Həyatda hər cür insana rast gəlmək olur, qorxağa, cəsura, mərdə, namərdə, vəfadara, xainə və s. Cəsur insanlar heç vaxt özlərini öymür, lovğalanmır, cəsarət nümayiş etdirmək üçün məqam gözləyirlər və həmin məqam yetişəndə onların cəsurluğunu hamı görür. Buna misal olaraq mən Babəki, Koroğlunu deyil, elə ən yaxın dövrdən Neft Akademiyasındakı qanlı hadisə zamanı canını fəda etmiş Savalan Cabbarovu misal göstərə bilərəm. Məhz həmin məqamda Savalanın necə cəsur bir insan olduğu hamıya aydın oldu.
Sədaqət və xəyanət anlayışı da belədir. Əsl sədaqətli insanlar heç vaxt məddahlıq, boşboğazlıq etmirlər, lazım olanda tənqid etməyi də bacarırlar. Amma üzdə sədaqətli olub, bir ayağını qaçaraq qoyub, hər an xəyanət etməyə hazır olan cılız insanlar daim dünya nemətlərini əldə etmək üçün ən müqəddəs hisslərini və yaxınlarını belə qurban verməyə, güzəştə getməyə hazırdırlar. Belələri üçün heç bir müqəddəs hissdən danışmağına dəyməz.
Danışanda böyük ideyalardan, ideallardan danışarlar, ağızları köpüklənə-köpüklənə kimisə ittiham, kimisə mədh edərlər, amma arxası dönən kimi sifətlərindəki saxta təbəssüm də dillərindəki sabunlu, pafoslu mədhiyyə kimi əriyib gedər. Belə insanlar hər yerdə var, siyasətdə də, mədəniyyətdə də, dostluqda da, bir sözlə cəmiyyətin bütün sahələrində, bütün qatlarında. Amma bu gün siyasətdə daha çoxdur. Kimin ki, bəsirət gözü açıqdır bu cür üzdə sədaqətli olub, amma ilk fürsətdəcə hər kəsi şəxsi mənafeyi naminə satmağa hazır olan adamları yaxşı görür, sadəcə yola verir, bilir ki, belələri çox təhlükəlidir, onun xəyanəti nə qədər ağırdırsa, kini də bir o qədər çoxdur. Ona görə də sadəcə belə adamların zamanını gözləmək lazım gəlir ki, vədə yetişəndə layiq olduğu “mükafat”ı alsın. Çünki onlar həmişə mükafat arzusunda olar, onun xəyalı ilə yaşayarlar.
Belələrinin mükafatı şübhəsiz ki qiyamət günü cəhənnəm olar, amma bu dünyada da “mükafat”sız qalmazlar. Bəs belələrini necə tanımalı?
Asan bir yolu var. Belələri həmişə “Papadan artıq katolik olmaq” eşqinə düşər, ya ifrat iqtidarpərəst, ya ifrat müxalifətçi, ya da ifrat, radikal dindar olarlar. Belə insanlar üçün “qızıl orta” anlayışı olmur.
Amma məhz belələri vəzifədən qovularsa müxalifətə keçir və bir vaxtlar verdikləri bəyanatları tez də unudurlar. Buna Əli İnsanov kimi parlaq misal var ortada. Müxalifətdə, jurnalistikada, QHT sektorunda, kimlərin yal yediyini, bir əlinin kimin cibində olduğunu da hamı bilir. Onlar hamıdan daha radikal görünməyə çalışır, özlərinin daha aktiv, daha ciddi, daha dönməz müxalifətçi və ya ictimaiyyətçi, yaxud daha barışmaz jurnalist, daha əqidəli müsəlman, öz sözləri ilə desək islamçı olduqlarını sanki hər an gözümüzə soxmağa çalışırlar, hamıdan bərk qışqırırlar.
Kaş onların arxa planda kim olduqlarını da göstərən bir sehrli güzgü olaydı. Onda kimin kim olduğunu xalq da görərdi, onlara ehkam kimi baxanlar da.
Bir də görürsən ki, gecə-gündüz aclıqdan, ölkədə vəziyyətin dözülməz həddə çatdığından, nə bilim səfalətdən, iqtisadi siyasətin iflasa uğramasından, biznes mühitinin olmamasından, qəzetinə reklam verilməməsindən ağızdolusu danışan biri son model xarici markalı avtomobil, şəhərin mərkəzində yeni tikilən göydələnlərdə ev alır. Belə adamların kimliyinə bələd olmaq üçün bələdçi lazım deyil, özləri elə kifayətdirlər. Halbuki belə adamlar daim kimlərisə tənqid və ittiham obyektinə çevirməyi sevirlər.
Özlərinin liderə daha sədaqətli, daha vəfalı olduqlarını hansı yolla olursa olsun sübut etməyə çalışırlar. Ancaq ilk xəyanəti edən də, gəmini ilk tərk edən də onlar olurlar. Buna misal olaraq İsa Peyğəmbərin həyatında olmuş bir hadisəni qeyd edim.
İsa Peyğəmbər şagirdlərilə vidalaşarkən “sabah hamınız məni tərk edəcəksiniz” deyir. Onun şagirdlərindən olan Peter “Hamı Səni tərk etsə də mən tərk etməyəcəm, qoy məni də öldürsünlər, həbs etsinlər, amma Səni tərk etməyəcəm” söyləyəndə İsa Məsih cavab verir: “Səhər xoruz banlamamış sən məni üç dəfə inkar edəcəksən”.
Səhər İsa Məsihi sorğu sual etmək üçün aparırlar, şagirdlər isə çöldə gözləyir. Bu zaman bir qulluqçu Peteri görüb yaxınlaşır və “sən də İsanın şagirdlərindənsən” deyir, Peter isə inkar edərək “Mən heç bir İsa tanımıram” cavabını verir. Bir az keçəndən sonra eyni vəziyyət başqa bir qulluqçu ilə baş verir və Peter yenə inkar edir və durub həyətdən çıxmaq istəyəndə başqa biri onu görür və “Sən Peter deyilsən, İsanın tərəfdarı?” deyir. Peter israrla ”Mən İsanı tanımıram, tanımaq istəmirəm” deyir və qaçıb həyətdən çıxanda xoruz banlayır və onun yadına İsa Peyğəmbərin sözləri düşəndə hönkür-hönkür ağlamağa başlayır.
Bu gün bizim cəmiyyətdə də Peterlər çoxdur, amma təəssüf ki, bizim peterlər ağlaya biləcək qədər də olsa vicdan sahibi deyillər. Sadəcə satırlar və heç nə olmamış kimi sırtıqcasına yeni komfort həyat yaşamağa başlayırlar. Və beləcə proses davam edir…
Xanlar Xoca http://news.qaynar.info/32453.html