Advertise Here

Bəziləri isə efir deyəndə deyəsən təkcə televiziya nəzərdə tutulduğunu zənn edir və yəqin elə buna görədir ki, radio efirində sözün əsl mənasında “bespredel” hökm sürür. Kim nə istəyir danışır, deyir, gülür, dinləyici ilə məzələnir, ingilis, rus dillərində bildiyi sözlərdən kokteyl düzəldib çərənləyir, bir sözlə efir vaxtı bitənə kimi təkcə vaxt öldürmür, həm də radio dinləyicilərinin zövqü, əsəbləri ilə oynayır, Azərbaycan dilini təhqir edirlər. ANS ÇM radiosunun efirində “Süranə” adlı bir veriliş səslənir. Mən dilçilərdən soruşmaq istəyirəm, varmı Azərbaycan dilində belə bir söz? Yoxsa kim nə söz istəsə düzəldə bilər? Azərbaycan Cinayət Məcəlləsinin vəzifəsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan, Ailə Məcəlləsinin vəzifəsi isə ailənin ümumbəşəri prinsiplər əsasında qurulması,ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması,ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması, uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsindən ibarətdir fala baxmaq üçün deyil. Amma Milli Qəhrəman, Xocalı faciəsinin aşkara çıxmasında misilsiz hünər göstərmiş Çingiz Mustafayevin adını daşıyan radionun gecə efirində “Qru Tofiq” adlı Dj Cinayət Məcəlləsi və Ailə Məcəlləsi ilə məhz fala baxır və ən acınacaqlı hal budur ki, efirə zəng edən gənc qızlar onun hər kəlməsinə kortəbii inanırlar. Həmin “Qru” ləqəbli DJ dünən gecə zəng edən xanım dinləyiciyə təxminən belə bir sual verdi: “Yorğanın altından danışırsınız? Əliniz indi hardadır?” Bu Milli Teleradio Şurasının iradlarını qəbul etmək istəməyən bir radionun efirindən dünən gecə eşitdiyimdir. Bu radionu davamlı izləyənlər belə misalları daha çox göstərə bilərlər. Demək olar ki, “İctimai radio”nu, “Media Fm”-i, “Xəzərin səsi”ni, dövlət radiolarını, internet radiolarından isə “Day.az”-ı çıxmaq şərtilə bütün özəl radiolarda eyni vəziyyət hökm sürür. Hərdən düşünürəm ki, nə yaxşı ki, Day.az radiosu və onun “Cahan” verilişi var, yoxsa doğrudan da radio efirimiz çox kasib və bərbad görünərdi. Televiziyalarda da vəziyyət ürəkaçan deyil. “Yağ kimi”, “Qonaqlıq” və s. bu tip verilişlər hələ də insanları Azərbaycan teleməkanından didərgin salmaqda davam edir. Amma nə qədər tənqid səslənsə, iradlar bildirilsə də xeyri yoxdur, “dəyirman öz işindədir, çax-çax baş ağrıdır” məsəlində olduğu kimi. Dəfələrlə ANS-də Sevil Nuriyevanın heç olmasa bir verilişinə sona qədər baxmaq üçün özümə nə qədər zülm etsəm də alınmır, ona görə yox ki, səbrsizəm, yox, səbrim də, əsəblərim də yerindədir, sadəcə xanımın osmanlı türkcəsindən gen-bol istifadə olunmuş bir kitablıq cümlələrini başa düşmək çətindir. Qulaq asanda sanki şifahi olaraq “sözləri ardıcıllıqla düz” oyunu oynayırsan. Turan İbrahimovun “Günə baxan” verilişində də eyni vəziyyət yaşanır, həm də daha pis formada. Məsələn bu verilişdə, oxucularımdan üzr istəyirəm, tez-tez tin uşaqlarının sözləri işlədilir, bir dəfə hətta özüm onun dilindən “fuflo” sözünü eşidəndən sonra yaxın bildiyim insanlara televiziyadan uzaq durmağı məsləhət bilmişəm. Məncə elə sözlərə ehtiyac olsa elə Eminemin, Tupakın, ən azından Elşad Xosenin ifasını dinləmək pis olmaz. Həm də Turan cümlənin əvvəlində nə dediyini sonuna çatmamış unudur ki, bu da onun mənasız əl-qol hərəkətlərini daha da mənasızlaşdırmaqla bərabər çatdırmaq istədiyi təsadüfi bir mənalı fikri də əhəmiyyətsizləşdirir. “Elgizin cümə axşamları” haqqında danışmağı isə sadəcə artıq bilirəm və vaxt almaq istəmirəm, özünüz hər şeyi görürsünüz onsuz da. Verilişin qırxının çıxmasını gözləyənlər az deyil. Heç Sovet dövrünü demirəm, elə müstəqillik illərində Nailə İslamzadə, İlhamiyyə Rzayeva, Səadət Məmmədova, Leyla Tağıyeva kimi aparıcı və telejurnalistlər yetişmişdi, tamaşaçı sevgisi qazanmış, televiziyaları da tamaşaçıya sevdirməyi bacarmışdılar. Bu xanımların diksiyası, efir mədəniyyəti, geyim tərzi məncə bu günki aparıcılar üçün nümunə olmalıdır. Amma bu gün Leyla istisna olmaqla adlarını çəkdiyim insanlar öz iradələrinin ziddinə olaraq və ya bu günki televiziyalarda peşəkarlar üçün yaradıcı mühit olmadığı üçün öz peşələrindən uzaq düşüblər. Onların əvəzində ekranda, efirdə diletantlar at oynadır, iki sözü düzgün tələffüz edə bilməyənlər çıxıb xalqa dərs keçməyə təşəbbüs göstərir, amma düşünmür ki, xalq axi bu televiziyalara baxmır. İndi hətta bəzi aparıcılar var-dövlət qazanmağa o qədər həvəs göstərirlər ki, özlərinə bəzi müğənnilər kimi “sponsor” da tapmağa imkan qazanırlar və bir də görürsən ki, həmişə maaşının azlığından gileylənən bir aparıcı xanım bahalı avtomobildən düşür, sonra da hardasa “obyekt” sahibi olur. Halbuki nə istedadı var, nə peşəkar səviyyəsi, televiziyada da açıq saçıqlıqdan başqa bir yenilik etməyib. Əvvəllər heç olmasa Səadət Məmmədovanın təqdimatında xəbərləri izləmək olurdu, indi qışqıra-qışqıra, nəfəsi kəsilə-kəsilə xəbər təqdim edənlərin sayəsində ondan da məhrum olub Azərbaycana aid xəbərləri ya internetdən, ya da radio efirindən izləməyə məcburuq. Bu vəziyyəti görəndə “Kərəm ağlamasın bəs neyləsin”? Azərbaycan efiri Azərbaycan dili üçündür və bunu birdəfəlik, qəti olaraq bütün aparıcılar, Dj-lər yadında saxlamalıdır. Bəli, biz artıq bilirik ki, bəzi aparıcılarımız Osmanlı türkcəsində gözəl danışırlar, bəyəndik, amma Azərbaycan dili daha gözəldir, Azərbaycan dilində danışaq. Heç olmasa bu dilin rəsmi dil statusu alması, rus dilinin içində əriyib getməməsi üçün Sovet dövründə Heydər Əliyevin çəkdiyi əziyyətləri nəzərə alıb dilimizə hörmət etməli, assimilyasiyaya uğramasına imkan verməməliyik. Ona görə də düşünürəm ki, bu biabırçı vəziyyətə son qoymaq üçün yalnız inzibati üsullara ehtiyac var. Dövlət bütün televiziya və radioların efirinə nəzarəti öz üzərinə almalıdır. Azərbaycanda da Türkiyədəki kimi hansısa televiziyanın yayımı bir neçə saatdan tutmuş bir neçə günədək dayandırılsa onda hər şey yaxşılığa doğru dəyişəcək və Azərbaycan teleməkanından didərgin düşmüş tamaşaçı nəhayət ki, Azərbaycan dilində normal danışıb fikrini düzgün çatdırmağı bacaran aparıcıların təqdimatında normal səviyyəli verilişlərə baxmaq imkanı əldə edə biləcək. O günü çoxları səbirsizliklə gözləyir. O günün tez gəlməsi üçün isə Milli Teleradio Şurasına mütləq əlavə və müstəsna səlahiyyətlər verilməlidir, başqa yol yoxdur.
0 коммент.:
Отправить комментарий