Vyetnamda uğursuz müharibə aparan, Yuqoslaviyanı bombalayıb Əfqanıstanda “çoxdan öldürülmüş Bin Ladenin “axtarışı” məqsədilə daşı daş üstə qoymayan, diktator Səddamın sabit İraqını “bombalı” İraqa döndərən ABŞ yenidən dünya jandarmı rolunu oynamağa iddialıdır. ABŞ-ın yeni adminstrasiyası indi də İsrailə qarşı sanksiya tətbiq etmək təşəbbüsü ilə çıxış edir. Bu təşəbbüslə Vaşinqtonun Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçell çıxış edib və belə bir addımın Yaxın Şərq sülh prosesinin inkişaf üçün lazım olduğunu deyib.
ABŞ həmişə problemləri öz mənafeyinə uyğun formada həll etməyə çalışıb. 1914-cü ildə başlayan I Dünya müharibəsinə (1914-1918) ABŞ 1917-ci ildə, II Dünya müharibəsinə (1939-1945) isə 1943-cü ildə qoşulub və hər iki müharibədə ABŞ müharibə qərarı verəndə artıq müharibənin taleyi həll olunmuşdu. “İnsan hüquqlarının və azadlığın carçısı” olan dövlət yalnız qənimət bölüşdürülərkən özünü çatdırmağı, az itki ilə yüksək nəticə əldə etməyi üstün tutub və bu gün də həmin siyasəti yürüdür. Gürcüstanda dolu əvəzinə göydən Rusiya bombaları yağanda, avantürist Saakaşvili qalstukunu çeynəyəndə ona fitva verənlər sükut nümayiş etdirirdilər, sonra isə gürcü liderin özünü birinci atəş əmri verməkdə günahlandırıb hətta Avropa Şurasında bu haqda bir qərar da qəbul etdilər. Rusiya-Gürcüstan müharibəsində gürcü xalqının verdiyi itkilər hesabına Rusiya ordusunun gücünü sınamaqdan çəkinməyən ABŞ indi İsrailə sanksiya tətbiq etmək təklifi irəli sürməklə İrana qarşı ərəb dövlətlərinin dəstəyini qazanmaq niyyətindədir. Halbuki dünyanın gözü qabağında uzun illərdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal altında saxlayır və ona qarşı hansısa sanksiya tətbiq etmək heç kimin ağlına gəlmir, əksinə Türkiyəyə Ermənistanla .sərhəddi açmaq üçün təzyiq edilir. Ermənistan dinc bəşəriyyət üçün real təhlükədir, Dağlıq Qarabağda narkotika plantasiyaları salınıb, bəlkə də artlq orada nüvə reaktoru tikilir, amma İsrailə sanksiya tətbiq etmək iştahına düşən Ağ Ev “Dağlıq Qarabağ icması” deyilən bir quruma 8 milyon dollar yardım ayırır. Yəni separatizmə, işğala maddi yardım edir. Qəribə məntiqdir. Əgər sanksiya tətbiq etmək mümkündürsə elə olmazmı ki, BMT-nin 4 qətnaməsini həyata keçirmək üçün bu üsuldan istifadə edilsin? Axı Cənubi Qafqazda da sülh prosesinin inkişafı üçün məhz Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalara ciddi ehtiyac var.
Onsuz da dünya ABŞ-da standartların çoxluğunu bilirdi, amma daha bu dərəcədə təsəvvür etmək mümkün deyildi. Sanksiyalarla guya Yaxın Şərqdə sülh prosesinə töhfə vermək istəyən ABŞ-ın erməni sevgisi eyni üsulu Ermənistanda sınaqdan çıxarıb Dağlıq Qarabağın və işğal edilmiş digər torpaqlarımızın dinc yolla azad edilməsinə mane olur. Yuqoslaviyanı parçalayıb, Serbiyanı bombalayıb Kosovonun müstəqilliyini tanıyanda Rusiyanı fövqəldövlət kimi nəzərə almayan Qərb həmişə Qarabağın azad olunmamasında Kremlin maraqlı olmasına eyham vurur, amma görünən budur ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi heç ABŞ-ın öz marağında da deyil. Başımızı insan hüquqları və demokratiya dərsi ilə qatan ABŞ hələ 907-ci düzəlişi tam ləğv etməyib, amma Dağlıq Qarabağda separatçılara yardım ayırır. Fərdlərin İnsan hüquqlarını əldə bayraq edən dünya jandarmı roluna iddialı ABŞ bütöv bir toplumun insan hüquqlarına münasibətdə təəssüf ki, hələ də susur.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий