
“Azərbaycan televiziyalarını çox izləyirəm və nifrət edirəm. Azərbaycana ən böyük ziyanı televiziyalar verir.”
Rüstəm İbrahimbəyov
Televiziyanı ötən əsrin inqilabi yeniliklərindən hesab etsək də bu inqilab bizim üçün hələ milliləşməyib. Bir neçə televiziya kanalımız olsa da Azərbaycan əhalisinin tam əksəriyyəti xarici telekanalları izləyir. Bunu sübut etmək üçün sorğu keçirməyə ehtiyac yoxdur, Bakıdakı binaları hörümçək toru kimi bəzəyən çanaq antennləri və sayı durmadan artan kabel televiziyaları elə sübutdur.
Yadımdadır ABA telekanalı açılanda bəzi telejurnalistlərin qısqanclıqdan təzyiqi necə qalxmışdısa az qala vergi müfəttişi kimi danışırdılar. Çünki ABA yeni verilişlər təqdim edirdi, ənənəvi üslubdan kənara çıxırdı, insanlar ORT-nin reklam vaxtında verilişlərini yayan bu kanalda cüzi də olsa özlərinə lazım olan yeni nəsə tapa bilirdilər. ABA-nın kitabı bağlansa da, onun tamaşaçısı hansısa yerli kanalı deyil, elə ORT-ni izləməyə başladı. ORT də bağlandı, yenə xeyri olmadı, imkanı olmayan da boğazından kəsib eyvanına bir çanaq antenni quraşdırdı ki, təki quyruğu qapı arasında qalanda hay-küy salıb, adi vaxtlarda isə sabunlu verilişlər hazırlayan telekanallardan uzaq olsun.
Və bu gün də düşünən tamaşaçı yerli telekanala baxmır, “milli” telekanalların auditoriyası evdar qadınlardan və kənd zəhmətkeşlərindən ibarətdir. Amma bu heç kimi narahat etmir. Çünki tamaşaçısı oldu, olmadı televiziyanın rəhbərliyini qəti maraqlandırmır, əsas odur ki, hansısa veriliş keyfiyyətsiz də olsa nəzərdə tutulan vaxtda efirə getsin və onun kreslosunun ömrünə zərbə vurmasın. Bu yaxınlarda televiziyada işləyən tanışlarımdan birinə iradlarımı bildirəndə “mənim nəyimə lazımdır tamaşaçı razı qalır, yoxsa narazı, əsas odur ayın axırı maaşımı alım” cavabını eşidib Azərbaycan telekanallarının uğursuzluğunun bir səbəbini də özüm üçün aydınlaşdırdım.
Deməli tamaşaçı sevgisi qazanmaq məqsəd kimi heç sonuncu yerdə də durmur. Hansı “xana”da olursa olsun məqsəd pul qazanmaq və təlimata layiqincə əməl etməkdir. Bunun da nəticəsidir ki, nə səviyyəli ictimai-siyasi veriliş var, nə də əyləncəli. Uşaq verilişlərindən isə danışmağa belə dəyməz. Dəfələrlə qeyd etdiyim kimi, bu gün teleməkanımızda keçmiş Sovet dövründə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Əlifba” verilişi səviyyəsində veriliş belə yoxdur. Aparıcılardan isə heç danışmağa dəyməz. İstedadlı aparıcı ya çörək xatirinə amansız şərtlər altında yaradıcı olmayan mühitdə işləməyə məcbur olur, ya da özünə başqa iş axtarır. Ortada isə diletantlar at oynadır.
İlhamiyyə Rzayeva kimi aparıcı bu gün televiziyadan kənardadır. Əslində İlhamiyyə xanım nə qədər bu telekanallardan uzaq dayansa həmişə tamaşaçıların sevgisi, hörməti ilə rastlaşacaq. Çünki İlhamiyyə Rzayeva və onun kimi bu gün telekanallardan uzaq düşmüş peşəkarların yeri CNN, BBC, ən pis halda Rusiya telekanallarındadır. Bizim telekanallara isə “Gecə kanalı” yox, “Toylar kralı”, “Solo”, “Dostum”, “Qızıl pillə”, “Maşın”, “Qonaqlıq”, “Yağ kimi” və s. bu tip duzsuz verilişlər lazımdır. Bizim telekanallara Azərbaycan dilində, xarici dillərdə təmiz danışa bilən aparıcı yox, ləhcə ilə, loru dildə danışan aparıcı lazımdır ki, kəndlərdə baxanlar da desinlər ki, “hə, bu aparıcı kənd avtobusundan indicə düşüb gedib girib studiyaya.”
Heç bir xarici kanalda bir dəfə də görmədim ki, aparıcı burnunda danışa, nitqində qüsur ola, amma Azərbaycanda belə hallar təəccüblü deyil. Azərbaycan kanallarına peşəkar yox, diletant lazımdır ki, plastilin kimi istənilən formaya salmaq mümkün olsun. Boş qalan efir vaxtlarını da meyxana və lüt müğənnilərlə doldurmaq çətin deyil, göz dəysin inşallah, ölkədə kifayət qədər bar və həmin barlarda hələlik rəqs etməklə pul qazanan potensial müğənnilər, gələcəyin xalq və əməkdar artistləri var.
Sabir Rüstəmxanlının da dediyi kimi, “Bu gün Azərbaycan telekanalları fars mədəniyyətini təbliğ edirlər. Fars mədəniyyətinin quyruğu olan meyxananı millətə sırımaqla məşğuldurlar. Camaatı SMS xəstəliyinə düçar edib, onları soymaqla məşğuldurlar”. Əlbəttə bütün il boyu meyxana deyib İran istehsalı olan filmlərin nümayiş etdirilməsi maraq doğurmaya bilməz. Meyxanada isə həqiqətən də əsasən fars və ərəb sözləri istifadə edilir və bu da son illərdə bərbad vəziyyətə düşmüş dilimizin daha da eybəcərləşdirilməsinə səbəb olur. Belə getsə doğurdan da axırda Azərbaycan xalqı meyxanaya oxşayacaq.
Çox təəssüf ki, Azərbaycan televiziyaları nə hökümətin işinə yarayır, nə də xalqın. Bu telekanalllar nə hökumətin siyasətini layiqincə təbliğ edə bilir, nə də xalqın sosial problemlərini, narazılığını effektli formada ifadə edir. Telekanallların informasiya siyasəti elə pinti şəkildə formalaşdırılıb ki, seyrçi xarici kanallardan oğurlanmış xəbərləri elə həmin xarici kanalların özündən izləməyi daha məqsədəuyğun sayır.
“Biz xəbər verməkdə birinciyik, xəbəri bizdən alın” dediklərinə fikir verməyin, daxili xəbərləri də elə xarici kanallar özümüzünkülərdən qabaq yayır həmişə. Neft Akademiyasında baş verənlər də bunu bir daha təsdiqlədi, amma nəticə yenə ürəkaçan deyil. Bizim telekanallar meyxana və başqa əttökən müsabiqələr keçirib, müğənnilərin alt paltarını nümayiş etdirməyə, bir də makaron, uşaq və qadın bezlərini reklam etməyə yaxşıdır. Özünə ziyalı deyənlər isə hələ telekanalları açıq tənqid etməyə tələsmirlər, çünki hələ də ümid edirlər ki, nə vaxtsa bu telekanalların kamerası onları da çəkib xalqa göstərə bilər. Axı bizdə bir “televizorda görünmək” xəstəliyi də var. Bu xəstəlik hamını susmağa məcbur edir. Adicə küçədə kiməsə mikrofon tutub rəyi soruşulanda bütün nəsil nəcabətinə xəbər edir ki, “izləyin, filan saatda məni göstərəcəklər”.
Belə düşünən cəmiyyətin televiziyası bundan artıq olmayacaq ki?! Ona görə də ən yaxşısı budur ki, ya səviyyəli verilişlər təqdim edən xarici kanalları izləyin, ya da televizoru söndürün. Təbii ki, əgər övladlarınızın tərbiyəli və düşüncəli bir vətəndaş kimi yetişməsini istəyirsinizsə. Əks halda ekrana yaxın əyləşib kimin peraşki satıb, kimin ilk dəfə kiminlə xəyanət etdiyini dinləyə bilərsiniz.
Xanlar Xoca http://news.qaynar.info/31059.html

0 коммент.:
Отправить комментарий