Advertise Here

YENİLİK

- Another Blogger Blog's


Bu günlərdə müstəqil qəzetlərdən biri “kimə ayaqqabı atardınız” mövzusunda sorğu keçirirdi və mənə də zəng edib fikrimi soruşanda ayaqqabı atmağa yaxşı baxmadığımı bildirdim. Amma indi fikrimi dəyişmişəm.

Məncə BMT-nin Baş Assambleyasındakı çıxışına görə İran prezidenti Mahmud Əhmədinejata ayaqqabı atmaq pis olmazdı. Çünki bu adam hələ də BMT tribunasını öz irqçilik və nifaq toxumu səpən antisemit çıxışlarına alət etməkdə davam edir. Hər çıxışında Holokostu inkar edib, guya Fələstin xalqının haqqını qoruduğu görüntüsü yaratmaq istəyən Əhmədinejat İsrail dövlətini təcavüzkar adlandırmaqdan belə çəkinmir. Halbuki məhz hazırki molla rejimi sayəsində İran xalqlar həbsxanasına çevrilib və həmin həbsxanada 30 milyon azərbaycanlı var.

İranda azad düşüncə yasaqdır, səsini tələb edən ya Neda kimi küçədə qanına qəltan olur, ya da 24 yaşlı tələbə İbrahim Şərifi kimi məhbəsdə zorlanır. Bütün bunlar adına İslam ölkəsi deyən dövlətdə baş verir.

Öz vətəndaşının zorlanmasına səbəb olan bir hakimiyyət Fələstinə necə qahmar çıxa bilir, məlum deyil. Terrorçu Ermənistanı özünə dost bilən İran rəhbərliyinin BMT-də bir dəfə də olsun Qarabağdan, öz doğma yurd yuvasından didərgin düşmüş azərbaycanlıların problemlərini dilə gətirməyib, ancaq Fələstindən ikiəlli yapışması sadəcə riyakarlıq və siyasi demaqogiyadır.

Artıq İran xalqı da belə hakimiyyətə dözmür və elə Nyu-Yorkda iranlıların aksiya keçirib Mahmud Əhmədinecata etiraz etmələri də bunu təsdiqləyir. İrandan fərqli olaraq İsraildə heç kimi həbsxanada zorlamırlar və İsrail hökuməti heç vaxt İran xalqını düşmən hesab etməyib. Çünki İran xalqı öz vətəndaşının qanını tökən, seçki saxtakarlığına etiraz edən 72 nəfərin həlak olmasına səbəb olan Əhmədinejat hakimiyyətindən fərqli olaraq sülhpərvərdir. Amma bu günki İran prezidenti imkan düşən kimi bütün yəhudiləri təhqir etməkdən yorulmur. Sanki dünyadakı bütün problemlərin sorumlusu bu xalqdır. Holokostu gah inkar, gah da qəsdən törədildiyini iddia edərək özünü də pis vəziyyətdə qoyan Əhmədinejat bilməli idi ki, bütün müqəddəs kitablarda adı çəkilən İsrail oğulları, yəhudilər qədim xalqdır və dövlət qurmaq haqqı var, amma ermənilər haqqında heç bir yerdə qeyd yoxdur.

Xocalıda südəmər körpələrin qanını tökmüş Ermənistanla sərhəddi açmağa hazırlaşan və Davos forumundan müsəlman aləminin rəğbətini qazanmaq məqsədilə anındaca istifadə edən Türkiyənin baş naziri Ərdoğan da BMT-dəki çıxışında İsraili Fələstində qan tökməkdə qınayıb və Ermənistanın Qarabağda mülki əhalini necə amansızcasına məhv etdiyini dilinə gətirməyib, BMT-ni qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasına biganə qaldığına görə tənqid etməyib. “Ancaq üzülərək ifadə etməliyəm ki, Qəzzada faciə hələ davam edir. İnsanlar çadırlarda yaşayır, içməli su tapmır. Bu mənzərə qarşısında biz insani vəzifəmizi yerinə yetirə bilirikmi? BMT və ya Təhlükəsizlik Şurası nə edir? Bu məsələdə çox həssas olmalıyıq. Qəzza üçün verilən vədlər yerinə yetirilməyib və Qəzza taleyin ümidinə buraxılıb. Fələstin problemi sadəcə bir tərəfin tələbləri əsas götürülərək həll edilə bilməz. İsrailin təhlükəsizliyi qədər fələstinlilərin təhlükəsizliyi də önəmlidir” deyən Ərdoğan nədənsə unudub ki, 1 milyon azərbaycanlı Türkiyəyə futbol seyr etməyə dəvət alan Serj Sərkisyanın terrorçu dövlətinin təcavüzü ucbatından hələ də qaçqın həyatı yaşayır, neçə-neçə azərbaycanlı hələ də erməni əsirliyindədir. Bəs bunların hesabını kim sormalıdır? Bəlkə bu mövzuda populizmə yer yoxdur ona görə dəbdə deyil?

Qəzza üçün verilən vədlərdən qabaq Qarabağ üçün 4 dənə qətnamə qəbul edilib, onların taleyi ilə maraqlanmaq lazım idi. Azərbaycanlı qaçqınların taleyi və təhlükəsizliyi də önəmli olmalı idi Türkiyənin baş naziri üçün. Amma olmadı. Çünki oktyabrın 14-də keçiriləcək futbol matçına az qalmış Serjin könlünə dəymək istəmədi. İndi soruşuram: Hörmətli Ərdoğan, Siz Qarabağ qaçqınlarının qarşısında insani vəzifənizi yerinə yetirirsinizmi? BMT və ya Təhlükəsizlik Şurası nə edir?

İsrailin hücumunu “insanlıq dramı” adlandıran Ərdoğan yəqin Şimali İraqda baş verənləri unudub. World Socialist Web Site (www.wsws.org) saytında Peter Symonds adlı müəllif 19 dekabr 2007-ci ildə “US backs Turkish military attacks on northern Iraq”(“ABŞ Şimali İraqa Türkiyə əsgəri hücumunu dəstəkləyir”) adlı məqaləsində yazır ki, “New York Times-ın verdiyi xəbərə görə, Həsən İbrahim adlı bir bələdiyyə başqanı Qəndil bölgəsində səkkiz kəndin vurulduğunu bildirib. Koptan kəndində bir qadın öldü, iki nəfər yaralandı, altı ev dağıldı.”

Müəllif daha sonra qeyd edir ki, “Agence France Press-ə verilən məlumata görə, başqa bir kənddə yeni məktəb binası da daxil olmaqla onlarla bina yerlə bir edildi. Britaniyanın Times qəzeti isə 1800-dən çox insanın evlərindən qaçmağa məcbur olduğunu bildirib.” Əlbəttə, Türkiyəni başa düşmək olar, çünki bu bir antiterror əməliyyatı olduğuna, terrorçular isə mülki əhalinin arasında gizləndiyinə görə sivil toplumun tələfat alması təbiidir, amma HƏMASın da bir terror təşkilatı olduğunu bilə-bilə populist bəyanatlar vermək, “HƏMAS İranın bir hissəsi deyil. O azad bir siyasi partiya olaraq seçkilərə girdi və qalib gəldi. Bir tərəfdən Fələstində və Yaxın Şərqdə demokratiya istəyirik, digər tərəfdən isə bir xalqın seçimini heç sayırıq. Dünya Fələstin xalqının seçiminə hörmət etməlidir” demək anlaşılan deyil.

Bu bir müharibədir və başlayan tərəf HƏMASdır. Ümumiyyətlə, Ərdoğanın dost və qardaş dediyi Azərbaycanın Qarabağ dərdini qoyub Qəzzadan danışmasını anlamaq olmur. Qəzzadan onsuz da hamı danışır, indi Qarabağdan danışmaq lazımdır. Amma bu deyəsən müsəlman təssübkeşliyini əldə bayraq edənlərə sərf etmir. Ona görə də Fələstin problemi bir populizm vasitəsinə çevrilib. Amma bir gün gələr heç Fələstin də yada düşməyəcək. Qarabağı unudanlar üçün Fələstini unutmaq nə böyük problemdir ki?!

Ümid edirəm ki, bu yazını Türkiyədə mətbuat azadlığı çərçivəsində dəyərləndirə biləcəklər.

Xanlar Xoca http://news.qaynar.info/31182.html

0 коммент.:

Отправить комментарий