
Deyirlər “ilan ulduz görməsə ölməz”. Bizim bu cəmiyyətdə də elə adamlar var ki, onların səhvini üzünə deməsən narahat olurlar, mütləq nəsə edirlər ki, kim olduğunu deyəsən. İndi haqqını tələb edənə, düz danışana çox vaxt ya demaqoq deyirlər, ya da dəli. Ona görə də çox adam elə harda nə istədilər, nə qədər istədilər verir ki, təki adına demaqoq, ya da dəli deyilməsin. Halbuki bu sözdən narahat olmaq lazım deyil əslində. Atalar min il əvvəl deyiblər ki, “Meymun baxar güzgüyə adını da qoyaq özgəyə”. Yəni ki, kimsə sənə dəli, ya da demaqoq deyirsə deməli səni güzgü bilib özünü görüb, eyb etməz qoy desin, “İti sahibinə görə vurmazlar”. Gərək vəzifəsinə, işinə görə yola verəsən, amma öz haqqını qorumaq şərtilə. Haqqını qapısında qoruya bilməyənlər isə hər şeyi “yuxarılar”ın üstünə atmaqla öz vətəndaşlıq borclarını bitmiş hesab edirlər. Halbuki əvəzində elementar hüquqlarını bilsələr və müdafiə etməyə kiçik bir təşəbbüs göstərsələr daha yaxşı olardı. Amma əvəzində nə edirlər? Harda bir sözünü,danışığını bilməyən, harda nə gəldi deyən manıs var, harda bir lüt, bədəni çöldə, abır-həyası bayırda qalmış müğənni var ona ya çəpik çalırlar, ya da üzündən öpüb, əlindən tutmaq üçün basabas salırlar, buna da imkan çatmayanda gic mahnılarını “zəngimcell”ə qoyurlar və təsadüfən bu cür birinə zəng edəndə zəng etdiyinə peşman olursan.
Bayaq dəli dedim yadıma başqa bir məsələ düşdü. Aprelin 1-i saytların birində Rəşad Məcidin çox doğru bir fikrini oxudum ki, “Camaatın yumor hissi elə bil ölüb. Hamı robotlaşıb. Zarafat heç kimə çatmır.”
Razılaşmamaq olmur. Məsələn, həmin gün “Röya Aygünlə barışdı” başlıqlı bir xəbər yayıldı. Aygün inadla susdu və heç bir münasibət bildirmədi, amma qeyri-etik bir ifadə də işlətmədi, Röya isə tələsik də olsa mədəni şəkildə xəbəri təkzib etdi, hələ barışmaq fikrində olmadığını izhar etdi. Amma prodüsseri Kənan adlı biri Anspressə deyib ki, "Dəlinin biri ağlına gələni yazıb, hamı da inanıb". Təbii ki, kiminsə haqqında əlində heç bir dəlil sübutu olmadan bu ifadəni işlətmək adi iş deyil. Bu ifadəyə görə bu adamı rahatca məhkəməyə vermək, dediyini isbatlamağı tələb etmək olar, amma necə deyərlər “yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal”. Arada Röya var axı, məcbursan Röyaya görə üstündən keçəsən. Həm də bağışlamaq böyüklükdür. Biz axı bəzi müğənnilər kimi hər sözün başına ip salan deyilik ki, ucundan tutub ucuzluğa gedək və kiminsə haqsız olduğunu sübut etməyə çalışaq. Həm də prodüsseri məhkəməyə vermək də adımıza yaraşmır. Cüzi maaşa işləyən adamdan nə təzminat tələb etmək olar ki? Məncə hər şeyi səbrlə yola vermək lazımdır. Onsuz da xalqın gözü tərəzidir.
İndi bir az da Azərbaycanın “Eurovision”dakı iştirakı barədə. Azərbaycan artıq üçüncü ildir ki, bu müsabiqədə iştirak edir, amma hələ də mən o müsabiqədə milli musiqini və gözəl Azərbaycan dilini eşitmirəm. Gedənlər ya ingilis dilində qışqırırlar, ya da gödək paltarları ilə “üzümüzü ağ edirlər”. Azərbaycanda bu qədər istedadlı bəstəkarlar var, hansı ki, Aygün Səmədzadə, Eldar Mansurov, Nadir Əzimov, Vüqar Camalzadə və adlarını çəkmədiyimiz başqaları kimi adları dərhal yada düşür,amma müsabiqə üçün mahnını əcnəbi yazır. Niyə görəsən onların bacarığından istifadə edilmir, hansısa bəlkə də heç xəritədə Azərbaycanın yerini bilməyənlər bizə musiqi yazır və ya Araş kimi biri bizi təmsil edib azərbaycanlı olmadığını da hər dəfə təkrar edir. Guya bu xalqa lazımdır o? Bu xalqın Xətai, Həzi Aslanov, Heydər Əliyev kimi oğulları olub, təbii ki, Araş azərbaycanlı ola bilməz. Mən ona inanıram. Amma bu xalqı Avropaya da öz milli musiqisi ilə tanıtmalıyıq. İndi görək “Drip drop”da hansı milli musiqi elementi var? Nə dili millidir, nə də musiqisi. Yaxşı fərz edək ki, bir möcüzə oldu, Səfurə oldu qalib, bu Azərbaycan mədəniyyətini təbliğ etmək üçün bir fayda verəcəkmi? Verməyəcək. Amma Harel Skaatın “Milim” mahnısı İsrail xalqının qədim mədəniyyətini, dilini çox gözəl təbliğ edəcək, qalib olsa da, olmasa da. Avropa bu dili bir də duyacaq, bu mədəniyyəti bir də tanıyacaq. Yoxsa Azərbaycandakı bəzi müsabiqələr kimi sonra “Türkiyə bizə 12 xalı vermədi” deyib nə var ki, umu-küsü etməyə. Məncə müsabiqə ədalətli keçirilirsə Azərbaycan da, Türkiyə də 12 xalı Ermənistanı çıxmaq şərtilə istədiyi ölkəyə verə bilər və bundan inciməyinə dəyməz. Qalib olmaq üçün sənət göstərmək lazımdır, çılpaq ayaq, ya da sinə yox. Bu müsabiqədə əgər heç olmasa köhnə estrada mahnılarımızdan, dahi bəstəkar Tofiq Quliyevin musiqilərindən ifa olunsaydı mən müsabiqənin favoriti olacağımıza inanardım, amma Səfurə Əlizadə və “Drip drop”la buna inanmaq bir qədər çətindir. Hər halda Səfurənin qalib olmasını arzu etməyə məcburuq, ifasına görə deyil, mahnısına görə deyil, yalnız və yalnız Azərbaycanı təmsil etdiyinə görə.
Son olaraq bəzi “sənətçi”lərin və “züytutan”ların jurnalistlərə olan mənfi münasibətinə cavab olaraq qeyd edim ki, kimsə əlində disk tutur, kimisi şam, kimisi qələm, kimisi də əldə silah Vətənin keşiyində dayanır. Qələmin də bir silah olduğunu nəzərə alsaq qələm tutan hara, şam tutan hara? Bunların fərqi o qədər böyük və aydındır ki, müqayisə etməyinə belə dəyməz. ən azı ona görə ki, bəstəkar Aygün Səmədzadə demişkən, “Raskrutkası yaxşı olsa keçidən də ulduz eləmək olar”.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий