Advertise Here

YENİLİK

- Another Blogger Blog's



Mətbuat Şurası “reket qəzet”lərin siyahısını hazırlamaqla qismən də olsa kimin kim olduğunu cəmiyyətə çatdıra bildi. Amma iş burasındadır ki, “reket qəzetlər”lə iş bitmir. Jurnalistika sahəsində reket QHT-lər də kifayət qədərdir və onların da adlarını cəmiyyətə tanıtmaq lazımdır. Bu günlərdə QHT-lərin aldıqları qrantlarla bağlı bir araşdırma yazısında bəzi jurnalist təşkilatlarının aldıqları vəsaitlərin məbləğini görəndə həqiqətən heyrətləndim. Həmişə əlində dəsmal tutub ağlayan insanlar sən demə minlərlə avro məbləğində qrant alırmışlar və ən maraqlı budur ki, monitorinq filan keçirmək adı altında alınan bu vəsaitlər təyinatı üzrə xərclənmir. Bunu bilmək üçün fitri istedad tələb olunmur, mətbuatın vəziyyəti, jurnalistlərin mənzil və iş şəraiti göz önündədir. Bəs onda bu vəsaitlər görəsən hara xərclənir? Kimsə evində, ya ofisində oturub öz həyat şəraitini düzəltmək üçün jurnalistikanın adından istifadə edərək layihə yazır və sonra da aldığı vəsaiti hara xərcləyir məlum olmur, həmişə də ağlayır ki, hökumət bizi ac qoyub. Aldığı yüz minlərlə avroya baxanda isə adamın nə qədər yalançı olduğunu görməmək mümkün deyil. Və ya kiminsə birdən ağlına gəlir ki, “Qaranlıq otağın açarı”adlı bir müsabiqə keçirsin, həm ziyarət olsun, həm də ticarət. Daha bu müsabiqənin keçirilməsi şərtlərini, qalibə ödəniləcək mükafatın dəqiq məbləğini müəyyənləşdirmək “unudulur”, çünki əmindirlər ki, fağır jurnalistlər ya səsini çıxartmayacaq, “buna da şükür” deyib keçəcək, ya da ən pis halda məhkəməyə müraciət edən olsa belə kiminləsə anlaşıb bir çıxış yolu tapacaqlar. Halbuki az qala hər gün demokratiyadan, söz azadlığından dəm vurur, az qala toylarda da bu mövzuda tost deyirlər. Nə vaxtsa bu cür insanların rəhbərlik etdikləri təşkilatlarda yoxlamalar da başlayanda bir hay küy qalxır ki, gəl görəsən, bəyanatlar ard-arda düzülür :”Soz azadlığına basqı”, “Hökumət filan təşkilatı sıxışdırır” və s. Halbuki əslində hökumət bu cür təşkilatlara qarşı çox humanistdir məncə. Bu cür QHT-lərdə korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə yoxlamalar başlansa daha doğru olardı. Onda bəzi jurnalist təşkilatlarına hansı donorun nə qədər vəsait ayırdığı və həmin vəsaitin hansı məqsədlərə və necə xərcləndiyi tam aydınlaşardı. Nəzərə alsaq ki, Azərbaycan Qarabağla bağlı bəzi dövlətlərin təzyiqləri ilə üz-üzədir və qarşıdan parlament seçkiləri ili gəlir, o zaman Azərbaycanda guya “söz azadlığının inkişafına yardım etmək” istəyən, əslində isə ölkədə aranı qarışdırmaq məqsədi güdən bəzi beynəlxalq donor təşkilatlarının jurnalistikaya zərrə qədər dəxli olmayan, sədrləri son 5-10 ildə bir cümlə belə yazmayan bəzi jurnalist təşkilatlarına ayırdıqları vəsaitlərin məbləğini artıracaqları şübhə doğurmur. Ona görə də bu təşkilatların həmin vəsaitləri hansı məqsədlərə sərf etməsi diqqətə alınmalıdır. Mətbuat Şurası isə jurnalistikaya xidmət etməyən bu cür təşkilatların adlarını da bir siyahı hazırlayıb cəmiyyətə təqdim etsə onda reket QHT-lərin də adları bəlli olardı. Həm də məncə Mətbuat Şurasının mətbuatın inkişafı üçün alınan qrantlara nəzarət etmə mexanizmi və imkanları olsa daha yaxşı olardı bəlkə də. Təbii ki, əgər olsaydı...

0 коммент.:

Отправить комментарий