
Deyirəm bekarçılıq yaman pis şeymiş. Adamlar bekar qalanda ya siyasətlə məşğul olurlar, ya incəsənətlə, ya da son illər olduğu kimi politologiya ilə. İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymanini indi mətbuatda politoloq kimi təqdim edirlər. Bakıda politoloqun sayı çox olan bir vaxtda məncə Süleymaniyə heç ehtiyac da yox idi. Gül kimi Zərdüşt Əlizadə var idi də. Onsuz da onun açıqlamaları İranın mənafeyinə daha çox uyğun gəlir, nəinki sabiq səfirin. Məsələn Z.Əlizadə bu günlərdə İsrail dövlətinin öz əhalisinin təhlükəsizliyinin qeydinə qalaraq əleyhqaz paylamasını “Azadlıq” qəzetinə belə şərh edib ki, “Qonşularına hücum edən, onların ərazisini işğal altında saxlayan, öz əhalisi hesab edilən fələstinlilərə işgəncə verən, on minlərlə insanı cani adlandırıb hərbi əsir kimi həbsxanada saxlayan, bütün beynəlxalq qanunları pozan dövlət əlbəttə ki, qorxmalıdır. Istənilən silahdan istifadə edib ona hücum edə bilərlər. Ondan qisas almaq istəyən, öz hüquqlarını müdafiə etmək istəyən insanlardan qorxmalıdır”. Bu fikri oxuyanda uzun illər Z.Əlizadənin Sosial Demokrat partiyasına necə rəhbərlik etdiyini düşündüm. Separatizm və terrordan əziyyət çəkən Azərbaycanın politoloqunun eyni vəziyyətlə üz-üzə olan İsarili hədəf seçib tənqid atəşinə tutması, az qala təcavüzkar dövlət kimi qələmə verməsi başadüşülən deyil. Şərqşünas politoloq bilməliydi ki, fələstinlilərin əzablarında İsrail yox, terrorçu təşkilatlar olan “HƏMAS” və “Hizbullah”, həmçinin onları maliyyələşdirən dövlətlər günahkardırlar. Bu məsələdə əziyyət tərəf çəkən tərəf varsa o da İsraildir ki, aralarında ərəblər də olan əhalisini terrordan qorumaq üçün ehtiyat tədbirləri görməkdədir. Həm də lap dinc dövrdə də öz əhalisinin təhlükəsizliyinin qayğısına qalmaq hər bir dövlətin vəzifəsidir və hansısa dövlətin buna imkanı çatırsa onu alqışlamaq lazımdır. İsrail heç vaxt hansısa dövləti yer üzündən silmək haqqında bəyanat verməyib və bunu da şərqşünas politoloq nəzərə almalı idi. Terrorçu təşkilatların sıralarında vuruşub günahsız insanları məhv etməkdənsə müasir tipli həbsxanalarda dincəlmək məncə terrorçuların özlərinin də ürəyincədir. Bir də axı onların qeydinə qalmaq bizim işimiz deyil. Biz Qarabağ haqqında, öz torpağından didərgin düşmüş insanlarımız, şəhidlərimiz, Xocalı soyqırımı haqqında düşünməliyik. Biz mənəvi terrorçuluqla məşğul olan və İran erməniləri tərəfindən maliyyələşdirilən “Səhər” televiziyasının erməni mənşəli rəhbərliyinin və əməkdaşlarının mənəviyyatsız, əxlaqsız fəaliyyəti haqqında düşünməli, bu çirkin təbliğat maşınına qarşı mübarizə aparmalıyıq ki, milli simvollarımıza, şəxsiyyətlərimizə qarşı mənəvi terrora son qoyulsun. Bunları demək, bunlardan danışmaq və tənqid etmək lazımdır. Yoxsa sülhsevər və hər zaman danışıqlara hazır olduğunu bəyan edən İsraili tənqid etməyə nə var ki... Ərdoğan da son zamanlar ermənilərin tarix boyu törətdikləri vəhşilikləri unudub Qəzzanı əlində bayraq eləmişdi, yeri gəldi-gəlmədi ərəb dünyasının maraqlarını müdafiə edən bəyanatlar səsləndirir, amma Ermənistana gəldikdə sərhədlərin açılması üçün əlindən gələni edirdi. Bu siyasətin uğursuz və acınacaqlı nəticəsi artıq məlumdur.
Z.Əlizadə isə elə partiya sədri olanda da İran meylli açıqlamaları ilə tanınırdı, indi də eyni mövqedədir. Belə politoloqluqdansa gedib Elza Seyidcahanla ağac əkmək daha faydalı olardı. Çünki ağaclar yaşıllıqdan əlavə həm də havanın təmizliyinə xidmət edirlər.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий