Bəzən kiminsə ən böyük arzusunun çox yaşamaq olduğunu eşidəndə təəccüblənirəm. Çünki insan nə qədər çox yaşasa görəcəyi simasız, yaltaq və buqələmun adamların sayı da artacaq. Elə son 4-5 ildə o qədər dəyişilmiş sifətlər gördük ki. Məsələn, biri var gəzmədiyi televiziya qalmayıb, sonra necə olubsa hansısa televiziyada ikinci-üçüncü adamlardan birinə çevrilib, indi də müdirinin kreslosunun laxladığı barədə şayiələri eşidən kimi hərəkətə keçib, əlavə şayiələri də yaxın bildiyi adamların vasitəsilə mətbuata sızdırıb özünü gözə dürtməyə çalışır ki, bəlkə bir az qabağa gedə. Hərdən adına şerə bənzər nəsə yazdıran bu adam deyilənə görə məndən də bir az narazıdır. Həqiqət acı olur axı ona görə. Bir başqası da vaxt vardı müxalifətdə iqtidara qarşı söyüş, təhqir və iftira maşını rolunu oynayırdı, sonra mövqeyini necə dəyişdisə indi nə müxalifət olduğu məlumdur, nə də iqtidar. Amma yenə də öz ampluasındadır, Nelsonun suvarma sistemi kimi fırlanır, hər tərəfə iftira və təhqir yağdırır, onun üçün hətta seçdiyi obyektin qadın olmasının da fərqi yoxdur. Müxalifətdə olanda onun bir “metrəsi” də vardı. İndi o da hörmət sahibidir, qələmi iti olmasa da sahibi imkanlıdır, “itə sahibinə görə hörmət edərlər” məsəlini bildiyindən o da istifadə edib özü kimi birinə tribuna verib xoşuna gəlməyənlərə tərəf daş atdırır. Belələrini saymaqla bitməz. Satmağa bir şey tapmayanda ya özlərini, ya da mənəviyyatlarını satışa qoyurlar. Sonra isə yaxın ətraflarına deyirlər ki, “vallah çörəyə görə məcburam”. Ləyaqətli kişi və ya qadın maska taxıb çörək yeməz, ya göründüyü kimi olar, ya da olduğu kimi görünər. Əgər kimsə dildə başqa söz deyib, beynində başqa cür düşünürsə ona insan demək günah olar.
Kimsə dünən cümlə qura bilmirdi, bu gün Ayda post qurur, dünən kiminsə qəlyanını dolduran indi cangüdənlə hərlənir və s. Bu cür buqələmun və sifətsiz, xırdalanmış adamları görəndən sonra onlarla bir cəmiyyətdə uzun ömür yaşamağın bir anlamı varmı? Kiçik bir cəmiyyətdə buqələmun bir dənə də olsa yenə çoxdur, amma bu qədər olması artıq faciədir. Bilirəm ki, buqələmunların adlarını çəkməməyim təəccüb doğurur. Amma ad çəkməməyimin səbəbi var. Onları hamı tanıyır, bir də adlarını çəkib şərəfləndirmək istəmirəm. Həm də özləri də oxuyub özlərini tapacaq, reaksiya verəcəklər ki, bu da yazıya bir az əyləncə qatacaq. Əyləncə demişkən, bir çoxları indi özləri üçün əyləncəni ya əttökən qonaqlıq verilişlərində tapırlar, ya da dərk edə bilmədikləri hadisələri hansısa mifik təşkilatların ayağına yazmaqda. İlk baxışdan nə qədər fərqli görünsə də məzmun baxımından hər ikisi qeyri-ciddi və populizmə hesablanmış sayıla bilər. Belələri yaxşı bilirlər ki, bu cəmiyyətdə miflərə, sirli dünyaya, uçan obyektlərə maraq həmişə böyük olub və ona görə də real dünyadan deyil xəyallardan yazırlar. Bu qədər dəyişilmiş sifətlər, buqələmunlar var ikən xəyallar aləmindən yazmaq nəyə lazım?

0 коммент.:
Отправить комментарий