Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Bu gün Ümumdünya İnformasiya Günüdür. İndi kimsə deyəcək ki, “hə, nə olsun”. Amma nəzərə alsaq ki, informasiyaya olan tələbat bu gün cəmiyyətdə çörəyə olan tələbat qədər güclüdür, onda bu sualın cavabı da hər kəsə aydın olar.

Azərbaycanda da vətəndaşların informasiya alması üçün qanunlar qəbul edilib, amma bu qanunlar əksər hallarda güc qarşısında susan aciz uşağı xatırladır. Min oyundan çıxan məmur özbaşınalığı qarşısında qanun gücsüz görünür. Elə gülməşəkər məmurlar var ki, özlərini mətbuata qapalı elan edir və az qala padşah kimi aparırlar. Ola bilsin ki, kiminsə ürəyində padşahlıq iddiası ola bilər, amma zaman-zaman bu iddialarla yaşayan insanların aqibəti də məlumdur.

Jurnalistə konkret "rədd ol" deyənlər sonradan onun köməyinə ehtiyac duyur. Çünki cəmiyyətə lazım olan informasiyaları məhz jurnalistlər- Misir ehramlarını tikən qullar kimi bütün günü o yan - bu yana qaçan, çox işləyib az qazanan insanlar toplayıb yayırlar. Məhz bayram günlərində informasiya kasadlığı yarananda jurnalistlərin necə əhəmiyyətli iş gördükləri məlum olur. Amma həmin jurnalistlər informasiya verməli olan qurumlardan ən adi məlumatı belə ala bilmirlər.

Əlbəttə, Milli Təhlükəsizlik Nazirliyi və şöbələri informasiya verməyə bilər, çünki bu qapalı bir qurumdur, amma buna baxmayaraq, bu nazirliyin mətbuat xidməti yayılması mümkün olan informasiyanı KİV-lər arasında fərq qoymadan açıqlayır, ya da ən azından “bu barədə bizdə məlumat yoxdur” deyir. Eyni sözlər Müdafiə Nazirliyinə də aiddir.

Amma jurnalisti elə idarələr incidir ki, o məsələn hansısa şəhərdə neçə zibil qutusu olduğunu deməlidir. İndi bu zibil yeşiyinə baxan adama “informasiya ver” desən özünü elə aparacaq ki, elə bil alçaq dağları bu yaradıb. Halbuki şəhərdə neçə zibil qutusunun olduğu açıqlansa, bu dövlətin təhlükəsizliyinə heç bir ziyan gətirməz. Deməli, bəzi idarələr əslində verməli olduğu informasiyanı vermirsə, bu, özbaşınalığın və yekəbaşlığın nəticəsidir ki, bu problemdən bu gün bütün jurnalistlər əziyyət çəkir. Məsələn, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hətta iş müddəti bitəndən sonra da jurnalistlərin suallarına nəzakətlə cavab verirsə, hansısa rayon və şəhər polis idarəsində akkreditasiyadan keçən jurnalist informasiya almaq istəyəndə “biz informasiyanı APA-ya veririk” deyirlər.

Hətta Prezident özü mətbuata açıq bir insandırsa, Daxili İşlər naziri jurnalistlərin suallarına cavab verə bilirsə, bəs niyə görəsən hansısa polis idarəsi adi oğurluq hadisəsi haqqında məlumat vermək istəmir? Və ya adı olub özü olmayan bəzi nazirliklərin, komitələrin mətbuat xidmətləri görəsən hansı deşiklərdə gizləniblər ki, jurnalistlər onları tapmaqda, sual verib cavab almaqda çətinlik çəkirlər? Görəsən nə vaxta qədər balaca adamlar özlərini böyük tutacaq, xülyalarla yaşayacaqlar? Jurnalistin adamyeyən olmadığını ortada yeyib qıraqda gəzən məmurcuqlar dərk edəcəklərmi? Bəlkə jurnalistlər də bəzi məmurları tez-tez görmək, informasiya almaq hüquqlarını reallaşdırmaq, ondan istifadə etmək üçün mahnı oxumağa, rəqs etməyə başlasınlar, hə? O zaman yəqin həmin jurnalistdən qorxan məmurlar jurnalistlərdən qaçmazlar, jurnalistlər də bahalı maşınlarda gəzib, villalarda ömür sürərlər, daha kirayədə qalmaz, “görəsən bu ay ev pulunu ödəyə biləcəyəmmi” kimi fikirlərin içində çabalamazlar. Hələ ki, informasiya yükünü çiynində daşıyan jurnalistlər ordusu ehtiyac içindədir, amma ən böyük ehtiyacı da elə informasiyayadır. Ona görə də Ümumdünya İnformasiya gününün bizə təəsüf ki, dəxli yoxdur.

Çox təəssüf.

Xanlar Xoca http://news.qaynar.info/33236.html

http://7gun.az/index.php?newsid=710

0 коммент.:

Отправить комментарий