Dünən yazıçı Seyran Səxavətin “Adamın Allahı olar” adlı bir yazısını oxudum. Düzü oxumazdım,çünki nə yazıçı kimi, nə də siyasi mövqeyinə görə bəyəndiyim biri deyil. Amma düşündüm ki, yəqin bir qarabağlı kimi Almaniyada Ağdamlı Fəxrəddin Hacıbəyli ilə Serj Sərkisyanın dialoquna münasibət bildirib, bu “Adamın Allahı olar” ifadəsini də Serjikə xitabən yazıb. Amma elə deyilmiş. Düzdü ağdamlıdan yazıb,amma başqa ağdamlıdan. Azərbaycanı Türkiyədə “bozuk türkcəsi” ilə, Xocalı faciəsi günüdə şou proqramda mahnı oxuması ilə, “Sarı gəlin” qulağının dibində erməni mahnısı kimi təqdim olunanda süküt nümayiş etdirməsi ilə heç də yaxşı təmsil etməyən və sənəti ilə deyil, daha çox Rza Zərrabla eşq dedi-qodusu ilə yaddaşlarda qalan, özünü hər yerdə “Azəri qızı Günel” kimi təqdim edən Günel Zeynalova haqqında.
Əvvəla onu qeyd edim ki, mənim üçün Azəri qızı Zeynəb Xanlarova var, Azəri qızı Azərin var, Günel isə elə Güneldir, sadəcə Günel Zeynalova. Hələ bir müddət əvvəl bütün jurnalistlərə təklif etmişdim ki, bu “Azəri qızı” ifadəsini işlətməsinlər,hər kəsi adı ilə çağırsınlar. Amma görünür bəzi jurnalistlərə Güneli belə adlandırmaq lazımdır,heç olmasa hərdən onunla bir foto çəkdirib qohum-qardaşa göstərib forslana bilirlər. Yaxşı bəs Seyran Səxavətə nə olub ki, durub nəvəsi yaşda bir xanımı müdafiəyə qalxıb sağlam tənqidlərdən qorumaq istəyir,hətta “Adamın Allahı olar axı... Ay... “ yazır. Bu yazıçının yazıçı kimi tükəndiyi məqamdır. Bu sözün təkənməsinə sübutdur. Bir müğənni səhnədə səsi batanda sənətdən gedirsə, yazıçı da yazmağa söz tapmayanda və artıq üç nöqtə qoyanda qələmi yerə qoymalı,gedib istirahət etməlidir. O nöqtələrdən biz də qoya bilərik,həm də daha çox və daha mənalı. Amma hələ deməyə sözümüz var ikən nöqtəyə nə ehtiyac var ki?! Qoy nöqtələrlə söz ehtiyatı olmayanlar danışsınlar,biz isə sözümüzlə davam edək.
Bəli,adamın Allahı olar, amma hər Allahı olandan da adam olmaz. Allahı olan müğənni də ola bilər, rəssam da,jurnalist də,siyasətçi də,hətta qripli burnunu siyasətə soxan yazıçı da. Amma tənqidə təhqirlə cavab verənlərdən adam olmaz.
Necə olur ki, hansısa yazıçı xalqın sevdiyi,seçdiyi lideri tənqid edə bilər,amma jurnalist bir Günel Zeynalovanı tənqid edə,onun səhvlərini açıb xalqa göstərə bilməz. Bu harda,hansı qanunda yazılıb? Bəlkə biz bundan sonra kimisə tənqid edəndə Seyran Səxavətdən soruşaq? Bəlkə icazə vermədi,onda nə edək? Eybi yox,qoy xoşqeyrətlər hansısa müğənnini müdafiə eləsinlər, yaza bilməməkdənsə bəlkə də kimisə müdafiə etməkləri daha yaxşıdır,amma təhqir etmək təhqir edənin öz səviyyəsini nümayiş etdirir. Təhqir etmək xoşqeyrətlilərin peşəsidir. Qoy etsinlər. O cür adamlar peyğəmbərləri də, peyğəmbər kimi dahi şəxsiyyətlərimizi də nə vaxtsa təhqir ediblər, nə olsun ki? Zaman haqqın tərəfindədir. Amma məni bir sual düşündürür: Doğrudanmı Günel Zeynalovanın Seyran Səxavətin müdafiəsinə ehtiyacı var və doğrudanmı Günel Zeynalova bu müdafiənin onun sənət yollarında inkişaf etməsinə təkan verəcəyi fikrindədir?
Allah xeyir versin!
Xanlar Xoca
