Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Qəhrəmanlardan söz düşəndə mənim yadıma ilk düşən Xocalı olur. Həmişə ayrı-ayrı insanlar qəhrəman olur, amma 1992-cü il fevralın 26-da Xocalı qəhrəman oldu. O gecə hələ dünyanı dərk etməyən körpələr də qəhrəman idilər. Bu gün soyqırım kimi xatırladığımız həmin dəhşətli gecədə bir şəhər qəhrəmancasına vuruşdu və elə qəhrəmancasına da həlak oldu. Bəli, biz indi həmin günü soyqırım kimi qeyd edir, dünyaya da sübut etmək istəyirik ki, əzilən ermənilər deyil, Azərbaycan xalqıdır. Amma hələ ki, istəyimizə çatmamışıq. Bunun bir səbəbi təbii ki, dünyaya hegemonluq edən dövlətlərin ermənipərəstliyidir. Ermənilər ötən əsrin əvvəllərindən “erməni soyqırımı” iddiası ətrafında o qədər təbliğat aparıblar ki, artıq bir neçə dövlətdə bu soyqırımı rəsmən qəbul etdirə biliblər. Niyə? Ona görə ki, ermənilər təkcə aprel ayında deyil hər an, hər dəqiqə, hər gün, hər ay bu mövzuda danışır, bu mövzuda yazırlar. Erməninin zəngini də, yoxsulu da, məmuru da, adi vətəndaşı da, hətta dilənçisi də nə vaxtsa təcavüzə məruz qaldığını düşünür, baxmayaraq ki, bu barədə ağızlardan eşidib, konkret bir fakta şahidlik etməyib. Bəs biz? Sənədləri qoyaq bir kənara. Ortada Xocalı genosidini əks etdirən videolar var ikən Xocalını anmaq üçün gözləyirik ki, nə vaxt fevralın 26-sı gələcək və hamımız bir yerdə bunun bir soyqırım olduğunu deyəcəyik. Spitakda zəlzələ baş verəndə bir erməni qadınını dağıntıların altından çıxarmışdılar, özünə gələn kimi “Qarabağ bizimdir” demişdi, amma bizdə bir hadisə olanda şokdan ayılan insanın ilk soruşduğu doğmaları olur. Bizdə hələ də bəzi oğlanlar sevdiyi qıza görə intihar edə bilir, amma Vətən üçün yaşamaq istəmir, düşünmür ki, bu millətə onu qoruya biləcək kişi lazımdır. Hamı dövlətin nəsə edəcəyini gözləyir. Amma adi vətəndaş da axı öhdəsinə düşəni etməlidir.
Bir neçə gündür cəmiyyətin Xocalıya necə hazırlaşdığını müşahidə edirəm. Çoxları öz kefindədir və hətta rəsmi xəbərlər olmasa bəlkə də bir çoxlarının heç yadına da düşməz ki, həmin gecə qadınlara, körpələrə, qocalara necə divan tutulub, Əlif Hacıyev və digərləri necə qəhrəmancasına döyüşüb həlak olub. ANS-də “Qonaqlıq”, ATV-də “Yağ kimi”, Liderdə “Dostum”, saytlarda da Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlının oğlunun nişan xəbəri və fotoşəkilləri... Beləmi tanıdırıq Xocalını? Biz bu cürmü dünyanın kor gözlərini açıb Xocalı soyqırımını göstərmək, ermənilərin təcavüzkar və qaniçən manyak olduğunu sübut etmək istəyirik? Budur vətənpərvərlik? Heç olmasa bunları fevralın 25-də etməmək olardı axı. Olmazdı deməyin. Xocalı, Qarabağ hamımızın dərdi olmalıdır. Nə qədər ki, bu ölkədə hamı Qarabağ, Xocalı dərdi ilə yaşamır, biz məqsədimizə çata bilmərik. Soyqırım xalqa, millətə qarşı edilən cinayətdir və bu faciəni bir xalq olaraq yaşamalıyıq. Bu işdə heç kim yaxasını kənara çəkə, “qoy bu işlə hökumət, zənginlər məşğul olsun” deməməlidir. Çünki ermənilər xalqımızın körpələrini Xocalıda zəngin, yaxud yoxsul olduğuna görə deyil, məhz azərbaycanlı olduğu üçün amansızcasına qətlə yetiriblər. Heç olmasa fevralın 26-na keçən gecə şəhid olanların, qəhrəmanlıqla döyüşüb vuruşanların xatirəsini yada salıb “biz onlar üçün nə etmişik” sualı ətrafında düşünək və bir gün də olsa zəhlətökən verilişləri, yüngülməcaz xəbərləri verməyək. Heç olmasa bundan sonra Xocalını unutmayaq!

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий