bizə Bagira və başqa bu kimi insanlar lazımdır. Bizə azad söz yox, çılpaq müğənnilər lazımdır ki, dünyada tanınaq.

Söz azadlığı yaxşı şeydir, amma baxır kimin dilində. Qoy sözü azad şəkildə lüt-üryan, “bakirə” müğənnilər desin. Çünki məhz onların sayəsində bütün günü işləyib yorulan məmurlar dinclik tapırlar. Fəhlə ac da qala bilər, susuz da. Əsas odur ki, məmur və onun rəqqasə müğənniləri şad xürrəm ömür sürsünlər. Bu ölkədə qəzet, sayt bağlana bilər, jurnalist həbs oluna bilər, amma bir bar bağlansa, bir lüt müğənni istintaqa çağırılsa elə adamlar zəng vurub hədə qorxu gələ bilər ki, xəttin o başındakı adam pampers axtarar, necə ki, indi camaat Bakıda gündüz çıraqla “donuz qripi”ndən qorunmaq üçün maska axtarır, tapa bilmir. Donuz qripi demişkən, arada belə şeylərin olması bizim nəyə necə hazır olduğumuzu göstərir. Qar yağır, adamlar bir yana, avtomobillər də yolda iməkləyir, böhran baş verir, dünyada qiymətlər düşəndə bizdə qiymətlər kəllə çarxa qalxır, qrip yayılır, hər yerdə maskanı pulsuz, hətta məcburi şəkildə paylayanda bizdə onun qiymətini tələbatın səviyyəsinə uyğun olaraq artırırlar, apteki olmayanlar da “kaş mənim də aptekim olaydı” deyə yanıb yaxılır, daha demir ki, “mənim aptekim olsa maskanı pulsuz paylayardım”. Sonra da bəziləri durub Qərbi ittiham edir ki, “niyə Amerikada və digər ölkələrdə bu xəstəlikdən ölən olmadı”. İnkişaf etmiş ölkələrdə, avtobuslar, metro, təyyarə və s. kompaniya xətrinə dezinfeksiya edilmir, bizdə epidemiya təhlükəsi yarananda görülən tədbirlər həmin dövlətlərdə adi gündəlik bir prosesdir. Ona görə də “donuz qripi”ni də hansısa olmayan mafiyaya bağlamaq cəhdləri əfsanədən başqa bir şey deyil. Bir də heç kim narahat olmasın. “Donuz qripi” Azərbaycanda epidemiya halını almayacaq. Çünki bizim xalq dözümlü xalqdır, immuniteti güclüdür. Böhran, qrip və s. bu kimi şeylər bizə vız gəlir. Əsas olan da elə budur.

Xanlar Xoca http://news.qaynar.info/32821.html

http://7gun.az/xanlar/529-bagiran305n-v601t601ni.html

Comments: (0)

Cəmiyyət də bazar kimidir, nə çoxalırsa qiyməti düşür. Bir vaxtlar mahnı oxuyan az idi, ona görə də müğənnilərə hər yerdə hörmət var idi, qəzetlər az idi, ona görə də qəzetin, jurnalistin hörməti var idi, müəllim az idi, müəllimə hamı fövqəladə bir insan kimi baxırdı. Bir vaxtlar hüquqşünas da az idi. Ona görə də hüquqpozmalar az, hüquqşünasların hörməti isə çox idi.

Müstəqilliyin ilk illərində hətta zirzəmilərdə də universitetlərin açılmasının və prestijli fakültələrə qəbulun aparılmasının nəticəsi olaraq hüquqşünasların da sayı sürətlə artmağa başladı və kəmiyyət keyfiyyətə təsir elədi. İndi ölkədə hüquqşünas diplomu olan çox, savadı olan hüquqşünas çox azdır. Bir hüquqşünas üçün əsl təcrübə meydanı təbii ki, məhkəmə salonudur, məhz məhkəmədə vəkil kimi iştirak etmək peşəkar hüquqşünas kimi formalaşmaqda müstəsna rola malikdir. Amma bizim indiki vəkillərin də bir çoxu məhkəməyə ciddi bir proses kimi deyil, bəzi müğənnilər toya baxdığı kimi baxır. Yəni bir müğənni necə ki, toya dəvət alanda diskini götürüb gedir bir gündə 5 dənə toy yola verir, indi bəzi vəkillər də məhkəməyə bu cür yanaşır. Gözləyirlər, nə vaxt hansısa yüksək çinli məmur həbs olunsa, dərhal elçilərini göndərirlər ki, “biz ona vəkillik edə bilərik, təki hə desin”.

Halbuki dünənə qədər onun əlindən qan ağlayırdılar, korrupsioner olduğunu deyirdilər, nə bilim villalarını sayırdılar. Həmin məmurun günahkar olduğunu bilə-bilə onun müdafiəsinə qoşulur, illər uzunu haram yolla yığdığı pullardan alıb həm günahına şərik olur, həm də populyarlıq qazanırlar. Sonda isə müdafiə etdikləri şəxsə ancaq bu cür təskinlik verirlər: “Əlimdən gələni elədim, amma bu siyasi qərardır.” Beləsinə deyən yoxdur ki, ay avara, bilirdin ki, siyasi qərardır, onda niyə ortalıqda fırlanırdın? Bəs pul alanda niyə demirdin ki, bu siyasi qərardır, heç məhkəməyə getməyə ehtiyac yoxdur?

“Azadlıq” qəzetinin əməkdaşı Arzu Abdulla adi bir jurnalist xanımdır, baxmayaraq ki, onun siyasi mövzuda, Azərbaycanın daxili və xarici siyasətinə həsr olunmuş heç bir yazısındakı fikirləri bölüşmürəm, mövqeyi ilə razılaşmıram, amma bu xanım təmsil olunduğu düşərgədəki bir çox mövsümi müxalifətçidən daha qeyrətli və əqidəlidir. Amma indi bu xanım məhz haqqının tapdandığını əsas gətirərək “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb və vəkilsiz qalıb. Bəs hanı bizim vəkillər? Harda qalmısınız ey müdafiə edib populyarlaşmaq məqsədilə nazir, idarə rəisi, polkovnik, prokuror, polis rəisi axtaran vəkillər? Səsiniz niyə gəlmir? Axı Arzu hökumətdən şikayətçi olsaydı, onu müdafiə etmək üçün basabas salacaqdınız, itələşəcəkdiniz, hələ bəzi hüquq müdafiəçiləri “yol verin Avropanın, Amerikanın adamları gəlib” deyəcəkdi, bəs indi nə oldu?

Arzu Arif Əliyevi məhkəməyə verdi, elə bil qurbağa gölünə daş atdılar. Yazın da Arzunun adını, bir hesabat hazırlayın göndərin Avropaya ki, burada jurnalist təşkilatı tərəfindən haqqının pozulduğunu iddia edib vəkilsiz qalan jurnalist var.

Yoxsa bu işdə pul iyi gəlmir ona görə hamı lal olub? Bəs axı obyektivlik, ədalətlilik harda qaldı? Axı Siz vəkillər məhkəmədə məhz ədalətli mühakimə olunmaq hüququnun pozulmasından şikayətçisiniz. Bəs özünüzün ədalətli müdafiə etmək hissiniz varmı?

Siz ədalət hissinizi dostluğa qurban verirsinizsə, hansı vicdanla ədalətdən danışa bilərsiniz, kimisə haqsızlıqda, ədalətli mühakimə etməməkdə, sifarişli qərar çıxarmaqda ittiham edə bilərsiniz? Axı Sizin bəziləriniz hələ də sifarişlə işləyir, “dostun xətri xoş olsun, ədalət incisə də olar” prinsipi ilə prosesə çıxır. Mən də Azərbaycanda bəzi məhkəmələrin heç də həmişə ədalətli qərar çıxarmadığını gözəl bilirəm. Amma bunun da günahı məhkəmələrdən, hakimlərdən çox özünü dəllal kimi aparan bəzi vəkillərdə və vəkilliyi dostluğa qurban verənlərdədir. Satmaq, qurban vermək istəyirsinizsə başqa şeylər seçin, ədalət hissinizi güzəştə getməyin, əgər o hələ də qalıbsa...

Xanlar Xoca http://news.qaynar.info/32601.html

Comments: (0)

Həyatda hər cür insana rast gəlmək olur, qorxağa, cəsura, mərdə, namərdə, vəfadara, xainə və s. Cəsur insanlar heç vaxt özlərini öymür, lovğalanmır, cəsarət nümayiş etdirmək üçün məqam gözləyirlər və həmin məqam yetişəndə onların cəsurluğunu hamı görür. Buna misal olaraq mən Babəki, Koroğlunu deyil, elə ən yaxın dövrdən Neft Akademiyasındakı qanlı hadisə zamanı canını fəda etmiş Savalan Cabbarovu misal göstərə bilərəm. Məhz həmin məqamda Savalanın necə cəsur bir insan olduğu hamıya aydın oldu.

Sədaqət və xəyanət anlayışı da belədir. Əsl sədaqətli insanlar heç vaxt məddahlıq, boşboğazlıq etmirlər, lazım olanda tənqid etməyi də bacarırlar. Amma üzdə sədaqətli olub, bir ayağını qaçaraq qoyub, hər an xəyanət etməyə hazır olan cılız insanlar daim dünya nemətlərini əldə etmək üçün ən müqəddəs hisslərini və yaxınlarını belə qurban verməyə, güzəştə getməyə hazırdırlar. Belələri üçün heç bir müqəddəs hissdən danışmağına dəyməz.

Danışanda böyük ideyalardan, ideallardan danışarlar, ağızları köpüklənə-köpüklənə kimisə ittiham, kimisə mədh edərlər, amma arxası dönən kimi sifətlərindəki saxta təbəssüm də dillərindəki sabunlu, pafoslu mədhiyyə kimi əriyib gedər. Belə insanlar hər yerdə var, siyasətdə də, mədəniyyətdə də, dostluqda da, bir sözlə cəmiyyətin bütün sahələrində, bütün qatlarında. Amma bu gün siyasətdə daha çoxdur. Kimin ki, bəsirət gözü açıqdır bu cür üzdə sədaqətli olub, amma ilk fürsətdəcə hər kəsi şəxsi mənafeyi naminə satmağa hazır olan adamları yaxşı görür, sadəcə yola verir, bilir ki, belələri çox təhlükəlidir, onun xəyanəti nə qədər ağırdırsa, kini də bir o qədər çoxdur. Ona görə də sadəcə belə adamların zamanını gözləmək lazım gəlir ki, vədə yetişəndə layiq olduğu “mükafat”ı alsın. Çünki onlar həmişə mükafat arzusunda olar, onun xəyalı ilə yaşayarlar.

Belələrinin mükafatı şübhəsiz ki qiyamət günü cəhənnəm olar, amma bu dünyada da “mükafat”sız qalmazlar. Bəs belələrini necə tanımalı?

Asan bir yolu var. Belələri həmişə “Papadan artıq katolik olmaq” eşqinə düşər, ya ifrat iqtidarpərəst, ya ifrat müxalifətçi, ya da ifrat, radikal dindar olarlar. Belə insanlar üçün “qızıl orta” anlayışı olmur.

Amma məhz belələri vəzifədən qovularsa müxalifətə keçir və bir vaxtlar verdikləri bəyanatları tez də unudurlar. Buna Əli İnsanov kimi parlaq misal var ortada. Müxalifətdə, jurnalistikada, QHT sektorunda, kimlərin yal yediyini, bir əlinin kimin cibində olduğunu da hamı bilir. Onlar hamıdan daha radikal görünməyə çalışır, özlərinin daha aktiv, daha ciddi, daha dönməz müxalifətçi və ya ictimaiyyətçi, yaxud daha barışmaz jurnalist, daha əqidəli müsəlman, öz sözləri ilə desək islamçı olduqlarını sanki hər an gözümüzə soxmağa çalışırlar, hamıdan bərk qışqırırlar.

Kaş onların arxa planda kim olduqlarını da göstərən bir sehrli güzgü olaydı. Onda kimin kim olduğunu xalq da görərdi, onlara ehkam kimi baxanlar da.

Bir də görürsən ki, gecə-gündüz aclıqdan, ölkədə vəziyyətin dözülməz həddə çatdığından, nə bilim səfalətdən, iqtisadi siyasətin iflasa uğramasından, biznes mühitinin olmamasından, qəzetinə reklam verilməməsindən ağızdolusu danışan biri son model xarici markalı avtomobil, şəhərin mərkəzində yeni tikilən göydələnlərdə ev alır. Belə adamların kimliyinə bələd olmaq üçün bələdçi lazım deyil, özləri elə kifayətdirlər. Halbuki belə adamlar daim kimlərisə tənqid və ittiham obyektinə çevirməyi sevirlər.

Özlərinin liderə daha sədaqətli, daha vəfalı olduqlarını hansı yolla olursa olsun sübut etməyə çalışırlar. Ancaq ilk xəyanəti edən də, gəmini ilk tərk edən də onlar olurlar. Buna misal olaraq İsa Peyğəmbərin həyatında olmuş bir hadisəni qeyd edim.

İsa Peyğəmbər şagirdlərilə vidalaşarkən “sabah hamınız məni tərk edəcəksiniz” deyir. Onun şagirdlərindən olan Peter “Hamı Səni tərk etsə də mən tərk etməyəcəm, qoy məni də öldürsünlər, həbs etsinlər, amma Səni tərk etməyəcəm” söyləyəndə İsa Məsih cavab verir: “Səhər xoruz banlamamış sən məni üç dəfə inkar edəcəksən”.

Səhər İsa Məsihi sorğu sual etmək üçün aparırlar, şagirdlər isə çöldə gözləyir. Bu zaman bir qulluqçu Peteri görüb yaxınlaşır və “sən də İsanın şagirdlərindənsən” deyir, Peter isə inkar edərək “Mən heç bir İsa tanımıram” cavabını verir. Bir az keçəndən sonra eyni vəziyyət başqa bir qulluqçu ilə baş verir və Peter yenə inkar edir və durub həyətdən çıxmaq istəyəndə başqa biri onu görür və “Sən Peter deyilsən, İsanın tərəfdarı?” deyir. Peter israrla ”Mən İsanı tanımıram, tanımaq istəmirəm” deyir və qaçıb həyətdən çıxanda xoruz banlayır və onun yadına İsa Peyğəmbərin sözləri düşəndə hönkür-hönkür ağlamağa başlayır.

Bu gün bizim cəmiyyətdə də Peterlər çoxdur, amma təəssüf ki, bizim peterlər ağlaya biləcək qədər də olsa vicdan sahibi deyillər. Sadəcə satırlar və heç nə olmamış kimi sırtıqcasına yeni komfort həyat yaşamağa başlayırlar. Və beləcə proses davam edir…

Xanlar Xoca http://news.qaynar.info/32453.html