Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Bu günlərin daha çox müzakirə olunan mövzusu bəlkə də enerji böhranından çox qəfil enerji kəsilməsi zamanı metropoliten rəisi Tağı Əhmədovun jurnalistlərə verdiyi açıqlamalar oldu. Həmin açıqlamaların yer aldığı kadrları təkrar-təkrar izlədim və bəzi jurnalistlərin məhz sual vermək xatirinə sual verdiyinə bir daha əmin oldum. Bəli Azərbaycanda hələ də peşəkar jurnalistika formalaşmayıb, bəzi qəzet baş redaktorları məhz daha az maaş və ya qonorar vermək xatirinə redaksiyalara müxtəlif ali məktəblərin tələbələrini, işsizləri, ən müxtəlif peşə sahiblərini yığırlar ki, nəticədə bu günki vəziyyət yaranıb. Bəzən jurnalistlər ya sifarişli, ya sadəcə kameralara düşmək, ya da müsahibini sinirləndirib hövsələdən çıxarmaq və beləliklə də özünə lazım olan skandal vəziyyətini yaratmaq, sonra da bundan sitifadə edib məşhurlaşmaq məqsədi daşıyan suallar verirlər ki, sonunda acı cavab alırlar. Ona görə də bəzi baş redaktorlar özlərini daha da gülünc vəziyyətə salmamaq üçün kimin hara, hansı suallarla göndərildiyinə diqqət etməlidirlər. Bütün bunlar öz yerində, qayıdaq məlum dartışma mövzusuna.
Enerji kəsilibsə təbii ki, metro dayanmalıdır, dayanıbsa əlbəttə ki, metronun qapıları müvəqqəti bağlanmalıdır, bunu hamı bilirsə daha “Tağı müəllim, metro niyə bağlıdır” sualının yeri varmı? Və yaxud əgər metroda xəsarət alan olubsa belə, baxmayaraq ki, bu şayiədən başqa bir şey deyildi, bu barədə məlumatı Tağı Əhmədovdan deyil ya Səhiyyə Nazirliyinin, ya da Daxili İşlər Nazirliyinin, yaxud da FHN-in mətbuat xidmətindən almaq lazım idi.

“Metroda nə qədər adam qalmışdı” sualı lap gülməlidir. Heç olmasa enerji verilməsi bərpa olunandan sonra bəlkə də dəqiq bilmək olardı ki, metroda həmin anlarda nə qədər adam olub. İşıq sönüb, texnika dayanıb hardan bilmək olar ki, dəqiq nə qədər adam qalıb tuneldə və ya stansiyalarda. Lap fərz edək ki, 100 nəfər qalıbmış, bu yalnız xilasedicilərə aid olan bir məsələdir, bunu ictimaiyyətin bilməyinin nə önəmi varmış məlum deyil. Həmin anda T. Əhmədovun yerində həmin jurnalistlərdən hansi birisi olsaydı daha ağır cavab verərdi bəlkə də. Çünki bizim əksər jurnalistlər yazıçıya yazdığı kitabın məzmunundan, obrazlardan deyil, kitabın neçə səhifədən ibarət olmasından, rəssama çəkdiyi tabloda hansı fikri çatdırmağa çalışmasından deyil, çərçivənin neçəyə başa gəlməsindən, bəstəkara sevdiyi xörəkdən, şairə neçə saat yatmasından sual verməyi sevirlər. Çünki tam əksəriyyət jurnalistikaya təsadüfən, hətta deyərdim ki, desant kimi düşüb. Bu jurnalistikada məktəbli də gördük, kriminal xəbərdə zorlanma sözü əvəzinə hadisəni ən xırda elementinə qədər təsvir edən birini də, prezident sözünü rezident sözündən fərqləndirə bilməyəcək qədər savadsızı da, xanım əməkdaşı ilə eşq yaşayıb ailəsində söz-söhbətə bais olanı da... Bir çoxları sonradan millət vəkili, məmur olan, ya da anidən zənginləşən həmkarlarını görüb hələ də jurnalistikaya tramplin kimi baxır, özünü ya müstəntiq, ya da siyasətçi kimi aparır. Verdikləri suallar da elə o məqsədə hesablanmış olur. İnsafla desək belələri əksər hallarda məqsədinə də çatır və bir də görürsən ki, həmişə maaşının azlığından şikayətlənən telejurnalist budur şəhərin mərkəzində nəhəng bir ticarət mərkəzi açdı. Deməli, bu adama ya nənəsindən miras qalıb, ya da müğənnilər kimi özünə yağlı “sponsor” tapıb. Ikinci daha ağlabatandır. Bəzi jurnalistlər isə sual verəndə hansısa partiya liderindən fərqlənmir və dərhal məlum olur ki, adam hansı firqəni təmsil edir. Sonra da elə həmin adamların ən sevimli mövzusu vicdanlı və tərəfsiz informasiya yayımı, bir də söz azadlığı olur.
Mərhum Prezidentimiz Heydər Əliyev jurnalistlər üçün brifinq keçirərkən o birifinqlərdə bəzən nə qədər mənasız suallar verilirdi hamı yaxşı bilir. Hətta kimin mikrofonu və ya diktofonu daha öndə olacaq deyə bir-birini dümsükləməkdən belə qalmayan bəzi jurnalistlərin həmkarının sualını təkrar etməsi halları da olurdu. Ən acınacaqlı hal isə bu idi ki, prezidentə sual verən jurnalistlər sonra özlərini az qala nazir kimi aparırdılar. Bu baAxımdan Prezident İlham Əliyevin səfərləri və görüşləri barədə məlumatların mətbuat xidməti vasitəsilə yayılması daha gözəldiAr, ən azı özünü göyün yeddinci qatında hiss edənlərimiz bir qədər azalıb. Amma indi nazirlik və komitələrin birinci şəxləri birfinq keçirəndə eyni vəziyyət yaranır, yenə mənasız suallar, yenə kimin mikrofonu daha çox görünəcək və kim diqqəti daha çox cəlb edəcək mübarizəsi başlayır. Mənasız və əhəmiyyətsiz suallar da öz yerində. Nə qədər ki, jurnalistika bu kökdədir, bir gün hansısa jurnalistin mövzudan kənara çıxıb hansısa məmura “Sizin neçə uşağınız var” sualını ünvanladığını eşitsəm heç təəccüblənmərəm.


Xanlar Xoca

0 коммент.:

Отправить комментарий