Bu yaxınlarda bir siyahı ilə tanış oldum. Müğənnilərin toy qiymətləri idi. Ən ucuz qiymətə bütöv toy aparan İlqar Sail olsa da, onun da qiyməti od tutub yanırdı-2500 manat. Natəvan Həbibova adlı biri isə toyda yarım saatlıq çıxışa görə 2500 manat alırmış. Biləcəridən o tərəfdə kimsənin tanımadığı müğənnilərə yarım saata 2500 manat nədir, heç 50 qəpik də vermək olmaz,günah olar. Amma verənlər var. Müxtəlif idarələrdə müxtəlif adlar altında “yuxarılar”ın xəbəri olmadan yığılan pullar yarım saatlıq oxuyanlara, bir gündə fonoqramla 5 toyu yola verənlərin cibinə gedir. Adi bir məktəb direktoru, yaxud su idarəsinin rəisi övladına toy edəndə bir də görürsən müğənnilər oxumaq üçün növbəyə elə düzülüb ki, elə bil təqaüdçülər bankomatın qarşısında növbə tutub. Halbuki televiziyalarda şou verilişlər dayandırılsa mərc gələrəm ki, bir həftədən sonra özünə ulduz deyən müğənnilərin bircəciyi də heç kimin yadına düşməz. Onları ulduz qayıran televiziyalar və onların bozbaş verilişləri,bozbaş aparıcılarıdır. “Yağ kimi”,”Ay Zaur” kimi əttökən, mənasız verilişlərdir marqarin müğənniləri kərə yağı kimi xalqa sırıyan. Qiymətlərə gəldikdə isə təbii ki, real toy qiymətlərinin siyahıdakından daha çox olması istisna edilə bilməz. İndi qoy o müğənnilər ödədikləri vergilərin də məbləğini açıqlasınlar. Başımla cavabdehəm ki, əgər ödədikləri vergilərin məbləğini açıqlasalar elə bir gülməli vəziyyət yaranar ki, “Bu şəhərdə” və “Parni iz Baku” da onun yanında yalan olar güldürməkdə. Sonra da dövlətdən fəxri ad,Prezident təqaüdü, nə bilim ev, imtiyaz istəyirlər. Məscidin qapısı açıq olanda nə olar, adamın bəs abır həyasına nə gəlib. Bu xalqın bir qismi hələ də ehtiyac içində yaşayır,Telman Adıgözəlov kimi Namuslu İnsan ehtiyac içində vəfat etdi, Xanım Qafarova kimi sənətkar qarajda yaşayır, dindirməsələr demir ehtiyacım var, amma bəziləri arsız-arsız lütlənib qazanmağı bir yana, hələ dövlətdən də nəsə umur. Halbuki təbii fəlakət baş verəndə də dövlət hər şeyi öz gücü ilə edir, belə vəziyyətdə bəs niyə o od tutub yanan qiymətlərlə toy aparan, amma danışanda vətənpərvərlikdən danışanlar bir təşəbbüslə çıxış etmir, soydaşlarına maddi yardım etmirlər. Evini sel aparanın nəyinə lazımdır axı onun qarşısında kiminsə saxladığı müğənnicik fonoqram oxusun, təbii fəlakətdən əziyyət çəkənə konsert lazım deyil, inək,qoyun,keçi alıb vermək lazımdır. Hələ eşitməmişəm ki, Azərbaycanda hansısa müğənni bir uşaq evini,məktəbi öz himayəsinə götürsün. Bütün dünyada tanınmış sənət adamları hətta həbxanalara yardım edirlər, Bakıda da qadın həbsxanası var, nə olardı ki, həmin qadın müğənnilər həbsxanada yatan həmcinslərinə bir mənəvi dəstək olsunlar, onların islah olunmasına, həbsdən azad olandan sonra yenidən bu cəmiyyətə qayıda bilmələrinə bir inam oyatsınlar? Vəzifə və şirkət sahiblərinin qarşısında nə qədər əzilib büzülmək, açıq-saçıq, silikon əndam nümayiş etdirmək olar axı?! Bəsdir də, yetər!!!
Elə istedadlı bəstəkarlarımız var ki, xaricə bir müsabiqəyə getməyə adicə bilet almağa pul tapmır, ona dəstək verən olmur, amma lüt bir müğənni burdan hansısa rayona konsert vermək üçün gedəndə o qədər sponsor tapılır ki, gəl görəsən. Hamı oxuyan olub indi. Yerindən duran ya bəstəkardır, ya da müğənni. Eləsi də var ki, həm sözü, həm musiqini yazır, bu azmış kimi hələ durub klipi də özü çəkir. "Universal əsgər" filmini görmüşdük, ancaq universal müğənni Bakıda qarşımıza çıxıb. İndki kliplərin də səviyyəsi məlumdur da, ya maşınlar, ya da telefonlar reklam olunur, bir tərəfdə oğlan durur, bir tərəfdə də qız, ya ayrılırlar, ya da qucaqlaşıb öpüşürlər. Bu da olur rejissorluq sənəti. Klip də deyilənə görə, on min manatdan aşağı qiymətə çəkilmir, çəkilsə gərək müğənni heykəl kimi dayana dənizkənarı bulvarda yalandan ağzını açıb yuma, bu da olsun 5 min manatlıq klip. Yaxşı bəs niyə bizim bu klip çəkənlər və klip çəkdirənlər ödədikləri vergiləri ictimaiyyətə açıqlamırlar? Az qala öz yataq otaqlarını, alt paltarlarını da göstərməkdən utanmayanlar əgər ödəyirlərsə ödədikləri verginin məbləğini açıqlamaqdan niyə utanırlar görəsən? Yəqin ona görə ki, haqqında danışdığım siyahıdakı toy qiymətləri ilə vergi bəyannamələrində göstərilən məbləğ heç cür üst-üstə düşmür. Vergilər Nazirliyi ticarət və s. obyektlərin vergidən yayınmasının qarşısını almaq üçün post terminallar quraşdırmağa hazırlaşır, hətta yanacaq doldurma məntəqələrində çeki müştəriyə zorla verirlər ki, “götürün, yoxsa benzin vurmarıq maşına”, indi hər toy müğənnisinə də yaxşı olar ki, bir kassa aparatı verilsin, ya da bütün şadlıq evlərində Vergilər Nazirliyi tərəfindən dəqiq nəzarət etmək üçün kameralar quraşdırılsın ki, heç bir müğənni və şadlıq evi vergidən yayınmasın. Axı bu ədalətli deyil iri şirkətlərdə, holdinqlərdə səyyar, kameral vergi yoxlamaları, audit yoxlaması həyata keçirilsin, amma böyük bir çalıb oxuyanlar zümrəsi “sponsor”ların sayəsində hər cür yoxlamadan kənarda qalsın və sonra da efirdən çıxıb xalqla,ziyalılarla minnət dilində danışsın. Mən şəxsən bununla razılaşa bimirəm və ona görə də bu mövzunu diqqətdə saxlamağa çalışacam.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий