«Televiziyadan öz istəyimlə getmədim»
Tanınmış teleaparıcı, Rabitə Nazirliyi Multimedia Mərkəzinin rəisi Nailə İslamzadənin www.show-biznes-az saytına müsahibəsi
- Televiziyaya gəlişiniz necə oldu?
- Orta məktəbi bitirəndən sonra Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil oldum, çünki rus dili və ədəbiyyatını çox sevirdim.İnstitutun 5-ci kursunda oxuyanda diktorluq müsabiqəsində iştirak edib uğur qazandım və televiziyada işə qəbul olundum, diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərməyə başladım. Təsəvvür edin ki, 300 nəfərin içindən 4 turdan ibarət müsabiqə yolu ilə seçilmişəm və 25 il televiziyada işləmişəm. Həmin müsabiqədə hətta yerişimizə də baxırdılar. İnsanın özünün bir geyim, danışıq qabiliyyəti olmalıdır ki, sonra onu istiqamətləndirsinlər. Bizi indikilər kimi birdən efirə buraxmırdlıar. əvvəlcə bir cümlə ilə efirə çıxırdıq. Mənim o vaxt dediyim söz indiyə kimi yadımdadır: “Hörmətli tamaşaçılar, bir neçə dəqiqədən sonra Moskvadan “Zəngli saat”, saat 11.00-da isə “Sovet İttifaqına xidmət edirəm” translyasiya ediləcək”. Sonra bütün proqramı oxumağa başladım və beləcə püxtələşdim. Efirdə gorurdum ki məndən boyda balaca olanlar şax otururlar, mən də onlara baxıb şax oturmağı öyrəndim. Bunlar hamısı zamanla gəlir. Həmişə öz üzərində çalışmaq lazımdır. Əlimdə kitab, arasında qəzet həmişə təcrübəli diktorların yanında mətn oxuyur, məşq edirdim, sonra Moskvada Mərkəzi televiziyada diktor ustalığı ilə bağlı kurs keçdim. Orada o zaman Mərkəzi televiziyanın çox tanınmış siması İqor Kirillov, Anna Şatilova, Kabalenov, Suslov kimi insanların yanında biz kurs keçdik və hətta bizi Mərkəzi televiziyada efirə də buraxdılar.
İndiki aparıcılardan razısınızmı?
- İndi aparıcıların bir çoxu diktorluğu yerinə yetirirlər, “Xəbərlər” i aparırsa demək diktorluq edir, böyük bir qrup işləyir, verir ona, o da oxuyur. Bu elə belə iş deyil. O vaxt bu asan məsələ deyildi. Amma indi asandır. Kim gəldi oxuyur. Mimikadır, danışıqdır, xəbərləri çatdırmaqdan əlavə nəfəsi tənzimləmək də vacib elementdir. Fikir verirəm heç kim nəfəsi tənzimləməyə diqqət yetirmir. Biz tez-tez filmlər hazırlayırıq, bu yaxınlarda bir aparıcını çağırdıq ki, filmdə mətni oxusun. Oxudu, yarıya çatanda onu saxladım ki, “düz oxumursan, pauzan düzgün deyil”, deyir “axi nəfəsim çatmır Nailə xanım”. Sonra həmin aparıcıya izah elədim ki, “Nəfəsin çatması üçün sən bu mətnin üzərində işləməlisən. Harda pauza verməlisən, harda nəfəsi almalısan sən onu bilməlisən. Sən heç baxmamısan mətnə”. İndiki aparıcılar pula, şöhrətə meyl edirlər. Bizim o vaxtkı aparıcılardan qat-qat yaxşı yaşayırlar indiki aparıcılarımız. Xırda bir verilişlə efirə çıxan bir də görürsən hansısa toyun aparıcısıdır. Bizim vaxtımızda belə şeylər olmayıb. Bəzən məni də o zaman özəl tədbirlərə dəvət edirdilər, amma getmirdim, deyirdilər bəlkə pul azdır, özünüz deyin qiyməti, amma yenə də razılaşmırdım, getmirdim elə tədbirlərə. İndi bəlkə də belə tədbirləri də aparmaq normaldır, deyə bilmərəm. Sadəcə gənc aparıcılara tövsiyyəm olardı ki, nə qədər pul qazanmağa meylləri varsa bir o qədər öz üzərlərində işləməyə də meylləri olsun. Oxumaq, mətn üzərində işləmək eyib deyil. Sonra artıq bu vərdiş halını alır və mətnə baxan kimi bilirsən necə oxumaq lazımdır. Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdandan sonra çox çətin bir dövr oldu. O vaxt çox böyük mətnlər gəlirdi , hətta “Xəbərlər” başlayırdı və bu zaman mətn gəlirdi, oxuyurduq. Bəziləri çaşır, oxuya bilmir, imtina edirdi oxumaqdan. Belə şeylər də olurdu. Ancaq indi o vaxtkı kimi deyil. Təqdimatlardır indi, onu da hazırlaşmadan çıxıb oxumaq düzgün deyil.
Ən uğurlu verilişiniz hansı olub?
- Mənə o vaxt nə verirdilər onu oxuyurdum. Öz işimi sevirdim və baxmırdım ki, bu mətn necədir, bunu kim yazıb. Elə mətn ola bilər ki, orta səviyyədə yazılmış ola bilər və onu elə oxumaq olar ki, tamaşaçı deyər ki, “nə gözəl yazıblar, necə gözəl səslənir”, amma çox gözəl mətni də elə oxumaq olar ki, tamaşaçı heç ona qulaq asmaq istəməz. Hər şey fikrin tamaşaçıya necə çatdırılmasından asılıdır. Uşaq verilişindən tutmuş dövlət tədbirlərindən hazırlanmış verilişlərə qədər bütün redaksiyaların verilişlərini aparmışam. “Ailələr, talelər” mənim öz qələminin məhsulu olduğu üçün o mənə daha çox yaxın idi.10 il ərzində mən bu verilişin həm müəllifi, həm də aparıcısı oldum.
Aparıcılıq zamanı problemini həll etdiyiniz ailələr olurdumu?
- Biz elə bununla məşğul idik də. O vaxt televiziyada məktublar şöbəsi vardı. Ən çox məktub alan bu veriliş olmuşdu. Mən hər gün onlarla məktub alırdım. Bəzən insanlar hətta televiziyaya gəlirdilər öz ürək sözlərini bildirmək üçün. Əslində veriliş problemləri həll etmək üçün açılmamışdı, bizim məqsədimiz problemləri qoyub müzakirə etmək, ictimailəşdirmək idi. Amma elə olurdu ki, verilişdə iştirak edən səlahiyyətli insanların köməyi ilə bir çox insanların problemlərinin həllinə nail ola bilirdim. Hətta elə olub ki, günahsız yerə həbsdə yatan insan bizim veriliş sayəsində azad edilib. Bəzən elə olurdu ki, insanlar öz problemlərini verilişdə açıq danişmağa utanırdılar, belə adamları efirə maska ilə çıxarırdıq. Əgər bu gün də insanlar məni hardasa görəndə xoş sözlər deyirlərsə, əlamətdar günlərdə zəng vurub təbrik edirlərsə deməli nəsə edə bilmişəm. Tamaşaçılar 10 il əvvəlki verilişin süjetini mənə danışanda məəttəl qalıram ki, insanlar bunu necə yadda saxlayıblar. Hətta mənə “ana” deyən uşaqlar var. O vaxt uşaq evlərindən uşaq vermirdilər saxlamağa, çox çətin idi, tək qadınlar vardı, uşağı olmayan qadınlar vardı. Əlbəttə ki, çox işlər görülüb və hətta 1997-ci ildə Heydər Əliyev gənc yazarlarla görüşəndə “Ailələr, talelər” verilişinin bizim cəmiyyətdə mənəvi problemlərin həlində böyük rolu olduğunu qeyd etmişdi.Milli Məclisdə ailə məsələsi ilə bağlı qanunlar müzakirə ediləndə bizim verilişə istinad etmişdilər. Baxılan veriliş idi.Amma mən təəssüf edirəm ki, bu verilişə istədiyim qədər güc sərf edə bilməmişəm, başqa işlərim də olduğuna görə veriliş ayda 1 dəfə, bəzən isə 2 dəfə efirə çıxırdı, amma vaxtım olsaydı hər həftə hazırlayardım verilişi. Həm də mən tək işləyirdim, mənim qrupum yox idi, indi baxıram verilişlərdə prodüsser ayrı, koordinator ayrı, redaktor ayrı, halbuki mən mətni də özüm yazır, gələn adamlalrla də özüm söhbət edir, bütün çəkilişlərə özüm gedir, montajda da özüm otururdum, hətta bütün məktubları da bir-bir özüm oxuyurdum. Təbii ki, bir qrup olsaydı mənə də çox asan olardı.
Sizin o vaxt verilişdə müzakirə etdiyiniz problemlər bu gün öz həllini tapıbmı?
- Cəmiyyətdə həmişə problemlər olub və həmin problemlər bu gün də var. Fikir verin, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və başqalarının o vaxt tənqid etdikləri bəzi problemlər bu gün də cəmiyyətdə aktualdır. Problemlər həmişə var. Elə şeylər var ki, bu günki nəsil üçün də onları təkrar etmək lazımdır. Bizim verilişi tamaşaçılar çox diqqətlə izləyirdilər, hansısa ekspertin fikri tamaşaçının fikri ilə uyğun gəlməyəndə zəng edir, ya da məktub yazırdılar. Bizim verilişə çox həssaslıqla yanaşırdılar. Mən həmişə verilişə tanınmış ziyalıları, elm adamlarını, söz deməyə mənəvi haqqı olan insanları dəvət edirdim ki, problemlərlə bağlı öz mövqelərini bildirsinlər.
- Bəs bu qədər enerjili və peşəkar olduğunuz halda sevdiyiniz televiziyadan necə oldu ki, ayrıldınız?
- Mən 25 il işlədiyim televiziyadan öz istəyimlə getmədim və təbii ki, heç kim canını, bütün həyatını həsr etdiyi, sevdiyi işini öz istəyi ilə vaxtında atıb getmək istəməzdi, heç o birilər də istəməzdilər. Gedən getdi, getməyəni də çıxartdılar və mənimlə eyni kollektivdə işləyən peşəkar insanlardan bu gün demək olar ki, televiziyada heç kim yoxdur. Amma şükür Allaha ki, indiki işim ondan da yaxşıdır, o şəraitdə işləməkdənsə burdakı işim daha ürəyimcədir, yenə də həmin işlərlə məşğul oluram, filmlər hazırlayıram.
- Bu gün Azərbaycan televiziyalarında Sizi nə qane etmir?
-Ümumiyyətlə mən televiziyaya az baxıram. Əsas informasiyaları internetdən alıram. İnternet həyatımıza elə daxil olub ki, televiziya arxa plana keçib. Amma təbii ki, axşam evdə boş olanda yenə əlinə pultu götürüb baxırıq görək harda nə var. Sözün düzü bir çox verilişlərə baxanda mən əsəbləşirəm. Ona görə də çalışıram ki, baxmayım, ona görə yox ki, kimdənsə artığam, yox, sadəcə ona görə ki, mən illərlə bu sənətdə işləmişəm, çalışmışam ki, onun dərinliklərinə girim, həmişə tamaşaçıya hörmət qoymuşam. Ağzına gələni danışmaq, düzgün danışmamamaq tamaşaçıya hörmətsizlikdir. Ona görə verilişlərin çoxuna baxmıram. Az da olsa yaxşı verilişlər də, aparıcılar da var. Amma bir balaca istiqamət vermək lazımdır. Zaman keçdikcə televizya da dəyişməlidir. Televiziya və kino olduğu zamanı əks etdirir. Cəmiyyət necədirsə onun efiri də elə olur. O vaxt daha çox nəzarət vardı, məsulliyyət, sözün qiyməti vardı. Təəssüf ki, bu gün söz qiymətdən düşüb. O vaxt efirdə sərbəstlik vardı, amma daha bu dərəcədə yox..
Elə adam var ki, neçə illərin aparıcısı, ya müğənnisidir, elə çalışır “ora da çıxım, bura da çıxım”, o cür adam daha da özünü gözdən salır, belə adamlar nə qədər efirə çox çıxsalar özlərini daha da çox biabır edəcəklər. Hər bir insan bir həftə ardıcıl efirə çıxsa o dərhal polpulyar olur, onu küçədə görəndə göstərib deyirlər ki, “mən filan aparıcını görmüşəm”.Amma əsas odur ki, o adamı hansı tərəfdən, hansı imiclə tanıyırlar. Bu elə şou biznes sahəsinə də aiddir. Yaxşı sənətkarlarımız da var, amma yaxşılar özlərini çox qabağa salmırlar, sənətdə zəif olanlar çalışırlar ki, özlərini qabağa salsınlar, göz qabağında da əsasən belələri olduğu üçün bəzən adama elə gəlir ki, doğurdan da incəsənət aləmində yaxşı bir şey yoxdur.
- Müğənnilərdən söz düşmüşkən, Sizcə bütün xalq artistləri xalqın artistidir, yoxsa aralarında özləri üçün artistlik edənlər də var?
-Mən düzü fikir vermirəm kim xalq artisti, kim əməkdar artistdir, əlbəttə fəxri adlar yaxşıdır, amma bu qiymət bir az dəyərini itirib.
- Sizin vaxtınızda da müğənnilər hamilə vəziyyətdə veriliş apara, konsert verə bilirdilərmi?
- Xeyr, o vaxt belə hallar mümkün deyildi. Məncə bu indi də olmasa yaxşıdır. Ona görə deyirəm ki, indi kim nə istəsə onu da edir. Bu mənada mən hesab edirəm ki, Ramiz Mehdiyevin televiziyalarla bağlı məqaləsi çox aktualdır və televiziyaların qarşısına mühüm vəzifələr qoyur. Elə ictimai elmlər və ədəbiyyatla bağlı məqalədə də aktual problemlərə toxunulub, amma deyəsən ədəbiyyatçılarımız özlərini doğrultmağa çalışırdılar ki, “biz işləyirik, ədəbiyyatçılar var”. Tənqiddən nəticə çıxartmaq lazımdır. Ancaq bir problem də var ki, indi insanlar kitab az oxuyurlar, biz tələbə olanda təzə əsərləri jurnallardan oxuyardıq, o vaxt da cürbəcür jurnallar vardı, məsələn Çingiz Aytmatovun “Əsrə bərabər gün “ əsərini kitab halında çap olunmasını gözləmədən mən jurnaldan oxumuşdum. Ola bilsin elə yazıçılarımız olacaq ki, 30-40 il keçəndən sonra onların əsərləri qiymətləndiriləcək, amma bir şey var ki, bizim klassiklərimiz kimi yazanlar indi yoxdur. Məncə televiziya da yazıçıların, yeni çap olunmuş kitabların xalqa tanıdılması istiqamətində iş aparlmalıdır. Əvvəllər Dövlət televiziyasında “Kitab evi” adlı bir veriliş vardı, orda təzə çıxan bütün kitablar göstərilir, haqqında məlumat verilirdi. İndi televiziyalarda o ucuz sənət adamlarını göstərməkdənsə kitabları tanıtsalar yaxşı olar, bu da insanlarda kitaba maraq yaratmaq baxımından bir təbliğ olar. Yaxşı olardı ki, bəzi müğənniləri göstərməkdənsə kitablardan, yazarlardan danışsınlar, bunun üçün də yeni verilişlər açılmalıdır. Digər tərəfdən isə bir çoxları deyir ki, cəmiyyət necədirsə ədəbiyyat da elədir, dolanışıq zəifdir, pul yoxdur, amma mənə elə gəlir ki, bir beyin işləyirsə, yaradıcılıqla məşğul olursa onu heç bir maddiyyata, hadisəyə dəxli olmamalıdır. Bir insanın qabında varsa o yazacaq. Dahi rəssam Vinsent Van Qoq acından öldü, yaşamağa evi də yox idi, əlinə düşən xırda para qonorarı da başqalarına paylayır, özünə heç nə qalmırdı. Lev Tolstoy küçədə öldü., mən hələ özümüzünküləri, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili demirəm. Amma bu gün bizim ədəbiyyata dövlət dəstək verir. Mənə elə gəlir ki, beyində varsa, yazıçı heç nəyə baxmayıb yazmalıdır və yazacaq. Ziyalı cəmiyyətin aparıcı qüvvəsi olmalıdır. Əgər cəmiyyət ziyalının xoşuna gəlmirsə oturub cəmiyyətlə razılaşmamalıdır, əgər sən ziyalısansa cəmiyyət səni qane etmirsə çevril aparıcı qüvvəyə, keç önə, elə yaz ki, sənin ardınca getsinlər, səni oxusunlar, sevsinlər, fikirlərindən bəhrələnsinlər. Yazıçılar cəmiyyətdə aparıcı qüvvə olmağı bacarmalıdırlar və bu cəhətdən Ramiz Mehdiyevin məqaləsində çox mühüm fikirlər vardı.
- Bu gün Azərbaycan cəmiyyətində Sizi ən çox narahat edən nədir?
- Məni həmişə insan psixologiyası daha çox maraqlandırır. Xaricdə olanda da muzeylərə, sərgilərə, tarixi abidələrə baxıram, amma insanların psixologiyası məni daha çox maraqlandırır. Mən istərdim ki, bizim cəmiyyətdə insanların şüuru dəyişsin, xırdaçılıqdan, aşağılıqdan insanlarımız qaçsınlar, insanların bir-birinə və qanunlara olan münasibəti dəyisin, qanunlara hörmət artsın, düşüncə səviyyəsi inkişaf etsin. Burada da böyük yüy, məsuliyyət düşür televiziya və radionun, mətbuatın üzərinə.
- Sizcə indiki aparıcıları da nə vaxtsa axtarıb müsahibə alacaqlarmı?
-Bəlkə də. Bilirsiniz, aparıcını tamaşaçıya sevdirən onun səmimiyyətidir, savadı, öz işinə sevgisi, zəngin dünyagörüşüdür. Bu gün arxasınca milyonları apara biləcək aparıcı yoxdur, bu bir az problemdir. Məsələn radoiolar da bizim ağrılı yerimizdir. Radioya əsasən avtomobildə yol gedərkən qulaq asıram və peşman oluram. İstərdim ki, radio dili qaydaya düşsün. Bizim televiziya vəı radio aparıcılarımız bilməlidirlər ki, ağızlarına, ürəklərinə nə gəldisə bunu efirə, tamaşaçıya, dinləyiciyə demək olmaz. Çoxları canlı danışırlar, bəlkə də ona görədir, amma bununla belə canlı verilişə çıxarkən mövzu ətrafında ciddi düşünməlidirlər, söz ehtiyatları olmalıdır, savad, dünyagörüşü olmayandan sonra söz ehtiyatı hardan olsun? Söz ehtiyatı olmalıdır ki, cümlə qurmağı bacarsınlar. Bizim aparıcılarımız baxsınlar görsünlər alimlərimiz necə sərrast danışırlar, məsələn pedaqoji elmlər doktoru Əjdər Ağayev bizim verilişdə ekspert kimi iştirak edirdi və mən çox böyük məsuliyyət hiss edirdim o danışanda, sözlər inci kimi düzülürdü o danışanda. Gərək belə insanlara qulaq assınlar, öz üzərində işləsinlər ki, deməyə sözləri olsun və apardıqları verilişin mövzusuna uyğun mütləq hazırlaşmalıdırlar. Təəssüf ki, heç biri hazırlaşmır. Mən məsuliyyətlə deyirəm ki, radio aparıcılarının heç birində hiss etmirəm ki, bunlar hazırlaşıb gəliblər. Bu dəqiqə nə ağızlarına gəldi deyirlər., elə bil mətbəxdə oturub rəfiqəsi ilə danışır. Mən başa düşürəm ki, şou verilişi publisistik veriliş deyil ki, ağıır olsun, orda təbii ki, yüngül mövzular ola bilər, amma bu o demək deyil ki, kim nə istədi danışa bilər. Ona görə də arzum budur ki, aparıcılar mütaliə etsinlər, öz üzərlərində daha çox işləsinlər, mövzuya hazırlaşmadan efirə çıxmasınlar. Ağacın yarpaqları xəstədirsə onun yarpaqlarını deyil, kökünü müalicə etmək lazımdır və ya dəmir pas atıbsa o pasın üstünü rəngləməklə dəmiri xilas etmək mümkün deyil. Mənə elə gəlir ki, televiziyalardakı kosmetik dəyişikliklər problemlərin həlli demək deyil. Hələlik müşahidə etdiyim qədər mənə elə gəlir ki, hörmətli akademikimizin məqaləsindən sonra televiziyalardakı dəyişikliklər kosmetik xarakter daşıyır. Hər şey rəhbərdən asılıdır. Televiziyada rəhbər necə istiqamətləndirirsə iş də elə gedir.
Xanlar Xoca www.show-biznes.az
http://news.qaynar.info/34179.html

0 коммент.:
Отправить комментарий