Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Düz deyiblər ki, “qulaq gündə bir söz eşitməsə kar olar”. Müğənni Sevda Yəhyayeva qulaqların kar olmaması üçün deyib ki, “sənətçi utanmamalıdır”. Yəni ki, sənətçi gərək utanmaz ola. Guya ki, utanırdılar, bu da mənfi bir hal imiş, Sevdanın fikrincə belə olmamalıdır. Əslində bu utanmazlıq cəmiyyətimizin hər sahəsində var və hətta çoxdur. Məsələn biri utanmadan rüşvət alır, digəri aparıcı qismində utanmadan efirə, məsələn “Arsız tv”-yə çıxıb ağzına gələni danışıb, özü də etiraf edir ki, “mən hörmətsiz və ədəbsizəm”, bir başqası kiminsə elmi işini öz adına çıxır, o biri içində həşəratlar üzən rəngli suyu yüz faiz meyvə şirəsi kimi camaata sırıyır və s. Yəni utanmazları biz və siz hər gün görürürk, onlar hər yerdə var. Elə jurnalistlər arasında da. Məsələn bəzi utanmaz müğənnilərlə daha çox təmasda olan jurnalistlərlə iki dəqiqə ünsiyyətdə olanda dərhal məlum olur ki, adamda artıq problemlər var, özünü bir az dartır guya ki, bu hansısa dünya ulduzu filanla həmsöhbət olub nə vaxtsa. Belə də baxanda heç dünya ulduzunu da hansısa əhəmiyyətsiz bir yerə qaravulçu qoymaq olmaz, o ki ola bizim bir-birinin saçını yolmaqla, ya da hansısa məmurun altına yıxılmaqla “ulduz”laşanlar. Ola bilər məndən inciyənlər olsun, amma bir içim su onlara yetər. Bis isə qaldığımız yerdən davam edək. Hə, onu deyirdim axı, bizim mətbuatda hər cür adam var, yal yeyəndən tutmuş bal yeyənə qədər. Di gəl, üzü üzlər görmüş elə adam var ki, balı da adam kimi yeyə bilmir. Özünü mətbuatın ulduzu sayır, yazılarının guya çox “tıklanma”sı ilə öyünür. Amma bu ölkədə internetdən az-çox anlayışı olan uşaq da yaxşı bilir ki, sayğac kimin əlindədir və ondan necə istifadə edir, yenicə sayta qoyulan xəbərin oxunma sayı qəfildən necə mini keçir. Həm də kiminsə yazısının çox oxunması da o demək deyil ki, onu sevərək oxuyurlar. Yazını oxuyanların dodağının altında nə deməsi onun oxunma sayından daha önəmlidir. Kobud da olsa bir misal çəkəcəm. Türkiyədə Matilda Manukyan adlı bir erməni qadın 10 il ardıcıl olaraq vergi rekordçusu olub və buna görə mükafatlar qazanıb. Amma o bu rekordu kitab satmaqla, fabrik,zavod açıb nəsə istesal etməklə deyil, “ümumxanalar” saxlamaqla qazanmışdı. Özündən başqa kimsəni bəyənməyən, amma yal yemək üçün kiminsə qarşısında ikiqat olanların Matildadan bir fərqi yoxdur məncə, olsa da adlarında olar, məzmunu eynidir, hər ikisi rekordçudur və bununla fəxr edir. Bizdə bəziləri kitabı da elə satır ki, kitabı lap gözdən salır. Bəziləri isə hələ də hökumətdən yeyə-yeyə bir ayağını da müxalifətə tərəf qoyur ki, birdən vəziyyət dəyişsə bunun güzəranı dəyişməsin. Məsələn, məmur var ki, bir neçə mətbuat vasitəsi yaradıb, amma həmin mətbuat vasitələrindən birində də Əli Kərimlinin məqaləsinə tutarlı bir cavab verən olmadı, yalnız kiminsə açıqlamasını verməklə kifayətlənib Əli Kərimli ilə körpünü yandırmamaq xətti götürdülər. Təkcə mətbuat deyil, hər gün telini darayıb poz verib hansısa mövzuda nəsə qırıldadan politoloq ekspertlərin də arasında biri tapılmadı ki, belə bir cavab verə, yaxud da “Washinqton post”a bir məqalə yaza. Əli Kərimli “Yazını pulla dərc etdirib” deyənlər də oldu. Bəs il uzunu bu hökumətin hesabına pul qazanan, obyekt işlədən bir deputatda ya məmurda müxalifətdə olan Əli Kərimlinin pulu qədər pul olmadımı ki, “Washinqton post”da bir məqalə çap etdirsin? Yoxsa “Washinqton post”da məqalə çap etdirmək Polat Alemdarı, Hadisəni, 50 Centi, Akonu Bakıya gətirməkdən də çətin bir iş olub,xəbərimiz yoxdur? Az qala qulluqçusunu da internetdə axtarıb Filippindən sifarişlə gətirdən məmur istəsə “Washinqton post”u ofis qarışıq alardı. Ona görə də, birdəfəlik deyin ki, biz hazıra nazir olmaq istəyirik də.
Qarabağ üçün ürəyi yanan oğlan film çəkdirməkdən öncə yaxşı olar ki, Qarabağda qol qıçını itirmiş oğlanlara bir əl tutsun, bu elə ən böyük vətənpərvərlik olar, yoxsa Qarabağı almamış yalandan uşaqlar kimi “dava-dava” oyunu göstərməyin mənası nədir görəsən? Gənc yaşında vətən uğrunda əlil olmuş bir insan onun sağlamlığı bahasına zənginləşən birinin çəkdirdiyi filmə görə hər halda “çox sağ ol” deməyəcək.
Sonda onu da qeyd edim ki, ötən həftə AXCP sədrinin bloqunun dağılması haqqında xəbəri oxuyanda maraq məni bürüdü, çünki o bloqda hackerləri cəlb edəcək bir şey də yox idi, ona görə mən də Wordpressin adminstrasiyasına müraciət etdim ki, doğrudanmı belə bir haker həmləsi olubmu, ya yox? Məlum oldu ki, Wordpressin hətta tarixində haker hücumu nəticəsində bloq dağıtma halı qeydə alınmayıb. Kişilkdən danışan AXCP sədri hədəfi düz seçməyib və əsassız ittiham etməyə yenə də tələsib. İndi Əli Kərimli öz bloqunu və ya parolunu kimə etibar edir bilmirəm, amma hər halda bloqla məzələnənləri öz ətrafında axtarsa daha effektli olar, nəinki əks tərəfdə. Bu araşdırmanı elə Əli Kərimlinin bloqun dağılmasından danışdığı kişiliklə bağlı yazısını oxuyandan dərhal sonra aparmışdım, sadəcə gözlədim ki, bəlkə tv və mətbuatda sinəsinə döyənlər məndən qabaq nəsə edərlər. Təəssüf ki, ölüm-itim xəbəri yaymaqda lider olanlardan səs çıxmadı, ya da ola bilsin yenə ayaq yeri saxladılar.
Bir sözlə Sevda Yəhyayeva narahat olmaya bilər, onun görmək istədiyi formada adamlar çoxdur. Çünki bu cəmiyyətdə əksəriyyət istəyir ki, oğlu olsun.

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий