Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Bilirəm ki, indi bəzi insanlar mövqeyimi bəyənməyəcək, yenə hərə öz bildiyi formada etiraz edib səhv düşündüyümü isbatlamağa çalışacaqlar. Olsun, demokratik cəmiyyət qurmaq istəyiriksə hər kəs öz fikrini sərbəst bildirə bilər necə ki, indi hərbi hissədə baş verən cinayətə görə bir çoxları “asıb-kəsməyə” adam və məqam gəzir. Bu məqam indi bəzi qələm dostlarımızn əlinə göydəndüşmə fürsət verib və biri müdafiə nazirindən, o biri Ali Baş Komandandan, bir başqası isə hər ikisndən hesab istəyir. Amma gəlin hadisəyə təmkinlə yanaşaq. Ordu cəmiyyətin bir parçasıdır. Cəmiyyət necədirsə onun ordusu da elədir. Hər həftə ANS-in “Cinayət işi” verilişində neçə-neçə məişət zəminində baş verən hadisələr nəticəsində qətlə yetirilənlər və cinayətlər haqqında danışılır, intiharlar haqqında məlumat verilir. Hər həftə bəlkə 5-6 nəfər məhz ailədaxili münaqişə nəticəsində qətlə yetirilir və bu təkcə Bakıda və digər iri şəhərlərdə baş verənlərdir. Amma elə rayonlar var ki, orda baş verən qətl hadisələrinin üstü açılsa da sadəcə mətbuata çıxmır. Orduda da bu cəmiyyətin övladları qulluq edir və onlar da depressiyaya düşə, stress keçirə, kimin üçünsə darıxa, kiminsə rədd cavabını ala və ya ailəsinin çətin güzəranından dolayı fikir çəkib bunun günahını yanlış olaraq cəmiyyətdə, başqa insanlarda axtara bilər.Sevdiyi qızın rədd cavabına görə özünü metroda qatarın altına və ya dənizə atan insanlar haqqında o qədər yazılıb ki. İndi əsəbləri qaydasında olmayan və ya sonradan aldığı hansısa informasiyalar nəticəsində psixikası pozulan hansısa əsgər bir hadisə törədirsə və ya intihar edirsə bunda nə nazir, nə də Komandan günahkar deyil. Hər əsgərin yanında bir nəzarətçi əsgər də qoyulası deyil ki.

Amma çıxış yolu həmişə var. Mənim fikrimcə əsgərlərlə ailələri arasında telefon əlaqəsinə ümümiyyətlə son qoyulmalıdır. Çünki bir çoxları telefonda əsgərə məhz belə informasiyalar verirlər: yeznə yenə bacını incidir, atan iş tapa bilmədi, sosial yardımı hələ ala bilmirik, qardaşın imtahandan kəsildi, sevdiyin qız başqası ilə gəzir və sair və ilaxır. Sonra da deyirlər ki, bəzi komandirlər guya əsgərlərdən kontur istəyirlər. Təbii ki, sən əgər zəng etmək istəyirsənsə başqa cür ola da bilməz ki. Əlbəttə hansısa istisna halların ola biləcəyini də unutmaq olmaz. Amma hər bir halda yuxarı rəhbərlik var və edilən şikayət cavabsız qalmaz. Sadəcə bizim cəmiyyətimizdə olduğu kimi, onun ayrılmaz hissəsi olan orduda da bir fikir var ki, şikayət etmək eyibdir, adama gülərlər və s. Belə olan halda günahı başqasında deyil, öz hüquqlarını qoruya bilməməkdə və ya qanuni şəkildə qorumaq istəməməkdə axtarmaq lazımdır.

Ana oğulu əsgərliyə yola salan kimi dərhal yanına tələsir, başa düşmək olmur bu əsgərlikdir, yoxsa kurort. Halbuki əsgərlik həyatı mülki həyatdan ciddi fərqlənməlidir. Məgər Sovet dövründə əsgərin yanına getməkmi vardı? 2 il müddətində nəinki ailəsindən, hətta Azərbaycandan uzaq düşən, Sibirdə, ADR, Çexoslovakiya kimi ərazilərdə hərbi xidmət keçən əsgərlər yalnız məktub vasitəsilə evlərilə əlaqə saxlaya bilirdilər. İndi hansısa oxucu deyəcək ki, o vaxt orduda belə hadisələr baş vermirdi. Amma səhv fikirdir. O vaxt da belə hadisələr Sovet ordusunda baş verirdi və həmin ordu daha böyük olduğuna görə hadislərəin sayı da çox idi, sadəcə qapalı bir cəmiyyət olduğu üçün heç kim heç nədən xəbər tutmurdu, həlak olan əsgərin cəsədini dəmir qutularda birbaşa qəbiristanlığa aparıb dəfn edir, qutunun içində cəsəd, yoxsa qum doldurulmuş kisə olduğu naməlum qalırdı. Belə hadisələr dünyanın bütün ordularında baş verir. İndi Azərbaycan Milli Ordusunun Daşkəsəndə yerləşən hərbi hissəsində baş verən son hadisəyə də cinayət hadisəsi kimi yanaşmaq lazımdır, bundan şou düzəltmək yox. Belə şouların ictimai fikrin yanlış yönləndirilməsinə səbəb ola biləcəyini nəzərə alıb ordu mövzusuna həssas yanaşmaq vacibdir. Əgər hələ istintaq yenicə başlayıbsa hanısa fərziyyələr irəli sürüb sonra da həmin əsassız fərziyyələr ətrafında ekspert rəyləri öyrənməkdənsə istintaqın nəticəsini gözləmək daha düzgündür. Ordu ailə deyil və sərt nizam-intizamla idarə olunmalıdır. Ordunu ordu edən də elə onun sərtliyi, intizamıdır, əgər hərbi xidmətdəki əsgər də yeyib yatacaqsa daha ondan əsgər olmaz ki. Bu ordunu sevmək də olar, sevərək tənqid etmək də, amma gözdən salmağa çalışmaq yolverilməzdir.


Xanlar Xoca

0 коммент.:

Отправить комментарий