Qədimlərdə sözü çəp düşən, şərikli malı bölə bilməyən və s. mübahisəli məsələləri olanlar qazının yanına qaçarmış. Qazı da insaflı adam olanda mübahisəni ədalətli həll edərmiş, ədalətdən xəbərsiz olanda isə məsələn, deyərmiş ki, “qonşu sənin inəyinin bir gözünü çıxarıb, sən də get onun inəyinin bir gözünü çıxart, vəssalam”. Feodalizm quruluşu dağılandan sonra qazıları məhkəmələr əvəz edib, amma bəzən elə hakimlər tapılır ki, adam istər-istəməz ayağına baxır ki, görüm ayağımdakı çarıqdır, yoxsa ayaqqabı.
Sirr deyil ki, bu gün Azərbaycanın bir çox müəssisələrində işçilərin əmək kitabçaları olmadan fəaliyyət göstərirlər və işlərini itirməmək üçün buna sadəcə məcburdurlar. Belə hallar isə televiziya və qəzet redaksiyalarında daha çoxdur. Jurnalistlərin əksəriyyəti əmək müqaviləsi və əmək kitabçası olmadan fəaliyyət göstərir, işdən çıxanda isə ya əmək kitabçasını ala bilmir, ya da alanda da orada müvafiq qeydlərin aparılmadığını görürlər. Buna adi bir hal kimi yanaşıb susanlar da, haqqını bərpa etmək üçün məhkəməyə müraciət edənlər də olur. Məhkəmə isə heç də həmişə işçinin xeyrinə qərar çıxarmır. Məsələn tanınmış jurnalist İlhamiyyə Rzayevanı hamınız yəqin ki, “Space” tv-nin efirində aparıcı kimi, jurnalist kimi görmüsünüz, amma indi bu xanım bir vaxtlar həqiqətən həmin televiziyanın işçisi kimi efirdə olduğunu məhkəmə yolu ilə sübut etmək istəyir,hələ ki, alınmır. Jurnalistin teleşirkətə qarşı iddia qaldırmasına səbəb işdən azad olunması barədə əmrin surətinin və əmək kitabçasının ona üç ildən sonra verilməsi və həmin şirkətdə işləməsi barədə müvafiq qeydin aparılmasından teleşirkətin qanunsuz olaraq imtinası olub. Belə ki, İ.Rzayevanın bildirdiyinə görə, 2002-ci ilin sentyabr ayından “Space”də “Gecə kanalı” departamentinin baş redaktoru vəzifəsinə təyin edilib və 2006-cı ilin mayında öz ərizəsinə əsasən işdən azad edilib. Lakin əmək kitabçasının verilməsinə dair dəfələrlə teleşirkətə müraciət etsə də, heç bir əsas gətirilmədən sənəd ona təqdim edilməyib. Əmək kitabçası işdən azad olunmasından üç il sonra – 2009-cu ildə onun etibarnamə üzrə nümayəndəsinə verilib. Lakin ən qəribəsi o olub ki, teleşirkətdə işlədiyi müddət barədə sənəddə heç bir qeyd aparılmayıb. İ.Rzanın “Space”yə ünvanladığı sorğuya şirkətdən daxil olan cavabda bildirilib ki, işə qəbul olunan zaman əvvəlki müdiriyyət onunla əmək münasibətlərini rəsmiləşdirmədiyindən əmək kitabçasında müvafiq qeyd aparılması mümkün deyil.
Bu cavabdan sonra İ.Rzayeva hüquqlarının bərpası üçün 2009-cu ilin avqustunda adı çəkilən şirkətə qarşı məhkəmədə iddia qaldırıb və işlədiyi müddətlə bağlı əmək kitabçasında müvafiq qeydin aparılması və pozuntu nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin teleşirkətin üzərinə vəzifə kimi qoyulmasını xahiş etsə də, Yasamal Rayon Məhkəməsi 18 yanvar 2010-cu il tarixli qətnaməsi ilə İ.Rzayevanın tələblərini təmin etməyib. Məhkəmə “Space”in nümayəndəsinin arqumentlərinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırıb ki, jurnalist teleşirkətdə işləməsini təsdiqləyən əmək müqaviləsi və işə qəbul edilməsi barədə əmri məhkəməyə təqdim edə bilmədiyi üçün o, “Space”nin işçisi olduğunu iddia etməkdə haqlı deyil. İ.Rzanın uzun müddət efirə çıxıb veriliş aparmasını, teleşirkətdən onun adına verilən vəsiqədə “Space”də baş redaktor olmasının göstərilməsini isə məhkəmə İ.Rzanın “Space”nin işçisi deyil, müvəqqəti layihə iştirakçısı olması ilə əsaslandırıb. Fərz edək ki, İ.Rzayeva layihə iştirakçısı kimi baş redaktor vəsiqəsi alıb, bəs bu barədə teleşirkətdə hər hansı bir sənəd varmı, zəruri qeydlər aparılıbmı?
Əgər Avropa Məhkəməsinə qədər gedib çıxacaqsa yəqin ki, o zaman iddia təmin ediləcək. Amma maraqlıdır, hakimlər qərar çıxararkən niyə yerli şəraiti də nəzərə almırlar? Axı sirr deyil ki, heç kim işə qəbul ediləndə nə əmək müqaviləsinin surətini, nə də əmrin surətini rəhbərlikdən tələb edə bilmir. Hətta vəkil adi bir idarədən adi bir sorğusuna cavab ala bilmirsə işçi nə edə bilər? Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsindən nə vəkil sorğusuna cavab verilir, nə də müxtəlif daşınmaz əmlaklar haqqında arayışlar. Gəl indi belə şəraitdə vəkillik elə. Vəkillər Kollegiyasının üzvü Anar Qasımov da elə bu səbəbdən həmin idarədən məhkəməyə şikayət edib və Sumqayıt şəhər Məhkəməsi DƏDRX Sumqayıt Ərazi İdarəsinin vəkil sorğularının icra olunmamasının qanunsuz sayılması,vəkil sorğularının icra olunmamasının qadağan olunması haqqında qətnamə çıxarıb. İndi bir vəkil sorğusuna cavab almaq üçün məhkəməyə müraciət etməli olursa jurnalist, yaxud digər peşə sahibi işə qəbul edilməsi barədə əmrin surətini hansısa idarədən necə alsın?
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий