Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Azərbaycan xalqı böyük həvəslə dekabrın 23-nü gözləyir. Çünki məhz həmin gün xalq məntəqələrə- sandıq başına gedəcək və səs verib öz layiq bildiyi şəxsi bələdiyyə üzvü seçəcək.

Layiq sözü ləyaqət sözündəndir. Ona görə bələdiyyələrə də layaqəti olanları layiq bilib seçmək lazımdır. Əks halda bələdiyyələr ya icra hakimiyyətinin əlavəsinə çevriləcək, ya da torpaq satan bir quruma. Amma seçkini keçirməmək də olardı. Çünki müharibə şəraitində yaşayırıq, bələdiyyələrdə isə xalqımızın ən ləyaqətli oğulları toplaşıb. Ona görə də mən təklif edirəm ki, elə bu bələdiyyələrin tərkibi Qarabağ və ətraf rayonlar azad edilənə qədər olduğu kimi saxlansın, seçki isə sadəcə hansısa vəfat etmiş və ya həbs edilmiş bələdiyyə üzvlərinin boş qalmış yerlərinə keçirilsin.

İndiki böhran şəraitində axı nə mənası var ki, durub külli miqdarda vəsaiti seçkiyə həsr edək. Həmin pulu elə imkansız ailələrə sosial yardım ayrılmasına da yönəltmək olardı. İndi bəziləri deyəcək ki, “sosial yardım rüşvətlə verilir, elə olmasa sosial yardım alanların siyahısı təqdim olunardı”. Bu təbii ki, aranı qatmaq istəyənlərin fikri ola bilər. Sosial yardım alanların siyahısını açmaq olmaz, qardaşım. Bu dövlət sirridir, əgər sən bilsən ki, qonşuluqda yaşayan, qapısında qoşa-qoşa “inomarka” dayanan şəxs də sosial yardım alır, onda həmin qonşu xəcalət çəkə bilər, bu isə onun insan hüquq və azadlıqlarını pozmaq deməkdir. Olmaz axı kiminsə haqqını tapdalamaq.

Mən özüm çox görmüşəm ki, bığıburma, enlikürək birisi X5-den düşüb əlində məcburi köçkünlərə verilən “çörək pulu” kartı necə utana-uana bankomata yaxınlaşıb pul alır. Belə vaxtı camaat da o adamın və ona kart verənin yerinə xəcalət çəkir, hamı üzünü çevirir ki, adam özünü sərbəst hiss eləsin, sıxılmasın o pula həqiqətən də ehtiyacı olanların arasında. Axı bu insana xəcalət vermək nəyə lazımdır. Belə insanların kimliyi sirr qalmalıdır. İndi sosial yardım alanların siyahısı da açıqlansa daha bunun harası sirr saxlamaq oldu?! Sirr elə bir şeydir ki, onu kimsəsiz adada öz-özünə də deyə bilməzsən. Çünki ətrafda kimsə yoxdursa əsən yellər var, xəbəri elə yerlərə apararlar ki, heç ağlına da gəlməz. Belə şəraitdə sirr vermək olar? Təbii ki, olmaz. Bacarana can qurban.

İnsan paxıl olmaz. Qonşun yolunu bilir, sosial yardım, yaxud əlillik dərəcəsi düzəldib pensiya alır, sən də yolunu bilmirsən get yol bilənə de sənə də düzəltsin. Daha hay-küy salmaq nəyə lazımdır axı? Çörəyə bais olmaq heç düzgün hərəkət deyil. Nəyi pisdir, “upravdom”dan tutmuş nazirə qədər hamı öz yerində qalsın, kəndlinin balası elə yer əkməklə, fəhləninki də elə qul bazarında günəmuzd iş axtarmaqla məşğul olsun?! Milli Məclisə seçkilər də müharibə bitənə qədər təxirə salınsın bitsin bu iş.

Böyük Britaniyada lordlar ömürlük seçilir, məgər demokratiya azalır? Xeyr. Milli Məclis üzvlüyü də ömürlük olsa, hətta millət vəkilliyi irsən keçsə həm büdcəyə qənaət etmiş olarıq, həm də vaxtımıza. Düzdür bəziləri elə bilir millət vəkili olmaq asan işdir, elə bütün günü oturub düymə basırsan, amma elə deyil. Yolla keçən biri Milli Məclisə düşsə qeyri-müəyyən situasiyada özünü itirə bilər, bilməyəcək məsələnin, yaxud layihənin lehinə danışsın, yoxsa əleyhinə, yəni əndrabadi bir vəziyyət. Belə situasiyadan baş çıxarmaq hər oğulun işi deyil. Bir də ki, əgər Milli Məclisə seçkilər təxirə salınsa televiziyalar da şou verilişlərin vaxtından kəsib seçki təbliğatına ayirmazlar. Xalqa şərait yaratmaq lazımdır. Qoy xalq kef eləsin, desin, gülsün, əylənsin. Ləyaqətli oğulları olan xalqa ancaq gülmək yaraşır.

Xanlar Xoca http://news.qaynar.info/32907.html

http://7gun.az/index.php?newsid=573

0 коммент.:

Отправить комментарий