Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Ötən ay millət vəkili Elmira Axundovanın gözəl bir təklifi oldu: “28 Aprel Analar günü kimi qeyd edilsin”. Bu təklifi hərə bir cür qarşıladı, bəyənən bəyəndi, bəyənməyən bu təklifin qəbul ediləcəyi halda ölkədə gender bərabərliyinin pozulacağını iddia etdi. Hətta millət vəkili Musa Quliyev bildirdi ki, “Hesab edirəm ki, bu təklif kişilərə qarşı bir diskrinimasiyadır. Bəli, ana müqəddəsdir, bəs, ata? Yaxşı, ana gününun qeyd edilməsini istəyirik, bəs ata günü harada qaldı? Özü də gender bərabərliyindən danışırıq. Hər halda kifayət qədər bayramlarımız var. Yenisinə ehtiyac yoxdur.”

Əslində isə cəmiyyətimizdə ən çox haqları pozulan qadınlardır. Dünyaya gəldiyi gündən son nəfəsinə qədər alnına kiminsə qayğısına qalmaq yazılan qadınlar cəmiyyətimizdə qanunla kişilərlə eyni hüquqlu olsalar da adət-ənənə baxımından kölədirlər. Əvvəllər heç olmasa növbəyə duranda, ya da ictimai nəqliyyatda qadınlara hörmət edilirdi, indi o da nağıla dönüb. Şəhla Əbusəttarın vərəsəlik hüququ ilə bağlı araşdırması da bunu bir daha sübut edir. Azərbaycan qadınının hüququ dünyaya gəldiyi gündən pozulur, kimsə qız övladı istəmədiyi üçün bəzən uşaq dünyaya gəlməmiş abort etdirir, dünyaya gətirən isə adını ya Yetər qoyur, ya Bəsti,ya da Kifayət, sonra da “sabah ərə gedəndə əlindən bir iş gəlməyəcək, səni qovacaqlar” deyə-deyə o qədər ev işləri ilə yükləyirlər ki, qızlar ərlik yaşına çatmamış qocalırlar. Adi bir müşahidə aparan hər kəs görə bilər ki, qızların əksəriyyəti qara paltar geyirlər və üzlərində çox nadir hallarda təbəssüm görmək olar. Çünki bu qızlar hansı cəmiyyətdə yaşadıqlarını və düşünmədən atdıqları istənilən bir addımın adlarının ləkələnməsi ilə nəticələnəcəyini yaxşı bilirlər. Kişilər istədikləri oyundan çıxa bilərlər, cəmiyyət onlara haqq qazandıracaq, amma bu qadınlara aid deyil. Qadınlar hər addımda düşünməli, suyu da ətrafa baxa-baxa içməlidir ki, görən olmasın. Qadınlara zərif deyə-deyə zəiflədiblər. Hətta bu zəiflik o həddə çatıb ki, bəzən yenicə ailə quran gənc xanımlar da borca girib UZİ-yə gedirlər ki, dünyaya gələcək körpəsinin oğlan, ya qız olmasını öyrənsin, qız olacaqsa abort etdirsin. Halbuki Məhəmməd Peyğəmbər “Övladlarınız arasında fərq qoymayın, əgər fərq qoymaq lazım gəlsəydi mən qızları üstün tutardım” söylədiyib. Unutmaq olmaz ki, çox atalar olub oğul övladını qızından üstün tutub, amma sonda qızının ümidinə qalıb. Ona görə də Allahın verdiyinə şükr etmək lazımdır, naşükürlük yox.

Bu ölkədə qadınlardan ən yüksək vəzifə sahibi Elmira Süleymanovadır, onun da ikinci dəfə Ombudsman seçilməsi az qala qısqanclıqla qarşılanır, hərə bir açıqlama verir, “73 yaşı var, fiziki imkanları işinin öhdəsindən gəlməsinə imkan verməz” deyirlər, guya Ombudsmanlıq əlbəyaxa döyüş idmanıdır, bunlar da “biz kişilər qala-qala qadınmı döyüşə gedəcək” deyirlər. Millət vəkili Gültəkin Hacıbəylinin verdiyi açıqlama nəticəsində aydın oldu ki, icra başçıları arasında bir nəfər də olsa qadın yox imiş. Heç şübhəsiz ki, o yolları bərbad, əhalisi işsiz, evləri işıqsız qalan rayon və şəhərlərdən hansına qadın icra başçısı qoyulsa mütləq oranı abad edəcək. Çünki qadın olan yerdə mütləq səliqə-sahman olur. Hansısa kişi cinsindən olan məmur işçinin, vətəndaşın boğazından kəsib eyş-işrətə xərcləyir, sonra da insanların haqqlarını tapdaladığı, korrupsiyaya qurşandığı üçün azadlığını itirməli olur, vətəndaş isə yenə də bir şey qazanmır, amma məmurların heç olmasa 50 faizi qadın olsa həm idarələrdə qayda qanuna daha çox əməl olunar, həm də aşağıdan yuxarıya gedən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə azalar. Çünki qadın həm də anadır, ana olan bir insan heç vaxt qəbuluna gələn insanı qapıda gözlədib televizor seyr etməz, ehtiyacı olanı, haqqı pozulanı naümid qaytarmaz, əlindən gələni edər ki, heç olmasa bir xoş sözlə ona pənah gətirənin qəlbini ovuda bilsin. Ona görə də iri şəhərlərdən bir neçəsinə qadınlar rəhbər təyin olunsa, nazirlərdən heç olmasa biri qadın olsa, parlamentdəki qadın deputatların sayı 50-yə çatdırılsa gözəl olar.

Azərbaycan qadını hər şeyə qadirdir, istedadlıdır, zəhmətkeşdir, vətənpərvərdir, sadəcə cəmiyyətdə qədrini bilən yoxdur. Hələ ki, kişilər qadınları xəyanət etdiyi üçün döyür, işgəncə verir,sonra da qətlə yetirir, amma xəyanət edən kişilərə gözün üstə qaşın var deyən yoxdur. Çünki Azərbaycan qadını əksər hallarda hüququnu bilmir, hüququnu biləndə isə qarşısını “el-oba mənə nə deyər” düşüncəsi kəsir. Mentalitet deyilən bir şey qadınlarımızın əl-qolunu elə bağlayıb ki, döyülsə də, söyülsə də ərini haqlı sayır, çünki ona hələ ər evinə getməmiş “ərin sənin Allahındır”, “ər evindən ancaq meyidin çıxa bilər” deyib yola salırlar, yəni bir növ ata evinin qapısını qızların üzünə həmişəlik çırpırlar və nəticədə geriyə yol olmadığını görən qızlar ya döyülüb ölür, ya da döyülməkdən bezib özü özünü öldürür. Amma biz hələ də kişilərə qarşı diskriminasiya ola biləcəyindən danışırıq. Axı hər şey göz qabağındadır. Hansı cinsin əzən, hansının isə əzilən olduğu sirr deyil, belə olan halda 8 Mart Beynəlxalq Qadınlar günündən əlavə 28 Apreldə Analar günü qeyd olunsa məncə biz kişilər heç nə itirmərik, onsuz da onlar bizdən çox şey istəmirlər, səmimi qəlbdən deyilən bir təbrik də onların ürəyini ələ alıb, il uzunu çəkdikləri əziyyətləri unutmağa yetərlidir. Dünyaya da, evlərə də gözəllik gətirən, işıq salan qadınlardır və onların dəyərini bilmək lazımdır. Qadınlar dünyanın bəzəyidir. Onları nə qədər təbrik etsək də, ən gözəl hədiyyələrə qərq etsək də azdır. Kövrək və həssas, diqqət və nəvazişdən başqa heç nə ummayan qadınlara dünyanı bağışlaya bilmiriksə dünya boyda sevinc bağışlayaq. Qoy bütün qadınların üzü gülsün. Qadınlar gülsə dünya da güləcək.
Bayramınız mübarək Əziz Xanımlar!!!

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий