Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Doğrudan da əcaib zəmanədə yaşayırıq. Dünya dövlətləri elmi-texniki tərəqqi üzərində başını sındırarkən biz məsələn, yaslar və toylar haqqında qanunlarla məşğuluq. Bir azdan elçilik haqqında, toy gecəsi haqqında da qanunlara ehtiyac yaranacağı şübhəsizidir. Çünki bəzi gənclər artıq adət-ənənədən qırağa çıxmağa başlayıblar, ona görə.
Hələlik isə növbədə qadınların nikah yaşının artırılması məsələsidir. Yəqin qadınların ağır zəhmət çəkdiyinin, ailənin əsas yükünün qadınların çiyninə düşdüyünün, qadın müəllim, həkim və s. peşə sahiblərinin gecə-gündüz bilmədən kişilərlə bərabər, bəzən isə hətta onlardan da çox işləməsinin şahidisiniz.
Qadın həm işçidir, həm də ana. O həm dövlətə işləyir, həm də ailəyə. Başı da həmişə qapazlıdır. Ən çox da qadınların hüququ ailədə pozulur. Xeyli vaxtdır “Məişət zorakılığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də hələ bir xəbər yoxdur. Çünki bu qanun bəzi despot ruhlu kişilərə sərf etmir. Amma əvəzində Milli Məclis tətildən qayıdıb fəaliyyətə başlayan kimi qadınların nikah yaşının artırılmasını müzakirəyə çıxaracaq. Bütün problemlərin həlli məhz bu yaş məsələsindən asılıdır.
Qızlar 18 yaşında nikaha girsələr, bütün Azərbaycan qadınları daha asudə nəfəs ala, “hə, bax biz indi xoşbəxtik” deyə bilərlər. Daha yayın qızmar istisində, qışın qar dizə çıxan günündə qadınlar işləməyəcək, bazarda soyuqdan büzüşə-büzüşə piştaxta arxasında alıcı gözləməyəcək, sahə müvəkkili limon satan qadınları metro ətrafından qovmayacaq, heç bir qadının gözünün altı evdə xoruz, çöldə fərə kişilərin sayəsində qaralmayacaq və s. Bir sözlə, bəşəriyyətin qızıl dövrü geri qayıdacaq. Əhsən. Daha fikirləşən yoxdur ki, qadınların nikah yaşı 17 olanda da Azərbaycanın əksər rayonlarında 15-16 yaşında kəbinlə ərə gedib, 17 yaşında isə rəsmi nikaha girən qızlar olub, yenə də olacaq.
Dəfələrlə deyilib, yazılıb ki, cənub rayonlarında 18 yaşında qıza artıq evdə qalmış kimi baxılır. Nikah yaşının artırılmasının əksinə qadınlara ziyanı olacaq. Çünki “imam nikahı” ilə ailə quranlar sonra ərindən ayrılmaq istəyəndə hüquqi problemlər ortaya çıxacaq və rəsmi nikah olmadığı üçün yenə də yazıq qızların başı ağrıyacaq. Ona görə də, qanuna inam itəcək, hamı fikirləşəcək ki, filankəsin qızı ayrılmaq istədi, başına o qədər müsibət gəldi, məhkəmə qapılarında qaldı, ən yaxşısı kişinin təpiyinə dözüb ər evində yaşamaqdır. Atalar da 16 yaşında ərə verdikləri qızlarına yenə də deyəcəklər ki, “sənin ərin sənin Allahındır”. Və beləcə qızların günü yenə qara olacaq.
Bilirəm, indi beynəlxalq konvensiyalardan misal gətirəcəklər ki, biz bunu qəbul etməliyik, filan, amma əgər beynəlxalq konvensiyalar belə gərəklidirsə onda nəzərə almaq lazımdır ki, heç bir Avropa ölkəsində arxasını çoxdan telekanala çevirmiş tamaşaçını özünə cəlb etmək üçün çarəsizlikdən, ya nədənsə bədənini satmağa məcbur olmuş qadınların üzünü çəkib xalqa nümayiş etdirmir, insanların həyatını məhv etmirlər. O çəkib göstərənlərə və onlara havadarlıq edənlərə də izah edilməlidir ki, həmin insanların da ailəsi, övladı var. Onlar da Anadır, Qadındır. Bəs harda qaldı qadın hüquqları, hə?!
Avropada fahişənin də haqqı qorunur, amma Azərbaycanda heç onların qayğısına qalan da yoxdur, fikirləşən də yoxdur ki, axı əxlaqından asılı olmayaraq bu qadınlar da seçicidir, vətəndaşdır. Kimsə mənliyini satıb rüşvət alır, kimsə də bədənini satıb evinə çörək aparır. Çoxmu fərq var bunların arasında bilmirəm, ama bunu yaxşı bilirəm ki, qadınların haqqını qorumaq üçün beynəlxalq konvensiyaları yada salırıqsa gərək o konvensiyaları yaxşı oxuyaq, təkcə özümüzə sərf edən hissələri deyil, bütün təbəqələrin xeyrinə olanları qəbul edək. Yoxsa heç bir dəyişiklik yaxşılığa doğru olmayacaq.

0 коммент.:

Отправить комментарий