Advertise Here

YENİLİK

- Another Blogger Blog's

Cəmiyyət də bazar kimidir, nə çoxalırsa qiyməti düşür. Bir vaxtlar mahnı oxuyan az idi, ona görə də müğənnilərə hər yerdə hörmət var idi, qəzetlər az idi, ona görə də qəzetin, jurnalistin hörməti var idi, müəllim az idi, müəllimə hamı fövqəladə bir insan kimi baxırdı. Bir vaxtlar hüquqşünas da az idi. Ona görə də hüquqpozmalar az, hüquqşünasların hörməti isə çox idi.

Müstəqilliyin ilk illərində hətta zirzəmilərdə də universitetlərin açılmasının və prestijli fakültələrə qəbulun aparılmasının nəticəsi olaraq hüquqşünasların da sayı sürətlə artmağa başladı və kəmiyyət keyfiyyətə təsir elədi. İndi ölkədə hüquqşünas diplomu olan çox, savadı olan hüquqşünas çox azdır. Bir hüquqşünas üçün əsl təcrübə meydanı təbii ki, məhkəmə salonudur, məhz məhkəmədə vəkil kimi iştirak etmək peşəkar hüquqşünas kimi formalaşmaqda müstəsna rola malikdir. Amma bizim indiki vəkillərin də bir çoxu məhkəməyə ciddi bir proses kimi deyil, bəzi müğənnilər toya baxdığı kimi baxır. Yəni bir müğənni necə ki, toya dəvət alanda diskini götürüb gedir bir gündə 5 dənə toy yola verir, indi bəzi vəkillər də məhkəməyə bu cür yanaşır. Gözləyirlər, nə vaxt hansısa yüksək çinli məmur həbs olunsa, dərhal elçilərini göndərirlər ki, “biz ona vəkillik edə bilərik, təki hə desin”.

Halbuki dünənə qədər onun əlindən qan ağlayırdılar, korrupsioner olduğunu deyirdilər, nə bilim villalarını sayırdılar. Həmin məmurun günahkar olduğunu bilə-bilə onun müdafiəsinə qoşulur, illər uzunu haram yolla yığdığı pullardan alıb həm günahına şərik olur, həm də populyarlıq qazanırlar. Sonda isə müdafiə etdikləri şəxsə ancaq bu cür təskinlik verirlər: “Əlimdən gələni elədim, amma bu siyasi qərardır.” Beləsinə deyən yoxdur ki, ay avara, bilirdin ki, siyasi qərardır, onda niyə ortalıqda fırlanırdın? Bəs pul alanda niyə demirdin ki, bu siyasi qərardır, heç məhkəməyə getməyə ehtiyac yoxdur?

“Azadlıq” qəzetinin əməkdaşı Arzu Abdulla adi bir jurnalist xanımdır, baxmayaraq ki, onun siyasi mövzuda, Azərbaycanın daxili və xarici siyasətinə həsr olunmuş heç bir yazısındakı fikirləri bölüşmürəm, mövqeyi ilə razılaşmıram, amma bu xanım təmsil olunduğu düşərgədəki bir çox mövsümi müxalifətçidən daha qeyrətli və əqidəlidir. Amma indi bu xanım məhz haqqının tapdandığını əsas gətirərək “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə iddia qaldırıb və vəkilsiz qalıb. Bəs hanı bizim vəkillər? Harda qalmısınız ey müdafiə edib populyarlaşmaq məqsədilə nazir, idarə rəisi, polkovnik, prokuror, polis rəisi axtaran vəkillər? Səsiniz niyə gəlmir? Axı Arzu hökumətdən şikayətçi olsaydı, onu müdafiə etmək üçün basabas salacaqdınız, itələşəcəkdiniz, hələ bəzi hüquq müdafiəçiləri “yol verin Avropanın, Amerikanın adamları gəlib” deyəcəkdi, bəs indi nə oldu?

Arzu Arif Əliyevi məhkəməyə verdi, elə bil qurbağa gölünə daş atdılar. Yazın da Arzunun adını, bir hesabat hazırlayın göndərin Avropaya ki, burada jurnalist təşkilatı tərəfindən haqqının pozulduğunu iddia edib vəkilsiz qalan jurnalist var.

Yoxsa bu işdə pul iyi gəlmir ona görə hamı lal olub? Bəs axı obyektivlik, ədalətlilik harda qaldı? Axı Siz vəkillər məhkəmədə məhz ədalətli mühakimə olunmaq hüququnun pozulmasından şikayətçisiniz. Bəs özünüzün ədalətli müdafiə etmək hissiniz varmı?

Siz ədalət hissinizi dostluğa qurban verirsinizsə, hansı vicdanla ədalətdən danışa bilərsiniz, kimisə haqsızlıqda, ədalətli mühakimə etməməkdə, sifarişli qərar çıxarmaqda ittiham edə bilərsiniz? Axı Sizin bəziləriniz hələ də sifarişlə işləyir, “dostun xətri xoş olsun, ədalət incisə də olar” prinsipi ilə prosesə çıxır. Mən də Azərbaycanda bəzi məhkəmələrin heç də həmişə ədalətli qərar çıxarmadığını gözəl bilirəm. Amma bunun da günahı məhkəmələrdən, hakimlərdən çox özünü dəllal kimi aparan bəzi vəkillərdə və vəkilliyi dostluğa qurban verənlərdədir. Satmaq, qurban vermək istəyirsinizsə başqa şeylər seçin, ədalət hissinizi güzəştə getməyin, əgər o hələ də qalıbsa...

Xanlar Xoca http://news.qaynar.info/32601.html

0 коммент.:

Отправить комментарий