Bu gün müsəlman dünyasında müqəddəs Məhərrəm ayının onuncu günü, yəni Aşuradır. Azərbaycan əhalisi də müsəlmandır, baxmayaraq ki, bəziləri nəinki müsəlman kimi yaşamır, heç adam kimi kafir də ola bilmir. İstər istəməz hansısa müzakirələrin şahidi olursan, kimsə məsələn deyir ki, “bəs məhərrəmlik gəldi, ona görə də nişanı saxladıq sonraya”, bu yandan da danabaşın biri qayıdıb deyir ki, “məhərrəmliyin Azərbaycana nə dəxli var”.
Beləsini bu gün Azərbaycanın hər yerində tapmaq olar. Bəzi “xoruz” oğlanlar müasirləşməyi, inkişaf etməyi dar cins geyinib alt paltarının üstündən qalstuk bağlamaqda, bəzi qızlar isə 5 santimetrlik mini yubka və ya bütün əzalarını nümayiş etdirən dap şalvarlar geyinməkdə, siqaret çəkməkdə görürlər. İndi bəziləri də Aşuranı gərəksiz və dəxli olmayan bir gün kimi qələmə verməklə guya müasirləşirlər. Halbuki müasirləşmək əxlaqsızlaşmaq, kafirləşmək deyil. Müasir dünya bizdəkilər kimi soyunmur, əksinə geyinir, öz mənəviyyatını, elmini inkişaf etdirir, dini dəyərləri öyrənir və təbliğ edir, amma bizdə hələ də elə adamlar var ki, Aşuranın hikmətini anlaya bilməyəcək qədər kordurlar. Aşura dünyada ən böyük qəhrəmanlıq, igidlik məktəbidir. Bu məktəbi, bu dərsi Azərbaycan xalqının öyrənməyə daha çox haqqı var və öyrənməlidir. İndi hansısa Dronqodan, Don Juandan, onmərtəbənin onbirinci mərtəbəsindən, açıq-saçıq yataq səhnələrindən yox İmam Hüseyndən, eləcə də onun kimi cəsarətlə haqq yolunda vuruşub ermənilərə qan udduran Qarabağ şəhidlərindən yazmaq lazımdır. Çünki bizim hələ də düşmənin ayağı altında qalan torpaqlarımız var, şəhidlərimizin qanı hələ qurumayıb, anaların, bacıların göz yaşı hələ də axır, urəklərindəki yaralar hələ də sızlayır. Bu gün hər bir evdə İmam Hüseyn kimi qorxmaz, igid və cəsarətli oğullar tərbiyə olunmalıdır, nərmənazik, hər kəlmədə əzilib büzülən, tolikləşən oğlanlar torpaq işğaldan azad edə bilməz, kişi ola bilməz, namus qoruya bilməz. İmam Hüseyni tanımayan, öyrənməyən necə qəhrəman ola bilər ki?!..
Uzun illərdir televiziyalarda ancaq əxlaqsız seriallar, şou verilişlər yayımlanır və nəticəsi göz önündədir-şəhər yayda bəzi ölkələrdəki vəhşi çimərliyə bənzəyir, “xoruz” oğlanlar qız kimi saçlarını uzadır, sırğa taxır, keçinin saqalına bənzər saqqal buraxır, özlərinə kişi deyirlər. Ata da deyir oğlum var, daha demir, kaş belə “xoruz”dansa bir kor qızım olaydı. Çünki ata özü də o ağıldadır. “Ot kökü üstə bitər” deyiblər. Çaqqalın balası aslan ola bilməz. “Məhərrəmliyin Azərbaycana nə dəxli var” deyənlər də belələridir, yazdıqları da, danışdıqları da bunu sübut edir. Amma kim nə desə də, bu tarixdə baş vermiş və dünyaya səs salmış Kərbəla şəhidlərinin qəhrəmanlığına kölgə sala bilməz. Ola bilsin kimlərsə bu xalqın öz dinindən, öz milli kimliyindən uzaq düşməsini arzulayır, bunun üçün əlindən gələni edir, amma belə xam xəyallar heç vaxt reallaşmayacaq.
Heç kim Allaha asi ola bilməz, onun şəhidlərini unutdura bilməz. Qoy yenə kim soyunmaq istəyirsə soyunsun, kim tolikləşmək istəyir arzusuna çatsın, amma daha başından böyük danışıb “Məhərrəmliyin Azərbaycana dəxli yoxdur” deməsin. Çünki Məhərrəmliyin də, Aşuranın da Ərəbistandan çox Azərbaycana dəxli var. İstəsəniz də, istəməsəniz də bu belədir.
Xanlar Xoca
http://news.qaynar.info/34059.html

0 коммент.:
Отправить комментарий