İlin son gününü yaşayırıq. Sevinci, kədəri, uğuru, uğursuzluğu ilə birgə yaşadığımız, ömrümüzdən gedən daha bir ili başa vururuq. Hər ili eyni arzularla yola salır, eyni arzularla yeni ili qarşılayırıq. Dəyişən rəqəmlər olsa da, dəyişməyən arzulardır: Xoşbəxtlik, sağlamlıq, səadət, müvəffəqiyyət və s. İnsan özünü dərk edəndən özünə və əzizlərinə ancaq bunları arzu edir və ömrünün sonuna qədər də bunları ancaq üfüqdə görür, çünki xoşbəxtlik də, səadət də, uğur da nə qədər çox olsa yenə insan arzuları qarşısında azdır. İnsan bütün həyatı boyu hər şeyin ən yaxşısını arzu edir və ona doğru yol gedir. Amma təkcə arzulamaqla olsaydı nə vardı ki...
İlin son günü Azərbaycanda həm də Həmrəylik günü kimi qeyd olunur. Hər il bir-birimizə həmrəy olmağı arzulasaq da hələ ki, bu elə arzu olaraq qalmaqdadır. Səbəbləri bəlkə də çoxdur, amma məncə əsas səbəbi həmdərd olmamağımızdır. Həmdərd olmayanlar necə həmrəy ola bilər ki?! Biz rahat bir guşədə köşə yazarkən, Siz rahat oxuyarkən kimlərsə bir qarın çörək, ya da iş axtarırsa, soyuqdan donmamaq üçün olan olmazını əyninə keçiribsə, hər şeyini satıb, son ümidi daxili orqanlarını hərraca çıxarmağa qalıbsa, həyatında bir dəfə də olsun üzü gülməyibsə, övladını bir dəfə də olsa bir şənliyə apara bilməyibsə necə həmrəy ola bilər? Beş-on nəfər korrupsiya yolu ilə hədsiz varlandıqca yüzlərlə insan hədsiz yoxsullaşırsa, evini satıb rüşvət verib övladını işə salmağa məcbur olursa bu xalq necə həmrəy olsun? Yalanla Doğru, Xeyirlə Şər, Gecə ilə Gündüz necə həmrəy olsun axı?!
Azərbaycanda yaşayan azərbaycanlı erməni ilə düşmən, Moskvada yaşayan azərbaycanlı isə badə dostudursa biz həmrəy deyilik onda. Düşmən hər yerdə düşmən olmalıdır. Amma görünür hələ əsl mənada həmrəy ola bilməmişik. Həmrəylik hələ bizim arzularımızda yaşayır, onu reallığa çevirmək üçünsə ümümi dərd ətrafında birləşmək lazımdır ən azından. Qarabağ dərdinin bu xalqa, şəhid analarının qəlbinə vurduğu yaraları sağaltmaq üçün, onları ovundurmaq üçün həmrəy olmaq lazımdır. Həmrəylik bu gün çox vacibdir. Hər kəs nəhayət ki, ümümi dərd ətrafında birləşməli, həmdərd olmağı bacarmalı, öz ölkəsinin, öz xalqının balalarına əl tutmalı, xalqın kasıb övladlarının yüksək təhsil alması, sağlam böyüməsi üçün əlindən gələni etməlidir. O zaman həmrəylik də olar. Həmrəy olmaq üçün gəlin həmdərd olaq əvvəlcə. Əgər həmdərd olsaq istər-istəməz dərd bizi həmrəy edəcək, yalandan sevinmək, sabun şouları nümayiş etdirmək, soyunmaq, təlxəkləşmək, imanını itirmək bizə yaraşmır, torpağı işğal altında olan insanları bu gün ancaq dərd birləşdirə, həmrəy edə bilər.
Gəlin heç olmasa 2010-cu ildə həmrəy olmağı bacaraq. Qoy bu yeni il hər bir azərbaycanlının evinə bol ruzi, xoşbəxtlik, səadət gətirsin, heç kim heç kimin cibinə girməsin, haqqını yeməsin, heç kim yalan danışmasın, hamı bir-birinə əl tutsun, heç kimin üzündən təbəssüm əskik olmasın. Qoy 2009-cu ilin bu son saatları hər bir azərbaycanlının həyatında silsilə uğurların başlanğıcı olsun, 2010-cu il hər kəsə yalnız sevinc gətirsin.
Bayramlarınız mübarək!
Xanlar Xoca
http://news.qaynar.info/34151.html

0 коммент.:
Отправить комментарий