Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Əvvəllər əlinə qələm alan tez-tələsik Əliyevlər haqqında kitab yazırdı. Çox şükürlər olsun ki, yüksək səviyyədə bu məsələyə son qoyuldu və böyük mövzular xırda adamların əlindən alındı. Amma hələ də elə adamlar tapılır ki, boyundan hündürə tullanmağa cəhd edir, amma alınmır. Biri taxta qələm mükafatı təsis edir, o biri milli nə bilim nə. Kiçik bir araşdırma nəticəsində də aydın olur ki, belə mükafat təsis edənlər Azərbaycan dilində nə bir cümlə yaza, nə də iki sözü bir-birinə qoşub danışa bilmir. İndi mən başa düşə bilmirəm ki, bu icazəni kim verir axı kimsə deputat mandatı qazanmaq, yaxud mağazasını reklam etmək üçün millətin adından müsabiqə keçirsin, ya da pulla “taxta qələm” paylasın. Son vaxtlarda da təzə ifadə dəbə minib: Dünya azərbaycanlıları. Hərə bir təşkilat yaradır, adına qoşur dünya azərbaycanlıları ifadəsini, sonra da yolda dayanıb mükafat paylayır, qazanır da özü üçün. İsətyirsən Dünya azərbaycanlılarının fəxri alimi, filosofu, aşpazı, cangüdəni, daha nə bilim nəyi ol, problem yoxdur, deyilən məbləği ödə, mükafat sənindir. Amma bir az tanınmış adamlara belə mükafatlar havayı verilir. Təki adı hallansın, desinlər ki, bu mükafatdan filankəsə də verilib. Daha həmin şəxsin Azərbaycanın problemlərini bilib bilməməsi heç kimin vecinə də deyil. Götürək elə Seda Sayana Dünya Azərbaycanlıları Konqresi adından verilən “Sevgi Ödülü” adlı mükafatı. Əvvəla bu mükafatın adı çox mənasızdır, ikinci də onu verən hər kim olur olsun heç kimin haqqı yoxdur dünya azərbaycanlıları adından rəsmən 7 dəfə ər dəyişmiş Seda Sayan kimi birinə mükafat versin. Seda Sayan kimiləri elə Bakıda da var da, barı onlara verin o mükafatları, necə olsa millidirlər. Seda Sayan Azərbaycan və azərbaycanlı üçün nə edib axı? Bilən, ya da görən varsa desin biz də bilək. Heç olmasa 7 kişidən biri azərbaycanlı olsaydı bəlkə də başa düşmək olardı. Elə isə bəs bu yarınmaq nəyə lazımdır? 40 milyon azərbaycanlı sənə icazə veribmi ki, onun adından Seda Sayana yarınasan? Azərbaycanı və azərbaycanlını Seda Sayan səviyyəsinə endirməyə kimsənin haqqı yoxdur. Kim istəyirsə öz adından mükafat paylasın, hansısa qeyri-hökumət təşkilatı nə xalqın, nə də dünya azərbaycanlılarının adından danışmaq haqqına sahib deyil.

İndi yada düşüb ki, Seda Sayan erməni imiş. Halbuki Günel Zeynalova Azərbaycanda verdiyi müsahibələrdə Seda Sayanın və İbrahim Tatlısəsin ona mənəvi dayaq durmasından həvəslə danışardı. Belə çıxır ki, “aman, sən də bozuk turkcənlə nəyi anlatacaqsan” deməsəydi Seda adlı varlığın erməni olduğu yada düşməyəcəkdi. Seda Sayanda günah varsa Günel Zeynalova da günahsız deyil. Dəfələrlə qeyd etmişəm, yenə xatırladıram ki, azərbaycanlı öz ana dilində danışmalıdır, necə ki, Türkiyə vətəndaşı gəlib azərbaycan tv-lərində öz dilində danışır, azərbaycanlı da Show Tv-də öz dilində danışmağa borclu idi. Günel Zeynalova kimi “bozuk türkcə”də danışıb özünü gülünc vəziyyətə salmaqdansa, Seda Sayan kimi birinin tənəsini eşitməkdənsə türk dilindən daha gözəl, daha şirin Azərbaycan dilində danışmaq lazım idi. Əgər sənin dilini bəyənmirlərsə onda səni də bəyənmirlər. Amma kimə deyirsən? Türkiyədə təyyarədən hələ düşməmiş azərbaycanlıların “bozuk türkcə”si işə düşür. Yetmədimi bu qədər iradlar, bu qədər ironik tənələr, yetmədimi, hə? Türklər əvvəl özünü Tarkana, Emraha, İbrahim Tatlısəsə bənzədən Azərbaycan müğənnilərinə gülürdlüər, indi də “bozuk türkcə”də danışanlara gülürlər. Nə vaxt öz dilimizdə danışıb, başqalarını da öz dilimizdə danışmağa vadar edəcəyik? Facebookda türkcə, televiziyada türkcə, küçədə türkcə, hətta sevgi etirafı da türkcə. Bəziləri “aşkım” sözü üçün darıxıbmış, sən demə bu sözü türklər öz qadınlarına daha şirin deyirmiş. Əhmədlidə bir türk yaxınlaşıb birindən soruşur ki, “əfəndim hava alanına nasil gide bilirim”, azərbaycanlı dərhal “bozuk türkcə”sini işə salır və çalışır ki, onu türkcə başa salsın. Həmin azərbaycanlı Türkiyəyə gedəndə də türkcə danışmağa məcburdur, çünki onun dilində heç kim danışmayacaq. Hərdən sevinirəm ki, çin dili çox çətindir, yoxsa çoxdan çinliləşmişdik.

Seda Sayana isə nə qədər nifrət etsəm də “bozuk türkcə” ifadəsinə görə təşəkkür edirəm. Heç olmasa bundan sonra türklə türkləşib, rusla ruslaşıb, ingilislə ingilisləşməyək, Azərbaycanlı olaraq qalaq.

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий