- Əsas işi başlamaqdır. Mənim də ilk verilişim ABA telekanalında olub. Azərbaycan teleməkanında ilk dəfə olaraq Azərbaycan mahnılarından ibarət “Qızıl onluq” adlı hit-parad aparırdım. Heç bir kanalda belə bir hit-parad yox idi. Amma mən o verilişdə bir o qədər də parlamadım. Sonra “100%” yarandı və burada klip təqdimetmə üsulu meydana çıxdı. Sonra qonaqların gəlişi, sərbəst danışıq. Mən sərbəst idim, amma utanmağım da var idi. Xarici telekanallara baxıb öz üzərimdə işləyirdim. Nəhayət sərbəst oldum və məndən sonra bütün aparıcılar da sərbəst oldular. Amma həmin verilişin səviyyəsi bu günə qədər artmayıb, o verilişin strukturu ABA-da necə qurulmuşdusa indi də kanallarımızda o formatda, amma başqa adlar altında davam edir. Sonra məni “Lider”ə çağırdılar və “100%”-i orada davam etdirməyimi təklif etdilər və razılaşdım. “100%” artıq marka idi, brendə çevrilmiş kimi idi, düşündülər ki, yəqin ABA-da yaratdığı səs-küy “Lider”ə də təsir edər. Nə qədər səs-küy yaratdı bunu tamaşaçılar bilər, amma bu verilişdən telekanalda yaxşıca pul qazandılar, mən qazanmadım. Hər göstərilən klip, hər gələn qonaq məlumdur ki, pul gətirirdi. Yalnız seçilmiş, adları dillər əzbəri olmuş 5-6 müğənni var idi ki, pul vermədən verilişdə iştirak edirdilər. Hər bir kanalda bu tip verilişlər belə meydana gəlir. - Televiziyadan niyə ayrıldın?
- Çünki inkişaf etmək, daha yüksək səviyyəyə çıxmaq istəyirəm, amma imkan yaratmırlar. Sonuncu iş yerim olan “Lider”dən getməyim belə oldu ki, mənə təklif etdikləri verilişləri mən bəyənmədim. Fikirləşdim ki, eybi yox, gedim oturum evdə, mənə uyğun veriliş tapılanda məni çağırarlar. Artıq üstündən 8-9 ay keçib. İstəyirəm yeni bir proyekt olsun, qlobal, ictimai, sosial, amma eyni zamanda əyləncə də, musiqi də olsun. Amma o şəraiti yaratmırlar. Hazır proyektlərim də var- maarifləndirici, qadın verilişi ilə bağlı, amma inanmıram bunları qiymətləndirməyi bacaran bir nəfər tapıla. Mən də ömür boyu klip təqdim edəsi deyiləm ki?. İstəyirəm tok-şou xarakterli veriliş olsun. Proqramın formatı geniş olsun. Ola bilər qadın verilişi, ya da gənclərlə, səyahətlə bağlı bir veriliş olsun. Dünyanın bir çox ölkələrini öz hesabıma gəzmişəm, informasiyam, deməyə sözüm çoxdur. Gedib 3-5 gün beş ulduzlu otellərdə qalıb dükanları gəzib ah-uf edib gəlməmişəm, təkcə ABŞ-da bir ilə yaxın yaşamışam, Avropaya tez-tez gedib-gəlmişəm. Heç kimi də efirdə pisləmirəm. Halbuki elə aparıcılar var ki, hərəyə bir söz atırlar, iynəli sözlər deyirlər. Onlar bilmirəm nə tərbiyə görüblər, bəlkə də müğənnini özlərindən aşağı səviyyədə tuturlar, amma bu mənim tərbiyəmə, mədəniyyətimə ziddir. Heç kimin xətrinə dəymək istəmirəm. Hamı insandır, hərənin bir cür dünyagörüşü var. Hərə musiqini, həyatı bir rakusdan görür.
- Sənə hazır proyektlərdə aparıcılıq təklif edilmir? -Təklif edilir, məsələn mətbəxlə bağlı bir veriliş təklif edilib. Bəlkə də bu verilişi aparardım, amma məndən qabaqkı aparıcının studiyasında yox. Yeni bir studiya açardılar, onu özüm qurardım. Rusiya telekanalllarında bu tipdə çox gözəl verilişlər var. Studiyada tamaşaçılar da olur, müğənni də gəlir, yəni veriliş həm mətbəxə aid olur, həm də mətbəxə aid olmur. Hər kəs ondan nəsə götürə bilir. Amma bunlar hamısı pulla bağlıdır.
- Axı sən təcrübəlisən, istədiyin verilişi hazırlamağına nə mane olur?
- Mənə deyirlər ki, get özünə sponsor tap, nə veriliş istəyirsən hazırla. Axı mən mühasib, reklam agenti, menecer və ya prodüsser deyiləm, mən aparıcıyam! Maliyyə məsələlərinə qarışmamalıyam. Teleaparıcı kimi işim gözəl danışıb, baş verən hadisələri yüksək səviyyədə tamaşaçıya təqdim edib ayın axırında da maaşımı almaqdır. Amma bizdə necədir? Öz verilişimin həm redaktoru, həm aparıcısı, həm prodüsseri olmalıyam. Belə olanda isə çox vaxt efirə çıxıb özüm də bilmirdim nə danışırdım. Fikrim qalırdı texniki problemlərin üstündə, verilişə 5 dəqiqə qalıb, amma qonaq hələ gəlməyib, kamera, mikrofon yoxdur, maşın yoxdur, hər şey veriləndə isə artıq səndə həvəs qalmır. Bu axı yaradıcılıq işidir və buna da şərait yaratmaq lazımdır. Atamın telekanalında anama veriliş hazırlamıram ki?! Bu hamının kanalı, hamının iş yeridirsə, hamı da birlikdə işləməlidir. Əslində hər şey hazır olmalı, aparıcı xanım da hazırlanmış mətni, ssenarini götürüb studiyaya girməlidir. Mən isə gedirdim gözəllik salonuna, ordan geyim seçmək üçün dükana, alıcıların yanında çətinliklə bir paltar seçirdim, hər getdiyim yerdə də maşını saxlamaq üçün yer axtara-axtara əsəbiləşirdim, o qədər ora-bura qaçırdım ki, tərdən makiyajım korlanmış vəziyyətdə təngnəfəs gəlirdim studiyaya, orda da görürdüm qonaq hələ gəlib çıxmayıb, əhvalım daha da pozulurdu, indi gəl bu cür tamaşaçının əhvalını yüksəlt. Xaricdə isə hər aparıcının sürücüsü, meneceri, stilisti, redaktoru, və s. köməkçiləri var. .
- Sən televiziyada hansı verilişləri görmək istərdin?
- Özüm həmişə əyləncəli verilişlərin aparıcısı kimi çalışmışam, amma indi artıq bu tip verilişlərdən bezmişəm. İndiyədək ürəyim istəyən verlişi hazırlamamışam. Mənə tamaşaçı kimi müğənninin maşınının markası, nömrəsi, toya neçəyə getməsi maraqlı deyil. Bu gün maarifləndirici proqramlara ehtiyac var. Təəssüf ki, hansı kanalı açırsan 10 veriliş varsa, 8-i şou-biznesə aiddir. Şəxsən mən övladıma qoymaram elə telekanallara baxsın. Axı silikon dodaqlı qadınlara, qızlaşmış oğlanlara baxıb nə götürəcək onlardan uşaq? Bizim teleməkanda bir-iki nəfəri çıxmaq şərtilə, qalanını apar tulla. Aparıcıların çoxu veriliş apara, müğənnilərin çoxu isə oxuya bilsələr də özlərini necə aparmağı və elementar danışıq qaydalarını bilmirlər. Bir dinləyici kimi əksər müğənnilərimizdə nöqsanlar tapıram.
- Bir tamaşaçı kimi Azərbaycan teleməkanına hansı qiyməti verərdin?
- Qorxuram e, o qiyməti deməyə. Ümumi teleməkan həm kadr, həm də görüntü baxımından axsayır bizdə. Düzdür Avropa səviyyəsi ilə ayaqlaşan yaxşı verilişlər də, yaxşı aparıcılar da var. Prodakşnların hazırladıqları verilişlər daha gözəl olur və dərhal seçilir. Son zamanlar efirdə daha çox təcrübəsiz gənc kadrlara üstünlük verilir, amma o kadrları inkişaf etdirmək üçün iş görülmür. Yeni kadrları xaricə ezamiyyətə, təcrübə keçməyə göndərmək lazımdır. Aparıcı gedib CNN, BBC, Rusiya və Türkiyənin televiziyalarında nəsə görüb götürməlidir ki, inkişaf etsin. Bütün günü pultu əlində tutub xarici telekanalları izləməklə təcrübəni artırmaq olmaz axı. Televiziya elmdir, aparıcı xalqın simasıdır. Xaricdə oturub telekanallarımızı seyr edən Günel Musəvinin və digər aparıcıların geyimindən, danışığından bilir ki, “hə, Bakıda bunu geyinirlər, bu cür danışırlar”. Bunu bizimkilər sadəcə boş verirlər. Elə olub ki, mən xaricdə olanda yanımda televizoru açıblar ki, bizim telekanallara baxsınlar, görüblər ki, AzTv-də, ANS-də xarici filmlər göstərilir, kanalı dəyişiblər ki, “elə xarici kinoya xarici kanalda baxarıq da”. Və ya bizim verilişlərin səviyyəsini görüb gülüblər, özüm də xəcalət çəkmişəm. Aparıcı ağzına gələni danışır, ona-buna lağ edir, guya özü nədir. Xaricdə həm soydaşlarımızda, həm də əcnəbilərdə bizim verilişlərə və aparıcılara maraq yoxdur. Həmişə baxanda mənə deyirdilər ki, “orda kamera niyə titrəyir”, “studiyada işıq niyə yanmır”, ay nə bilim “aparıcının kölgəsi görünür”, yaxud “kimsə keçdi kölgəsi göründü”. Adi tamaşaçılar o qədər nöqsanlar tapırlar ki, utanıram. Nöqsan nədən yaranır? Təcrübəsizlikdən. Тexnki işçidən tutmuş, aparıcıya qədər hamı xaricə təcrübə keçməyə göndərilməlidir. Bizim kanallar yarananda xarici kanallara baxıb yaradılıb, elə indi də onlardan öyrənirlər. Amma bunu televizorun pultunu əlində tutub öyrənmək yox, gedib onun mətbəxində, canlı öyrənmək lazımdır. Verilişləri kopyalayanda da gərək yaxşı kopyalayasan. Əlinə eskizi götürməklə deyil ki, gərək o eskizin hansı qələmlə çəkildiyini də biləsən. Hər şeyi öyrənmək, təhlil etmək lazımdır. Xaricə gedib kef eləmək lazım deyil e, işləmək lazımdır. Mən Elçinin (ATV-nın bədii rəhbəri və baş prodüsseri Elçin Əlibəyli nəzərdə tutulur-X.X.) bu yaxınlarda səsləndirdiyi təklifi bəyəndim ki, Azərbaycanda Televiziya Akademiyası açılmalıdır. İstənilən ölkədə teleməktəb var. Şərt o deyil ki, AzTv-də 10 il işləyib məktəb keçəsən. Aparıcı məhz məktəb oxumalı, bilməlidir ki, efirdə nəyi necə demək lazımdır. Amma indi kim nə istəyir onu da deyir. Teleməktəb, Televiziya Akademiyası yaranmasa Azərbaycanda televizya inkişaf etməyəcək.
- Sən bir müddət həm də mahnı ifa etdin, bəs niyə davam etdirmədin bu yolu?
-106 FM-də çalışanda studiya əlimin altında idi, boş vaxtlarımda özüm üçün oxuyurdum. Qardaşımın dostunun studiyası var idi, orda qardaşım Rüstəm Musəvinin yazdığı mahnıları oxuyurdum. Sonra həmin mahnıları “Mədinə” adı ilə radioda dinləyicilərə təqdim edirdim. ABA-ya gələndən sonra artıq cəsarətləndim və öz adımla oxumağa başladım. 2 klip çəkdirdim, hər ikisini də peşəkar klipmeykerimiz Elxan Cəfərov çəkdi. “Qaytar” adlı klipim efirə verilsə də, “Qarabağ” klipim indiyədək heç bir kanalda göstərilməyib. Səbəb də o oldu ki, həmin klipi efirə vermək üçün öz işlədiyim telekanalda məndən pul istədilər. Mən o zaman səsimi inkişaf etdirmək üçün muğam dərslərinə gedirdim, Maqazin verilişlərindən biri klip çəklişlərim zamanı gəlib məni əlimdə dəf çəkib elə təqdim etmişdi ki, guya mən xanəndə olmaq istəyirəm, mənim dediklərim isə montaj olunmuşdu. Bundan sonra hamı qalxdı ayağa ki, “ ay qoymayın Gunel Musəvi xanəndə olmaq istəyir.” Mən də o adamlara başa sala bilmədim ki, milli musiqimizi daha yaxşı başa düşmək üçün öyrənirəm, mən estrada-pop oxuyacam. Amma başa salmaq olur ki? Heç nəyə ehtiyacım da yoxdur, dəfələrlə təklif edilsə də nə indiyədək toylara getmişəm, nə də restoranlardakı şou-proqramlara. O həyat mənə yaddır. Bəlkə də mən oxuyardım, amma şou-biznesdəki paxılları, riyakarları görüb iyrəndim. Bu gün Azərbaycanda Tünzalə Ağayeva, Azərin, Manana kimi özünü sənətə qurban verənlər də var, bu sənətə asan yolla pul qazanmaq üçün gələnlər də. Xaricdə televiziya müğənniyə pul verir ki, proqrama qonaq gəlsin, bizdə isə bir neçə nəfər tanınmış və sevilən müğənniləri çıxmaq şərtilə qalanları qapıdan qovanda pəncərədən gəlir ki, “qurban olum məni burax da içəri, nə qədər istəyirsiz pul verim, məni çəkin də verilişə.” Mənə belə zənglər çox gəlirdi, amma heç kimdən pul almırdım və hamısını baş prodüsserin üstünə göndərirdim, deyirdim “pul işi mənlik deyil.”
- Daha oxumaq fikrin yoxdur, yoxsa sənə mahnı vermirlər?
- Mahnılarım çoxdur, amma oranjeman etmək lazımdır. Mən nə vaxta kimi hər şeyi öz pulumla etməliyəm? Xaricdə müğənni oxuyur, albom buraxır, ondan gəlir əldə edir, amma mən şou proqramlara, toylara getmirəmsə, albomum da pirat yola çoxaldılıb satılacaqsa belə müğənnilik nəyimə lazımdır? Hər mahnıya hardasa 2000-3000 manat pul lazımdır. Bu pulu elə xeyirxah işlərə həsr edərəm də. Onsuz da mənim nə ulduz olmaq, nə də dünya turnesinə çıxmaq fikrim yoxdur.
- Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istərdinmi?
- Bu müsabiqədə Azərbaycanı təmsil edə biləcək kifayət qədər istedadlı gənclər var. Müsabiqədən keçəcəyimə inansam belə buna razı olmaram. Yeri gəlmişkən deyim ki, Ayselin çıxışı ürəyimcə oldu, amma ermənilərə səs göndərən vətəndaşlarımızın hərəkətini anlamadım.
- Qalmaqalla aran necədir?
- Bəzən jurnalistlərlə müğənnilər, yaxud elə müğənnilərin öz arasında mənasız intriqalar olur. Arzu edirəm ki, bəzi müğənnilərimiz çoxlu kitab oxusunlar, hansısa xarici ölkəyə gedib, dükanları gəzib qayıdıb “konsert verdim” deməkdənsə, 3 gün dükan gəzib 7 gün də şəhərin tarixi ilə maraqlansınlar. İnsan qızılı, brilyantı, dəbdəbəli evi ilə öyünməməlidir. Heç bir xarici telekanalda görməmişəm ki, müğənni öz həmkarına söz atsın. Bizdə isə müğənnilər jurnalistin dediyi bir sözdən coşub öz həmkarları haqqında elə ifadələr işlədirlər ki, qalmaqal yaranır.
- Sənin haqqında da şayiələr çox gəzir...
- Hə, biri deyir Ruhəngiz Musəvinin qızıdır, biri deyir Emin Musəvinin bacısıdır. Daha yorulmuşam deməkdən ki, səhv edirsiz.
- Dostluğa, sevgiyə münasibətin necədir?
- Dostluğun, sevginin formulu yoxdur. Sevgiyə inanıram. İnsan bəzən ilk dəfə gördüyü, heç nəyi olmayan birinə də vurula, sevə bilər. Qızla oğlanın dostluğu isə belədir ki, əgər hər ikisi boşdursa, yəni subaydırsa mütləq axırda bir-birinə vurulacaqlar.
- Özünü səmimi insan hesab edirsən?
- Səninlə 100 faiz səmimi söhbət etdim. Amma mən həmişə, hamı ilə səmimi ola bilmərəm axı. Adam hərdən özü-özünə də yalan danışmaq istəyir. Məncə yalnız dəlilər həmişə düz danışa bilər.