
Korrupsiyadan, rüşvətxorluqdan demək olar ki, bütün cəmiyyət danışır, amma bu neqativ halları yaradan da elə yaşadığımız cəmiyyətin özüdür. Bu barədə çox yazıb, çox danışmışıq, amma vəziyyətin dəyişməməsi yenidən yazmaq ehtiyacı olduğunu göstərir. 8 Mart bayramı öncəsi təhsil naziri Misir Mərdanov bəyan etdi ki, heç kim məktəbdə hədiyyə üçün pul verməsin, heç kim də pul yığmasın, əgər bu qadağaya məhəl qoyan olmasa məktəblilər və valideynlər şikayət üçün yaradılan imkanlardan istifadə edib “qaynar xəttə” baş verənləri bildirsinlər. Bayram bitdi, kimsə hədiyyə qazandı, kimsə də işini itirdi. Məlum oldu ki, dövlət rüşvətxorluğa qarşı mübarizə aparır. 10 məktəb direktoru işdən çıxarıldı, halbuki həmin məktəblərdə oxuyan şagirdlərin valideynlərinin günahı o direktorlardan az deyil. Bəlkə də hansısa direktorun təşəbbüsü ilə deyil, elə hansısa müəllimin və ya yaltaq valideynin təşəbbüsü ilə pul yığımına başlanıb, nəticədə isə direktor işdən azad edilib.
Təbii ki, direktor müəssisənin rəhbəri kimi təhsil ocağında baş verənlərdən xəbərdar olmalı, müəllimin təlim verməklə, yoxsa pul yığmaqla məşğul olduğunu bilməlidir. Amma valideyn də axı öz övladının, dövlətin gələcəyi naminə maraqlanmalıdır ki, məktəbdə hansı proseslər cərəyan edir və niyə hansısa müəllim hər gün və ya hər ay uşağa “pul gətir” deyir. Amma maraqalanırlarmı? Təbii ki, xeyr. Məsələn bayram ərəfəsində çox insanlarla qarşılaşdım ki, “uşaqdan məktəbdə hədiyyə üçün pul istəyirlər, verməsən attestat görməyəcəksən deyirlər” söyləyib hökumətdən narazılıq edirdi, amma hansına elə hökumətin nümayəndəsi olan təhsil nazirinin bəyan etdiyi “qaynar xətt”ə müraciət etməyi məsləhət bildimsə hamısı “20 manata görə özümü biabır edəsi deyiləm ki”, “şikayət eləsəm uşağımı gözümçıxdıya salacaqlar” deyib imtina etdi. Bu cəmiyyət həmişə belə olub, elə Sovet dövründə də.
Kim nə deyirsə desin, mən tam əminəm ki, korrupsiyaya şərait yaradan bu cəmiyyət özüdür və “yuxarılar” korrupsiyaya qarşı nə qədər mübarizə aparsalar da “aşağılar” ən ləyaqətli məmuru da yoldan çıxarıb cibinə nəsə dürtməyə cəhd etməklə bu mübarizəni effektsiz bir hala gətirirlər. Bu bilirsiz nəyə oxşayır? Yol polisi yol hərəkət qaydalarını pozan sürücüləri inzibati qaydada cərimələyir, amma həmin sürücülərə problemlər yaradan, bir çox hallarda qəza vəziyyətlərinin səbəbkarı olan, sərxoş kimi keçidi saxlayıb hasardan aşıb yol keçən piyadalar heç nə olmamış kimi yolarına davam edirlər. Bizim cəmiyyət həmin piyadalara daha çox bənzəyir. Rüşvətxorlar cəzalandırılır, amma onları rüşvətxor edən yaltaqlar, “verənlər” cəzasız qalır. Cəmiyyət o qədər impotentləşib ki, ona yaradılan imkandan istifadə edib haqqını da tələb etmir, əksinə həkimə verir, polisə gedir verir, məhkəməyə gedir yenə verir, hara gedirsə verir və bir gün verməyəndə qapılar üzünə bağlanır. Ona görə də bu verməyi tərgitmək lazımdır. Yoxsa hansısa məmuru işdən çıxarmaqla heç nə dəyişən deyil. Cəmiyyət birinci özünü dəyişməlidir, cəmiyyət dəyişsə onun içindən çıxan məmurlar da dəyişəcək.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий