Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Azərbaycandan bəxtəvər ölkə yoxdur və ola bilməz. Çünki Bagira kimi dünya ulduzu azərbaycanlıdır və hər yerdə Azərbaycanı təmsil edir. İndi də gedib Türkiyəyə. “Qız” orda vətəni təmsil edir, bədxahlar da burda başlayıblar qara piara ki, guya orda donuz qripinə yoluxub. Qızğın iş rejimindən macal tapa bilməyən Bagira, mətbuat xidmətinin rəhbəri Mikayıl Hüseynov vasitəsilə Lent.az-a verdiyi açıqlamasında donuz qripinə yoluxmaq təhlükəsindən ehtiyat etdiyi üçün seks-partilərdən çəkindiyini bildirib. Bu “sex party” ifadəsini necə başa düşmək hərənin öz işidir, amma əsas odur ki, M.Hüseynovun dediyinə görə, “bilirsiniz ki, Azərbaycan səhnəsində Bagira təkrarsızdır, öz sferasında təkdir.” Bu fikirlə razılaşmamaq olmaz. Adam əziyyət çəkib özünə imic yaradıb. İndi gərək xalq ona dəstək olsun, axı Bagira orda “öz ölkəsini təmsil edir”.

Bu ölkədə hörmət sahibi olmaq üçün gərək Bagira olasan. Burda həkimin, müəllimin, alimin, jurnalistin hörməti olmaz, hörmət də, söz azadlığı da onlara məxsusdur. Bir məclisə Lütfi Zadə kimi alim girsə kimsə yerindən belə qalxmaz, amma Bagira, Xatirə, yaxud o tip bir başqası girsə bütün məclis ayaq üstə çəpik çalar. Demək ki, bizə elm, ziya lazım deyil, bizə Bagira və başqa bu kimi insanlar lazımdır. Bizə azad söz yox, çılpaq müğənnilər lazımdır ki, dünyada tanınaq.

Söz azadlığı yaxşı şeydir, amma baxır kimin dilində. Qoy sözü azad şəkildə lüt-üryan, “bakirə” müğənnilər desin. Çünki məhz onların sayəsində bütün günü işləyib yorulan məmurlar dinclik tapırlar. Fəhlə ac da qala bilər, susuz da. Əsas odur ki, məmur və onun rəqqasə müğənniləri şad xürrəm ömür sürsünlər. Bu ölkədə qəzet, sayt bağlana bilər, jurnalist həbs oluna bilər, amma bir bar bağlansa, bir lüt müğənni istintaqa çağırılsa elə adamlar zəng vurub hədə qorxu gələ bilər ki, xəttin o başındakı adam pampers axtarar, necə ki, indi camaat Bakıda gündüz çıraqla “donuz qripi”ndən qorunmaq üçün maska axtarır, tapa bilmir. Donuz qripi demişkən, arada belə şeylərin olması bizim nəyə necə hazır olduğumuzu göstərir. Qar yağır, adamlar bir yana, avtomobillər də yolda iməkləyir, böhran baş verir, dünyada qiymətlər düşəndə bizdə qiymətlər kəllə çarxa qalxır, qrip yayılır, hər yerdə maskanı pulsuz, hətta məcburi şəkildə paylayanda bizdə onun qiymətini tələbatın səviyyəsinə uyğun olaraq artırırlar, apteki olmayanlar da “kaş mənim də aptekim olaydı” deyə yanıb yaxılır, daha demir ki, “mənim aptekim olsa maskanı pulsuz paylayardım”. Sonra da bəziləri durub Qərbi ittiham edir ki, “niyə Amerikada və digər ölkələrdə bu xəstəlikdən ölən olmadı”. İnkişaf etmiş ölkələrdə, avtobuslar, metro, təyyarə və s. kompaniya xətrinə dezinfeksiya edilmir, bizdə epidemiya təhlükəsi yarananda görülən tədbirlər həmin dövlətlərdə adi gündəlik bir prosesdir. Ona görə də “donuz qripi”ni də hansısa olmayan mafiyaya bağlamaq cəhdləri əfsanədən başqa bir şey deyil. Bir də heç kim narahat olmasın. “Donuz qripi” Azərbaycanda epidemiya halını almayacaq. Çünki bizim xalq dözümlü xalqdır, immuniteti güclüdür. Böhran, qrip və s. bu kimi şeylər bizə vız gəlir. Əsas olan da elə budur.

Xanlar Xoca http://news.qaynar.info/32821.html

http://7gun.az/xanlar/529-bagiran305n-v601t601ni.html

0 коммент.:

Отправить комментарий