Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Dünya müsəlmanları bu gün müqəddəs Qurban Bayramını qeyd edir. Bu bayram keçmiş Sovet dövründə də əhalisinin əksər hissəsi müsəlman olan Azərbaycanda geniş olmasa da çoxları tərəfindən qeyd edilir, qurbanlar kəsilirdi. Amma o vaxtlar indikindən fərqli olaraq bu müqəddəs bayramın ətin qiymətinə heç bir təsiri olmurdu, qoyun əvvəl hansı qiymətə olurdusa, bayram ərəfəsində və bayram günündə də həmin qiymətə qoyun və ya ət almaq mümkün idi. Əks təqdirdə qiyməti süni olaraq qaldıran adamın dərisini qoyun dərisi kimi boğazından çıxarardı hökumət. İndi isə vəziyyət fərqlidir. Müsəlmanlığı sünnət olmağından o yana keçməyən bəzi insanlar il uzunu sanki bu bayramın nə vaxt gələcəyini gözləyirlər ki, insanların etiqadından sui istifadə edib mal-qaranın qiymətini süni qaydada qaldırsınlar. Qəribədir ki, bu cür mohtəkirlik halları hər il təkrarlanır və hər il də belə adamlar həm ictimai qınaqdan, həm də inzibati məsuliyyətdən kənarda qalır. Halbuki qiymətlərin hansısa bayramla və ya əlamətdar günlə bağlı olaraq qaldırılması möhtəkirlikdən başqa bir şey deyil və qanunlar tam imkan verir ki, belə hallara qarşı effektli mübarizə aparılsın. Bilirəm indi bəziləri düşünə bilər ki, heyvan sahibi özü neçəyə istəsə malını sata bilər. Amma əslində bu nə qanuna, nə də dini adət ənənəyə uyğun deyil. Əgər qiymət qoymaq hərənin öz kefinə uyğun olsa onda çörəyin qiyməti də kəllə çarxa çıxar. Dövlətin öz qiymət siyasəti var və müvafiq qurumlar belə məsələlərə qarşı daha da diqqətli olmalıdırlar. İş o yerə çatıb ki, adi günlərdə ayaq altında qlan kələmin qiyməti də bayrama görə qəfil qalxıb və bazarda kələmlə qoyun həm qafiyə söz kimi işlənir. Bir müddət əvvəl sənədləri qaydasında olmayan məscidlərin sökülməsi məsələsi gündəliyə çıxanda hay həşir salanlar isə harda gizləniblərsə indi möhtəkirliklə məşğul olub, müsəlman qardaşlarının cibinə girənlərə demirlər ki, “adamın abrı olar, bayramdır deyə qoyunun, ətin qiymətini qaldırmaq olmaz”. Bəziləri heç bayramın tarixini, mahiyyətini də bilmir, bəziləri üçün bu sadəcə güclü alver etmək, bəziləri üçünsə çoxlu ət yemək bayramıdır. Hələ də elə insanlarımız var ki, il uzunu ağzına bir tikə ət dəymir, ayağı yalın gəzir, hamballıq edir, amma hələ də elə insanlarımız var ki, ölkədə bu qədər fəqir füqəra olduğu halda hər il Həccə gedir və bunun vacib əməl olduğunu bildirir. Amma ən vacib əməl odur ki, bir müsəlman öz qonşusunun, qohumunun dərdlərinə də əlac qılsın, bir yetimin qeydinə qalsın. Təəssüf ki, bunu edən ya yoxdur, ya da çox azdır. Hər bir müsəlman bu gün bir hərəkət edəndə, bir addım atanda düşünməlidir: Məhəmməd Peyğəmbər bu anda nə edərdi? Məhəmməd Peyğəmbər özünə dəbdəbəli yubiley keçirməzdi, azanı benzinlə yox, insanın ruhu ilə müqayisə edərdi, villada deyil, kasıb, amma Allahın nuru ilə işıqlanan bir daxmada yaşayardı, özü ac qalar, amma sonuncu tikəsini də müsəlman olmasa belə hansısa ac və kimsəsizə yedirərdi, kimsə ilə düşmənçilik aparmaz, onu sevməyənlərə, qəbul etməyənlərə belə mərhəmətli olar, dərdlərinə çarə tapmağa çalışardı, kasıb müsəlmanların gözü qarşısında bahalı avtomobildə deyil, bəlkə də piyada gəzərdi. Çünki o İdeal İnsan idi. Amma bu gün təəssüf ki, onun ümməti ona oxşamır. Ömür boyu bütpərəst həyatı yaşayıb öləndə müsəlman kimi dəfn edilənlər nə qədər müsəlmandır onu ancaq Allah bilir. Mənim bildiyim budur ki, bütün insanları birləşdirən bir İnsanlıq dini də var ki, onun adı Vicdandır və Vicdanı olan möhtəkirlik etməz, rüşvət almaz, qan içən olmaz. Allaha inanan adamın vicdanı olar.

Qurban bayramınız mübarək!!!

Xanlar Xoca http://news.qaynar.info/33309.html

http://7gun.az/index.php?newsid=742

0 коммент.:

Отправить комментарий