Səhər yuxudan ayılanda evdən bozbaş iyi gəldiyini hiss elədim. Səhər tezdən bozbaş? Ola bilməz. Yuxulu-yuxulu aydınlaşdırmağa çalışdım ki, bu bozbaş iyi hardan gələ bilər axı, “Evdə bişməyib,qonşudan gəlməyib”. Aha, yadıma düşdü. Dünən gecə yerli telekanallara baxırdım, yüz faiz ondandır. Televiziyada daha nə qədər bozbaş müğənnilər bozbaş bişirər axı, ay camaat?
Əvvəl müğənnilər bozbaş oldular, sonra bozbaş kliplər çəkdirib telekanallarda yayımladırlar, indi də gecə-gündüz efiri zəbt edib bozbaş bişirə-bişirə telekanalları da bozbaşa çeviriblər. Hansı tərəfə çevirirsən eyni bozbaş simalar, eyni bozbaş mahnılar,eyni məzmunlu bozbaş verilişlər və onların bozbaş aparıcıları. Hələ 2008-ci il ilin sentyabrında Mədəniyyət naziri Əbülfəz Qarayev Lent.az-a açıqlamasında demişdi ki, “Hər bir kanalın musiqi redaksiyası səviyyəsiz, bayağı musiqilərin efirə buraxılmaması üçün təşəbbüs göstərməlidir.Ölkənin efir məkanı bozbaş müğənnilərlə, musiqilərlə dolub və bunların qarşısı vaxtında alınmalıdır”. Nazir həmçinin hələ o zaman bildirmişdi ki, Mədəniyyət və Turizm Nazirliyi milli adət-ənənələrimizə xələl gətirən verilişlərin yayımlanmasının qarşısını almaq üçün televiziya kanallarının rəhbərləri ilə xüsusi saziş imzalayıb. Amma vəziyyətin günü-gündən daha da pisləşməsi göstərdi ki, bəzi telekanal rəhbərləri yazılı sənədlərə də əməl etmirlər. Həmin sazişə əməl edilməməsi Milli Televiziya və Radio Şurasının bu il aprelin 28-də keçirilmiş iclasının yekun qərarına əsasən 18 aprel 2010-cu il tarixdə yayımlanan "Ağlasığmaz həqiqətlər" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndinin tələblərini pozduğuna görə "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan etməsindən də bir daha aydın oldu.
Azərbaycan telekanalları bir qrup tərbiyəsiz və yüngül əxlaqlı aparıcının mənasız dedi-qodu yerinə çevrilib və tamaşaçı bu telekanallardan yaxşı bir şey əxz edə bilmir. Bütün efir məkanımızda rəsmi xəbərləri, İTV-nin “Virtual rinq”, ANS-in “Ağıl dəryası”, “Xəzər” Tv-nin “İqtisadi baxış” verilişini və bir neçə digər analitik, ədəbi-bədii, mədəniyyətə dair proqramı çıxmaq şərtilə yaxşı nəsə yoxdur. Şou proqramlar və onların aparıcıları bozbaşdır. İnsan gün ərzində nə qədər hırıldaya, saxta təbəssüm nümayiş etdirə, nə qədər özündən razı ola bilər, ilahi?! Bu qədər səviyyəsiz insan hardan peyda oldu görəsən efirdə? Telekanalların nə veilişləri ürəkaçandır, nə aparıcıları, nə də reklamları. Bütün günü ancaq manıslar danışır,çalır, oynayır, sonra da uşaq və qadın bezlərinin reklamı gedir. Xaricdəki dostlarım hərdən zarafatla məndən soruşurlar ki, orda doğrudanmı əksər insanlar enurezdən əziyyət çəkirlər? Cavab verməkdə çətinlik çəkirəm. Çünki dünyanın heç bir yerində günün istənilən vaxtı, hətta uşaq verilişlərindəki fasilə zamanı qadın bezlərinin reklamı verilmir, bu təcrübə yalnız Azərbaycan telekanallarına xasdır. Yaxud “Dadlılar” nə vaxtdan Azərbaycanın fəxri oldu ki? Bu xalqın, bu torpağın fəxr edəcəyi igidləri, sənətkarları, dövlət xadimləri ola-ola “Dadlılar Məşuqə” niyə fəxrimiz olur ki?!
Azərbaycan teleməkanında bozbaş verilişlər və aparıcılar o qədərdir ki, saymaqla bitən deyil. Hamısı da özü ağılda bir müğənnini, ya da falçını gətirib oturdur yanında, bir-iki saat qeybət edib, xalqın əsəblərini yerindən oynadıb dağılışıb gedirlər.
Kimdən soruşuram ki, “Ay Zaur”, “Yağ kimi”, “ATV Maqazin”,“106 House”, “Çal-çağır şou”, “Niyə də yox”, “Oxu Dostum”, “Solo”, “Hər səhər”, “Qonaqlıq”,”Toylar kralı”, “Günə baxan”, “Elgizin cümə axşamları”, “De gəlsin”, “Sən bir nəğmə”, “Etiraf”, “Bazar+” verilişi, Rəhim Rəhimli, Murad Arif, Aygün Kazımova, İlkin Həsəni, Yusif Ağayev, Zaur Baxşəliyev, Gülnarə Məmmədova, Turan İbrahimov, Səxavət Nur, Zaur Kamal, Xədicə Mövlazadə, Aynur Məmmədova, Dilarə Əliyeva, Elçin Əlibəyli və digər bu kimi aparıcılar sənə mənəvi olaraq nə verir, deyirlər ki, sadəcə təzyiqimiz aşağı olanda onlara baxırıq ki, qalxsın. Bəs təzyiqi yuxarı olanlar neyləsin indi? Nə vaxta qədər falçıların daimi müştəriləri olan aparıcılar barter qaydasında onları öz verilişlərinə dəvət edib reklam edəcəklər görəsən? Axı televiziyanın bir maarifçilik, normal əyləndirici funksiyası olmalıdır. Şou proqramlar qonşu Türkiyə və Rusiyada da var da. Onsuz da bir çox verilişlər elə həmin ölkələrin telekanallarından “copy-paste” edilib,amma pinti formada. Halbuki hansısa veriliş hazırlananda milli xüsusiyyətlər, tamaşaçının adət-ənənəsi də nəzərə alınmalıdır, təbii ki, əgər tamaşaçının rəyi telekanal rəgbərliyi üçün bir əhəmiyyət daşıyırsa. Daşımırsa indiki vəziyyət tamaşaçının özünə başqa dildə, başqa tezliklərdə efir məkanı axtarmasına kifayət edir. Məsələn, ingilis dilini bilməsə də, adət-ənənəyə bağlı istənilən azərbaycanlı tamaşaçı heyvanlar aləmindən bəhs edən verilişlərə həvəslə baxar, amma “Ay Zaur”a baxmaz. Çünki mən özüm bu verilişə bir dəfə təsadüfən baxdım, onda da gördüm ki, Natəvan Həbibova adlı müğənni Türkmənistandan Azərbaycana hansı səbəbdən gəlməsindən danışarkən atası ilə küsülü olmasını necə həvəslə danışır və s. Bu verilişə baxan, müğənninin öz atasına münasibətini eşidən gənc qızlarımız yaxşı nə öyrənə bilərlər? Azərbaycan əxlaqına görə, nəinki qız, ümumiyyətlə övlad atanın, ananın üzünə qayıda bilməz, amma bozbaş verilişlər gənclərə bunun əksini aşılayır. Yaxud Turan İbrahimovun təqdimatında “Günə baxan” verilişində aparıcı əlləri cibində əvvəlcə DJ Çina ilə “məhlə uşağı” kimi hal-əhval tutur, sonra mətbəxə qaçır, ondan sonra da dərdli bir insan, məsələn oğlunu itirən ata-ana studiyaya dəvət olunur, amma DJ Çinanın “dups-dups” musiqisinin müşayiəti ilə. Bu heç bir normal məntiqə sığmır ki, dərdli bir insanı bu cür musiqi ilə studiyaya dəvət edəsən. Sonra da deyirlər ki, Turan jurnalistdir, bəli biz də bilirik ki, Turan jurnalistika fakültəsini bitirib, amma əgər ANS-də doğrudan da onu jurnalist hesab edirlərsə niyə bir dəfə “Milli metr” layihəsini Turanın təqdimatında, “Günə baxan”ı isə məsələn elə Mirşahinin təqdimatında efirə vermirlər? “Milli metr” demişkən yadıma Mirşahinin verilişin anonsunda dediyi “Xüsusilə ağıllı olanlar üçün” fikri düşdü. Bu fikirdən həm də belə nəticə çıxarmaq olar ki, həmin verilişə baxanlar ağıllı, baxmayanlar isə ağılsızdırlar. Burdan sual yaranır ki, Siz əminsinizmi ki, ölkənin bütün ağıllı insanları veriliş efirə gedən vaxtda bütün işini-gücünü atıb onu izləyir? Həmin vaxtda mühüm dövlət əhəmiyyətli işlər həyata keçirən və ya bu verilişi deyil, hansısa xarici telekanalda maraqlı bir proqramı seyr edən insanlar da ola bilər, indi ağıllı olduğunu sübut etmək üçün hamı “Milli metr”imi izləməlidir? Verilişi baxımlı etmək üçün başqa üsullar fikirləşmək olmazdımı?
Mənim imkanım olsaydı ümümiyyətlə bozbaş müğənni və aparıcıları nəinki efirə, heç teleşirkətin darvazasından içəri buraxmazdım. Bu gün gənclərə Alim Qasımov, Zeynəb Xanlarova kimi insanların sənəti təbliğ olunmalıdır. Qoy sənətə gəlmək istəyən gənclər onlardan, Brilyant Dadaşovadan,Sevda və Elmira Ələkbərzadələrdən, Zülfiyyə Xanbabayevadan,Gülyaz və Gülyanaq Məmmədovalardan, Lalə Məmmədovadan, Azərindən nümunə götürsünlər, özünü “ulduz” sayan bozbaş müğənnilərdən yox. Televiziyaya aparıcı kimi işləməyə gələnlər bozbaş aparıcılara deyil, Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Natavan Hacıyeva, Gülşən Əkbərova,Nərgiz Cəlilova,Ülkər Quliyeva, Aygül Qaradağlı,Telli Pənahqızı,Dilarə Səlimova, Rafiq Həşimov, Nailə İslamzadə, İlhamiyyə Rzayeva kimi tamaşaçı sevgisi qazanmış insanlara örnək kimi baxmalı, onlardan öyrənməyə çalışmalıdırlar. Bu cür insanlar milyonların sevgisini qazandığı halda özünü heç vaxt “ulduz” hesab etməyib, halbuki xalq həmişə geyinməyi, danışmağı onlardan öyrənməyə çalışıb. Amma indiki aparıcıların bir çoxu “ulduz xəstəliyi” adı altında əslində şizofreniyadan əziyyət çəkir, özlərini ən tanınmış, ən sevimli aparıcı hesab edirlər. “Böyüklük maniyası” xəstəliyinə yoluxmuş aparıcılar bu gün ya soyunmağı təbliğ edir, ya da tərbiyəsizliyi. Xalq belələrindən nə götürə bilər axı? Bu günlərdə tarix elmləri doktoru Əli Həsənov da bir dövlət xadimi və ziyalı kimi haqlı olaraq bildirdi ki, “Televiziya elə bir institutdur ki, bütün dövlətlərdə cəmiyyət həyatının aparıcı vasitəsidir. Əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən, inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək istəyiriksə, ictimai davranış normalarını getdikcə yüksəltmək istəyiriksə, teleradio fəaliyyətinə, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirək. Tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə götürür. Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil.” Eyni məzmunlu fikri bu gün MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bildirib:“Televiziya kanallarında keyfiyyətli verilişlərin azlığı, şou-biznes verilişlərinin çoxluğu, verilişlərdəki sünilik, bəsitlik, cəmiyyətdə o qədər də nüfuzu olmayan insanların tez-tez ekranlarda görünməsi və örnək kimi təqdim olunması bizi çox narahat edir”.Bu fikirlər Azərbaycanın müasir teleməkanının necə acınacaqlı vəziyyətdə olduğunu təsəvvür etmək üçün kifayətdir. Amma hələ də tənqiddən nəticə çıxaran, nöqsanları aradan qaldıran yoxdur. Çünki nəticə çıxarmalı olanların başla düşünməsi lazımdır, mədə ilə yox.
Çıxış yolu həmişə olub və bu gün də var. Əvvəla “Mədəniyyət” telekanalı mütləq nə vaxtsa açılmalıdır ki, zəngin Azərbaycan mədəniyyəti düzgün istiqamətdə təbliğ olunsun və bozbaş müğənnilər, aparıcılar ora buraxılmasınlar.Ümumiyyətlə isə bizim milli teleməkanı bu vəziyyətdən yalnız inzibati metodlar xilas edə bilər. Türkiyənin özündə də Radyo Televizyon Üst Kurulunun səlahiyyətləri Azərbaycan Televiziya və Radio Şurasının səlahiyyətlərindən dəfələrlə çoxdur. Ona görə də, həmin qurum efirə nəzarəti həyata keçirərkən hansısa telekanalın yayımını dayandıra da bilir. Bizdə isə MTRŞ əvvəlcə gərək hələ bir məhkəməyə müraciət edə. Hansısa aparıcı bir gün efirdə hamının gözü qarşısında soyunacaqsa, yaxud insanları itaətsiliyə çağıracaqsa uzun uzadı məhkəmə çəkişməsinə nə ehtiyac var ki? Həmin verilişin və telekanalın yayımını anındaca dayandırmaq lazımdır ki, başqalarına da dərs olsun, aparıcılara qarşı daha tələbkar olsunlar, hər yoldan keçəni efirə, xalqın qarşısına çıxarmasınlar. Başqa yol isə budur ki, müəyyən müddətə özəl telekanallarda canlı verilişlər ləğv olunmalıdır. Əks halda bizim efirimiz hələ uzun müddət belə bərbad vəziyyətdə olacaq.
Xanlar Xoca
0 коммент.:
Отправить комментарий