Ötən yazımda Naxçıvanın adı ətrafında bəzi insanlar tərəfindən qəsdən yaradılmış ajiotaja münasibətimi bildirdim. Mənə qədər kifayət qədər yazanlar olmuşdu bu barədə, amma çoxları Naxçıvanı qara rəngdə göstərməyə çalışırdı. Bir vətəndaş olaraq öz fikrimi yazanda bir nəfər beş nəfərin adından ya şərh yazdı, ya da evdə eşitdiyi sözləri elektron poçtuma göndərdi. Nə var, nə var ağa ağ, qaraya qara demişik. Olmazmış. Bu ölkədə yerindən duran Prezidenti və onun təyin etdiyi istənilən bir məmuru tənqid edə bilər, amma burnu da qanamaz, indi hünər lazımdır ki, obyektiv həqiqəti yazasan, yalanları ifşa edəsən və ya bir müxalifət liderini tənqid edəsən, səhvini göstərəsən. Olmaz. Bir anda virtual qarğa quzğun üstünə tökülüşəcək. Hamısı da bunu demokratiya adı ilə edəcək ki, “bəs biz demokratıq, ona görə də yalnız biz düz danışa bilərik”. Guya düz danışmaq bunların monopoliyasındadır, başqa kimsənin haqqı yoxmuş düz danışmağa. Başqalarını tənqid edənlər özlərinin tənqid edilməsini heç arzu etmirlər və çay süfrəsi arxasında bir təhər dil tapırlar ki, kasıb yazarları hələ bir müddət istismar edə bilsinlər. Qaydaya tabe olmayanlar isə boykot edilərək könüllü çıxıb getməyə məcbur edilir. Bu da bir ayrı cür “demokratiyadır” və onun qurbanı olan kifayət qədər ad çəkmək olar.
Hamı bilir ki, yalnız faktı olmayanlar və zəiflər həmişə söyüşə əl atır, hay-küy salır. Əgər demokratiya istəyirsənsə fərqli fikirlərə dözümlü olmalısan, anlamalısan ki, hamı sənin kimi düşünə, sənin sevdiyini sevə bilməz. Kimin əlinin kimin cibində olduğunu da hamı bilir. Sadəcə mənə bir məsələ qaranlıqdır ki,bütün günü internetdən sallananlar görəsən hansı əsasla aclıqdan danışırlar? Dolanışığı bərbad olan biri internetdə sallanmaz ki, gedər özünə bir iş tapar. Belələri düzlükdən danışanda yaxşı ki, göydən daş yağmır. Amma qorxuram bir gün Allahın da səbri tükənə.
Xanlar Xoca

0 коммент.:
Отправить комментарий