Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Milli Məclisin üzvü Aynur Quliyeva Qaynar.info-ya müsahibəsində bildirib ki, “ölkədə dini maarifçilik düzgün aparılmır”. Bunu bəzən başqaları da, hətta din xadimləri də deyirlər. Amma sual olunur: Bu dini maarifçilik siyasətini kim aparmalıdır? Azərbaycan dünyəvi dövlətdirsə təbii ki, hansısa dövlət qurumu dini təbliğatı öz boynuna götürə bilməz. Dini maarifçiliklə qanunla müəyyən olunmuş qaydada dini icmalar özləri məşğul olmalıdırlar. Amma bu gün nə baş verir? Bəzi mollalar hələ də “Yasin” surəsini kirill əlifbası ilə çap olunmuş kitabdan oxuyursa, bir gündə bəzi müğənnilər kimi bir neçə məclisi yola verirsə, məclisin ortasında başqa bir molla ilə mübahisə edib “niyə mənim məclisimi əlimdən almısan” deyirsə ona dövlət nə eləsin? Dövlət yalnız onu edə bilər ki, nəhayət bir attestasiya keçirsin və yalnız dini biliyi məclis aparmağa kifayət edən, həmçinin dövlətə və onun qanunlarına sədaqətli olan insanlara mollalıq etmək üçün lisenziya versin. Əvvəllər məscidlərdə cümə xütbəsi peyğəmbəri və hökmdarı yad etməklə başlanarmış. Bütün dinlərdə də qeyd olunur ki, Allahı tanıyan kəs hökmdarına, qanunlara da beət etməlidir. Gəlin görək bunlara indi əməl olunurmu? Əgər məsciddə İslam dini düzgün izah olunsa, dövlətin dini icmalara qayğısı insanlara düzgün çatdırılsa gənclər polislə toqquşmaya gedərmi? Getməz. Məhəmməd Peyğəmbər (s.a.s.) hətta özü vəfat edəndə vəsiyyət edib ki, onun üçün saç yolmasınlar, özlərini həlak etməsinlər. Çünki burda bir həqiqət var ki, bir gün yaranan bir gün mütləq ölməlidir, insan əgər Allaha inanırsa, ibadət edirsə onda onun hüzuruna gedənlər üçün nə qədər kədərlənsək də özümüzü həlak etməyimiz Allaha da asi çıxmaqdır. Peyğəmbərin vəfatı heç bir müsəlman ölkəsində vay-şivənlə qeyd olunmur, olsa-olsa həmin günlərdə ehsan verilə, məscidlərdə mərsiyə oxuna bilər, amma küçəyə çıxıb hay-küy salmaq, polisin qanuni tələbinə məhəl qoymayıb qarşıdurmaya getmək heç bir müsəlmana yaraşan iş deyil. Fevralın 13-də dindarların polislə qarşıdurmasını əks etdirən videodan da aydın görünür ki, yürüşə icazə veriləndən sonra belə bir gənc arxadan sanki “gəl dalaşaq” niyyəti ilə polisə yaxınlaşır və bir neçə dəfə “bu günün sabahı var” deyir. Maraqlıdır sabah nə olacaq? İranın bəzi dairələri görəsən hələ də kimlərəsə “yaşıl inqilab”mı vəd edir? Həmin İran deyilmi Fələtin xalqına imkan vermir ki, öz taleyini özü bildiyi kimi müəyyən etsin?
Məncə xaricdən gələn mollaların məscidlərə yolu birdəfəlik bağlanmalı, onlara məscidlərdə çıxış etmək imkanı verilməməlidir. Bu işdə Qafqaz Müsəlmanları Ruhanı İdarəsinin də üzərinə böyük yük düşür. Bu idarədə də gənclərlə bağlı bir qurum yaradılsa və gənclərə dini biliklərin daha düzgün aşılanması üçün xüsusi işlər, layihələr həyata keçirilsə o zaman belə hadisələr də bir daha təkrarlanmaz. Amma hələ ki, bəzi din xadimlərimizin başı nəzir qutularına qarışıb və diqqəti həmin qutuları əldən buraxmamağa yönəldiblər. Bəzi mollaların fikri o qədər nəzir qutularının yanında olur ki, dediyi mərsiyəni də unudur. Məsələn dostlardan eşitdiyim bir əhvalat var. Deməli, bir dəfə Aşura mərasimində molla sinəsini vura-vura mərsiyə deyir, qadınlar da ağlaşandan sonra nəzir verirlərmiş. Mərsiyənin əsas məqamında molla görür ki, ön cərgədə outran qadınlar nəzirlərini versələr də, arxa cərgədəkilər nəzirlərini qabağa ötürməkdə çətinlik çəkirlər. Ona görə də, bir əli ilə sinəsini vura-vura deyir ki, “qabaxdan verən bajılar, imkan verin daldan verən bajılar da verə bilsinlər”…

Qoy olsun, kim nəzir verirsə versin, kim alırsa alsın, amma dini maarifçiliyi də diqqətdən qaçırmaq olmaz. İslam dinini elə təbliğ etmək lazımdır ki, din deyəndə insanların gözünün önünə nəzir qutusu, bir də yas mərasimi deyil, gözəllik, xeyirxahlıq, dövlətə, vətənə, qanunlara sədaqətli xidmət, əlsiz-ayaqsızlara əl tutmaq, imkansız gənclərin ailə qurmasına yardımçı olmaq, yetim-yesirə həyan durmaq və s. bu kimi savab əməllər gəlsin. Qoy o nəzir qutularına toplanan vəsaitdən hansısa yolun abadlaşmasına, hansısa kəndə su çəkilməsinə də müəyyən qədər sərf edilsin ki, Allah da razı olsun, bəndə də. “Xəzər” televiziyasında tez-tez donora ehtiyacı olan və imkansızlıqdan əməlliyat oluna bilməyən xəstələri göstərirlər, hansısa din xadimi elə bir xəstəyə lazım olan məbləğdə maddi yardım etsə bundan gözəl dini maarifçilik, bundan böyük savab əməl ola bilərmi? Həm də sədəqə ilə zəngin olub xalqı unutmağın o dünyada da bədəli ağır olur deyirlər.
Bilirəm ki, bu yazını yazmaqla kimlərinsə qəzəbinə tuş gələ bilərəm, yeni qınaq və təhdid dolu mesajlar alacam, amma heç nə həqiqəti və düşündüyümü yazmaqdan məni çəkindirə bilməz. Heç nə!..

Xanlar Xoca

0 коммент.:

Отправить комментарий