Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Comments: (0)

Köşə yazmaq asan məsələ deyil, gərək ictimai rəylə də hesablaşasan. Düzdür, Azərbaycan insanı, yaxud oxucusu öz qəhrəmanını, yəni yazarını dar ağacında, müasir formada desək, məhkəmə önündə görməyə alışsa, adət etsə də, oxucuların əksəriyyəti cəsarətsizdir, hətta bu cəsarətsizlik o dərəcədə güclü inkişaf edib ki, bəziləri adicə şərh yazanda da özündən uydurduğu qondarma adını böyük deyil, kiçik hərflərlə yazır ki, diqqət çəkməsin. Özünə “azad” deyib azadlığın simvoluna daş atan fundamentalistlər də tapılır arada.

Nə isə sözüm onda deyil. Ötən yazımda telekanallarımızı tənqid edəndən sonra elektron poçtuma xeyli məktub gəlib. Hamısı da demək olar ki, ən çox sevdiyim tənqid ruhunda. Əksəriyyəti orta və yaşlı nəsil xanımlar, şişmanlıqdan əziyyət çəkən insanlar olan məktub müəlliflərinin yazdıqlarını oxuyanda bütün telekanallarımızla, rəhbərliyindən tutmuş aparıcısına, operatoruna, işıqçısına qədər telekanalların bütün əməkdaşları ilə fəxr elədim, qürur duydum, sevindiyimdən ağlamaq istədim, amma bacarmadım və dostumdan mənim yerimə ağlamasını xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı, bu yaxşılığına görə burdan ona salam göndərirəm.

Yeri gəlmişkən, dostumun cib dəsmalı “ROSARIA — ACCESSORI” firmasından idi və bu aksessuara görə həmin firmaya da təşəkkür edirəm- dəsmalla təmin etdiyinə görə. Saç düzümünün kimə aid olmasını deyə bilməyəcəyim üçün üzrlü sayın, çünki unutmuşam.

Hə, qayıdaq şoumuza, bağışlayın mövzumuza. Poçtuma göndərilən elektron məktublar arasında ən çox xoşuma gələn Bakıdan 55 yaşlı Gülnarə adlı xanımın yazdıqları idi. Dəyərli oxucuların marağına səbəb olacağını düşünüb həmin məktubu ixtisarsız təqdim edirəm:
“Hörmətli müəllif, əvvəla salam, salamdan sonra yazıb bildirmək istəyirəm ki, telekanallardan əlini çəkəsən, yoxsa mən səndən əlimi çəkmərəm. Mən xəstə adamam, yerimdən tərpənə bilmirəm, həkimlər məni müalicə edə bilmədilər, amma bütün pullarımı yedilər. Həkimə getməmiş 100 kilo idim, gedəndən sonra 120 kilo oldum. Həkim elə şeylər danışdı, elə qiymət oxudu ki, ümidsizlik və depressiyadan çəki azalmaq əvəzinə bir az da artdı. Özüm də həmişə Rusiyanın telekanallarını, əsasən də NTV+ kanalını izləyirdim. Bir dəfə necə oldusa Azərbaycan kanallarını izləməli oldum. Səhv eləmirəmsə anamın dayısı nəvəsini “Cinayət işi”ndə göstərəcəkdilər, xahiş eləmişdi ki, mütləq baxaq. Baxandan sonra hiss elədim ki, məndə nəsə dəyişiklik baş verdi. Ondan sonra başladım əsasən milli telekanallarımızda əyləncəli verilişləri seyr etməyə. Ən çox sevdiyim verilişlər isə meyxana yarışmaları, “Yağ kimi”, “Toylar kralı”, “Etiraf”, “Qaraj”, “Solo” və “Maşın” şousu oldu. Ümumiyyətlə Murad Dadaşovun ideyası, xeyir duası ilə yarananlar, Murad Arifin aparıcısı olduğu verilişlər ürəyimə daha çox yatır. Hələ Murad Arifin bəstələdiyi mahnıları demirəm. Dərmandır da. Oğul bala, bəlkə də sənin arıqlamaqla bağlı problemin yoxdur, amma gərək biləsən ki, belə problemi olanlar var və mən onlardan biriyəm. Sən heç bilirsən ki, mən hər dəfə “Maşın-9” realiti şousuna baxanda nə qədər arıqlayıram? Allah orda iştirak edənlərə, xüsusilə Murad Dadaşova kömək olsun, onların sayəsində mənim çəkim artıq 72 kilodur. Hələ SMS istəyənləri demirəm. Fitr bayramı axşamı o Namiq qardaş xalqa üzünü tutub “bayram payınızı göndərin” deyəndə mənə ləzzət elədi. Murad Arifin də zəhmətini itirə bilmərəm. Onun da, Murad Dadaşovun da bütün verilişlərinin videoyazısını saxlayıram ki, çəkimin həmişə normal səviyyədə qalması üçün lazım olanda baxım. Həm də düşünürəm Sovet hökuməti göz önündə dağılandan sonra daha heç nəyə etibar etmək olmaz. Murad Dadaşov, Murad Arif çox istedadlı, artıq məktəb yaratmış jurnalistlərdir. İnanmıram ki, onlara layiq olduqları qiyməti versinlər. Bizdə istedadlı insanlar layiqincə qiymətləndirilmir. Kim bilir bəlkə onları da bir gün televiziyadan uzaqlaşdırdırlar. Onda mən və mənim kimilər nə edər? Qiymət verilsə Murad Dadaşovun adını tikinti şirkətinin sahibindən pul almaqda hallandırardılarmı? Yaxşı ki, cinayət işini bağladılar, yoxsa mənim halım necə olardı Allah bilir. Ona görə də əminəm ki, bu verilişlərin videoyazısı nə vaxtsa nəvələrim də şişmanlıqdan əziyyət çəksələr öz faydasını göstərə bilər. Necə deyərlər “saxla samanı, gələr zamanı.” Hə, oğul bala, sən xalaya qulaq as, bundan sonra yazı yazanda mənim kimiləri də düşün. Axı mən də bu xalqın nümayəndəsiyəm.”

Düzü bu məktubu oxuyandan sonra hər şeyi anladım və istədim belə gözəl məktubla başqa oxucular da tanış olsunlar, çünki ən azı tibbi baxımdan faydası böyükdür.

Xanlar Xoca http://news.qaynar.info/31123.html


“Azərbaycan televiziyalarını çox izləyirəm və nifrət edirəm. Azərbaycana ən böyük ziyanı televiziyalar verir.”

Rüstəm İbrahimbəyov

Televiziyanı ötən əsrin inqilabi yeniliklərindən hesab etsək də bu inqilab bizim üçün hələ milliləşməyib. Bir neçə televiziya kanalımız olsa da Azərbaycan əhalisinin tam əksəriyyəti xarici telekanalları izləyir. Bunu sübut etmək üçün sorğu keçirməyə ehtiyac yoxdur, Bakıdakı binaları hörümçək toru kimi bəzəyən çanaq antennləri və sayı durmadan artan kabel televiziyaları elə sübutdur.

Yadımdadır ABA telekanalı açılanda bəzi telejurnalistlərin qısqanclıqdan təzyiqi necə qalxmışdısa az qala vergi müfəttişi kimi danışırdılar. Çünki ABA yeni verilişlər təqdim edirdi, ənənəvi üslubdan kənara çıxırdı, insanlar ORT-nin reklam vaxtında verilişlərini yayan bu kanalda cüzi də olsa özlərinə lazım olan yeni nəsə tapa bilirdilər. ABA-nın kitabı bağlansa da, onun tamaşaçısı hansısa yerli kanalı deyil, elə ORT-ni izləməyə başladı. ORT də bağlandı, yenə xeyri olmadı, imkanı olmayan da boğazından kəsib eyvanına bir çanaq antenni quraşdırdı ki, təki quyruğu qapı arasında qalanda hay-küy salıb, adi vaxtlarda isə sabunlu verilişlər hazırlayan telekanallardan uzaq olsun.

Və bu gün də düşünən tamaşaçı yerli telekanala baxmır, “milli” telekanalların auditoriyası evdar qadınlardan və kənd zəhmətkeşlərindən ibarətdir. Amma bu heç kimi narahat etmir. Çünki tamaşaçısı oldu, olmadı televiziyanın rəhbərliyini qəti maraqlandırmır, əsas odur ki, hansısa veriliş keyfiyyətsiz də olsa nəzərdə tutulan vaxtda efirə getsin və onun kreslosunun ömrünə zərbə vurmasın. Bu yaxınlarda televiziyada işləyən tanışlarımdan birinə iradlarımı bildirəndə “mənim nəyimə lazımdır tamaşaçı razı qalır, yoxsa narazı, əsas odur ayın axırı maaşımı alım” cavabını eşidib Azərbaycan telekanallarının uğursuzluğunun bir səbəbini də özüm üçün aydınlaşdırdım.

Deməli tamaşaçı sevgisi qazanmaq məqsəd kimi heç sonuncu yerdə də durmur. Hansı “xana”da olursa olsun məqsəd pul qazanmaq və təlimata layiqincə əməl etməkdir. Bunun da nəticəsidir ki, nə səviyyəli ictimai-siyasi veriliş var, nə də əyləncəli. Uşaq verilişlərindən isə danışmağa belə dəyməz. Dəfələrlə qeyd etdiyim kimi, bu gün teleməkanımızda keçmiş Sovet dövründə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Əlifba” verilişi səviyyəsində veriliş belə yoxdur. Aparıcılardan isə heç danışmağa dəyməz. İstedadlı aparıcı ya çörək xatirinə amansız şərtlər altında yaradıcı olmayan mühitdə işləməyə məcbur olur, ya da özünə başqa iş axtarır. Ortada isə diletantlar at oynadır.

İlhamiyyə Rzayeva kimi aparıcı bu gün televiziyadan kənardadır. Əslində İlhamiyyə xanım nə qədər bu telekanallardan uzaq dayansa həmişə tamaşaçıların sevgisi, hörməti ilə rastlaşacaq. Çünki İlhamiyyə Rzayeva və onun kimi bu gün telekanallardan uzaq düşmüş peşəkarların yeri CNN, BBC, ən pis halda Rusiya telekanallarındadır. Bizim telekanallara isə “Gecə kanalı” yox, “Toylar kralı”, “Solo”, “Dostum”, “Qızıl pillə”, “Maşın”, “Qonaqlıq”, “Yağ kimi” və s. bu tip duzsuz verilişlər lazımdır. Bizim telekanallara Azərbaycan dilində, xarici dillərdə təmiz danışa bilən aparıcı yox, ləhcə ilə, loru dildə danışan aparıcı lazımdır ki, kəndlərdə baxanlar da desinlər ki, “hə, bu aparıcı kənd avtobusundan indicə düşüb gedib girib studiyaya.”

Heç bir xarici kanalda bir dəfə də görmədim ki, aparıcı burnunda danışa, nitqində qüsur ola, amma Azərbaycanda belə hallar təəccüblü deyil. Azərbaycan kanallarına peşəkar yox, diletant lazımdır ki, plastilin kimi istənilən formaya salmaq mümkün olsun. Boş qalan efir vaxtlarını da meyxana və lüt müğənnilərlə doldurmaq çətin deyil, göz dəysin inşallah, ölkədə kifayət qədər bar və həmin barlarda hələlik rəqs etməklə pul qazanan potensial müğənnilər, gələcəyin xalq və əməkdar artistləri var.

Sabir Rüstəmxanlının da dediyi kimi, “Bu gün Azərbaycan telekanalları fars mədəniyyətini təbliğ edirlər. Fars mədəniyyətinin quyruğu olan meyxananı millətə sırımaqla məşğuldurlar. Camaatı SMS xəstəliyinə düçar edib, onları soymaqla məşğuldurlar”. Əlbəttə bütün il boyu meyxana deyib İran istehsalı olan filmlərin nümayiş etdirilməsi maraq doğurmaya bilməz. Meyxanada isə həqiqətən də əsasən fars və ərəb sözləri istifadə edilir və bu da son illərdə bərbad vəziyyətə düşmüş dilimizin daha da eybəcərləşdirilməsinə səbəb olur. Belə getsə doğurdan da axırda Azərbaycan xalqı meyxanaya oxşayacaq.

Çox təəssüf ki, Azərbaycan televiziyaları nə hökümətin işinə yarayır, nə də xalqın. Bu telekanalllar nə hökumətin siyasətini layiqincə təbliğ edə bilir, nə də xalqın sosial problemlərini, narazılığını effektli formada ifadə edir. Telekanallların informasiya siyasəti elə pinti şəkildə formalaşdırılıb ki, seyrçi xarici kanallardan oğurlanmış xəbərləri elə həmin xarici kanalların özündən izləməyi daha məqsədəuyğun sayır.

“Biz xəbər verməkdə birinciyik, xəbəri bizdən alın” dediklərinə fikir verməyin, daxili xəbərləri də elə xarici kanallar özümüzünkülərdən qabaq yayır həmişə. Neft Akademiyasında baş verənlər də bunu bir daha təsdiqlədi, amma nəticə yenə ürəkaçan deyil. Bizim telekanallar meyxana və başqa əttökən müsabiqələr keçirib, müğənnilərin alt paltarını nümayiş etdirməyə, bir də makaron, uşaq və qadın bezlərini reklam etməyə yaxşıdır. Özünə ziyalı deyənlər isə hələ telekanalları açıq tənqid etməyə tələsmirlər, çünki hələ də ümid edirlər ki, nə vaxtsa bu telekanalların kamerası onları da çəkib xalqa göstərə bilər. Axı bizdə bir “televizorda görünmək” xəstəliyi də var. Bu xəstəlik hamını susmağa məcbur edir. Adicə küçədə kiməsə mikrofon tutub rəyi soruşulanda bütün nəsil nəcabətinə xəbər edir ki, “izləyin, filan saatda məni göstərəcəklər”.

Belə düşünən cəmiyyətin televiziyası bundan artıq olmayacaq ki?! Ona görə də ən yaxşısı budur ki, ya səviyyəli verilişlər təqdim edən xarici kanalları izləyin, ya da televizoru söndürün. Təbii ki, əgər övladlarınızın tərbiyəli və düşüncəli bir vətəndaş kimi yetişməsini istəyirsinizsə. Əks halda ekrana yaxın əyləşib kimin peraşki satıb, kimin ilk dəfə kiminlə xəyanət etdiyini dinləyə bilərsiniz.

Xanlar Xoca http://news.qaynar.info/31059.html


Polismen, polismen saxlama məni!
Yarım məni gözləyir, qaytar açarları.

90-cı illərin məşhur “Karvan” qrupunun məşhur bir mahnısı var idi: “Polismen”. Elə o vaxt da yol polisi hörmətli idi, kimi istəsə saxlaya bilərdi, təbii ki, qanun çərçivəsində, daha kimi gəldi yox. İndi də yol polisi hörmətlidir, harda istəsə avtomobilləri saxlaya bilər, amma yenə də kimi gəldi yox. Sürücü və ya avtomobilin sahibi kiminsə gül balası da ola bilər, kiminsə gül məşuqəsi də, yəni şəxsi müğənnisi.

Bizdə axı belədir, pulun varsa, bir dənə müğənni seçirsən, ona mahnı zad yazdırıb, klip çəkdirirsən dünyanı sənə bağışlayır, sən də ona bir dənə vizitka, bir dənə də “zerkalnı” nömrə. Görən də bilir ki, yol mənim olsa da , haqq bunun tərəfindədir, təmizi odur yola verim getsin. İndi bu yola verən hansısa ziyalı, abırdan düşmək istəməyən sürücü də ola bilər, yol polisi də.

Düzdür, bəzi yol polisləri manıslar, sənət adamları yol-hərəkət qaydalarını pozanda sadəcə onların üzünə gülümsəməklə, ya da bir foto çəkdirməklə yola verirlər. Yeri gəlmişkən, gitaraçı Rəmiş “Ay Zaur” verilişində yol polisinin gözü qarşısında aşkar surətdə yol-hərəkət qaydasını pozsa da ona “gözün üstə qaşın var” deyən olmadı, özü də etiraf etdi ki, “mənə həmişə hörmət edirlər”. Əlbəttə, sənətkara hörmət lazımdır, amma yolda yox, öz evində, restoranda, nə bilim mədəniyyət sarayında. Və ya İradə İbrahimova avtomobil verilişlərinin birində etiraf etdi ki, onun və ailə üzvlərinin avtomobillərində həmişə eyni nömrə olur. Başa düşmək olmur, biz məgər feodalizm dövründəmi yaşayırıq ki, hər ailənin öz emblemi, öz nömrəsi olsun? Necə olur ki, bir insan ayrı-ayrı vaxtlarda 3 ədəd müxtəlif maşınlar alır, amma avtomobillərinin hər üçünün də nömrəsi olur 333. Belə nömrəli avtomobil almaq istəyəndə satan şəxs “bunun nömrəsinə 2000 manat vermişəm” deyir. Axı necə alınır belə nömrələr, dövlət rüsumu nə qədərdir, pulu hansı banka ödəmək lazımdır, məlum deyil. İndi adi bir vətəndaş da gedib avtomobil alsın və görək 001, 010, 777 və s. “zerkalnıy” deyilən nömrəni adi dövlət rüsumunu ödəməklə ala bilərmi? Xeyr. Çünki hər şeyin qiyməti var bu ölkədə. “Salam”ın qiyməti ayrıdır, “sağ ol”unku da ayrı.

Məsələn, xam sürücülərin bir çoxu deyir ki, “sürücülük vəsiqəsini 700 manata almışam”. Düzü buna inanmasam da qırmızıda hərəkət edib, yaşılda dayanan sürücüləri görəndə “sənə prava verənə lənət” deməkdən özümü saxlaya bilmirəm.

Elə yol polislərinin özləri də qaydaları az pozmurlar. İşıqforun qırmızı işığında dayanarkən hamıya nümunə göstərməli olan yol polisinin kobud qayda pozuntularını görəndə təəssüflənməmək, yol polisini hansısa məmurun balasının qabağında şirin dilini işə salan vəziyyətdə görəndə halına acımamaq olmur. Amma nədənsə yol polisimiz hərdən qeyri adi addımlar da atır.

Məsələn, bu günlərdə “Azadlıq” qəzetinin yazdığı informasiyaya görə, Səbayel rayonunda yol polisi avtomobili piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaran bir vətəndaşdan maşını səkidən aşağı endirməyi tələb edib və nəticədə nəsə insident yaranıb, saxlanılan şəxs bölməyə aparılıb və hətta onun sərxoş olduğu müəyyənləşib. Yayılan informasiyada həmin saxlanan şəxsin bölmədə səs-küy salaraq 1 saata yaxın iş rejimini pozduğu da qeyd edilib.

Əlbəttə, qanunlara əməl etmək vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Bütün bunların həqiqətə nə qədər uyğun olub olmadığı şübhəsiz ki, aparılan təhqiqatın nəticəsində mütləq məlum olacaq. Maraqlı cəhət budur ki, nə üçün xüsusi xidmət orqanı əməkdaşı haqqında informasiya dərhal mətbuata çıxır, onun idarə etdiyi avtomobilin nömrəsi hər kəsə məlum olur? Halbuki həmin şəxs haqqında ictimaiyyətdən qabaq işlədiyi orqanın müvafiq idarələrinə məlumat verilsə daha yaxşı olardı. İctimai və ya yol-hərəkət qaydasını pozubsa vətəndaşı onsuz da istənilən vaxt cəzalandırmaq mümkün idi, daha bu boyda əks-səda doğuran informasiyaya nə ehtiyac vardı? Ümumiyyətlə, xüsusi xidmət əməkdaşını kim harda gəldi saxlaya bilərmi? Polis bölmələrindən adicə oğurluq hadisələri barədə informasiya almaq müşkülə çevrildiyi bir vaxtda bu cür xəbərin incəliyinə qədər tez mətbuata yol tapması həqiqətən maraqlıdır. Səkidə avtomobil saxlamaq qayda pozuntusudur, amma belə qayda pozuntusu o qədərdir ki, heç bilmirəm hansını qeyd edim. Məsələn, Bakı Dövlət Universitetinin qarşısında, yaxud 20 Yanvar metrosu, 3-cü mikrorayon dairəsi, elə Səbayel rayonunun özündə kifayət qədər qayda pozuntusu qeydə almaq olar, yol boyu düzülən taksilərin hərəkətə necə mane olduğu, avtobusların sərnişin daşıma qaydalarını pozması, avtobuslarda əlavə oturacaqların quraşdırılması, harda gəldi dayanıb sərnişin götürməsi və ya düşürməsinə də nəzarət etmək və tədbir görmək üçün yol polisinin bildiyimə görə kifayət qədər səlahiyyəti var. Amma bu səlahiyyətdən niyə istifadə etmir, BDU-nun qarşısında məmur balalarının avtomobilləri necə gəldi saxlamasına qarşı tədbir görmür anlamaq olmur.

Youtube-də avtoxuliqanlıq edən gül balalara aid kifayət qədər videoroliklər var, bax onların da sərxoşluq dərəcəsini yoxlamaq əla olardı. Hələ mart ayında DYP-nın rəsmi saytında getmiş bir səhv haqqında fikirlərimi “Adi səhv, yoxsa?” adlı yazımda qeyd etsəm də indiyə kimi həmin texniki səhv aradan qaldırılmayıb. Müğənnilər hələ də efirdə “sağ olsun yol polisləri biz tədbirə tələsəndə, avtomobili sürətlə sürəndə yola verirlər”deməkdən usanmırlar. Həmin yola verən yol polisinə deyən lazımdır ki, sənin işin fonoqram oxuyub göbəyini göstərən müğənniciyi yola vermək yox, yollarda hərəkətin təhlükəsizliyinə nəzarət etməkdir, çünki o müğənnicikləri onsuz da yola verənlər var. Amma kim desin? Plyonkaların sökülməsi kimi zerkalniy nömrələrin, sürücülük vəsiqələrinin verilməsindəki qaranlıq məqamlara da gərək Prezident müdaxilə etsin ki, onda qanun yada düşsün?!

Xanlar Xoca http://news.qaynar.info/30930.html

Comments: (0)

Yeni dərs ili başlayır. Yenə də təhsilimiz problemlərdən xali deyil. Bu barədə il uzunu yazılıb və son günlərdə də yazılmaqdadır. Bəli sirr deyil ki, bütün cəmiyyətmizdə olduğu kimi təhsilimizdə də mənfi hallar tüğyan edir, rüşvətxorluqdan tutmuş sonu -bazlıq şəkilçisi ilə bitən qohumbazlıq, dostbazlıq və s. baş alıb gedir. Bunu valideynlər də görür, müəllimlər də, amma hamı lal olub dinmir.

Heç kim ağrımayan başını ağrıtmaq istəmir, “bəla təki məndən uzaq olsun” düşüncəsi ilə yaşayır. Amma bəla bir gün bu cür düşünənləri də tapır. Çünki özbaşınalığın mahiyyəti də elə budur. Ona görə də bəlaya rast gəlməmiş gərək mübarizəyə qalxasan. Bizim camaatın isə vəziyyəti jurnalistlərin vəziyyətindən fərqlənmir.

Məsələn, palaz-palaz yazılar yazıb iqtidarı tənqid atəşinə tutan bəzi müxbirlər hər gün onların haqqını zorlayan, göz önündə korrupsiya ilə məşğul olan baş redaktorlarını ifşa etməyə cəsarət etmirlər. Hətta baş redaktorlardan biri jurnalistlərin hüquqlarının müdafiəsinə, sosial problemlərinə həsr olunmuş tərəfsiz yazılar yerləşdirdiyinə görə, redaksiyanın kompüterlərindən www.qaynar.info-ya daxil olanları işdən qovacağı ilə hədələyəndə də kimsə cınqırını çıxarıb “ə, bəs sən söz azadlığından danışırsan axı, indi nə oldu” deməyib.

Təhsildə, səhiyyədə də, bir sözlə bütün sahələrdə “üz üzdən utanar” prinsipi dəbdədir və ona görə də bu ölkədə demokratiya tilsimə düşüb. Valideynlər var ki, heç kim ondan heç nə istəmir, amma sabah övladı ilk dəfə məktəbə qədəm qoyduğu üçün müəllimə qızıl zinət əşyaları alıb onu düz 11 il ələbaxımlı olmağa öyrədir.

Belə harınlamış, ya da yaltaqlıqdan borca girmiş birisinin oduna 5 nəfər də boşuna yanır, amma səsini çıxarmır, borc xərc o da qonşudan geri qalmamağa çalışır. “Müəllimlər günü” hədiyyə, 8 Martda hədiyyə, müəllimin, direktorun, dərs hissə müdirinin ad günündə hədiyyə... Ali məktəbə rüşvət, işə girməyə rüşvət. Hamı istəyir övladı prokuror olsun, və bu məqsədlə qarşısına çıxan ilk fırıldaqçıya istənilən məbləği evini satmaq hesabına olsa belə tapıb ödəməyə hazırdır. Və sonda ya böyrəyini qoyur hərraca, ya da gözünü.

Bu cür eybəcərliklərin zərbəsi nəticədə hamıya dəyir. Amma niyə bu cəmiyyət bu qədər laldır, kardır anlamaq olmur. Qorxur? Yox. Əgər qorxsa yerindən qalxan avtobusda, metroda, elə bankomatların qarşısında başı çıxmayan mövzulara, kimlərinsə şəxsi həyatına burnunu soxmaz. Əgər qorxsa Allahdan qorxar, Allahdan qorxmayanın bəndədən qorxması inandırıcı deyil. Bəs nədir bu susqunluğun səbəbi? Təbii ki, yaltaqlıq. Futbolda silsilə məğlubiyyətlərimizə fikir verməyin, əgər yaltaqlıq üzrə dünya çempionatı keçirilsə, kuboku qazanacağımıza əmin ola bilərsiz.

“Pulun yoxdur, şirin dilin olsun” deyən atalar da deyəsən elə yaltaqlığı nəzərdə tuturmuşlar. Elə isə arzularına çatıblar atalar. Artıq pulu olan da şirin dilini işə salır. Tək-tük hallarda hansısa müəllim, hansısa həkim su boğaza çıxanda haqqını tələb edib ədalət tələb edəndə elə öz həmkarları onun üzünə durur ki, müəssisə rəhbərinin yanında yerini bir az da şirin eləsin. İstənilən sahədə bir də baxırsan ki, adamın heç nəyi yoxdur, amma elə yaltaqlanır ki, baxan deyər yəqin zavodu, fabriki var, əldən çıxacağından qorxur.

Bu, cəmiyyətimizin ümumi mərəzidir və donuz qripindən də, xərçəngdən də, hətta dioksinlə zəhərlənməkdən də təhlükəlidir. Hansı sahədə problemimiz varsa kökündə yaltaqlıq, satılmağa və satmağa hazır olan əqidəsizlər durur. Onlar islah olunmasa rüşvətxorluq da olacaq, -bazlıqlar da. Nə yüksək səviyyəli təhsil olacaq, nə səhiyyə, nə də digərləri. Nazirlər dəyişsə də, durum dəyişməyəcək. Çünki istənilən nazirin ayaqqabısını silməyi özünə şərəf bilən “Fatı”lar həmişə olub və açıq danışmasaq, eyiblərimizi sərt tənqid etməsək, hər kəsi öz adı ilə çağırmasaq həmişə olacaq. Unutmayın ki, bir yaltaq on korrupsionerdən daha təhlükəlidir.

Xanlar Xoca http://news.qaynar.info/30852.html


Xalq artisti Faiq Ağayev: "Gələcəkdə siyasətlə məşğul olmağım istisna deyil"

- Bu qədər uğura nəyin sayəsində nail olmusuz?
- Təbii ki, hər şeyə Allahın sayəsində nail olmuşam. Allaha mənə istedad verdiyinə görə, valideynlərimə isə polad kimi bərkiməyimə kömək etdiklərinə görə borcluyam. Valideynlərim vaxtı ilə bu sahəni ciddi qəbul etmirdilər və elə bilirdilər ki, səhnə mənim üçün ötəri bir həvəsdir. Hətta evdə 1 il yarım mənimlə danışmadılar. İnadkarlıq, zəhmətsevərlik və mübarizlik mənə kömək etdi. Daha sonra ailəm inanıb mənə dəstək oldu. 1988-ci ildə “Bakı Payızı”nda Tofiq Quliyev birinci dərəcəli diplomçu mükafatını mənə təqdim etdi. Ondan sonra “Qızıl payız” və digər müsabiqələrdə iştirak edib uğur qazandım və artıq 21 ildir ki, səhnədəyəm.

- Sizə qarşı həmişə bir qısqanclıq hiss olunur...
- İstənilən uğur qazanan adama qısqanclıq edən, onun uğurunu həzm etməyənlər olur. Gərək qorxub geri çəkilməyəsən, mübarizə aparasan. Mən də belə elədim. Məsləkimi dəyişən adam deyiləm. Kiminsə uğurunu həzm etməməksə məncə daxili zəiflikdən, acizlikdən irəli gəlir. İnsan var ki, kiminsə uğurunu görəndə deyir ki, “nə edim ki, mən də bu uğuru qazanım ?” Bu, inkişaf yoludur. Elə insanlar var ki, öz gücü ilə yüksək nailiyyətlər qazanmağa can atır. İnsan da var ki, deyir “onda var, məndə niyə yoxdur ?”. Bax onda paxıllıq, qısqanclıq, gözügötürməzlik yaranır. Güclü insan başqasının uğurunu görəndə bütün varlığı ilə çalışır ki, o da nəsə əldə etsin. Zəiflər isə başlayırlar baltalamağa.

- Bəs necə oldu ki, birdən məhkəməyə müraciət etdiniz?
- Bu, sadəcə özünümüdafiədir. 2006-cı ildən başlayaraq Flora Ələkbərovna haqqımda dezinformasiya yaymağa başlamışdı. KİV-də olmazın həqarətlər dərc edirdi. Mən də buna son qoymaq məqsədi ilə 2008-in dekabrında mətbuatda Kərimovaya açıq məktub ünvanladım. Həmin məktuba görə o məni məhkəməyə verdi, mən də məcbur oldum ki, cavab olaraq qarşılıqlı iddia qaldırım.
Şəxsən mən məhkəmə sistemimizdə ciddi qüsurlar görmürəm. Azərbaycanda haqqını qorumaq istəyən adam məhkəmənin ədalətinə əmin ola bilər. Hansısa məhkəmənin ədalətsiz qərar çıxarması bütövlükdə məhkəmə sisteminə aid edilə bilməz. Məsələn, Flora Ələkbərovnanın mənə qarşı başqa bir iddiasına dair Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərarı qanuna uyğun saymadığımdan vəkilimlə Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət etdim və oktyabrda bu işə baxılacaq. Amma Kərimova onu qane edəcək qərarı əldə etməyəndə bəyan edir ki, ümumilikdə Azərbaycan məhkəməsi qərəzli, tərəfkeşlik edən və ədalətsizdir! Və buna görə o, Azərbaycan vətəndaşlığından imtina edib Avropa məhkəməsinə müraciət edəcək. Bilirsiz, F. Kərimova - F. Ağayev çəkişməsi zənnimcə son nəticədə adi bir məişət qarşıdurmasıdır. Mənə elə gəlir ki, “mətbəx razborkası”na görə Vətəndən belə asanlıqla imtina etmək özü-özlüyündə səni bəsləyən torpağa qarşı ən azından haqsızlıq və ədalətsizlikdir!

- Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsinə necə baxırsız?
- 51-ci hökuməti Türkiyənin ən uğursuz hökuməti hesab edirəm. Ərdoğan yəqin tarixə “Sülhsevər Ərdoğan” kimi düşmək istəyir və bu məqsədinə çatmaqdan ötrü olduqca şübhəli hərəkətlər edir. Elə təəssürat yaranır ki, bu insan iki qardaş xalqın mənafelərini şəxsi siyasi ambisiyalarına, tarixi düşmənimiz olan Ermənistana qurban verir. Azərbaycanda olanda başqa vədlər vermişdi, amma indi ortaya başqa söhbətlər çıxır. Futbol matçından siyasi məqsədlər naminə istifadə edir. Bu, birmənalı şəkildə xəyanətə aparan yoldur!
“Ewrovision” müsabiqəsində Azərbaycandan 12 xal alan Hadisənin erməni müğənnilərlə barış konserti vermək istəyi də xəyanətdir. O bəlkə də məktəbdə tarixi yaxşı öyrənməyib və bilmir ki “Daşnaktsütün” türklərə qarşı yüzlərcə terror aktı həyata keçirib. Amma bu, Hadisəyə əsas vermir ki, ümumi düşmənimizə qarşı belə, türklərin özlərinin dediyi kimi, “aptal” bir jest etsin.

- Bəs Hadisə kimilərin gəlib Bakıda pul qazanıb getməsi Sizcə, yaxşı haldır?
- Bu, sadəcə biznesdir və ola bilsin ki, təşkilatçılar Hadisənin Bakı konsertinin uğurlu bir proyekt olacağını düşünmüşdülər. Buna görə heç kim onları qınaya bilməz. Bir də ki, o vaxt Hadisə belə “tərsəməzhəb” bəyanatlarla çıxış etmirdi axı.
Ümumilikdə isə mənfi haldır ki, bizim təşkilatçılar çox nadir hallarda öz müğənnilərimizin konsertlərini təşkil edirlər. Bəziləri yalnız gəlir götürməyi üstün tutur, fikirləşir ki, “gedim Rafet el Romanı gətirim, 5-10 manat ona qalsın, 5-10 manat da mənə”.
Düzdür, şəxsən mənim yerli konsert təşkilatçılarından gileylənməyə haqqım yoxdur. Çünki hər dəfə solo konsert keçirəcəyim haqda xəbər verəndə hərəsi çalışır ki, məhz onun şirkəti ilə işbirliyi qurum. Amma bizim bir çox müğənnilər var ki, mən özüm bir tamaşaçı kimi onların konsertlərini görmək istəyərdim.

- Azərbaycan şou-biznesində nə çatışmır?
- Bizim şou biznesi tənzimləmək üçün hətta yazılmamış qanunlar belə, mövcud deyil. Kim nə istəyir onu da edir. Qərbdə nə vaxtsa mövcud olmuş “vəhşi kapitalizm” bizdə “vəhşi şou biznes” formasında təzahür edib. Piratçılıq baş alıb gedir, hələ də klipləri kinolentə çəkə bilmirik, dünya standartlarına cavab verən səsyazma studiyamız yoxdur, bəzi müğənnilər gileylənir ki, televiziyada çıxış pulludur, peşəkarlar diletantların əlindən ah-nalə çəkir.
Amma müəyyən birlik yaradılsaydı, bütün bu məsələləri müzakirə edib, müştərək bir qərara gəlib, mübarizə üsullarını təyin etmək olardı ki, şou biznesimizin ümumi vəziyyəti daha qənaətbəxş olsun. Bunun üçünsə ilk növbədə şəxsi mənafeləri qırağa qoyub, sənət və həmkar mənafelərini üstün tutmaq lazımdır. Çünki bütün müğənnilərin problemi təqribən eynidir: efir, klip, səsyazma, müəllif hüquqları. Bu baxımdan birləşmək lazımdır.

- Bəlkə elə Siz qabağa düşəsiz?
- Mən bu işdə fəal iştirak etməyə hazıram, yetər ki, ümumi bir istək olsun.

- Bir çox müğənnilərdən fərqli olaraq internetdən çox istifadə edirsiz...
- Müasir zəmanənin tələblərinə uyğun olmaq lazımdır. Biz informasiya texnologiyaları əsrində yaşayırıq. Ən son xəbərləri internetdən öyrənirəm, məni maraqlandıran bilgiləri oradan alıram. Bundan başqa “Facebook” sosial şəbəkəsində şəxsi səhifəm var, “Wikipedia”da barəmdə ətraflı məlumat yerləşdirilib. Yeni dizaynı tam hazır olandan sonra rəsmi saytım fəaliyyətini davam etdirəcək. Dünyəvi standartlara cavab verəcək şəkildə bir sayt olacaq. Odur ki, demək olar ki, mən fəal internet istifadəçisiyəm.

- Son vaxtlar elə aparıcılar tərəfindən televiziya verilişlərinə ciddi iradlar səslənir.
- Mən özüm də televiziyalarda bəzi şou verilişlərini bəyənmirəm, çünki orda əsas mövzu sənət yox, qalmaqaldır. Elə verilişlər də var ki, əksinə, baxanda zövq alıram. Ötən il “Lider TV”-də “Ulduzlu Axşam” adlı müəllif verilişim 3 ay yayımlandı. Bir aparıcı olaraq qarşıma məqsəd qoymuşdum ki, “qalmaqalsız əyləncə” prinsipi ilə fəaliyyət göstərib, tamaşaçının 1 saatlıq istirahətini təmin edim. Fəxarətlə söyləyə bilərəm ki, proqramın yaradıcı heyəti və “Lider TV”-nin səyləri nəticəsində məqsədimə 100 % çatdım. İndi marağıma səbəb olacaq yeni təkliflər gəlsə, yenə də veriliş aparmağa hazıram.

- Maaşınızdan razı idiz ?
- Azərbaycan müğənniləri arasında veriliş aparıcılığına görə ən çox maaşı mən alırdım.

- Amma yenə də istədiyiniz qədər pulunuz yoxdur.
- Mən 10 nəfərdən çox qazansam da, orta səviyyəli biznesmendən qat-qat az qazanıram. İldə bir dəfə buraxılan albomdan, keçirilən konsertdən əldə edilən gəlir o qədər çox deyil ki, onunla 1-2 illik yaşayışını təmin edə biləsən. Ona görə də müğənnilər toya, şou proqramlara getməyə məcbur olurlar. Əgər müğənni konsertdən, diskdən yaxşı gəlir götürsəydi, toy müğənnilərinin sayı kəskin azalardı.
Azərbaycan müğənnilərinin əldə etdiyi gəlir xarici ifaçıların qazancından müqayisə olunmayan dərəcədə fərqli və kiçikdir. Türkiyənin ortabab müğənnisi Sinan Özen bir “Ellərə şənlik” sinqlı ilə o qədər pul qazandı ki, lahmacun şəbəkəsi açıb, mehmanxana sahibi oldu. Mənim isə, tam səmimi deyirəm ki, bir qəzet köşküm belə yoxdur.
Ona görə də kimsə Azərbaycan müğənnilərini toya getdikləri üçün qınayanda məni qəzəb hissi bürüyür. Bəs bu müğənni nə ilə dolansın?
Bir də ki, əgər toya gedən müğənniyə pis baxılırsa, onda deməli həmin insanlar əzizlərinin toy məclisini də utandırıcı bir şey hesab edirlər. Məntiqsizlik və rəzalətdir, vallah!

- Toyların səviyyəsi Sizi qane edir?
- Əfsus, amma keyfiyyətli, kübar toyların sayı bir o qədər də çox deyil. Əksər hallarda toylarda israfçılıq hökm sürür - 10 çeşid salat, 8 növ isti yemək verilir və yeməklərin çoxu yeyilmir. Şadlıq saraylarının akustikası qənaətbəxş deyil, bir çox hallarda toy zamanı ağız deyəni qulaq eşitmir. Mənə elə gəlir ki, pərdələrə 200 min manat xərcləyən kəs akustikaya da fikir verməlidir.
Amma bütün bunlara baxmayaraq, Azərbaycan toyunun ləzzəti tam ayrıdır! Mən optimistəm və inanıram ki, zamanla bu problemlər yəqin ki, aradan götürüləcək.

- Haqqınızda yazılanlara münasibətiniz necədir?.
- Yaxşıya yaxşı, pisə - pis. Digər peşələrdə olduğu kimi jurnalistlər arasında da professionallarla yanaşı peşəkar olmayanlar, təsadüfi şəxslər var. Bu yaxınlarda qəzetlərdən biri yazmışdı ki, “hakim xalq artistləri ilə məzələndi”. Bu, həmin yazını yazan jurnalistin və onu dərc edən qəzetin səviyyəsini göstərir. Hakim heç kimlə məzələnə bilməz. Hakim qərar çıxarır və kimsə bunu məzələnmək kimi qiymətləndirirsə, qoy onda yazsın ki, “bizim qəzet bu qərarı məzələnmək kimi qəbul edir”. Yaxşı haldır ki, Mətbuat Şurası son zamanlar “reket” qəzetlərin siyahısını hazırlayıb cəmiyyətə təqdim edir.
İndi keyfiyyətsiz müğənnilərin siyahısını hazırlayan bir qurum da tapılsaydı, yaxşı olardı (gülür).

- Bəs Sizcə televiziyanın müğənnidən pul alıb efirə buraxması reketlik deyil?
- Bu, televiziyanın özünü maliyyələşdirmə üsullarından biridir. Bunun ən ziyanlı tərəfi isə tamaşaçı zövqünə olan mənfi təsirdir. Təsadüfi adamların efirə buraxılması mədəniyyətimizə, zövqümüzə və mənəviyyatımıza ağır zərbə vurur. Bəzən pul verib efirə çıxanlar sənət nümayiş etmək yerinə maşınını, evini, var-dövlətini reklam edir. Tamaşaçı da əxlaq və tərbiyəyə qarşı yönələn bu təcavüzə dözmək məcburiyyəti qarşısında qalır. Böyüklər safı çürükdən ayırd edə bilir. Bəs uşaqlar?

- Müğənnilər arasında ən çox kitab oxuyan deyəsən Sizsiz. Ən çox hansı mövzuda kitabları sevirsiz?
- Müxtəlif janrlarda kitablar oxuyuram. Hal-hazırda oxuduğum əfqan yazıçısı Haled Hoseyninin və Bernard Verberin əsərləridir. Təəssüf ki, Azərbaycan dilində yeni kitablar azdır. Kitab tərcüməsi və çapında biz Türkiyə və Rusiya kimi ölkələrdən hələ ki, geri qalırıq. Ümumiyyətlə, mütaliəyə məktəb illərindən başlamışam, o vaxt özüm də hekayələr, esselər, kiçik həcmli yazılar qələmə alırdım. Kim bilir, bəlkə nə vaxtsa memuar yazmağa da başladım... .(gülür)

- Bəzi məscidlərin sökülməsinə fikriniz necədir?
- Məscidlərin sökülməsi bir müsəlman kimi məni də həyəcanlandırır. Ürəyim ağrıyır belə xəbərlər eşidəndə. Amma bir həqiqət var ki, əgər biz hüquqi cəmiyyətdə yaşamaq istəyiriksə, hər bir ictimai qurum fəaliyyətə başlamazdan öncə dövlət qeydiyyatından keçməlidir. Qeyri qanuni fəaliyyət göstərən məscidlərin kimlərə məxsusluğu araşdırılmalıdır. Çünki indi çoxlu təhlükəli dini sektalar, dini təriqətlər var ki, xalqımızı başqa yola yönləndirmək məqsədini güdür. Bu baxımdan dövlətin son tədbirlərini zəruri sayıram. Sadəcə olaraq bu məsələdə qətiyyətli olmaqla yanaşı olduqca həssas olmaq vacibdir.

- Son vaxtlar daha da inkişaf edən İsrail-Azərbaycan münasibətləri nəyə görə bəzilərini narahat edir?
- Bilirsiz, bu çox incə, xüsusi etina tələb edən bir məsələdir. İlk əvvəl Azərbaycanda tarixən yəhudilərə yaxşı münasibət olub. Azərbaycandakı yəhudilər azərbaycanlılarla o qədər doğmalaşıb ki, hətta adları belə fərqlənməyib. Buna nümunələrdən biri elə azərbaycanlı yəhudi kimi tanıdığımız məşhur biznesmen Telman Mərdan oğlu İsmayılovdur.
Bundan əlavə daha bir vacib amil var ki, beynəlxalq səviyyədə İsrail Azərbaycanın mənafe və mövqelərini, haqq işini həmişə dəstəkləyib. Azərbaycanın İsraillə münasibətlərinin inkişafını istəməyənlər və bu əlaqələrin qarşısına çıxanlar isə ya xaricdən idarə olunanlar, ya da ki, İsrail-Fələstin münaqişəsinin köklərini, incəliklərini və bu qarşıdurmanın həll etmə yollarının tarixi perspektiv, əhəmiyyət və zərurətini düzgün qiymətləndirə bilməyənlərdir ki, qeyri obyektiv mövqedədirlər.

- Qarşıdan parlament seçkiləri ili gəlir. Siyasətlə məşğul olmaq fikriniz varmı?
- Bu dəfə yox, amma gələcəkdə istisna olunmur. Mən ağlıma, bacarığıma inanan, məsuliyyətli bir insanam. Ona görə də tam inamlıyam ki, siyasətlə də məşğul olsam, yenə də xalqıma fayda verə biləcək birisi olacağam.


Xanlar Xoca http://news.qaynar.info/30828.html
Günel birdən-birə teleaparıcı kimi tamaşaçı qarşısına çıxmaq sənə çətin olmadı?

- Əsas işi başlamaqdır. Mənim də ilk verilişim ABA telekanalında olub. Azərbaycan teleməkanında ilk dəfə olaraq Azərbaycan mahnılarından ibarət “Qızıl onluq” adlı hit-parad aparırdım. Heç bir kanalda belə bir hit-parad yox idi. Amma mən o verilişdə bir o qədər də parlamadım. Sonra “100%” yarandı və burada klip təqdimetmə üsulu meydana çıxdı. Sonra qonaqların gəlişi, sərbəst danışıq. Mən sərbəst idim, amma utanmağım da var idi. Xarici telekanallara baxıb öz üzərimdə işləyirdim. Nəhayət sərbəst oldum və məndən sonra bütün aparıcılar da sərbəst oldular. Amma həmin verilişin səviyyəsi bu günə qədər artmayıb, o verilişin strukturu ABA-da necə qurulmuşdusa indi də kanallarımızda o formatda, amma başqa adlar altında davam edir. Sonra məni “Lider”ə çağırdılar və “100%”-i orada davam etdirməyimi təklif etdilər və razılaşdım. “100%” artıq marka idi, brendə çevrilmiş kimi idi, düşündülər ki, yəqin ABA-da yaratdığı səs-küy “Lider”ə də təsir edər. Nə qədər səs-küy yaratdı bunu tamaşaçılar bilər, amma bu verilişdən telekanalda yaxşıca pul qazandılar, mən qazanmadım. Hər göstərilən klip, hər gələn qonaq məlumdur ki, pul gətirirdi. Yalnız seçilmiş, adları dillər əzbəri olmuş 5-6 müğənni var idi ki, pul vermədən verilişdə iştirak edirdilər. Hər bir kanalda bu tip verilişlər belə meydana gəlir.

- Televiziyadan niyə ayrıldın?

- Çünki inkişaf etmək, daha yüksək səviyyəyə çıxmaq istəyirəm, amma imkan yaratmırlar. Sonuncu iş yerim olan “Lider”dən getməyim belə oldu ki, mənə təklif etdikləri verilişləri mən bəyənmədim. Fikirləşdim ki, eybi yox, gedim oturum evdə, mənə uyğun veriliş tapılanda məni çağırarlar. Artıq üstündən 8-9 ay keçib. İstəyirəm yeni bir proyekt olsun, qlobal, ictimai, sosial, amma eyni zamanda əyləncə də, musiqi də olsun. Amma o şəraiti yaratmırlar. Hazır proyektlərim də var- maarifləndirici, qadın verilişi ilə bağlı, amma inanmıram bunları qiymətləndirməyi bacaran bir nəfər tapıla. Mən də ömür boyu klip təqdim edəsi deyiləm ki?. İstəyirəm tok-şou xarakterli veriliş olsun. Proqramın formatı geniş olsun. Ola bilər qadın verilişi, ya da gənclərlə, səyahətlə bağlı bir veriliş olsun. Dünyanın bir çox ölkələrini öz hesabıma gəzmişəm, informasiyam, deməyə sözüm çoxdur. Gedib 3-5 gün beş ulduzlu otellərdə qalıb dükanları gəzib ah-uf edib gəlməmişəm, təkcə ABŞ-da bir ilə yaxın yaşamışam, Avropaya tez-tez gedib-gəlmişəm. Heç kimi də efirdə pisləmirəm. Halbuki elə aparıcılar var ki, hərəyə bir söz atırlar, iynəli sözlər deyirlər. Onlar bilmirəm nə tərbiyə görüblər, bəlkə də müğənnini özlərindən aşağı səviyyədə tuturlar, amma bu mənim tərbiyəmə, mədəniyyətimə ziddir. Heç kimin xətrinə dəymək istəmirəm. Hamı insandır, hərənin bir cür dünyagörüşü var. Hərə musiqini, həyatı bir rakusdan görür.

- Sənə hazır proyektlərdə aparıcılıq təklif edilmir? -Təklif edilir, məsələn mətbəxlə bağlı bir veriliş təklif edilib. Bəlkə də bu verilişi aparardım, amma məndən qabaqkı aparıcının studiyasında yox. Yeni bir studiya açardılar, onu özüm qurardım. Rusiya telekanalllarında bu tipdə çox gözəl verilişlər var. Studiyada tamaşaçılar da olur, müğənni də gəlir, yəni veriliş həm mətbəxə aid olur, həm də mətbəxə aid olmur. Hər kəs ondan nəsə götürə bilir. Amma bunlar hamısı pulla bağlıdır.

- Axı sən təcrübəlisən, istədiyin verilişi hazırlamağına nə mane olur?

- Mənə deyirlər ki, get özünə sponsor tap, nə veriliş istəyirsən hazırla. Axı mən mühasib, reklam agenti, menecer və ya prodüsser deyiləm, mən aparıcıyam! Maliyyə məsələlərinə qarışmamalıyam. Teleaparıcı kimi işim gözəl danışıb, baş verən hadisələri yüksək səviyyədə tamaşaçıya təqdim edib ayın axırında da maaşımı almaqdır. Amma bizdə necədir? Öz verilişimin həm redaktoru, həm aparıcısı, həm prodüsseri olmalıyam. Belə olanda isə çox vaxt efirə çıxıb özüm də bilmirdim nə danışırdım. Fikrim qalırdı texniki problemlərin üstündə, verilişə 5 dəqiqə qalıb, amma qonaq hələ gəlməyib, kamera, mikrofon yoxdur, maşın yoxdur, hər şey veriləndə isə artıq səndə həvəs qalmır. Bu axı yaradıcılıq işidir və buna da şərait yaratmaq lazımdır. Atamın telekanalında anama veriliş hazırlamıram ki?! Bu hamının kanalı, hamının iş yeridirsə, hamı da birlikdə işləməlidir. Əslində hər şey hazır olmalı, aparıcı xanım da hazırlanmış mətni, ssenarini götürüb studiyaya girməlidir. Mən isə gedirdim gözəllik salonuna, ordan geyim seçmək üçün dükana, alıcıların yanında çətinliklə bir paltar seçirdim, hər getdiyim yerdə də maşını saxlamaq üçün yer axtara-axtara əsəbiləşirdim, o qədər ora-bura qaçırdım ki, tərdən makiyajım korlanmış vəziyyətdə təngnəfəs gəlirdim studiyaya, orda da görürdüm qonaq hələ gəlib çıxmayıb, əhvalım daha da pozulurdu, indi gəl bu cür tamaşaçının əhvalını yüksəlt. Xaricdə isə hər aparıcının sürücüsü, meneceri, stilisti, redaktoru, və s. köməkçiləri var. .

- Sən televiziyada hansı verilişləri görmək istərdin?

- Özüm həmişə əyləncəli verilişlərin aparıcısı kimi çalışmışam, amma indi artıq bu tip verilişlərdən bezmişəm. İndiyədək ürəyim istəyən verlişi hazırlamamışam. Mənə tamaşaçı kimi müğənninin maşınının markası, nömrəsi, toya neçəyə getməsi maraqlı deyil. Bu gün maarifləndirici proqramlara ehtiyac var. Təəssüf ki, hansı kanalı açırsan 10 veriliş varsa, 8-i şou-biznesə aiddir. Şəxsən mən övladıma qoymaram elə telekanallara baxsın. Axı silikon dodaqlı qadınlara, qızlaşmış oğlanlara baxıb nə götürəcək onlardan uşaq? Bizim teleməkanda bir-iki nəfəri çıxmaq şərtilə, qalanını apar tulla. Aparıcıların çoxu veriliş apara, müğənnilərin çoxu isə oxuya bilsələr də özlərini necə aparmağı və elementar danışıq qaydalarını bilmirlər. Bir dinləyici kimi əksər müğənnilərimizdə nöqsanlar tapıram.

- Bir tamaşaçı kimi Azərbaycan teleməkanına hansı qiyməti verərdin?

- Qorxuram e, o qiyməti deməyə. Ümumi teleməkan həm kadr, həm də görüntü baxımından axsayır bizdə. Düzdür Avropa səviyyəsi ilə ayaqlaşan yaxşı verilişlər də, yaxşı aparıcılar da var. Prodakşnların hazırladıqları verilişlər daha gözəl olur və dərhal seçilir. Son zamanlar efirdə daha çox təcrübəsiz gənc kadrlara üstünlük verilir, amma o kadrları inkişaf etdirmək üçün iş görülmür. Yeni kadrları xaricə ezamiyyətə, təcrübə keçməyə göndərmək lazımdır. Aparıcı gedib CNN, BBC, Rusiya və Türkiyənin televiziyalarında nəsə görüb götürməlidir ki, inkişaf etsin. Bütün günü pultu əlində tutub xarici telekanalları izləməklə təcrübəni artırmaq olmaz axı. Televiziya elmdir, aparıcı xalqın simasıdır. Xaricdə oturub telekanallarımızı seyr edən Günel Musəvinin və digər aparıcıların geyimindən, danışığından bilir ki, “hə, Bakıda bunu geyinirlər, bu cür danışırlar”. Bunu bizimkilər sadəcə boş verirlər. Elə olub ki, mən xaricdə olanda yanımda televizoru açıblar ki, bizim telekanallara baxsınlar, görüblər ki, AzTv-də, ANS-də xarici filmlər göstərilir, kanalı dəyişiblər ki, “elə xarici kinoya xarici kanalda baxarıq da”. Və ya bizim verilişlərin səviyyəsini görüb gülüblər, özüm də xəcalət çəkmişəm. Aparıcı ağzına gələni danışır, ona-buna lağ edir, guya özü nədir. Xaricdə həm soydaşlarımızda, həm də əcnəbilərdə bizim verilişlərə və aparıcılara maraq yoxdur. Həmişə baxanda mənə deyirdilər ki, “orda kamera niyə titrəyir”, “studiyada işıq niyə yanmır”, ay nə bilim “aparıcının kölgəsi görünür”, yaxud “kimsə keçdi kölgəsi göründü”. Adi tamaşaçılar o qədər nöqsanlar tapırlar ki, utanıram. Nöqsan nədən yaranır? Təcrübəsizlikdən. Тexnki işçidən tutmuş, aparıcıya qədər hamı xaricə təcrübə keçməyə göndərilməlidir. Bizim kanallar yarananda xarici kanallara baxıb yaradılıb, elə indi də onlardan öyrənirlər. Amma bunu televizorun pultunu əlində tutub öyrənmək yox, gedib onun mətbəxində, canlı öyrənmək lazımdır. Verilişləri kopyalayanda da gərək yaxşı kopyalayasan. Əlinə eskizi götürməklə deyil ki, gərək o eskizin hansı qələmlə çəkildiyini də biləsən. Hər şeyi öyrənmək, təhlil etmək lazımdır. Xaricə gedib kef eləmək lazım deyil e, işləmək lazımdır. Mən Elçinin (ATV-nın bədii rəhbəri və baş prodüsseri Elçin Əlibəyli nəzərdə tutulur-X.X.) bu yaxınlarda səsləndirdiyi təklifi bəyəndim ki, Azərbaycanda Televiziya Akademiyası açılmalıdır. İstənilən ölkədə teleməktəb var. Şərt o deyil ki, AzTv-də 10 il işləyib məktəb keçəsən. Aparıcı məhz məktəb oxumalı, bilməlidir ki, efirdə nəyi necə demək lazımdır. Amma indi kim nə istəyir onu da deyir. Teleməktəb, Televiziya Akademiyası yaranmasa Azərbaycanda televizya inkişaf etməyəcək.

- Sən bir müddət həm də mahnı ifa etdin, bəs niyə davam etdirmədin bu yolu?
-106 FM-də çalışanda studiya əlimin altında idi, boş vaxtlarımda özüm üçün oxuyurdum. Qardaşımın dostunun studiyası var idi, orda qardaşım Rüstəm Musəvinin yazdığı mahnıları oxuyurdum. Sonra həmin mahnıları “Mədinə” adı ilə radioda dinləyicilərə təqdim edirdim. ABA-ya gələndən sonra artıq cəsarətləndim və öz adımla oxumağa başladım. 2 klip çəkdirdim, hər ikisini də peşəkar klipmeykerimiz Elxan Cəfərov çəkdi. “Qaytar” adlı klipim efirə verilsə də, “Qarabağ” klipim indiyədək heç bir kanalda göstərilməyib. Səbəb də o oldu ki, həmin klipi efirə vermək üçün öz işlədiyim telekanalda məndən pul istədilər. Mən o zaman səsimi inkişaf etdirmək üçün muğam dərslərinə gedirdim, Maqazin verilişlərindən biri klip çəklişlərim zamanı gəlib məni əlimdə dəf çəkib elə təqdim etmişdi ki, guya mən xanəndə olmaq istəyirəm, mənim dediklərim isə montaj olunmuşdu. Bundan sonra hamı qalxdı ayağa ki, “ ay qoymayın Gunel Musəvi xanəndə olmaq istəyir.” Mən də o adamlara başa sala bilmədim ki, milli musiqimizi daha yaxşı başa düşmək üçün öyrənirəm, mən estrada-pop oxuyacam. Amma başa salmaq olur ki? Heç nəyə ehtiyacım da yoxdur, dəfələrlə təklif edilsə də nə indiyədək toylara getmişəm, nə də restoranlardakı şou-proqramlara. O həyat mənə yaddır. Bəlkə də mən oxuyardım, amma şou-biznesdəki paxılları, riyakarları görüb iyrəndim. Bu gün Azərbaycanda Tünzalə Ağayeva, Azərin, Manana kimi özünü sənətə qurban verənlər də var, bu sənətə asan yolla pul qazanmaq üçün gələnlər də. Xaricdə televiziya müğənniyə pul verir ki, proqrama qonaq gəlsin, bizdə isə bir neçə nəfər tanınmış və sevilən müğənniləri çıxmaq şərtilə qalanları qapıdan qovanda pəncərədən gəlir ki, “qurban olum məni burax da içəri, nə qədər istəyirsiz pul verim, məni çəkin də verilişə.” Mənə belə zənglər çox gəlirdi, amma heç kimdən pul almırdım və hamısını baş prodüsserin üstünə göndərirdim, deyirdim “pul işi mənlik deyil.”

- Daha oxumaq fikrin yoxdur, yoxsa sənə mahnı vermirlər?

- Mahnılarım çoxdur, amma oranjeman etmək lazımdır. Mən nə vaxta kimi hər şeyi öz pulumla etməliyəm? Xaricdə müğənni oxuyur, albom buraxır, ondan gəlir əldə edir, amma mən şou proqramlara, toylara getmirəmsə, albomum da pirat yola çoxaldılıb satılacaqsa belə müğənnilik nəyimə lazımdır? Hər mahnıya hardasa 2000-3000 manat pul lazımdır. Bu pulu elə xeyirxah işlərə həsr edərəm də. Onsuz da mənim nə ulduz olmaq, nə də dünya turnesinə çıxmaq fikrim yoxdur.

- Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istərdinmi?

- Bu müsabiqədə Azərbaycanı təmsil edə biləcək kifayət qədər istedadlı gənclər var. Müsabiqədən keçəcəyimə inansam belə buna razı olmaram. Yeri gəlmişkən deyim ki, Ayselin çıxışı ürəyimcə oldu, amma ermənilərə səs göndərən vətəndaşlarımızın hərəkətini anlamadım.

- Qalmaqalla aran necədir?

- Bəzən jurnalistlərlə müğənnilər, yaxud elə müğənnilərin öz arasında mənasız intriqalar olur. Arzu edirəm ki, bəzi müğənnilərimiz çoxlu kitab oxusunlar, hansısa xarici ölkəyə gedib, dükanları gəzib qayıdıb “konsert verdim” deməkdənsə, 3 gün dükan gəzib 7 gün də şəhərin tarixi ilə maraqlansınlar. İnsan qızılı, brilyantı, dəbdəbəli evi ilə öyünməməlidir. Heç bir xarici telekanalda görməmişəm ki, müğənni öz həmkarına söz atsın. Bizdə isə müğənnilər jurnalistin dediyi bir sözdən coşub öz həmkarları haqqında elə ifadələr işlədirlər ki, qalmaqal yaranır.

- Sənin haqqında da şayiələr çox gəzir...

- Hə, biri deyir Ruhəngiz Musəvinin qızıdır, biri deyir Emin Musəvinin bacısıdır. Daha yorulmuşam deməkdən ki, səhv edirsiz.

- Dostluğa, sevgiyə münasibətin necədir?

- Dostluğun, sevginin formulu yoxdur. Sevgiyə inanıram. İnsan bəzən ilk dəfə gördüyü, heç nəyi olmayan birinə də vurula, sevə bilər. Qızla oğlanın dostluğu isə belədir ki, əgər hər ikisi boşdursa, yəni subaydırsa mütləq axırda bir-birinə vurulacaqlar.

- Özünü səmimi insan hesab edirsən?

- Səninlə 100 faiz səmimi söhbət etdim. Amma mən həmişə, hamı ilə səmimi ola bilmərəm axı. Adam hərdən özü-özünə də yalan danışmaq istəyir. Məncə yalnız dəlilər həmişə düz danışa bilər.

Xanlar Xoca http://news.qaynar.info/30577.html
http://www.klip.az/?mod=view&id=6371
Comments: (0)

Doğrudan da əcaib zəmanədə yaşayırıq. Dünya dövlətləri elmi-texniki tərəqqi üzərində başını sındırarkən biz məsələn, yaslar və toylar haqqında qanunlarla məşğuluq. Bir azdan elçilik haqqında, toy gecəsi haqqında da qanunlara ehtiyac yaranacağı şübhəsizidir. Çünki bəzi gənclər artıq adət-ənənədən qırağa çıxmağa başlayıblar, ona görə.
Hələlik isə növbədə qadınların nikah yaşının artırılması məsələsidir. Yəqin qadınların ağır zəhmət çəkdiyinin, ailənin əsas yükünün qadınların çiyninə düşdüyünün, qadın müəllim, həkim və s. peşə sahiblərinin gecə-gündüz bilmədən kişilərlə bərabər, bəzən isə hətta onlardan da çox işləməsinin şahidisiniz.
Qadın həm işçidir, həm də ana. O həm dövlətə işləyir, həm də ailəyə. Başı da həmişə qapazlıdır. Ən çox da qadınların hüququ ailədə pozulur. Xeyli vaxtdır “Məişət zorakılığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də hələ bir xəbər yoxdur. Çünki bu qanun bəzi despot ruhlu kişilərə sərf etmir. Amma əvəzində Milli Məclis tətildən qayıdıb fəaliyyətə başlayan kimi qadınların nikah yaşının artırılmasını müzakirəyə çıxaracaq. Bütün problemlərin həlli məhz bu yaş məsələsindən asılıdır.
Qızlar 18 yaşında nikaha girsələr, bütün Azərbaycan qadınları daha asudə nəfəs ala, “hə, bax biz indi xoşbəxtik” deyə bilərlər. Daha yayın qızmar istisində, qışın qar dizə çıxan günündə qadınlar işləməyəcək, bazarda soyuqdan büzüşə-büzüşə piştaxta arxasında alıcı gözləməyəcək, sahə müvəkkili limon satan qadınları metro ətrafından qovmayacaq, heç bir qadının gözünün altı evdə xoruz, çöldə fərə kişilərin sayəsində qaralmayacaq və s. Bir sözlə, bəşəriyyətin qızıl dövrü geri qayıdacaq. Əhsən. Daha fikirləşən yoxdur ki, qadınların nikah yaşı 17 olanda da Azərbaycanın əksər rayonlarında 15-16 yaşında kəbinlə ərə gedib, 17 yaşında isə rəsmi nikaha girən qızlar olub, yenə də olacaq.
Dəfələrlə deyilib, yazılıb ki, cənub rayonlarında 18 yaşında qıza artıq evdə qalmış kimi baxılır. Nikah yaşının artırılmasının əksinə qadınlara ziyanı olacaq. Çünki “imam nikahı” ilə ailə quranlar sonra ərindən ayrılmaq istəyəndə hüquqi problemlər ortaya çıxacaq və rəsmi nikah olmadığı üçün yenə də yazıq qızların başı ağrıyacaq. Ona görə də, qanuna inam itəcək, hamı fikirləşəcək ki, filankəsin qızı ayrılmaq istədi, başına o qədər müsibət gəldi, məhkəmə qapılarında qaldı, ən yaxşısı kişinin təpiyinə dözüb ər evində yaşamaqdır. Atalar da 16 yaşında ərə verdikləri qızlarına yenə də deyəcəklər ki, “sənin ərin sənin Allahındır”. Və beləcə qızların günü yenə qara olacaq.
Bilirəm, indi beynəlxalq konvensiyalardan misal gətirəcəklər ki, biz bunu qəbul etməliyik, filan, amma əgər beynəlxalq konvensiyalar belə gərəklidirsə onda nəzərə almaq lazımdır ki, heç bir Avropa ölkəsində arxasını çoxdan telekanala çevirmiş tamaşaçını özünə cəlb etmək üçün çarəsizlikdən, ya nədənsə bədənini satmağa məcbur olmuş qadınların üzünü çəkib xalqa nümayiş etdirmir, insanların həyatını məhv etmirlər. O çəkib göstərənlərə və onlara havadarlıq edənlərə də izah edilməlidir ki, həmin insanların da ailəsi, övladı var. Onlar da Anadır, Qadındır. Bəs harda qaldı qadın hüquqları, hə?!
Avropada fahişənin də haqqı qorunur, amma Azərbaycanda heç onların qayğısına qalan da yoxdur, fikirləşən də yoxdur ki, axı əxlaqından asılı olmayaraq bu qadınlar da seçicidir, vətəndaşdır. Kimsə mənliyini satıb rüşvət alır, kimsə də bədənini satıb evinə çörək aparır. Çoxmu fərq var bunların arasında bilmirəm, ama bunu yaxşı bilirəm ki, qadınların haqqını qorumaq üçün beynəlxalq konvensiyaları yada salırıqsa gərək o konvensiyaları yaxşı oxuyaq, təkcə özümüzə sərf edən hissələri deyil, bütün təbəqələrin xeyrinə olanları qəbul edək. Yoxsa heç bir dəyişiklik yaxşılığa doğru olmayacaq.