Axır ki, danışdı. Mirşahini deyirəm. Dünən ANS-in “Zərif çərşənbə”sinin qonağı olan Mirşahin bir qədər əsəbi tonda da olsa tənqidlərə üstüaçıq və üstüörtülü cavablar verdi. Amma cavabını gözləyən suallar elə cavabsız qaldı. Hər şeydən danışıldı, fəqət lazım olan mövzudan danışılmadı. Məsələn, Mirşahin AzTv-nin ANS-ə nümunə kimi göstərilməsi ilə razılaşmadığını bildirdi, hansısa kadrların Dövlət Televiziyasında deyil, məhz ANS-in arxivində olduğunu dedi. Amma daha onu demədi ki, 1971-ci ildə hansısa bayraq sancma hadisəsi olanda hansısa müstəqil telekanalın gizli fəaliyyəti belə mümkünsüz idi, nə vaxtsa kimsə nəsə çəkib indi hansısa telekanala verirsə burda öyünüləsi bir şey yoxdur. Ona qalsa ən maraqlı və tarixi kadrlar Zeynəb Xanlarovada olar, çünki 20 Yanvar gecəsi məhz Zeynəb xanım öz kamerası ilə müəyyən anları tarixin yaddaşına köçürə bilib. AzTv-nin isə elə Sovet dövründə də kifayət qədər gözəl verilişləri olub. “Şahmat klubu” Turanın təqdimatındakı “Günə baxan”dan kütləviliyinə görə geri qalsa da, hər halda həmin verilişdə heç kim əli cibində dayanıb “qədeşfason” danışmır, tamaşaçının əsəblərini yerindən oynatmır. Dövlət Televiziyasının “Əlifba”, “Ailələr, talelər”, “Dalğa”, “Səhər görüşləri” kimi verilişlər təəssüf ki, indi hətta Aztv-nin öz efirində də yoxdur. Roza Tağıyeva və digər sevilən diktor və aparıcıların yerini verən varmı bu gün televiziyalarda? Yoxdur. Çünki o cür tanınmış və peşəkar televiziya ustadlarının bacarığından istifadə olunmur. “Ailələr, talelər” verilişi də ailə dramlarından bəhs edirdi, amma mədəni formada, hadisələri dramatikləşdirmədən, oğulu ataya,ananı qıza, qızı ataya, gəlini qaynataya qarşı qoymadan, insanları bir-birilə üz-göz etmədən, insanlar barışığa səslənirdi, problemlər həll edilirdi, verilişdə aparıcı kiminsə sözünü yarımçıq kəsmir, ona-buna atmaca atmır, kimisə ələ salmır, studiyada əyləşən tərəflərdən hansınasa “səni indi atarlar bayıra”, “bu da bizim Azərbaycan milləti” demirdi, efirdə özünü mədəni aparırdı. Bir vaxtlar belə bir söz yaranmışdı-“çörəyi zəlzələdən çıxanlar”. İndi artıq “çörəyi insanların ailə faciəsindən çıxanlar” ifadəsinin yaranması münasibətilə televiziya tamaşaçılarına dərin hüznlə başsağlığı vermək olar. Çünki necə deyərlər, dəyirman öz işindədir, çax-çux baş ağrıdır, tənqid var, tənqiddən nəticə çıxaran yoxdur. Cümə axşamlarında insanlar böyüklərə, ata-anaya rəhmət oxuyardılar, indi isə cümə axşamlarında oğul efirdə atanın üzünə qayıdır, gəlin qaynanadan ifritə obrazı yaradır. Belə verilişlərə baxan gənclər yaxşı nə götürəcək, nə öyrənəcək?..
Kürün daşması hamını sarsıtdı, hamı kömək etmək istədi, edən etdi, etməyənlərə və ya köməyə yenicə başlayanlara da dünən bildirildi ki, buna ehtiyac yoxdur, dövlət özü nə lazımdırsa edəcək. Amma ANS-in efirində az qala bu hadisədən də hansısa reklam üçün istifadə olundu. Məsələn, ANS-in yardım payının bölgəyə çatdırılması haqqında süjetdə “Dadlılar” şirkətinin məhsullarının da zərərçəkənlərə göndərildiyi bildirildi. Halbuki başqa yardım gətirən maşınlarda “Azərsun” Holdinqin, “Gilan” Holdinqin məhsulları görünsə də adlarını çəkən olmadı. Əslində kiminsə adını çəkməyə heç ehtiyac da yoxdur, əgər ehtiyac olsa onda gərək pampersdən tutmuş kontura qədər hər şey bir-bir sadalansın. Həm də axı qardaş qardaşa yardım edirsə bunu heç dilə gətirmək, reklam etmək də düzgün deyil. Onda gərək hərənin yanınca gün boyu bir dənə kamera gəzsin ki, kimə nə verdyini çəkib göstərsin.
Ötənlərdə “Milli Metr”in anonsunda Mirşahinin “Xüsusilə ağıllılar” üçün fikrinə münasibət bildirdik, nəzərə alındı, amma nəzərə alınmasa bundan yaxşı idi. İndi Mirşahin verilişi belə anons edir: “Bu veriliş də dəlilər üçün deyil, amma yox, həm də dəlilər üçündür. Xüsusilə”. Yaxşı bunu necə başa düşək? Baxsan da dəli hesab ediləcəksən, baxmasan da. Gəl indi bu tapmacanı tap görüm necə tapırsan.
Jurnalist tamaşaçıya nə qədər yuxarıdan aşağı baxsa da gərək nəzər ala ki, hamı televizoru yuxarıdan asıb aşağıdan ona tamaşa eləmir, bəzən mənim kimi imkansızlar da tapılır ki, televizoru yuxarıdan asmağa imkanı olmur, onu yerdə qoyur, özü də ayaq üstə dayanıb baxır. Ona görə də mənə elə gəlir ki, əlavə nəsə deməyə ehtiyac yoxdur, sadə təqdimat daha gözəl alınar, nəinki əlavə frazalar dilə gətirməklə. Ümumiyyətlə ANS-də əvvəldən belə bir tendensiya var ki, hər kəs mütləq xüsusi olaraq nəsə deməlidir. Əvvəl biri komandirmiş kimi “Azərbaycanın şəxsi heyətinə salam” göndərirdi, sonra nədənsə hər dəfə mən asqıranda kimsə efirdən “Sağlam olun”, əsəbi vaxtlarımda bir başqası “Gülümsəyin cənablar” söyləyirdi, indi də kiməsə qonaq gedirsən, saat 1-ə işləmiş “gecəniz xeyrə qalsın” deyib qapıdan çıxmaq istəyəndə bir də eşidirsən ki, efirdən kimsə “”Gecəniz xeyrə qarşı” deyir. Bu cür kəşflər vacibdirmi?
Bu gün tənqiddən nəticə çıxarmayan bəzi məmurlar, bəzi aparıcılar,bəzi kütbeyin,savadız müğənnilər və bir də Tolikdir. Tolik “Maşın” şousunda ona atmaca atanlara “Bakcell”in reklamı kimi qızarıb adəti üzrə dil çıxartmaqla reaksiya verdi, özü də həmişə açıqlamalarında deyir ki, “kim nə deyir desin”, yəni ki, vecimə deyil. Bu sözü Turan da efirdə deyir ”Çina, qoy bizdən nə qədər istəyirlər danışsınlar”. Elgiz isə hələ heç nə demir, o türk dünyasının fəxri, “Türk dünyasının uğurlu televiziya layihəsinin aparıcısı”dır. Xalqımız onunla fəxr edir. Heç olmasa cümə axşamlarında onun verilişdə danışılanlara reaksiyasına, mimikasına baxanda adamın ürəyi açılır.
Başqalarını bilmirəm, mənim televiziyanı tənqid etməyimdə heç bir qərəz yoxdur, nə efirə çıxmaq niyyətim var, nə də reklam olunmaq kimi bir arzum. Televiziya ilə bağlı arzum budur ki, nəhayət Azərbaycanda da sevə-sevə baxdığımız telekanallar olsun, xarici tv-lərdən nəhayət öz milli tezliyimizə qayıdaq. Tamaşaçıya “bizdən ummağa sizə haqq verməmişik, biz sizi filan vaxtı gördük” deməyə də heç kimin haqqı yoxdur, əgər bu tamaşaçının dövlətinin tezliyində fəaliyyət göstərib onun qarşısına çıxırsansa, “bizi qaççırmayın”,”kanalı dəyişməyin” deyirsənsə bir tamaşaçı kimi səndən ummağa haqqım var. Həm də Turan əgər Hacıbalanı tənqid edə bilirsə Turanın özünü də, ANS-i də tənqid etmək günah olmaz. Baxmayaraq ki, Hacıbala Abutalıbovun “mənim Bakım” deyə-deyə Bakını tikinti meydançasından söküntü meydançasına çevirməsi, evləri sökülən şikayətçilərdən, jurnalistlərdən qaçması mənim də ürəyimdən xəbər vermir.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий