Advertise Here

Dünyanın qəribə işləri var. Dünən yuxu olan bu gün gerçəklikdir. Məsələn on il əvvəl heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda Bagira sözü bakirə sözünə sinonim olacaq, amma fələyin işinə bax ki, bu gün Bagiranın mətbuat katibi məhz bunu iddia edir. Hətta dediyinə görə, Bagira qardaşından çəkinirmiş, qardaşının xasiyyəti də ağır imiş. Qeyrətli olmaq belədir də, xasiyyəti götürmür, əsəbiləşir, bu yazıq da məcbur olub evdə uzun geyinir. Məncə hüquq müdafiə təşkilatları bununla bağlı ciddi məsələ qaldırmalıdırlar. Bir müğənni qardaşının qorxusundan evdə istədiyi kimi açıq-saçıq paltarda gəzə bilmir. Ortada bu boyda fakt var ikən necə laqeyd qalmaq olar axı?
Aybəniz Haşımova da Bakıda namussuz gədələrin peyda olmasından, arvad paltarı geyib, sırğa taxmalarından narahat olduğunu bildirir. Bəs qardaş bacısını maşınla görüşə aparanda, bacısının lüt şəkilləri jurnalları bəzəyəndə namus ağacı olmayacaq ki. Bir vaxtlar Bakının məhəllələrində, kəndlərində bir oğlan bir qızla qol-qola gəzə bilməzmiş, eyib sayılırmış, amma indi qol-qola girmək nədir, küçənin ortasında kino göstərirlər, oğlanlar var ki, bacısının kiminləsə eşq yaşadığı haqqında az qala zurna çalınır, o isə guya heç nə eşitmir. Ya biz normadan artıq eşidirik, ya da bu qardaşlar kardırlar. Hər halda tez-tez haqqında söz açdığımız mentalitet deyilən zad əldən gedib artıq, sadəcə ağlayanı yoxdur. Şou biznes adı altında bir çoxları sarı bizneslə məşğul olur, həm də xalqın gözü önündə, utanıb çəkinmədən, xəcalət çəkmədən. Mikrofonu əllərinə götürdüklərinin qırxı çıxmamış hədsiz zənginləşmələrindən kimin hansı yuvanın quşu olduğu aşkara çıxır. Faciə budur ki, millətin ağsaqqalı da daha danışmaq istəmir, deyirsən “ay bədbəxt, incəsənət əldən gedir, lüt ətcəbalalar musiqimizi korlayır, insanların zövqünü zədələyir, bir yol göstər”, deyir “məni elə söhbətlərə qatmayın, mənə öz sənətimdən sual verin”. Belə də dərd olar? Biri ad davası döyür, o biri maşın, bir başqası dövlətdən ev istəyir, ev verirlər deyir bəs təmiri kim edəcək? Hələ eşitməmişəm Azərin bir dəfə desin ki, “ay dövlət, mənə də bir şey ver”.
Belə bir vaxtda Oqtay Əliyev müğənnilərin konsert zalını doldura bilmədiyini irad tutur və bildirir ki, “bunu konsert təşkilatçıları da deyir ki, Azərbaycanda heç kim barmağını qatlaya bilməz ki, salonu öz hesabıma doldurmuşam. Kim olur, olsun…” Yadıma “kor kora kor deməsə bağrı çatlayar” məsəli düşdü. O,Əliyevin “kim olur olsun” deyəndə səsi ilə sənətə üz möhürünü vurmuş Zeynəb Xanlarovanı istisna edib etmədiyini deməsə də , hər halda kimin kim olduğunu xalq bilir. Faiqin, Aygün və Röyanın isə heç pərəstişkarlarının demirəm, konsertlərinə gələnlərin sayı ayrı-ayrılıqda “Yeni Ulduz” yarışmasına SMS göndərənlərdən dəfələrlə çoxdur. Axı hamı yaxşı bilir ki, o müsabiqələrə iştirakçıların yaxın qohumlarından, tanışlarından savayı kimsə SMS göndərmir. Elə isə özgə gözündə tük axtarmaq nəyə lazımdır ? Məncə O. Əliyevin səmimiliyinə inanmaq olardı, əgər uzun illərdir eyni forma və məzmunda efirə çıxan və tamaşaçıya qeybət etməyi aşılayan “Çal çağır” verilişini də tənqid etsəydi. Təəssüf ki, heç kim öz ayranına turş demir. Tənqid edəndə populyar insanların əksəriyyəti ancaq qarşı tərəfi görür, öz nöqsanlarını görmək və tənqid etmək mədəniyyəti hələ Azərbaycanda geniş yayılmayıb və ona görə də burda hələ də təvazökar insanlara maymaq, lovğa və gözü ayağının altını seçməyənlərə isə “ulduz” kimi baxırlar.
Ulduz demişkən, prodüsserinin ”jurnalist zəng edəndə Bagiranın ulduzluğu tutmuşdu” süzləri yadıma düşdü. Bagiranın haranın “ulduz”u olduğunu bilmirəm, amma M. Hüseynovun “Bagiranın üzündə bir balaca problem olub və 1-2 aya o da keçib gedəcək” deməsini belə tez unutduğuna inanmaq olmur. Yəqin günün əksər hissəsini oxumaqdan çox yatmağa həsr etmək kimi əvvəl təsdiqləyib sonra təkzib etmək də şou-biznesin yazılmamış qaydalarındandır.
Xanlar Xoca
0 коммент.:
Отправить комментарий