
Köşə yazmaq asan məsələ deyil, gərək ictimai rəylə də hesablaşasan. Düzdür, Azərbaycan insanı, yaxud oxucusu öz qəhrəmanını, yəni yazarını dar ağacında, müasir formada desək, məhkəmə önündə görməyə alışsa, adət etsə də, oxucuların əksəriyyəti cəsarətsizdir, hətta bu cəsarətsizlik o dərəcədə güclü inkişaf edib ki, bəziləri adicə şərh yazanda da özündən uydurduğu qondarma adını böyük deyil, kiçik hərflərlə yazır ki, diqqət çəkməsin. Özünə “azad” deyib azadlığın simvoluna daş atan fundamentalistlər də tapılır arada.
Nə isə sözüm onda deyil. Ötən yazımda telekanallarımızı tənqid edəndən sonra elektron poçtuma xeyli məktub gəlib. Hamısı da demək olar ki, ən çox sevdiyim tənqid ruhunda. Əksəriyyəti orta və yaşlı nəsil xanımlar, şişmanlıqdan əziyyət çəkən insanlar olan məktub müəlliflərinin yazdıqlarını oxuyanda bütün telekanallarımızla, rəhbərliyindən tutmuş aparıcısına, operatoruna, işıqçısına qədər telekanalların bütün əməkdaşları ilə fəxr elədim, qürur duydum, sevindiyimdən ağlamaq istədim, amma bacarmadım və dostumdan mənim yerimə ağlamasını xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı, bu yaxşılığına görə burdan ona salam göndərirəm.
Yeri gəlmişkən, dostumun cib dəsmalı “ROSARIA — ACCESSORI” firmasından idi və bu aksessuara görə həmin firmaya da təşəkkür edirəm- dəsmalla təmin etdiyinə görə. Saç düzümünün kimə aid olmasını deyə bilməyəcəyim üçün üzrlü sayın, çünki unutmuşam.
Hə, qayıdaq şoumuza, bağışlayın mövzumuza. Poçtuma göndərilən elektron məktublar arasında ən çox xoşuma gələn Bakıdan 55 yaşlı Gülnarə adlı xanımın yazdıqları idi. Dəyərli oxucuların marağına səbəb olacağını düşünüb həmin məktubu ixtisarsız təqdim edirəm:
“Hörmətli müəllif, əvvəla salam, salamdan sonra yazıb bildirmək istəyirəm ki, telekanallardan əlini çəkəsən, yoxsa mən səndən əlimi çəkmərəm. Mən xəstə adamam, yerimdən tərpənə bilmirəm, həkimlər məni müalicə edə bilmədilər, amma bütün pullarımı yedilər. Həkimə getməmiş 100 kilo idim, gedəndən sonra 120 kilo oldum. Həkim elə şeylər danışdı, elə qiymət oxudu ki, ümidsizlik və depressiyadan çəki azalmaq əvəzinə bir az da artdı. Özüm də həmişə Rusiyanın telekanallarını, əsasən də NTV+ kanalını izləyirdim. Bir dəfə necə oldusa Azərbaycan kanallarını izləməli oldum. Səhv eləmirəmsə anamın dayısı nəvəsini “Cinayət işi”ndə göstərəcəkdilər, xahiş eləmişdi ki, mütləq baxaq. Baxandan sonra hiss elədim ki, məndə nəsə dəyişiklik baş verdi. Ondan sonra başladım əsasən milli telekanallarımızda əyləncəli verilişləri seyr etməyə. Ən çox sevdiyim verilişlər isə meyxana yarışmaları, “Yağ kimi”, “Toylar kralı”, “Etiraf”, “Qaraj”, “Solo” və “Maşın” şousu oldu. Ümumiyyətlə Murad Dadaşovun ideyası, xeyir duası ilə yarananlar, Murad Arifin aparıcısı olduğu verilişlər ürəyimə daha çox yatır. Hələ Murad Arifin bəstələdiyi mahnıları demirəm. Dərmandır da. Oğul bala, bəlkə də sənin arıqlamaqla bağlı problemin yoxdur, amma gərək biləsən ki, belə problemi olanlar var və mən onlardan biriyəm. Sən heç bilirsən ki, mən hər dəfə “Maşın-9” realiti şousuna baxanda nə qədər arıqlayıram? Allah orda iştirak edənlərə, xüsusilə Murad Dadaşova kömək olsun, onların sayəsində mənim çəkim artıq 72 kilodur. Hələ SMS istəyənləri demirəm. Fitr bayramı axşamı o Namiq qardaş xalqa üzünü tutub “bayram payınızı göndərin” deyəndə mənə ləzzət elədi. Murad Arifin də zəhmətini itirə bilmərəm. Onun da, Murad Dadaşovun da bütün verilişlərinin videoyazısını saxlayıram ki, çəkimin həmişə normal səviyyədə qalması üçün lazım olanda baxım. Həm də düşünürəm Sovet hökuməti göz önündə dağılandan sonra daha heç nəyə etibar etmək olmaz. Murad Dadaşov, Murad Arif çox istedadlı, artıq məktəb yaratmış jurnalistlərdir. İnanmıram ki, onlara layiq olduqları qiyməti versinlər. Bizdə istedadlı insanlar layiqincə qiymətləndirilmir. Kim bilir bəlkə onları da bir gün televiziyadan uzaqlaşdırdırlar. Onda mən və mənim kimilər nə edər? Qiymət verilsə Murad Dadaşovun adını tikinti şirkətinin sahibindən pul almaqda hallandırardılarmı? Yaxşı ki, cinayət işini bağladılar, yoxsa mənim halım necə olardı Allah bilir. Ona görə də əminəm ki, bu verilişlərin videoyazısı nə vaxtsa nəvələrim də şişmanlıqdan əziyyət çəksələr öz faydasını göstərə bilər. Necə deyərlər “saxla samanı, gələr zamanı.” Hə, oğul bala, sən xalaya qulaq as, bundan sonra yazı yazanda mənim kimiləri də düşün. Axı mən də bu xalqın nümayəndəsiyəm.”
Düzü bu məktubu oxuyandan sonra hər şeyi anladım və istədim belə gözəl məktubla başqa oxucular da tanış olsunlar, çünki ən azı tibbi baxımdan faydası böyükdür.
Xanlar Xoca http://news.qaynar.info/31123.html

0 коммент.:
Отправить комментарий